Une Martyre
Naməlum bir ustanın rəsmi
Qızıl naxış toxunmuş parçalar, flakonlar,
Mebel duyğu doğuran,
Mərmər şeylər, şəkillər və xoş ətirli donlar,
Nəfis qırçınlarıyla döşəməyə sallanan.
Dəmirçixana kimi isti otaqda hava,
Təhlükəli, ölümcül.
Son dəfə nəfəs alıb şüşə məzarlarında,
Burda çiçəklər ölür.
Burda başsız meyitdən qırmızı və isti qan
Axır iti çay kimi,
Balıncın üzü içir qızıl qanı doymadan,
Necə su içər zəmi.
Gölgədən yaranaraq bizi heyrətə salan,
Ağımtıl görüntü tək.
Keçə kimi sıxılmış bozumtul-qara saçlar,
Qana bulaşmış bəzək
Qaymaqçiçəyi kimi fikirsiz baş dincəlir.
Gecə masası üstdə.
Bərəli gözlərindən toran qalxır elə bil,
Baxış tutqun və süstdür.
Lüt bədənsə yataqda nə utanır, çəkinir,
Təbiətin verdiyi
Sirli əzəməti və fatal gözəllikləri,
Açıb göstərir indi.
Gülrəng, qızıl qaytanlı corabı ayağında,
Suvenir kimi qalır;
Alovlu gizli göz tək almaz işıq yağdırır,
Onun corabbağları,
Bu təkliyin xüsusi cəhəti və möhtəşəm
Portretdəki xumar,
Həm işvəli gözləri onun, uzanışı həm,
Şər bir eşqdən danışar,
İnfernal öpüş dolu qəribə təntənələr
Cinayətkar kef-damaq,
Pərdə qırışlarından boylanan bəd mələklər,
Baxırdı həzz alaraq.
Fəqət nəzər salırsan nəfis arıqlığına
Bu tin-tin çiyinlərin
Bir az dik baldırlara, qəzəbindən qıvrılan
İlan kimi belinə,
O hələ necə gəncdir! –Qəlb üzülüb, qüssənin
Duyğular əsiridir
Onlardımı açılan tamarzı sürüsünə,
Cilovsuz həvəslərin?
Sağkən, necə də sevsən, doyura bilmədiyin,
İntiqamçı insanın,
Doyurdumu lütfkar və süst bədənin indi,
Bitməz ehtirasını?
Danış, nətəmiz meyit! Qapdımı titrək əllə
Sənin qalın saçını,
Qorxulu baş, basdımı soyuq ağzına, söylə,
Ali əlvidasını?
Bu heyvərə dünyadan, rəzil kütlədən uzaq,
Uzaq məhkəmələrdən,
Yat, qəribə yaranış, yat dincini alaraq,
Sehrli məqbərəndə.
Zövcən dünya dolaşar, ölməz ruhun sənin də,
Onu yatanda izlər.
Saxlar sədaqətini sənə o indən belə,
Və ölən günə qədər.
Fransızcadan tərcümə
07-08.08. 2018
Samara