Архив тегов | gülməli şeirlər

GƏDƏBİYYAT. SƏMƏD VURĞUNUN «PARTİYAMIZDIR» ŞEİRİ HAQQINDA

“Vicdan, eşq, ürək, zehn, düşüncə, fikir, dilək, xoş gələcək, zövq-səfa, zəhmət…”

Tam siyahı deyil. Səməd Vurğun deyir ki, bütün bunlar hamısı “partiyamızdır”, yəni Ümumittifaq kommunist (bolşeviklər) partiyası. 1952-ci ildən – Sovet İttifaqı Kommunist Partiyası.

Yəni partiya insanın hər yerində, hər şeyindədir, çarpayısının (çarpayısı olanın) və hətta yorğanının altındadır.

Və əgər Səməd Vurğunun dediyi düzdürsə, sovet adamı əsl adam deyil, laboratoriya yaradılmış monstrdır.

Məsələ burasındadır ki, partiyanın tərifini verən Səməd Vurğun nə dediyinin, nə yazdığının fərqinə varmır. Adı çıxandan, qələminin ucu da, təpəsi də işləyir, heç kimin cəsarəti çatmaz deyə ki, yoldaş Vəkilov, sənin yazdığından bir şey başa düşmədik. Avazı xoş gəlirsə, kifayətdir. “Bəşərin vicdanı, eşqi, ürəyi…” “ürək, dirək, gələcək…səfası, dünyası, mənası, simfoniyası…” Bizim millət qafiyənin əsiridir, özü də hər qafiyənin yox, əsrlərlə işlənib itilənmiş, qulağa şuppultu ilə girib ürəyə yağ kimi yayılan qafiyələrin: “sənət, zəhmət, bəşəriyyət…”

Səməd Vəkilov abır-həya bilmədən bəşəriyyətin adından bəyənatlar verir. Azərbaycan bəşəri ayaqyalın, başıaçıq kolxozda qan-tər axıtsa da, qarnı acdır. İngilis, fransız, Amerika bəşəri gündən-günə həyatını yaxşılaşdırır, yaxşı yeyib-içir, gəzir, iqtisadiyyatda, incəsənətdə, elmdə, idmanda yeni-yeni nailiyyətlər qazanır…

“Bütün yer üzünün xoş gələcəyi…”

Hansı ölkədə kommunist partiyası hakimiyyətə gəlibsə, ümummilli fəlakətə səbəb olub: SSRİ, Çin, Kamboca, Kuba… SSRİ-də, o cümlədən Azərbaycanda, milyonlarla insan “partiyamızın” qurbanı olub. Kommunizm rejimləri yıxılandan sonra bildik ki, əsl “zövq-səfa” hardaymış. Həyatımızı yaxşılaşdıran nə varsa, kommunizmlə mübarizə aparan qərbdən gəldi…

Səməd Vurğun iddia edir ki, bütün “şeirin, sənətin, zehnin, zəhmətin” ilhamçısı “partiyamızdır”. “ ilhamı” kimi yaxşı sənətkar eləmişdi? Əksinə, Kommunist partiyası tanrı vergisi və ilhamıyla doğulmuş insanların çoxunu məhv elədi. Səməd Vurğun kimi, Süleyman Rüstəm, Rəsul Rza kimilər ədəbiyyatı ideoloji partiya fəaliyyətinə çevirib yaşadılar.

Qəribə görünsə də, partiyaya, Stalinə həsr olunmuş şeirlərin içində də yaxşıları, yəni istedadla yazılmışları var. Məsələn, Mandelştamın Stalinə yazdığı bir şeir belədir. Ancaq Səməd Vurğunun şeirləri basməmmədidir. Yuxarıda dediyim kimi, Səməd Vurğunun yazdığına posu olmayıb. Onu rus dilinə çevirələr isə şeirləri özləri yazıblar. “Azərbaycan” şeirinin ruscaya tərcüməsinə baxın: Adelaida Adalis o şeiri özü yazıb, Səməd Vurğuna məxsus olan yalnız şeirin adıdır.

И невежды порочили имя твоё
И безумцы пророчили горе твоё,
И надежды измучили сердце твоё,
Но пришла благородная слава твоя, –
Велики твои дочери и сыновья!
Пусть Баку мой неведомый гость навестит:
Миллионами солнц его ночь поразит.
Если северный ветер на вышках гудит,
Откликается эхом песчаный простор,
Полуночные горы ведут разговор…

Burda Səməd Vurğunun şeirindən əsər-əlamət var? Hərçənd tərcümə də cəfəngiyyatdır, ancaq Səməd Vurğunun orijinalından fərqli olaraq, burda mübtəda ilə xəbər uzlaşır…

İndi də mübtəda haqqında.

Səməd Vurğun deyir:

Hər sadə, mürəkkəb cümləmizin də

Əzəl mübtədası partiyamızdır!

Bunu deyən adam “partiya” sözünü gərək  ən azından mübtəda mövqeyində işlədəydi. Adama deyərlər ki, ay filan-filan olmuş, demirsən ki, mübtədadır? Hanı mübtəda? Şeirdə “partiyamızdır” – xəbərdir. Yəni bu, Səməd Vurğunun hətta partiyadan yazanda da basməmmədi yazdığının sübutudur…

 12. 11. 2025, Samara

SÜLEYMAN RÜSTƏMİN GÜLMƏLİ ŞEİRLƏRİ. TİRYƏKİN REKLAMINA GÖRƏ XALQ ŞAİRİNİ MƏLƏDƏ BİLƏRDİLƏR…

Süleyman Rüstəmin gülməli şeirlərindən biri “Dost kimi, qardaş kimi” adlanır. Gülməli olduğu qədər qəribədir.

