Mən türmədən qorxuram. Hətta ölümdən də türmədən qorxduğum qədər qorxmuram. Çünki ölüm gələndə yaxşı da bitir, pis də. Türməyə düşən insan üçünsə yaxşı olan nə varsa, bitir, onun da yerini pis tutur…
Bu gün Yasəmən Qaraqoyunlunun tutulduğunu biləndə çox məyus oldum. Hərçənd bu qadın haqqında əvvəllər bir neçə dəfə öz bloqumda felyetona yaxın janrda yazmışam. YouTube-dakı çıxışlarının birində Yasəmən xanım yazdıqlarımdan birinin adını çəkərək deyir ki, sifarişlə yazılıb. Rəhmətliyin qızı, kimdir mənə məqalə sifariş verən…
Mən bu fikirdəyəm ki, Yasəmən Qaraqoyunlu elmdə təsadüfi adamdır, hansı sahənin mütəxəssisi olduğunu demək çətindir, oxuduğum məqalələrində əlli dərənin suyunu qarışdırır. Yəni elm zəif olanda və ya heç olmayanda, bu sahəyə təsadüfi düşmüş adam hay-küylə, qalmaqal qoparmaqla başını girələyir. Özünü türkoloq, türkşünas adlandıran bu adam, məsələn, elə bilir ki, Qaqauziya Rusiya Federasiyasındadır… Və Qaqauziyanı qatmaqla doğrudan da Rusiyaya aid türk (şərti) respublikalarını sadalayaraq iddia edir ki, biz gərək bu xalqları Rusiyaya qarşı qaldıraq, indi vaxtdır, Rusiya elə zəifləiyb ki, Qaqauziya başda olmaqla türklər qalsalar, Rusiya çökəcək…
İndi İraq haqqında yazdıqlarına baxdım. Demə İraq heç İraq deyilmiş, İraq başdan-ayağa türk imiş, Azərbaycan imiş…
Bu qadın özünü inqilabçı və üsyançı adlandırır. İnqilabçılıq və üsyançılıqla dövlət müəssisəsində işləmək necə bir araya sığır? İnqilabçısansa və əgər leqal siyasi fəaliyyət mümkün deyilsə, keç gizli fəaliyyətə, başına dəstə yığ, həmfikirlər yığ, qəzet çıxar. Lenin kimi, qəzetin adını qoy “Qığılclm”: qığılcımdan alov doğar… Yoxsa hər ay dövlət müəsiisəsindən 500 manat alıb deyirsən ki, üsyançısan. Üsyançı bank yarar, poçt qatarnı qarət edər. Filmlərdə görməmisiniz?
Müəssisədən, yəni Akademiyadan (Azərbaycanda akademiya var!) ev alıb! Təsəvvür edirsiniz? Üsyançıya ev veriblər! Deyir ki, iki ildir ev veriblər, qapısı qalıb bağlı, çünki təmir etdirməyə pulu yoxdur.
Ay xanım, ora-bura qaçmaq əvəzinə uşaqlarını da alaydın yanına, sadə təmir eləyəydin. Hə? Deyirsən atan 28 kv. m-də altı uşaq böyüdüb. Deməli, beş bacı-qardaşın var. Gəlin və yeznələri də saysaq, on nəfərdən çox olur. Niyə yığışıb təmir eləmirsiniz?
Deyir ki, anasının müaəlicəsi üçün sələmçilərdən böyük faizlə çoxlu pul götürülüb. İndi anasının pensiyası faizə gedir. Bəs nə yeyib-içirlər?
Deyir “uşaqların təhsil haqqını ödəmək üçün çox alçaq adamların qapısını döyüb alçalmaq məcburiyyətində qalmışam”.
Diqqət: ona borc verənləri alçaq adlandırır. İndi görün sonra nə deyir, deyir ki, borcu dostalrdan alırmış: “Bütün dostlarıma borcum var”.
Uşaqları pullu təhsil alıblar. Yəni kütlüklərindən büdcəyə düşməyiblər və qeyrətləri olmayıb ki, axşamlar işləsinlər. İşləyən tələbə az deyil.
“500 manatın yarısını kredit ödəyirəm”
Bu mühasibatı başa düşın var? Bu qadının ayda 15-20 min xərci var. Hardandır? Borc verənlərə də “alçaq” deyir…
“Bir ildə yalnız iki xarici konfransda iştirak edə bilirəm”
İldə iki dəfə xaricə gedir! Qaqauziyanın harda olduğunu bilməyən alim! Narazıdır, deyir yalmız iki dəfə… Yəqin ayda iki dəfə getmək istəyirmiş…
Niyə mən bunları yazıram? Yıxılana balta çalmaq üçün? Yox!
İnqilabçı heç vaxt öz güzəranından danışmaz. İnqilabçı üçün şəxsi güzəran problemi yoxdur. İnqilabçı üçün siyasi ideya var, ictimai ideya var, inilabçı, inqilab qalib gələnəcən, yüz faiz atruistdir…
Yasəmənin davası maaş, mənzil, xarici səfər davasıdır. Əlbəttə, o bütün bunları istəyə bilər. Ancaq bu istəyi xalq maraqları uğrunda mübarizə kimi qələbə verməsin…
Yasəməni ali məktəbə qəbul edənlər, sonra diplom verənlər onun evini yıxıblar. Vaxtında desəydilər ki, səndə alimlik qabiliyyəti yoxdur, gedib dərzi olardı, qülləli krana çıxardı, gözəllik salonunda bərbər işlərdi. Yaxşı qazanardı, heç kimin də qapısına getməzdi. Qaqauziyanın da dərdini çəkməzdi.
Sözümü Azərbaycan hakimiyyətinə müraciətlə bitirirəm: Yasəmən Qaraqoyunluya azadlıq! Evini təmir edin, kreditlərini ödəyin, otursun yerində.
Jurnalist qızlara azadlıq!
Şərlənib tutulanların hamısına azadlıq!
(Əlbəttə, Azərbaycanda yaşasaydım, bu həbsləri dəstəklərdim, heç şübhəniz olmasın, türmədən qorxuram…)
28. 11. 2026, Samara
P.S. Mənə Azərbaycanda akdemiyanın olmağı, doğrudan da, qəribə gəlir. Prezidenti Ramiz Mehdiyev və ya İsa Həbibbəyli kimi şəxslər olan yerə akademiya deməyə adamın dili gəlmir, çünki qədim yunanlardan başlayaraq əsl elm ocaqları yaratmış bütün xalqları təhqir etmiş olursan…

