Архив тегов | Dante İlahi komediya

DANTE. CƏHƏNNƏM. 16-CI NƏĞMƏ

(FRAQMENT)

1 Gəldiyimiz yerdə başqa çevrəyə

Düşən suyun səsi eşitdik gəlir.

Oxşayır arılar qaldıran küyə.

 +

4 O zaman üç gölgə işgəncələrin,

Yağışı altında keçən dəstədən,
Qoparaq  yeridi birgə irəli.

 +

7 Çığırdılar bizə yetişən zaman:

 “Dayan! Paltarından bilinir ki, sən,

Gəlmisən əxlaqsız bizim məkandan”.

 +

10 Ah, nə qədər köhnə, təzə yara mən,
Gördüm od yaradıb bədənlərində!

Yenə sarsılıram xatırlayarkən.

 +

13 Qışqırıq saxladı rəhbərimi də,

Dönüb mənə sarı dedi: “Hələ dur,

Onlara ehtiram göstərək həm də”.

 +

16 Ox kimi səpilib buranın odu

Əgər yaxmasaydı, deyərdim ki, mən,
Tələsən onlar yox, sən olmalıydın”.

 +

19 Biz dayandıq, köhnə şeiri yenidən,
Oxudular; biz sarı yüyürən zaman,

Üçü düşdü təkər şəklinə birdən.

 +

22 Necə mübarizə başlamamışdan,

Soyunub yağlanmış güləşçilər də,
Hərlənib gözləyir əlverişli an,

 +

25 “Doğurursa miskin bu qumluq ikrah, —
Biri dedi, — biz, həm yalvarışımız,

Qaralıb üzlər də axı yanaraq,

 +

28 Nəzərə alaraq kim olmuşuq biz,

De kimsən, ki, sağ və sağlam olaraq,
Cəhənnəmdə belə açırsan sən iz…

italyancadan tərcümə

iyun 2023, Samara

DANTE. CƏHƏNNƏM. 15-Cİ NƏĞMƏ

canto 15

(FRAQMENT)

1 Çox qaba sahillə gedirik indi,

Buxar göyü tutur duman tək elə,
Alovdan qoruyur suyu və bəndi.

 +

4 Necə arasında Guizzant ilə

Bruccianın da tikilib dayaq,
Dəniz həmləsinə saxlaya bilə;

 +

7 Necə qala və mülk qorunsun deyə,

Tikir Brenta boyu paduyalılar,

Bürkü düşənəcən Karentanaya,

 +

10 Bu da tikilmişdi onlara oxşar,

Elə uca, geniş deyildi,  hərçənd,

Görünürdü onda usta əli var.

 +

13 Biz elə uzaqdıq indi meşədən,

Anlaya bilmirdim haradır bura,
Geri dönüb necə baxırdımsa mən.

 +

16 Rast gəldik dəstəylə gələn ruhlara,

Baxırdılar, çıxıb dayaq dalından,
Sanki ilkaxşamdır, qaralır hava,

 +

19 Və bizi süzürlər ay doğan zaman;

Baxanın dartılır qaşları, bənzər,

Qoca bir dərziyə, iynə saplayan.

 +

22 Belə bu ailə baxarkən bizə,

Məni tanıyaraq biri qəfildən,

Tutdu ətəyimdən: “Ah, nə möcüzə!”

 +

25 Mənə uzananda onun əli, mən,
Elə baxdım onun yanmış üzünə

Ki, qarsımışsa da çöhrəsi hərçənd,

italyancadan tərcümə

May 2023, Samara

Ora cen porta l’un de’ duri margini;
e ’l fummo del ruscel di sopra aduggia,
sì che dal foco salva l’acqua e li argini.

Читать далее

DANTE. CƏHƏNNƏM. 14-CÜ NƏĞMƏ

Inferno_Canto_14_verses_37-39

(FRAQMENT)

1 Yurd eşqi sövq etdi məni bu işə:

 Yığıb səpələnmiş yarpaqları mən,

Onları qaytardım  əfəllimişə.