Mən istəyirəm ki, doyunca güləndən sonra oxucu bu mətn üzərində dərindən düşünsün, belə eləyə bilsə, görəcək ki, Azərbaycan xalq şairi, Stalin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm Azərbaycan dilini elə də yaxşı bilmirmiş. Çünki şairin şeirlərinin əksəriyyətini oxuyandan sonra Azərbaycan dilinin müəllifin ana dili olmağına şübhə yaranır.

Meşədə quşlar artıq oxumur kef-damaqlı,
Günəş üstdə bulud var göz üstündə qaş kimi.

“kef-damaqlı oxumaq” ya oxumamaq – bu, azərbaycancadır?

Günəşi bulud örtər, günəşi buud gizlədər, ancaq nə günəş gözə bənzəyir, nə bulud qaşa…

Sonrası məzhəkədir. Payız gəlib!
“Payız gəlib… çəmənlər görünür qaşqabaqlı”

“Çəmənlər qaşqabaqlı görünür” – bu, şeir dilidir?
“Hərdən yağış çiləyir torpağa xaşxaş kimi.”

Burası gülməli olduğu qədər maraqlıdır da. Yadınızdadırsa, 1984-cü ildə yazdığı şeirdə Süleyman Rüstəm İranın molla rəhbərliyini “nəşəni xəlvətdə bol çəkənlər” adlandırırdı. Yuxarıdakı misradan güman etmək olar ki, Süleyman Rüstəm özü tiryəkçi olub. Yoxsa yağışı xaşxaşa niyə oxşadırdı? Mən xaşxaş görmüşəm, yağış da ki, burda Azərbaycandakından da boldur, hər cürü yağır, ancaq xaşxaşa oxşayanını görməmişəm…

Bir məsələ də var. Bu şeirə tiryəkin üstüörtülü təbliği və reklamı kimi də baxmaq olar. Yəni KQB o vaxt bu şeiri oxusaydı, Süleyman Rüsrəmi mələdə bilərdi…

Bəlkə Sosialist Əməyi Qəhrəmanlarına tiryək çəkmək ya atmaq qadağan deyilmiş?

Dalına (şeirin) baxaq.

“Cığırların al-əlvan, rəngbərəngdir örtüyü,
Havalara sovrulur yuvalardan quş tükü.”

Yenə dil məsələsinə qayıdırıq. Hansı azərbaycanl deyər “havalara sovrulur”? Bunu inturist, dili təzə öyrənən, ya özünü ruskoyazıçlığa qoyan bəkili deyə bilər. Ancaq azərbaycanlı yox. Azərbaycanlı “havaya sovrulur” deyər.  Ancaq başa düşmək olmur ki, “cığırların örtüyü al-əlvan”dırsa, quşların tükü yuvalardan niyə sovrulur? Eyni zamanda bütün yuvalara tülkü girib?
“Görünür gözlərimə palıdların kötüyü

Bərkə-boşa dözümlü qaya kimi, daş kimi.”

Yuxarıda bu lotu demişdi ki, meşədə quşlar oxumur. İndi deyir ki, gözlərinə palıdların kötüyü görünür. Belə çıxır ki, meşə qırılıbmış? Belə çıxır ki, qalan kötüklərdir?

Quşlar hardan oxuyar… Meşə qırılıbsa, orda quş qalmaz ki… Yuvalar hardadır? Kötüklərdə?

Üçüncü bənddə deyir ki, Lerikdədir.

Uca dağlar qoynunda – Lerikdəyəm mən yenə,
Payız öz nəfəsiylə qəm gətirib gülşənə.
Hərdən günəş doğanda, görünür aydın mənə-
Savalanın təpəsi çalpapaqlı baş kimi.”

“Hərdən günəş doğanda…”
S.
Rüstəm Talış dağının başında saatlarla sirinsəyib durur ki, Savalan görünsün?

“Savalanın təpəsi..” – gülməli deyil? Mən bütün on min nəfərlik AYB ordusunu şahid çağırıram, Milli akademiklərə səslənirəm, naxçıvanlı akademiklərə üz tuturam: dağın təpəsi  — bunu necə başa düşək?

“çalpapaqlı baş kimi…”

Haşiyə çıxıram. Burası 18+-dur!

1960-cı illərin əvvəllərində Salyanın bazar küçəsində dəllək dükanı vardı. Bir dəfə lələm məni o dükanda qoyub işinin dalınca getdi. Dükanda üç ya dörd dəllək işləyirdi. Biri bizim kəndçiŞ lələmin daimi dəlləyi Qulam, biri isə həppilim qoca Maşdəmid (yəqin Məşədi Həmid). Maşdəmiddən yadımda qalan onun keçə çəkmələri olub, hərçənd hava soyuq deyldi, yəqin qıçları ağrıyırmış. Qalan iki ya üç dəllək işlərini görə-görə Maşdəmidə sataşırdılar. Zarafatları, qısa desəm, tükürpədən idi. Bu dəllək tayfası çox ayıbçı olurmuş. Biri Maşdımidə anasını, biri qayınanasını təklif edir, arvadların məziyyətlərini tərifləyirdilər. Hərdən yaranan fasilə çox çəkmirdi. Dəllək Qulam ya ayrısı elə gözləri müştərinin başında ya üzündə çağırırdı: “Maşdəmiiid!” Maşdəmid də işindən ayrılmadan eyni tonda cabvab verirdi: “Təpəsiiii…”

Savalanın təpəsi…

Səhv etmirəmsə, dilimizdə «zirvə» sözü var…

“Sabah yəqin hər tərəf bürünəcəkdir qara”

Yəqin elə dağın təpəsində habva bürosu ilə əlaqə saxlayıb.
“Qoynu çəmənli dağlar, dözməkçün soyuqlara”

İnandınız ki, S. Rüstəm azırbaycancanı yaxşı bilmir? Hansımiz deyirik “soyuqlara”?

