26-LARLA ÜZBƏÜZ. KAMİL VƏLİYEVİN TOYU

Toy və toyun müzakirəsi öz-özlüyündə ədəbiyyat mövzusu deyil, və, Kamil Vəliyev dilçi olsa da, dilçilik mövzusu da deyil. Mən Kamil Vəliyevi cəmi bir dəfə görmüşəm. Bir dəfə bizim qrupun morfologiyadan seminar gəlməmişdi, onun əvəzinə Kamil Vəliyevi göndərmişdilər. Geyiminə və ədabazlığına görə pijon təsiri yaradan və özünü əzilib-büzülməyindən özünü Azərbaycan gözəli saydığı bilinən dosent Kamil  Vəliyev sinifdə (sessiya 225 nömrəli məktəbdə keçirilirdi) iki ya üç dəqiqə oldu. İçəri girən kimi soruşdu: Kimi deyər “tema” nədir, “rema” nədir? Heç kim dinmədi. “Heş nə bilmirsiz!” – Kamil Vəliyev hökmünü oxudu və sinifdən çıxıb getdi kefinin dalınca…

Səhv etmirəmsə, Kamil Vəliyev də 80-ci illərin sonlarında milli hərəkatın tribunlarından olub. Tribunada kimlər olmayıb: Leninə poema yazanlar, komsomol mükafatı almaq üçün dəridən-qabıqdan çıxıb alanlar ya almayanlar, Azərbaycan sovet mətbuatının avanqard işçiləri, Sabir Rüstəmxanlı kimi yüksək rütbəli mətbuat və nəşriyyat məmurları… 20 yanvarda bunların birinin burnu qanamayıb. Qanaya da bilməzdi, çünki isti mənzillərində müqəddəs ata və ər borclarını yerinə yetirirdilər…

Kamil Vəliyevin toyundan ən çox danışılan kimin nə qədər pul atdığı idi. Bəlkə gərək mən eşitdikcə xəlvətdə siyahı tutaydım. Maraqlı sənəd olardı… Ancaq bu da ədəbiyyat mövzusu deyil. Bu, mənəviyyat məsələsidir. Azərbaycan ədəbiyattında mənəvi məsələ axırıncı dəfə haçan mövzu olub? Mənəviyyat mühüm dərəcədə həqiqət axtarışıdır – öz içində və cəmiyyətdə. Həqiqətin cinayət maddəsi olduğu ölkədə hansı dəli bu axtarışa baş qoşar?…

Bu toyda ədəbiyyata az-çox dəxli olan orda Ramiz Rövşənlə Vaqif Cəbrayılzadənin iştirakıdır. Məlum olurdu ki, məclisdə ciddi gərginlik varmış, çünki Əkrəm Əylislinin bol-bol çap eləməyə başladığı və qəfil şöhrətdən, həm də aldığı quduz pullardan havalanmış Vaqif Cəbrayılzadə gizlətmədən, hətta aqressiv şəkildə, o cümlədən şizofreniya tutmalarını silah edərək ölkənin birinci şairi, yəni məliküşşüara adına iddia edirdi. Danışılanlara görə, Ramiz Rövşən bu həmlələrə dözməyib məliküşşüəranın məhz Vaqif Cəbrayılzadə olduğunu etiraf etmişdi, yəni sağlıq deyəndə onun bir şeirini oxumuşdu. Yenə deyilənlərə görə, Ramiz Rövşən şeiri ancaq yarıyacan deyə bilmişdi, yarıdan o yanası yadından çıxmışdı, bu da bir az onun etirafının səmimiliyini şübhə altına alır. Hər halda etiraf olmuşdu, bəlkə də bunu özünü Vaqifin şərindən qurtarmaq üçün eləmişdi, çünki Cəbrayılzadə sözün birbaşa, fiziki mənasında gedənin-gələnin üstünə atılırdı. Şahidiyəm… Ancaq hamının yox. Mərhum Vidadi Məmmədov Vaqifn yazıçı Elçinlə necə həqiranə, hətta yaltaqlıqla danışdığını görmüşdü. Mərhum Vidadi Məmmədov hər şeyi görürdü…

Mən Vidadi Məmmədovun ölməyini yaxın illərdə bildim. Yadımdan çıxıb kimdən. Həmişə yadıma düşürdü ki, onun arvadı, deyilənlərə görə, erməniydi, fikirləşirdim ki, qanlı illərdə yazığın başına görəsən nə gəlib. Dedilər yox, öldürməyiblər, qəzada ölüb, maşın altında qalıb… Çox darıxdım. Sağ olsaydı, indi də mənim yazımı plana salırdı… Mən də, ağsaqqal kişi, səbirlə gözləyərdim…

Yuxarıda yazmışdım ki, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri Vidadi Məmmədovun ali təhsili yox idi və onun tənqidi yazılarını görən olmamışdı. “Ulduz”un şeir şöbəsinə təzə müdir təyin olunmuş Vqif Cəbrayılzadə qiyabi inşaaat institutunu bitirmişdi, mənə bir dəfə kəndə yazdığı məkdubda xeyli orfoqraik səhv var idi. Bəlkə də bu səhvləri lotuluqdan, pijonluqdan eləmişdi, bilmirəm. Rusca başa düşsə də, çətinliklə danışırdı, mən onunla iki dəfə Moskvada görüşmüşəm…

(ardı var)

 

Реклама

ŞARL BODLER. CANLI MƏŞƏL

бодлер

 Le Flambeau vivant

Önümdə gedir onlar, çox müdrik bir Mələyin

Elmiylə maqnitləşən işıq dolu bu Gözlər,
Almaz qığılcımları  gözlərimə çiləyib,
Gedən bu iki qardaş məni də qardaş bilər.

 

Hər tələdən qurtarar, hər ağır günahdan həm,

Aparar onlar məni Gözəlliyin yoluyla.

Varlığımla onlara sözsüz itaətdəyəm,
Onlar mənim xadimim, mən onların quluyam.

 

Gözəl Gözlər, sizdəki işıqda sirr var nəsə,
Günorta çağı yanan şamlar kimi; alışar
Günəş, ilahi odu fəqət söndürə bilməz.

 

Şamlar Ölüm vəsf edir, sizdəsə Oyanma var,
Sizə nəğmə oxudur ruhumun oyanmağı,
Çəkinməz heç günəşdən ulduzların işığı.

 

Fransızcadan tərcümə

19.07. 2018

Samara