 +

4 Sonra çatdıq uca, o, ikincidən,
Ayırır üçüncü dövrəni, divan

Burda qurulurdu dəhşət törədən.

 +

7 Təzə olanları edərək bəyan,
Deyirəm yetişdik elə düzə ki,
Vermir torpağı bir toxuma da can.

 +

10 Hüznlü meşədir onun dövrəsi,
Meşəsə xəndəklə əhatələnib.

Durduq, qırağına yaxın gələsi.

 +

13

Örtüyü qalın qum bütün düzənin,
Bir zaman Katonun ayağı altda, bir zaman

Yaranan şəkillər indi də həmin.

 +

16 Tanrı intiqamı! Nə qədər insan,
Səndən qorxmalıdır, burada indi,

Gözlə gördüyümü oxusa haçan.

 +

19 Çılpaq ruhlar orda sürü kimiydi,

Yazıq, miskin halda ağlayır onlar,

Hökmlər, deyəsən, müxtəlif idi.

 +

22 Yerdə  dalı üstə var uzananlar,

Bəzisi qısılıb oturub elə.

Dayanmadan var-gəl edənlər də var.

 +

25 Gəzənlər üstündü sayları ilə,

Uzananlar azdı, ancaq onların,
Daha güclü idi çəkdiyi nalə.

 +

28 Yağırdı üstünüə bu qumluqların

Ağır-ağır enən odlu lopalar.

Küləksiz necə ki, Alpa qar yağır…

italyancadan tərcümə

may 2023, Samara

Poi che la carità del natio loco
mi strinse, raunai le fronde sparte
e rende’le a colui, ch’era già fioco.

Читать далее

DANTE. CƏHƏNNƏM. 13-CÜ NƏĞMƏ

(FRAQMENT)

 1 Gəlib çatmamışdı ora Ness hələ,

Biz qalın meşəyə gedib girəndə,

Ondasa cığır da yox idi belə.

 

4 Yarpaqlar qaramtıl, yox yaşıl  heç nə,

Düyün ya əyrilik var hər budaqda,

Meyvə əvəzinə zəhərli iynə.

 

7 Yox bu pöhrəlikdə, çox azdır ya da,
Rəzil heyvanlar ki, nifrət edirlər,

Həm Çeçinoda, həm Kotenoyada.

 

10 Yaxın fəlakətdən verərək xəbər,

Strofaddan qovan troyalıları,
Harpiyalara bu meşə xoş gələr.

 

13 Pəncələr caynaqlı, tüklüdür qarın,

İnsan sifətlidir,  qanadı gendir,
Uçarkən meşəyə qıyıltı yayır.

 

16 Ustadım: “İrəli gedənəcən bil,

İkinci çevrənin içindəsən sən, —

Belə başladı o: “O davam edir,

 

19 Müdhiş bir qumluğun əvvəlinəcən;

Baxıb görəcəksən sən elə şeylər,
Bəlkə inanmazdın, desəm əgər mən”.

 

22 Yoxsa da ətrafda kimsədən əsər,4
Nalə eşidirdim mən hər tərəfdən

Durdum çaşqın halda orda bir qədər.

 

25 O yəqin düşündü düşünərəm mən,

Kimin boğazından çıxır bu səslər,

Hardasa gizlədir özünü bizdən.

 

28 Onda mən dikəlib əl uzadaraq,
Göyəmdən bir budaq  qıranda, gövdə

Qışqırdı: “İncitmə məni bu sayaq!”

 

31 Sonra qan axıtdı qəhvəyi rəngdə,

Ded: “Axı məni niyə soyursan,

Yoxmu heç mərhəmət duyğusu səndə?….

 

italyancadan tərcümə

may 2023, Samara

++++++++++++

CANTO 13

Non era ancor di là Nesso arrivato,
quando noi ci mettemmo per un bosco
che da neun sentiero era segnato.