“Yarpaqların ucundan damcılar düşür yerə
Gözdən axan yaş kimi.”

Yuxarda yağışı xaşxaşa oxşatmışdı. İndi göz yaşına oxşadır. Yəqin tiryək atandan sonra kefinin çoxluğundan ağlayıb…

“Gün gah çıxır, gah batır, sıxır qəlbimi hicran,
Yürüyür dağlar üstə buludlar karvan-karvan.”

Gah çıxır, gah batır… çevir tatı, vur tatı… Yuxarıda buludları göz üstündə qaşa oxşatmışdı. İndi deyir buludlar karvandır… Qaşla karvan arasında hansısa oxşarlıq var?

Razıyam, razıyam, indi bundan da pis yazırlar, yüz dəfə, min dəfə pis yazırlar və bu, milli mənəviyyatı və söz mədəniyyətini məhv edə biləcək qədər ciddi fəlakətdir…

Poeziya…

Mən sizə bir bənzətmə göstərim.

Люблю разъезды скворчащих трамваев,
И астраханскую икру асфальта
…”

Bu beyt Mandelştamın 1931-ci ild
ə yazdığı şeirdəndir. İkinci misraya diqqət  edin. Şair asfaltda “həştərxan kürüsü”nü görür. Xüsusən yağışdan sonra, küçə fənərlərinin işığında nəm asfalta baxın – kürünü görəcəksiniz…

Gözəldir…

Gözəllik axtarışında olun. Gözəllik – milli deyil. Günəş, ay, su, hava milli olmadığı kimi. Ona görə də özümüzküdür deyə hər şarlatana, hər qafiyəbaza pərəstiş etməyək…

 

29. 10. 2025, Samara

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «ƏFƏNDİ»

Molla Pənah Vaqifin “Əfəndi” rədifli qoşması var. Bu şeir hansı əfəndiyəsə xitabən yazıldıından belə güman etmək olar ki, Molla Vaqifin türk dostu var imiş, yəni əlaqəsi təkcə ruslarla yox, osmanlılarla da olub. Bunu Cəmil Həsənli yaxşı bilər.

“Siyah telli bir sənəmin ucundan
Badə getdi din-imanlar, əfəndi!”

Niyə Vaqif “qara telli” yox, “siyah telli” yazır, başa düşmək çətindir. Bu heç. İlk beytdən məlum olur ki, Pənah yenə eşq azarına tutulub və elə tutulub ki, imanı cəm halda işlədir: “din-imanlar”. İmanı cəm halda olan müsəlman deyil, bütpərəstdir…


Ol oda ki, mən düşmüşəm yanıram,
Düşməsin heç müsəlmanlar, əfəndi!

Burda “lar”, əlbəttə, artıqdır. “heç müsəlman düşməsin” olmalıdır. Ancaq ölçü və qafiyə problemi yarananda Pənah müəllim ağına-bozuna baxmır.

“Könül deyil sən gördüyün havada”

Yəni türk əfəndi havada könül görürmüş?
“Dərdim olur gündən-günə ziyada,
Hər zaman düşəndə ləbləri yada
Tökülür gözümdən qanlar, əfəndi!”

Yəni xanımın dodaqları yadına düşəndə Pənahın gözündən qanlar axır. Klassikimiz burda çox şişirdib. Desəydi ki, ağzımın suyu axır, inandırıcı olardı və yerinə də düşərdi…
“Bilməm nə nəhs gündə çıxdım bu dağa”

Bu misrada ustalıq məsələsi var. Vaqif kimi usta gərək “nə nəhs” deməyə, çünki nə-lər tələffüz anında qarışır bir-birinə…
“Bir lalə üzündən düşdüm irağa,
Yana-yana qaldım belə fərağa,
Bərbad olsun ol zamanlar, əfəndi!”

Bu bəndi Molla Pənah kimi ustad şairə yaraşdrmaq olmaz. “İrəğa” – yəni hara? Necə yəni “belə fərağa”? “Ol zamanlar” – hansı zamanlar?…Yaxşı, deyək ki, burasını şagirdi ya nökəri yazıb.

“Mənim meylim yoxdur sultandan, xandan,
Yarımın arzusun saxlaram candan.”

Bir şey başa düşdünüz? Mən – yox…
Xalq da bilir, mənim könlümdür andan
Olsa yüz min növcavanlar, əfəndi!

 Bunu da başa düşmədim…
“Molla odur hər nə görsə kitabda,
Onu şərh eyləyə haqda-hesabda”

Yaxşı, deyək ki, mən mollaym. Bu cəfəngiyatı “haqda-hesabda” necə şərh edim?

Bəs bunu:
Vaqif deyir sənə, mənə bu babda,
Hələ azdır bu divanlar, əfəndi!

Hansı divanlar? “Ləblərə” tamarzı qalmaq? Niyə azdır? Nə xata çıxarmısan? Deyək ki, xatanı sən çıxarmısan. Onda divanlar sənə olmalıdır. O əfəndi kimdirsə, ona  niyə olsun?…

Elə deyilmi, bəy əfəndilər?

10.10. 2025, Samara

 

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «GÖRƏYDİM»

Mollah Pənah Vaqifin “Görəydim” qoşmasına, necə deyərlər, hətta bişmiş toyuğun gülməyi gələr.

“Çox zamandır, yarın həsrətindəyəm,
Gələydi, bir onu barı görəydim”.

Çox maraqlıdır: yar hara gedib? Yəni sevgililərin münasibəti o qədər azaddır ki, xanım istəyəndə gedir, istəyəndə gəlir? Bir məşhur sovet filmində bu barədə deyyilirdi: “Vısokiye, vısokiye otnoşeniya!” Yəni necə də ali münasibətdir!”

