VOLQANIN O TAYINDA

30.01.2018.jpg

Hər gün, hər havada işə gedən tək,

Keçəm o tayına Volqanın gərək.

Ayağım altda buz, buz altdasa su,

Sınanıb, bu yolun yoxdu qorxusu.

Hərdən qarmaşınlar hay salıb keçir,
Görürəm şütüyən xizəkçiləri.

Hamı qıvraq gedir, hamı şən gedir,

Çatışmır deyəsən bircə zəngləri.

Fikirli və ciddi, işə gedən tək,

Mən də yol gedirəm piyada və tək.

Gedirik çevirib arxa şəhərə,

Qar təmiz, havasa saf olan yerə.

Burunları qızarıb, bədən tərlidir,

Ziyafət gözləyir bizi elə bil.

Şaxtalı havanı  ciyərimizə,

Çəkərik, güc gələr ürəyimizə.

Volqanın çölündə keçən saatlar,

Yəqin ömrümüzə illər artırar…

Bu da Volqa çölü, bu, seyək meşə,

İtburnu qızarır hər addım başı.

Bu qar  olmasaydı qurşağa qədər,
Oxşayardı Ərəbqardaşbəyliyə…

Birdən kövrəlirəm, darıxıram da,

Anamı görürəm qarlı cığırda…

Müharibə vaxtı, axıra yaxın,
Elə şaxta olub, Kür tamam donub.

Buzla at-araba keçib gedirmiş

Onda qış özü də müharibəymiş…

Anamı görürəm iyirmi yaşlı,

Ürəyi yaralı, gözləri yaşlı.

Qayanın altında yıxılır-durur,

Xırda əlləriylə buzu sındırır.

Yuyur paltarını ahıl ərinin,

İlki Süleymanın əskilərini…

 

30.01.2018

Samara