Читать далее

DANTE. CƏHƏNNƏM. 12-Cİ NƏĞMƏ

the-inferno-canto-12-2.jpg!Large

(fraqment)

1 Qayadan düşməyə gəldiyimiz yer.
Elə dik idi ki, çaşardı hətta,

Kim ordan baxsaydı aşağı əgər

 +

4 Görürdük Trentin bəri yanında,

Uçqun; Adiçedə onu yaradan,

Ya daş uçqunuydu, zəlzələ ya da.

 +

7 Qaya dağ başından qopub, çox güman,

Elə dağılmışdı düzə ki, indi

Yol vardı, gəlsəydi kim yuxarıdan.

 +

10 Yarğanın enişi burda beləydi.

Çatlaq uçurumun qıraqlarında

Sərilən Kritin ayıbı idi.

 

13 O, saxta inəkdən mayalanandı;

Dişlədi özünü bizi görərkən,

Qəzəb qaynayırdı yəqin qanında.

 +

16 Müdrikim qışqırdı ona: “Bəlkə sən,
Afina hersoqu, düşündün, gəlib,

Sənə yuxarıda ölüm gətirən?

 +

19 “Çəkil, vəhşi! Çünki bu gələni, bil,
Bacın öyrətməyib, cəzaya baxmaq,

İstəyir o, fikri ayrı şey deyil”.

 +

22 Ölümcül bir zərbə necə ki, alcaq,
Öküz ciyəsini qırıb tullanar

Yerində, qaçmağa halı yox ancaq.

 +

25 Gördüm o haldadır indi Minotavr,
Sayıq rəhbər dedi: “Tələs keçidə,
O qəzəbli ikən, enməyə şans var.

 

28 Beləcə üz qoyduq enişə biz də.
Daş qalağı üstdən, ağırlığımdan,
Daşlar az qalırdı dəbərib gedə.

 +

31 Fikirli gedirdim; “Daş qalağında,
Fikrin qalıb, — dedi, — onu qoruyan,
Vəhşini susdurdum sözlə bir anda.

 +

34 Gərək biləsən ki, endiyim zaman,

Mən alt cəhənnəmə indiyə qədər,
Yoxdu daşdüşümü o qayalıqdan.

 +

37 Birinci çevrəyə, düzəmsə əgər,

Enib çoxlu ruhu Ditedən alan

Kəsin gəlişindən bir qədər əvvəl

 +

40 Gərək biləsən ki, endiyim zaman,

Mən alt cəhənnəmə indiyə qədər,
Yoxdu daşdüşümü o qayalıqdan…

italyancadan tərcümə

may 2023, Samara

Era lo loco ov’ a scender la riva
venimmo, alpestro e, per quel che v’er’ anco,
tal, ch’ogne vista ne sarebbe schiva.

+

Qual è quella ruina che nel fianco
di qua da Trento l’Adice percosse,
o per tremoto o per sostegno manco,

Читать далее

DANTE. CƏHƏNNƏM. 11-Cİ NƏĞMƏ

CƏHƏNNƏM 11-Cİ NƏĞMƏ

(FRAQMENT)

1 Bir uca sahilin  qırağında lap,

Nəhəng kəsəklərin topu üstünə,

Çıxdıq, altda isə qorxulu girdab.

 +

4 Və orda girdabdan göyə yüksələn,
Dəhşətli üfunət məcbur elədi,
Qapağı dalına keçib gizlənək.

 +

7 Böyük məqbərənin. Yazılı idi

Üstü: “Fotin doğru yoldan azdıran,
Papa Anastasi burdadır indi”.

 +

10 “Yavaş-yavaş düşək aşağı burdan,

Burnumuz tədricən alışar onda

Pis iyə, bilmərik onu sonradan”.

 +

13 Ustad belə didi. Mən cavabında:

Vaxtımız boş keçməz, məşğələ tapsaq”.

Və o: “Düşünürdüm bu haqda mən də”.

 +

16 “Oğlum, içəridən bu daşlığa bax, —

Dedi o, — Orda üç xırda çevrə var,

Silsilə tək, əvvəl gördüyün sayaq.