Bəzi ölkələrdə açıq nikahlar da olur. Bizdən iraq…
“Bülbül tək fəryadım çıxdı fələkə”.

İndi mən üzümü tutram  milli akademiyanın zoologiya institunun əməkdaşlarına, bütün qazaxlılara, bütün quşbazlara və başqa bazlara  və hətta prezident adminstrasiyasına: Bülbül, bir ovuca yerləşən quş fəryad eləyir? Fəryadı eləyər yaralı şir, pələng, uzağı qartal … Bilmirəm canavar fəryad eləyər ya eləməz, ancaq bülbülün nəğməsinə “fəryad” deyən adam ya bülbülü tanımır ya fəryadın nə olduğunu bilmir.
Cənnət iyli gülüzarı görəydim.”

Deməli Molla Pənahın sevgilisinin üzü gülə bənzəyir, özündən də cənnət iyi gəlir.

Kalassikimiz elə bil ki, cənnətdə ən-azı beş-altı ay yaşayıb. İyi burnundan getmir…
Dalı (qoşmanın) çox maraqlıdır.
“Basaydı üzümə gül ayağını,
Öpəydim üzünü, həm dodağını”

Deyəsən, bizim klassik sado-mazoxist oyunlarını sevirmiş. “Ayağını üzümə qoy…”

Bu da bizim molla…

Sonrası da18+ dur. Erotika get-gedə sərhədini genişləndirir…
“Gah açaydım ağ sinənin bağını,
Qoynundakı qoşa narı görəydim.”

“Gah alaydım gərdənini qucağa,
Gah üzüm sürtəydim zülfə, buxağa”.
Gah da oturaydım qabaq-qabağa,
Danışaydı, xoş göftarı görəydim.”

Bu hara gedib çıxdı? Xanımın yiyəsi yoxdur?
“Yar məndən kəsməzdi belə aranı,
Bu qoymayan kimdir, barı, görəydim.”

Yəqin ortada əğyar var. Niyə bu qoşmada Vaqif əğyardan bir söz demir, çox maraqlıdır. Axı deyə bilərdi: “O dəyyusu, o əğyarı görəydim”…
“Vaqifəm, hicrandır mənim məhşərim,
Gecə-gündüz canan olmuş əzbərim,
Kərəm eyləyibən gəlsə dilbərim,
Kəsilirmi ahu zarı görəydim?”

Əslində sondakı misrada “ahu-zarım” olmalıdır, çünki bəndin birinci misrasında müəllif özünü birinci şəxsdə adlandırır: “Vaqifəm”. Ancaq qafiyə xatirinə “m”-nı atır…

Ancaq razılaşın ki, qoşmanın əvvəli çox gülməlidir, sonra erotika başlanır, gülmək adama ayıb gəlir…

Yaxşı ki, klassiklərimizin vaxtında mobil rabitə olmayıb, İnternet olmayıb, bunların çıxarmadıqları hoqqa qalmazdı…

08. 10. 2025, Samara

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «OLA BİLMƏZ»

Yox, mən qətiyyətlə deyirəm ki, gərək darıxanda, məyusluq üz verəndə Molla Pənahın gülməli şeirlərini oxuyasan. Məsələn “Ola bilməz” qoşmasını. Bu qoşmanı oxuyan kimi krediti, ipotekası olan da, qapısını sələmçi kəsən də, ev adamları ilə dalaşıb-süpürləşən də şənlənəcək.

“Sərasər bir yerə yığılsa xublar,
Sənin bir muyinə tay ola bilməz.”

Mənim başa düşdüyümə görə, Vaqif deyir ki, bütün gözəllər bir yerə yığılsa, “sənin bir tükünə dəyməzlər”. Yəqin baş tükünü deyir…Məgər gülməli deyil?
“Günəş təki şölə verər camalın,
Belə gözəllikdə ay ola bilməz.”

Bu, heç. Sonrasına baxaq.
“Heç gözəli sən tək şux görməmişəm,
Nə fayda, hüsnünü çox görməmişəm.”

Başa düşdünüz? Çox görməyib. Bəlkə çox görsəydi, gözündən düşərdi. Belə olur də. Oğlan qızdan ötrü ölür, elə ki, alır, iki-üç ay keçməmiş soyuyur. Gərək evlənəndən sonra ayrı yaşayalar. Füzulinin Məcnunu heç Leyliyə yaxın durmadı, bilirdi ki, yaxın dursa, gözündən düşəcək…
“Uzun kirpiyin tək ox görməmişəm,
«Qaşların tərzində yay ola bilməz.”

Burası gülməli deyil. “çox görməmişəm, ox görməmişəm…” Vallah, bu misralar Vaqifi gözdən salır…

“Həsrətindən bağrım qan ilən dolub,
Heyva təki rəngim saralıb-solub».

Birinci misraya diqqət edin. Deyir “bağrım qan olub”. Bunu çox şair deyir. Şeirlərinin yarısında Əliağa Vahidin bağrı qandır. Bağır, yəni sinə, ürək – elə deyil? Yaxşı, qanı elə hərlədən, fırladan ürək deyil? Bağrın qan olmağı təbii deyilmi?

İkinci misranı yəqin Vaqif kənd müəllimi olanda yazıb – rəngi qıtlıqdan saralıbmış.

“Bu xubluq ki, həqdən bəxş olub,
Heç kimsəyə belə pay ola bilməz.”

Fikir verirsiniz? Qazaxlı şair azərbaycanca yazmağı elə bil ki, özünə sığışdırmır. A kişi, nə “xubluq”, yaz “gözəllik” də… Yəni deyir ki, onun sevgilisinə gözəllik həddən artıq verilib!

Dədəm vay!
“Qəddin şahbaz, ağ bədənin səmən tək.”

