Beli ağrılıdır, dizlərində də,
Keçməyən ağrı var. Məsləhət deyil
Əyilib—düzələ. Ancaq əyilir,
İşləyir, saata göz gəzdirmədən.
Ziyarətə gəlib dostunu bura,
Dost köçüb dünyadan, burda qəbridir.
Onları əslində, çox qəribədir,
Ölüm barışdırdı, düzəldi ara.
Çoxdan, neçə ildi küsülüydülər,
Küsü ədavətə keçirdi hətta,
Bəlkə hər biri sülh arzulasa da,
Barış yaranmadı axıra qədər.
Ölüm dostluğu yox, apardı dostu,
Nə kin, nə ədavət? – gedib küsü də.
Sağdır elə bil ki, hər ikisi də,
Nə fərqi – torpağın altı ya üstü…
Nəfəsi təngiyir – almır eyninə,
Gedib belin, dizin ağrısı tamam,
Qəbri təmizləyir, həndəvəri həm,
Şəkli, yazısıyla daş gülür yenə.
Çıxarır alağı, tikanı bir-bir,
Yapışır belinə tərli köynəyi.
Öldürə də bilər onu bu səyi,
Dost yolunda ölər — çox qəribədir…
24. 04. 2026, Samara