 +

19 Məlun ruhlar ilə doludur onlar;

Bircə baxışın da bəs elər yəqin,
Biləsən nə üçün cəzalanıblar.

 +

22 Göylərdə nifrətə layiq hər kinin

Sonu inciklikdir; və belə son ya,

Zorun nəticəsi, ya da kələyin.

 +

25 Kələk insana xas ayıbdır amma,

Tanrıya xoş deyil; lap dibə enər,
Kələkbaz, ağırdır əzabları da…

aprel 2023, Samara

DANTE CƏHƏNNƏMİ: TİBB PROFESSORU VƏ HAZIRIN NAZİRİ

“İlahi Komediya”nın ilk tam tərcüməsi Dmitri Yeqoroviç Minə məxsusdur. D. Y. Min peşəkar ədəbiyyatçı yox, tibb professoru olmuşdur.  Üzərində 40 il işlədiyi tərcümə tam halda ölümündən sonra çap olunmuş, 1907-ci ildə isə tərcümə müəllifiniə (ölümündən sonra) tam Puşkin mükafatı verilmişdir.

Sovet dövründə edilmiş, indi də mötəbər sayılan tərcümə Mixail Lozinskiyə (1886—1955) məxsusdur. Mütəxəssislərin hesablamalarına görə, Lozonskinin tərcüməsində artırılma sözlər cəmi 15 faiz təşkil edir.

Ancaq iki tərcüməni misra-misra tutuşdurduqca, Lozinskinin dönə-dönə Minin tərcüməsindən ayrı-ayrı misraları, ifadələri götürdüyünü görürük. Məsələn, 10-cu nəğmə, 112-114cü misralar.

Orijinal:

e s’i’ fui, dianzi, a la risposta muto,
fate i saper che ’l fei perché pensava
già ne l’error che m’avete soluto».

Minin tərcüməsi:

Я лишь затѣмъ не отвѣчалъ ему,

Что было мнѣ въ то время непонятно

То, что теперь ты разрѣшилъ уму.»

Lozinskinin tərcüməsi:

Я лишь затем не отвечал ему,
    Что размышлял, сомнением объятый,
    Над тем, что ныне явственно уму».


Orijinalda demir ki, “cavab vermirdim”, deyir ki, özümü lal kimi aparırdım (a la risposta muto), yəni bu, tamam cavab verməmək  deyil. İki tərcümənin sözbəsöz eyniliyi təsadüfi ola bilməz.  Qafiyələr də eynidir: уму, ему...Yəni Lozinski hazırın naziri olub…

Demk lazımdır ki, Quranın tərcümələri də belədir. İndi kim Quranı ruscaya çevirirsə, Sablukovun və Kraçkovskinin tərcümələrini qoyur qabağına, başlayır “çevirməyə”… Bu, Quranın azərbaycancaya tərcümələri üçün də xarakterikdir…

Ədəbiyyata və bütövlükdə sənətdə özgə malını yemək var və yeyənlərin heç birinin boğazında qalmır…

 

25. 04. 2023, Samara

DANTE. CƏHƏNNƏM. 8-Cİ NƏĞMƏ

(FRAQMENT)

1 Sözə davam edib deyirəm: hələ,

Çatmağa çox qalmış uca qalaya,

Diqqət zirvəsinə onun yönəldi.

 +

4 İki məşəl gördük biz orda yanan,

Cavab tək uzaqda vardı yanan da.
Hərçənd gözlə seçmək deyildi asan.

 +

7 Ağıl dəryasına üz tutub onda,

Dedim: “O başqa od nədir? O nədən,
Xəbər verir? Kimdir onu yandıran?”

 +

10 O mənə: “Bu çirkin dalğalar üstdən,

Burda gözlənəni görə bilərsən,
Bataqlıq dumanı örtməsə birdən”.

 +

13 Yay ilə atılan ox indiyəcən,

Önümdə gördüyüm bu qayıq qədər,
Sürətlə uçmayıb, düşünürəm mən.