Burda erotika var, yenə sevgilisinin bədənini açdı qoydu şor gözlərin qabağına…

Səmən tək – elə bilməyin ki, Molla Pənah bədəni samana bənzədir. Yəqin “səmən” yasəməndir…
“Yanağın lalədən ziyada göyçək.”

Yanaq lalədən çox-çox göyçəkdir… Öləsən səni, ay belə yanaq yiyəsi…
“Vaqifəm, mən sənə heyran olmuşam”

Qoşmanın sonunda Vaqof öz adını həkk edir ki, oğurlamasınlar. Mən bilən, belə şeirə tamah salan çox olmaz…
“Dərdindən didəsi giryan olmuşam”.

“Didə” yəqin gözdür. Vallah, Vaqifin şeirləri adamı şəkkə salır. Bəlkə 18-ci əsrdə Qazaxda farslar etnik çoxluq imiş?
Ya bəlkə Vaqif gülmək üçün göz yerinə “didə” yazır? Farsları lağa qoyur. Hə? Belə ola bilər?
“Qanlı yaşım kimi çay ola bilməz”.

Mən də bu qoşmanı oxuyanda çox yaş axıtdım. Ancaq  qanlı yaş yox, adi yaş. Çünki gözümün yaşı gülməkdən axırdı…

 

26. 09. 2025, Samara

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «AŞİQƏM»

Mən Molla Pənah Vaqifin şeirlərini çox sevirəm. Əlbəttə, hamısını yox. Ancaq Füzulidən sonra ədəbi dilimizin inkişafında ən böyük xidməti Molla Pənah göstərmişdir. Məlumdur ki, müxtəlif yaşlarda eyni əsərlərin bədii qavrayışı, buraxdığı təəssür hətta əksliyə qədər müxtəlif olur. İndi Vaqifin şeirlərini oxuyuram, görürəm ki, Vaqif təkcə düşündürmür, o həm də güldürür. “Aşiqəm” rədifli qoşmasını oxuyun, gülməkdən öləcəksiniz (məcazi mənada). Molla Pənah aşiq olduğu qızın sözlü portretini çəkir və oxucu gərək şeir oxuyub başa çıxınca o gözəlin portretini bitkin şəkildə təsəvvür edə bilə.

“Bir əndamı nəsrin, dodağı qönçə,
Bir qaməti gülbün yara aşiqəm.”

Yəni şairin sevgilisinin bədəni gözəldir (yəqin ki, ağlığı nəzərdə tutulur). Bunu təsəvvür eləmək istəmirəm, çünki mənə ayıb kimi gəlir. Dodağı təsəvvür eləmək olar, dodaq qıraqda olan şeydir.  Bildik ki, dodağı qönçəyə bənzəyir.
Burda şair təsvirə ara verir və indikilər demişkən, öz durumundan yazır. Aşiqin də durumu Füzuli vaxtından və ondan qabaqdan da məlumdur,
“Gecələr sübhədək eylərəm nalə”.

Təsəvvür edirsiniz? Səhərəcən nalə… Yəqin qonşular bezirmiş. İtlər də stress keçirib hürüşürmüş…

Sonra naləsinin səbəbini deyir:

“Bir gərdəni mina, ağzı piyalə,
Bir ləhcəsi şirinkara aşiqəm.”

Yəni qızın boynu parlaq ağdır. Bunu bilirdik. Əvvəldə demişdi ki, bədəni ağdır. Bədən ağ olanda boyun da ağ olar.. Əgər gün qaraltmayıbsa…

“Ağzı piyalə”. Hansı piyalə? Gözünüzün qabağına bir qız şəkli gətirin, ağzının yerində piyalə. Məsələn, özbək piyaləsi.  Gətirdiniz?

Molla Pənahın bolşevik yerlisi Səməd Vurğun piyaləyə gözü bənzədirdi: “Qələm qaş altından piyaə gözlər…”

“Bir buxağı turunc, sinəsi meydan…”

Qızın buxağını Vaqif ya portağala ya da ona oxşayan meyvəyə bənzədir. Portağal buxaqlı qıza gözəl demək olar? Təsəvvür eləmək istədim, alınmadı…

“Sinəsi meydan”… Futbol meydanı? Azadlıq meydanı? Meydan TV? Vaqifin vaxtında da qlızlar olub ha, sinələr olub ha…
Bir sözü cəvahir, mirvari dəndan,
Bir maral baxışlı, kirpiyi peykan,
Bir qaşlan zülfüqara aşiqəm.

Vaaqif (Molla Pənah) qızın dişini mirvariyə bənzədir. Özü də “diş” demir”, “dəndan” deyir. “Dəndan” həm də dəyirmanın də tökülən yeridir. Bəlkə Vaqif sevgilisinin ağzını dəyirmanın donluğuna bənzədir? Bu yer çox mübahisəlidir və Azərbaycan akademilərinin tədqiqatını gözləyir.

Vaqif qaşları yaya yox, “zülfüqara”, yəni qılınca bənzədir.

Bənzəyir? Yəni qaş qılınca bənzəyir?

“Bir güləndə ləblərindən bal axan…”

Qız güldükcə dodaqlarından bal axır… Bu qızın ağzı ağız deyil, arı pətəyidir…
“Bir bəzənib sərxoş tovus tək çıxan…”

Vaqifin vaxtında tovuz quşuna bəlkə çaxır içirdirlərmiş? Qazaxlılardan nə desən çıxar. Deyirlər, bəzi qazaxlılar yasda çaxır içirlər. Bilmirəm düzdür ya uydurma. Amma tovuzun sərxoş olmağını mötəbər şairimiz deyir və sevgilisini ona bənzədir. Bəlkə qız da gillədirmiş? Gillətməsəydi, niyə sərxoş tovuz kimi yeriyərdi?

