Yazılanlara görə, bayraqlar sırasında,
Danimarkalıların bayrağı ən qədimdir.
Bunu təsdiqi də var iki ya üç mənbədə,
Əhvalatsa belədir onların əsasında:
Çox önəmli döyüşdə, on üçüncü əsrdə,
Əslində bu döyüşün kulminasiya çağı,
Danimarka əsgəri göydən enən bayrağı.
Qapıb keçir hücuma, onun olur zəvər də…
Göydənenmə deyildir bizim bayrağımızsa,
Bir növ göydəndüşmədir. Döyüşdə axıdıb qan
Bu bayrağı almadıq mükafat tək Tanrıdan,
Ofisdə ya da evdə yarandı, masa üstdə.
Dövlət təsadüflərin deyilmi nəticəsi?
Byrağımız da elə. Nə səy, nə mübarizə.
Qalxmağı enməyindən fərqli görünmür bizə,
Bizdən asılı deyil o hansı səmtə əssin.
Məhkəmədə, polisdə dalğalanır o indi,
Varmı bu mənzərəyə baxaraq qürur duyan?
Sərhəddə dalğalanan düşmənə demir dayan,
Sənə deyir gedişin-gəlişin qadağandır.
Bəli şəhid əsgəri bu bayrağa bükürlər,
Şəhid əsgər də kimdir? Fəhlə-kəndli balası…
Ay-ulduz yox, üstünə oraq-çəkic basılsa,
Ədalətli və yerli olmazdımı bu məgər?…
28. 05. 2026, Samara