 +

16 Avarçısı vardı onun bir nəfər,
Qışqırdı yaxından məni görərkən:

“Azmış ruh, səndəmi elədin səfər?!”

 +

19 “Flegias, qışqırma  nahaq yerə sən,

Dedi mənim ağam. – Səninik ancaq,
Bataqlığı keçib biz gedənəcən”.

 +

22 Necə ki bir insan qulaq asaraq
Yekə bir yalana, sonra cinlənər,
Elə qəzəbləndi Fleqias da.

 +

25 Əvvəl enib mindi qayığa rəhbər,

Yalnız mən minəndə elə gəldi ki,

Qayıqda yük yoxmuş indiyə qədər…

italyancadan tərcümə

Aprel 2023, Samara

TƏRCÜMƏÇİNİN DANTE CƏHƏNNƏMİ

Без названия (8)

«İroniya sudbı” filmində İppolitin yağdırdığı suallardan birinə cavab olaraq Lukaşin  deyir: “В самолете летел… спя!»

«Спя» sözü tamaşaçıda gülüş doğurur, çünki qrammatik cəhətdən düz olsa da, “spya” sözü, demək olar ki, işlənmir və yöndəmsiz səslənir.

 “Spya” sözünün olduğunu mötəbər mənbələr təsdiq eytsələr də, “daya” («дая» — «verərək” mənasında), sözü barədə bunu demək olmaz. “Davaya” – var, hərçənd bu forma da, demək olar ki, danışıqda işlənmir. “Daya” heç yerdə yoxdur. “Heç yerdə”, əlbəttə, korrekt deyil. Çünki ən azı bir yerdə var: bu sözü M. Lozinski “İlahi komediya”nın tərcüməsinə işlədib.

82 Народу над народом власть дая,
      Она свершает промысел свой строгий,
      И он невидим, как в траве змея.

Lozinski rus tərcümə sənətinin ən böyük ustalarındandır, Şekspirin pyesləri indiyəcən onun tərcüməsində tamaşaya qoyulur. Ancaq “İlahi komediya”nın tərcüməçi üçün çətinliyindən Lozinski də şikayətlənib. Dante bu əsəri üçlüklərlə yazıb. Üçlük öz-özlüyündə çətinlik yaratmır, çətinlik yaradan qafiyə sistemidir.

aba; bcb; cdc və s.

Yuxarıdakı üçlükdə “zmeya” zözü var, bu sözə qafiyə tapmaq lazımdır. Tərcüməçi “zmeya”nı misranın içinə keçirsə, gərək yuxarıdakı üçlüyün ikinci misrasında qafiyə olan “kraya” sözünü də dəyişə. Beləcə bir neçə bənd domino prinsipi ilə dağılar. Buna görə Lozinski baş sındırmaqdan yorulub  düz olmayan “daya” sözünü işlədib: будь что будет…

Qeyd edim ki, Lozinski bu tərcüməyə görə 1-ci dərəcəli Stalin mükafadı alıb.

Dantenin orijinalı:

che permutasse a tempo li ben vani
di gente in gente e d’uno in altro sangue,
oltre la difension d’i senni umani;

 

per ch’una gente impera e l’altra langue,
seguendo lo giudicio di costei,
che è occulto come in erba l’angue.

İkinci üçlüyü bitirən “angue” italyanca “qan” mənası da verir, ancaq Dante burda bu sözü onun latın mənasında (anguis) yəni “ilan mənasında işlədib. Bu, aydıтdır, çünki, yuxarıdakı üçlükdə qan sözц var: sangue”

Bu üçlükləri mən belə çevirmişəm:

79 Fani nemətləri o ötürəndir,
Tayfadan tayfaya və qandan qana.

İnsan iradəsi burda heç nədir.

 

82 Bir xalq hökm sürür, digəri ona
Kölədir; görünmür məramı lakin,

Bənzər ot içinə girmiş ilana.

Aydınlıq üçün deyim ki, Vergili burda Fortunadan danışır…

07.04 2023, Samara