“Vaqifəm, bədəndən canım dağılır”

Bunu oxuyanda çox güldüm. Vallah, elə bil, ki, erməni yazıb. Bədəndən can dağılır yoxsa çıxır? Nəsimi deyirdi “can ayrılır…”

“Görməyəndə din-imamım dağılır…”

Görməyəndə? Belə çıxır ki, tez-tez görürmüş? Bəs deyirdi gecə səhərəcən nalə eləyir? Əslində gərək din-iman sərxoş tovuz kimi yeriyən xanımı görəndə dağıla.

Elə deyil?

 

25. 09. 2025, Samara

QASIM BƏY ZAKİRİN GÜLMƏLİ ŞEİRLƏRİ. «AY MƏDƏD!»

“Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay mədəd!”

Bir şey başa düşdünüz?  Deyək ki, Qasım bəy dostunun yolunda canını üzüb. Ancaq “məkana yetişməyib”. Hansı məkana? Bəlkə dostundan mükafat gözləyirmiş?

İkinci beyt:
“Sərasər əndamım mum tək əridi,
Eşq atəşi düşüb canə, ay mədəd!”

“Əndamım”  — yəni bədənim. Bədəni mum kimi əriyib, çünki “canə (cana yox, canə!) eşq atşi düşüb. Belə çıxır ki, birinci beytdəki “dost” xanım imiş. Qasım xanımdan ötrü canını üzüb, ancaq “məkana yetməyib”. Deməli, məkan mükafat deyil, Qasım bəy yəqin xanımdan ayrı şey istəyirmiş.

Ay lotu…
“Muradımın şükufəsi bitmədi”

Azərbaycancaya çevirsək, belə çıxar ki, Qasımın istəyinin qönçəsi bitməyib, çünki, mən bilən, “şükufə” “qönçə” deməkdir. Hərçənd qönçə bitməz, açılar…
“Bəlalı sərimdən sövda getmədi”

“Sərimdən” – yəni başımdan. Ağdamlı Qasım niyə “baş”sözünü byənmir, elmə məlum deyil…

Dalı (bəndin) çox maraqlıdır:
“Yetər oldu ömür başə, yetmədi
Əlim zülfi-pərişanə, ay mədəd!”

Yəni Qasımın ömrü başa çatıb, ancaq sevgilisinin dağılmış saçlarını əlinə ala bilməyib…

Məşədi İbad demişkən, çox gözəl, çox pakizə…

Azərbaycanlı kişilər sevgidən havalı olanda xanımın saçına sığal çəkirdilər, hava dağılan kimi, elə bu saçı əllərinə dolayıb xanımı sürüyürdülər. “Danabaş kəndinin əhvalatlarında” Xudayar bəy arvadı saçlamaq üzrə master-klas göstərir…
“Qalmışam göz yolda, könül intizar,
Qəm tutub yaxamı hər yana dartar”

Burası aydındır. Qəm Qasımın yaxasından tutub hər yana dartar. Eyni istiqamətdə dartmır ki, başı gizəllənməsin…
“Mən bilmənəm necə bağlanıb yollar,
Bir gələn yox bu viranə, ay mədəd!”

Aha! Yollar bağlanıbmış…
“Ayrı düşmək vətənindən yamandı”

Yadınıza salım ki, Qasım bəy üç ay sürgündə olub. Özü də Sibirdə, Maqadanda yox, Bakı şəhərində. Bu üç ay sürgünün ah-zarını biz iki əsrdir ki, eşidirik…
“Diyari-ğürbətda öldüm, amandı!”

Burda Qasım bəy ağını çıxarıb…
Axırda görün nə deyir:
“O qaşları yayı sevəndən bəri”
Şikəstə Zakirəm, ahım əsəri
Od salıbdı asimanə, ay mədəd!”

Yuxarıda demişdi ki, bədəni mum kimi əriyib. Mum kimi ərimiş adamın odu “asimana”, yəni göylərə necə od sala bilər?

Qasım bəyə niyə şair, özü də klassik statuslu şair deyirlər – başa düşə bilmirəm. Onun yazdıqları ancaq uşağın da, böyüyün də tərbiyəsinə, yəni estetik tərbiyəsinə ancaq ziyan vura bilər…

X.X.

23. 09. 2025, Samara

QASIM BƏY ZAKİRİN GÜLMƏLİ ŞEİRLƏRİ. «QUZU QYRUĞU TƏK NAZİKÜ YUMŞAQ»…

Qasım bəy Zakirin çox gülməli şeirlərindən biri “gərək” rədifli qoşmadır. Bu əsərində Qasım bəy qadın gözəlliyi üzrə kompotent ekspert kimi çıxış edir. Və gözəliyin əlamətlərini bir-bir sadalayır. Onun fikrincə, gözəl gərək “əvvəl aşiqinə mehriban, başqalarına biganə ola”.  Yəni Əliağa Vahidin gözəlləri kimi gündə bir əğyarla gəzməyə.

 Şeirin ikinci bəndi 18 yaşa çatmamışlar üçün deyil!

“Gözəlin büllur tək gərək bədəni”.

Bilinir ki, Qasım bəy çox tələbkardır. Hərçənd “büllur tək” deyəndə şairin konkret nəyi nəzərdə tutduğunu bilmək olmur: bədənin ağlığı? Büllur kimi sürüşkənliyə qədər hamar olmağı?
“Eyləyə özünə heyran görəni”.

Burda Qasım bəy cızıqdan çıxır. Necə yəni “görəni heyran eləyə”? Gözəl çılpaq gəzməlidir? Biz bilirik ki, müsəlman qadının bədənini heç əri də görmür… Qasım bəy hansı gözəldən danışır?
“Yarlı-yaraşıqlı boyu, gərdəni,
Nə uzun, nə gödək, miyanə gərək”.

