YENİ İL

Ura, on ikini vurdu saatlar,
Dindi şampanların yaylım atəşi.

Raket buraxırlar, tüfəng atırlar,
Ura! Əjdahanın kəslib başı!

 

On iki ay idi qanlar axırdı,

Sayı-hesabı yox faciələrin.

Həyat savaş idi, savaş ağırdı,

İndisə sarsıdır nəticələri.

 

Deyirdi ver gəlsin, yesə nə qədər

Doyub-dolanmırdı Əjdaha ancaq,

Sularda çevrilib batır gəmilər,
Quruda vururdu, yıxırdı xərçəng.

 

Gah orda, gah burda müharibəydi,

Öldü əsgər olan əsgər olmayan.

Yer ən təhlükəli bizə yeriydi,

Qaçmağa, köçməyə, heyf, yox imkan…

 

 

Soyuq qədəhləri qaldırıb için,

Başı Əjdahanın kəsilmiş, ura!

Qapılar döyülür, tələsin, açın,

Gözləyir Əjdaha təzə başıyla…

 

01.01.2018

Samara

Реклама

UİLYAM ŞEKSPİR. 18-Cİ SONET

 

             shakespear                

                Shall I compare thee to a summer’s day?..

 Səni yay gününə bənzədimmi mən?

Sən daha mülayim, daha gözəlsən.

Sarsılar qönçələr mayda küləkdən

Ömrü qısa olur həm də bu fəslin.

 

Bəzən od yağdırır gözündən səma,

Tutulur qızılı çöhrəsi bəzən.

Bu gün gözəl olan qorxudur sabah,

Təbiət hökmüylə ya təsadüfən.

 

Əbədi, solmazdır sənin yayınsa,

İtib gedən deyil gözəlliklərin.

Ölməz misralarda əgər yaşasan,

Sənə yaxın düşməz ölüm kölgəsi.

 

         Nə qədər həyat var, görəsi göz var,

         Mənin şeirlərim səni yaşadar.

 

İngiliscədən tərcümə

31.12.2017 – 01.01.2018

Samara