L’Héautontimorouménos
À J.G.F.
Mən səni vuraram qəzəblənmədən,
Qəssab tək, qəlbimdə nə nifrət, nə kin,
Musanın qayanı vurduğu kimi,
Elə vuraram ki, bəbəklərindən,
İşgəncə suları axıb tökülər,
Onlar suvaracaq mənim Səhramı.
Köpər ümidimdən ehtiraslarım,
Girər göz yaşından yaranan gölə,
Sulara baş vuran gəmilər kimi,
Və göz yaşlarından məst ürıyimdə
Əziz nalələrin dinər hələ də,
Döyüş təbilləri çalınan kimi.
Xaric bir akkorda dönməmişəmmi
Məgər mən ilahi simfoniyada?
Səbəb gözüdoymaz İroniyadır —
Məni silkələyər, məni dişləyər,
Mənim səsimdədir o bəd çığırtı,
Çevrilib qara bir zəhərə qanım,
Mən özüm elə bil müdhiş aynayam,
Seyr edir özünü onda ifritə.
Mən özüm bıçağam, özüm vurulan,
Mən özüm əzabam, həm də sevincəm
Özüm işgəncəyəm, həm incidilən,
Özüm də cəlladam, özüm də qurban.
Özüm qaniçənəm öz ürəyimə,
— Nəhənglərindənəm atılmışların,
Əbədi gülüşə məhkum olmuşam,
Daha halımsa yox gülümsəməyə.
Fransızcadan tərcümə
22.07. 2018
Samara
[i] Şeirin adı yunanca “öz-özünün cəlladı” mənasını verir, latın dramaturqu Terensin pyesinin adından götürülüb.