Gödəyi Qasım bəy gözəl saymır, bunu başa düşdük. Bəs ucaboylu niyə gözəl deyil? Niyə gərək gözəl “miyanə”, yəni ortaboylu ola? Çünki “miyanə” rədifdir?
“Ənbər xəcil ola zülfü buyindən”
Yəni gözəin saçları ətirli olmalıdır…

“Canlar təzələnə göftüguyindən.
Sözünün hər biri dürdanə gərək.”

Yəni gərək gözəlin danışığından canlar təzələnə, hər sözü inci ola. Yəni Qasım bəy deyən gözəl Ərəstun, Əflatun kimi müdrik olmalıdır…

Dalı (qoşmanın) çox ziddiyətli və hətta mən deyərdim ki, cinayət tərkiblidir. Özünüz baxın:
“Mərifətdə kamil, sinndə uşaq”

Qasım bəy gözəli Əflatun, daha doğrusu Platon kmi ağıllı görmək istəsə də, onun uşaq yaşda olmağını istəyir. Vallah, mən olmayam, ola ayrı adam, burda pedofillik görər… Buna gərək hüquqşünaslar baxalar…

“Quzu quyruğu tək nazikü yumşaq.
Lərzə verə cismi hər yanə gərək.”

Mən başa düşürəm bu Qasım bəy nə demək istəyir, ancaq açıb deyə bilmirəm. Sonra yapışarlar yaxamdan ki, Qasım bəy demişdi-demişdi, sən niyə bilməyənə də bildirirsən…

Quzu quyruğu kimi yumşaq... Vallah, köhnə kişilərimiz qurman olublar…

İndi baxaq qoşmanın son bəndinə.

“Zakir, nə yamandır halı dünyanın,
Əskik olmaz qalmaqalı dünyanın”

Bu iki misranın gözəllərin yuxarıda sadalanan tərifləri ilə nə əlaqəsi var? Qalmaqal əskik olmur…Əlbəttə, əskik olmaz. Sən az yaşlı, ağ bədəni quyruq kimi yumşaq olan gözəl istəyəndə hardan əskik olar…

Adını da bəy qoyub…

 

19. 09. 2025, Samara

QASIM BƏY ZAKİRİN GÜLMƏLİ ŞEİRLƏRİ. «DEDİN, NƏ DEDİ»

Qasım bəy Zakirin orta məktəb dərsliyinə salınmış “şeir”lərindən biri də “Dedin, nə dedi” rədifli qoşmasıdır.

Qoşmanın birinci misralarından məlum olur ki, şair sevgilisinə “badi-səba”, yəni səhər küləyi ilə ismarış göndəribmiş, yəqin bir gün sonra və ya haçan səhər küləyi əsəndə ismarışının cavabını soruşur. Keçmişin aşiqləri üçün səhər küləyi indinin e-mail-i kimi bir şey imiş.

“Badi-səba, mənim dərdi-dilimi
Ol büti-zibayə dedin, nə dedi?”

Qasım bəy Zakir, Allah günahından keçsin, elə yazır ki, elə bil qarabağlı deyil, Məşhəddə ya Xorasanda boya-başa çatıb. “Büti-ziba” – yəqin ki, gözəl büt ya gözəl sənəmdir. Yəni Zakir sevgilisini bütə bənzədir. Bütlər haçan olublarsa, yəqin çox gözəl olublar.
“Ahü-naləm asimana yetdiyin
Gərdəni minayə dedin, nə dedi?”

Yəni mənim nalə və ahımın göylərə qalxdığını demisənmi…

İlahi, bu nə zülmdür biz Azərbaycan uşaqlarına eləyirik?

“Gərdəni mina” – yəni bədəni şirnayı kimi olan xanım? Bunu uşağa deyəsən? Çox vacibdir?

“Onun həsrətindən rəngi-alımın,
Döndüyün heyvayə dedin, nə dedi?”

Burda Qasım bəyin ustalığı, yəni sənətkarlığı fəvvarə vurur. Qasım bəy ona qədər mövcud olmamış izafət yaradır: rəngi-al”. Əlbəttə, fars buna gülər, ancaq bizim uşaq nə bilir fars izafəti nədir, Qasım bəy qondaran izafət nə dərəcədə yöndəmsizdir. Yox, bizim uşaq buna gülə bilməz, gülsə, müəllim onun dədəsini polisə verər…

Belə çıxır ki, Qasım bəiyn rəngi al imiş, yəni qırmızı imiş, zalım gözələ vurulandan heyvaya dönüb, yəni saralıb.

Burdan nə nəticə çıxır? O nəticə çıxır ki, rəssamlar klassikimizin üzünü ya qırmızı ya da sarı rəngdə çəkməlidirlər. Belə deyil?

“Görsə idin, varmı məni bimarə,
Nüsxeyi-hüsnündə onun bir çarə”

Bu beyti başa düşməyə çalışan uşaq beyin qrıjası ala bilər, buna şübhə la bilməz. Burda anlaşılan nədir? Anlaşılan odur ki, şair bimardır, yəni yataq xəstəsidir (bəs səhər küləyi ilə necə danışır, bunun üçün çölə çıxmalıdır axı?). Yeldən soruşur ki, sən mənim yarımın üzündə mənim xəstəliyimin müaicəsini gördünmü…
“Dildə iztirabə, təndə buxarə,
Sərimdə sevdayə dedin, nə dedi?”

“Sərimdə” – yəni eşqim vurub başıma.. Bu qarabağlı inadla “baş” sözündən qaçır, “sər” işlədir. Niyə? Bu farspərəstliklə Qasım bəyin rus ordusuna girib İrana qarşı müharibədə iştirak etməsi necə bir araya sığır?

Və bimarda, yəni yataq xəstəsində nə eşq?
“Sərasər fələyin şəmsü mahına,
Tamam yer üzünün qibləgahına,
Zakirin əhvalın xublar şahına
Ağlaya-ağlaya dedin, nə dedi?”

Vallah, belə mətnlər uşaqları ruhi xəstələyə salar, yəni dəli elər. Müəllimləri demirəm, çünki müəllimlər arasında ağıllı adam az olar, ağıllılar da özlərini dəliliyə qoyurlar ki, bu dövrü, bu rejimi, bu proqramları, bu dərslikləri, nazirliyi və lap yuxarını yola versinlər…

“Fələyin şəmsü-mahı” – yəqin burda ayla günəş nəzərdə tutulur, Zakir inadla azərbaycanca danışmaqdan imtina edir.

“Yer üzünü qibləgahı”nın nə olduğunu və harda yerlərşdiuyini bilmirəm. Bunu təhsil naziri də bilməz…

“xublar şahı” – yəni gözəllərin şahı? Bəlkə gözəllər gözəli?

Və badi-səba, yəni səhər yeli bütün bu cəfəngiyyatı ağlaya-ağlaya deməliymiş…

İlahi, bizim günahımız nədir ki, onlarla cızmaqaraçıya “klassik” deməliyik və onların cızmaqaralarıyla niyə sərimizi xarab eləməliyik.

Sərimizi – yəni başımızı…Vallah, belə “şeir”ləri çox oxusan, elə başını itirərsən…

15. 09. 2025, Samara

GÜLMƏLİ MAHNILAR. «KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM», «YAR BİZƏ QONAQ GƏLƏCƏK»…

«Küçələrə su səpmişəm” və “Yar bizə qonaq gələcək” mahnılarında elə yaxınlıqlar var ki, onları diptix adlandırmaq da olar, hətta eyni sözləri hər iki mahnında oxumaq mümkündür, İnternetdəki mənbələrdə mahnılardan birinə aid misralar o birinin tərkibində göstərilir. Bu iki mahnını bir melodiyanın iki variantı adlandırmaq da olar, hərçənd biri “Segah” üstündə, digəri “Bayatı-Şiraz” üstündədir.

Bu mahnılarda qəribəliklər var və bu qəribəliklər çox gülməlidir. Baxın:

Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.

Sual: Su səpən kişidir ya arvad? Məgər qapıının ağzını, səkini sulamaq bizdə arvad işi deyil?

Gözlənilən “yar” kişidir ya arvad? Bizim arvadlarda o hünər hardaydı ki, kişinin yanına gedib-gələ? (Elə gəlsin, elə getsin…)

Deməli, belə çıxır ki, küçələrə suyu arvad səpir, gözlənilən “yar” kişidir, gələcək, sonra gedəcək…

Başa düşdünüz?
Samovara od salmışam.
Stəkənə qənd salmışam.

İndi mahnın arvad dilindən oxunduğuna şübhəniz qaldı?
“Yarım gedib tək qalmışam.”

Yənu bunlar ər-arvad deyillər, qeyri-formal münasibətdədirlər, yar kefi istəyəndə gəlir, üzr istəyirəm, kefi istəməyəndə durub gedir…

Azərbaycanca “Vikimənbə”də (azərbaycanca vikimənbə, vallah, millətin üzqaralığıdır) bu bənd də “Su səpmişəm”ə aid edilib.

Piyalələr irəfdədir
Hər biri bir tərəfdədir
Görməmişəm bir həftədir.

Bu misralar “Yar bizə qonaq gələcək” mahnısından deyilmi? Atüstü araşdıraq.

Piyalələr “irəfdədirsə”, “hər biri bir tərəfədə” ola bilməz. Rərf dar bir fəzadır, orda əşyalar sıra ilə düzülürlər. Mahnını qoşan qafiyə xatirinə həqiqətə qarşı çıxıb.

“Görməmişəm bir həftədir”.

Aha! Bir həftədir ki, gedib. Yəqin ki, ayrı xanımı da var. İki cananın arasında girincdir.

“Dara zülfün, sal hər yana,
Gözlərin bənzər ceyrana,
Baxdım qaldım yana-yana.”

Gözlər ceyrana bənzəməz, gözlər ceyranın gözlərinə bənzədilə bilər. Bu, heç. Bu misralar kişi dilindən deyilə bilər. Ancaq o hansı qadındır ki, “yar”ına “qonaq gedir”? Mahnı kişinin dilindən oxunursa, və “yar” qadındırsa, vaxtaşırı bu yar hara gedir? Bir həftədir gedib? Hara gedib? Kimin yanına gedib?

Burda Əliağa Vahid yada düşür: “Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım…”

Yəni belə başa düməliyik ki, “Küçələrə su səpmişəm” qadın mahnısı, yəni arvadın dilindən oxunan mahnı, “Yar bizə qonaq gələcək” isə qismən arvad, qismən kişi mahnısıdır. Və bu mahnılardakı qadınla kişi arasında qeyri-formal münasibətlər mövcuddur. İndi blə şeylər olmaz. Çünki Azəribaycanda əlahəzrət prezidentin müdrik siyasəti nəticəsində yüksək mənəvi-əxlaqi atmosfer yaranıb…

O açıq münasibətlər isə yəqin bizə samovar, stəkan kimi şimal qonşulardan gəlmişdi. Bir sovet rus kinokomediyasında bu barədə bir personaj dərin ah çəkərək deyirdi: “Vısokiye, vısokiye otnoşeniya…”

Hər halda məsləhət görərdim ki, hər kəs ən azı öz küçəsinə nəzarət eləsin, baxsın ki, kim su səpir, hara səpir, su səpən arvaddır ya kişidir…

 

29. 07. 2025, Samara