Архив тегов | gülməli şeirlər

QASIM BƏY ZAKİRİN GÜLMƏLİ ŞEİRLƏRİ. «DEDİN, NƏ DEDİ»

Qasım bəy Zakirin orta məktəb dərsliyinə salınmış “şeir”lərindən biri də “Dedin, nə dedi” rədifli qoşmasıdır.

Qoşmanın birinci misralarından məlum olur ki, şair sevgilisinə “badi-səba”, yəni səhər küləyi ilə ismarış göndəribmiş, yəqin bir gün sonra və ya haçan səhər küləyi əsəndə ismarışının cavabını soruşur. Keçmişin aşiqləri üçün səhər küləyi indinin e-mail-i kimi bir şey imiş.

“Badi-səba, mənim dərdi-dilimi
Ol büti-zibayə dedin, nə dedi?”

Qasım bəy Zakir, Allah günahından keçsin, elə yazır ki, elə bil qarabağlı deyil, Məşhəddə ya Xorasanda boya-başa çatıb. “Büti-ziba” – yəqin ki, gözəl büt ya gözəl sənəmdir. Yəni Zakir sevgilisini bütə bənzədir. Bütlər haçan olublarsa, yəqin çox gözəl olublar.
“Ahü-naləm asimana yetdiyin
Gərdəni minayə dedin, nə dedi?”

Yəni mənim nalə və ahımın göylərə qalxdığını demisənmi…

İlahi, bu nə zülmdür biz Azərbaycan uşaqlarına eləyirik?

“Gərdəni mina” – yəni bədəni şirnayı kimi olan xanım? Bunu uşağa deyəsən? Çox vacibdir?

“Onun həsrətindən rəngi-alımın,
Döndüyün heyvayə dedin, nə dedi?”

Burda Qasım bəyin ustalığı, yəni sənətkarlığı fəvvarə vurur. Qasım bəy ona qədər mövcud olmamış izafət yaradır: “rəngi-al”. Əlbəttə, fars buna gülər, ancaq bizim uşaq nə bilir fars izafəti nədir, Qasım bəy qondaran izafət nə dərəcədə yöndəmsizdir. Yox, bizim uşaq buna gülə bilməz, gülsə, müəllim onun dədəsini polisə verər…

Belə çıxır ki, Qasım bəiyn rəngi al imiş, yəni qırmızı imiş, zalım gözələ vurulandan heyvaya dönüb, yəni saralıb.

Burdan nə nəticə çıxır? O nəticə çıxır ki, rəssamlar klassikimizin üzünü ya qırmızı ya da sarı rəngdə çəkməlidirlər. Belə deyil?

“Görsə idin, varmı məni bimarə,
Nüsxeyi-hüsnündə onun bir çarə”

Bu beyti başa düşməyə çalışan uşaq beyin qrıjası ala bilər, buna şübhə la bilməz. Burda anlaşılan nədir? Anlaşılan odur ki, şair bimardır, yəni yataq xəstəsidir (bəs səhər küləyi ilə necə danışır, bunun üçün çölə çıxmalıdır axı?). Yeldən soruşur ki, sən mənim yarımın üzündə mənim xəstəliyimin müaicəsini gördünmü…
“Dildə iztirabə, təndə buxarə,
Sərimdə sevdayə dedin, nə dedi?”

“Sərimdə” – yəni eşqim vurub başıma.. Bu qarabağlı inadla “baş” sözündən qaçır, “sər” işlədir. Niyə? Bu farspərəstliklə Qasım bəyin rus ordusuna girib İrana qarşı müharibədə iştirak etməsi necə bir araya sığır?

Və bimarda, yəni yataq xəstəsində nə eşq?
“Sərasər fələyin şəmsü mahına,
Tamam yer üzünün qibləgahına,
Zakirin əhvalın xublar şahına
Ağlaya-ağlaya dedin, nə dedi?”

Vallah, belə mətnlər uşaqları ruhi xəstələyə salar, yəni dəli elər. Müəllimləri demirəm, çünki müəllimlər arasında ağıllı adam az olar, ağıllılar da özlərini dəliliyə qoyurlar ki, bu dövrü, bu rejimi, bu proqramları, bu dərslikləri, nazirliyi və lap yuxarını yola versinlər…

“Fələyin şəmsü-mahı” – yəqin burda ayla günəş nəzərdə tutulur, Zakir inadla azərbaycanca danışmaqdan imtina edir.

“Yer üzünü qibləgahı”nın nə olduğunu və harda yerlərşdiuyini bilmirəm. Bunu təhsil naziri də bilməz…

“xublar şahı” – yəni gözəllərin şahı? Bəlkə gözəllər gözəli?

Və badi-səba, yəni səhər yeli bütün bu cəfəngiyyatı ağlaya-ağlaya deməliymiş…

İlahi, bizim günahımız nədir ki, onlarla cızmaqaraçıya “klassik” deməliyik və onların cızmaqaralarıyla niyə sərimizi xarab eləməliyik.

Sərimizi – yəni başımızı…Vallah, belə “şeir”ləri çox oxusan, elə başını itirərsən…

15. 09. 2025, Samara

GÜLMƏLİ MAHNILAR. «KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM», «YAR BİZƏ QONAQ GƏLƏCƏK»…

«Küçələrə su səpmişəm” və “Yar bizə qonaq gələcək” mahnılarında elə yaxınlıqlar var ki, onları diptix adlandırmaq da olar, hətta eyni sözləri hər iki mahnında oxumaq mümkündür, İnternetdəki mənbələrdə mahnılardan birinə aid misralar o birinin tərkibində göstərilir. Bu iki mahnını bir melodiyanın iki variantı adlandırmaq da olar, hərçənd biri “Segah” üstündə, digəri “Bayatı-Şiraz” üstündədir.

Bu mahnılarda qəribəliklər var və bu qəribəliklər çox gülməlidir. Baxın:

Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.

Sual: Su səpən kişidir ya arvad? Məgər qapıının ağzını, səkini sulamaq bizdə arvad işi deyil?

Gözlənilən “yar” kişidir ya arvad? Bizim arvadlarda o hünər hardaydı ki, kişinin yanına gedib-gələ? (Elə gəlsin, elə getsin…)

Deməli, belə çıxır ki, küçələrə suyu arvad səpir, gözlənilən “yar” kişidir, gələcək, sonra gedəcək…

Başa düşdünüz?
Samovara od salmışam.
Stəkənə qənd salmışam.

İndi mahnın arvad dilindən oxunduğuna şübhəniz qaldı?
“Yarım gedib tək qalmışam.”

Yənu bunlar ər-arvad deyillər, qeyri-formal münasibətdədirlər, yar kefi istəyəndə gəlir, üzr istəyirəm, kefi istəməyəndə durub gedir…

Azərbaycanca “Vikimənbə”də (azərbaycanca vikimənbə, vallah, millətin üzqaralığıdır) bu bənd də “Su səpmişəm”ə aid edilib.

Piyalələr irəfdədir
Hər biri bir tərəfdədir
Görməmişəm bir həftədir.

Bu misralar “Yar bizə qonaq gələcək” mahnısından deyilmi? Atüstü araşdıraq.

Piyalələr “irəfdədirsə”, “hər biri bir tərəfədə” ola bilməz. Rərf dar bir fəzadır, orda əşyalar sıra ilə düzülürlər. Mahnını qoşan qafiyə xatirinə həqiqətə qarşı çıxıb.

“Görməmişəm bir həftədir”.

Aha! Bir həftədir ki, gedib. Yəqin ki, ayrı xanımı da var. İki cananın arasında girincdir.

“Dara zülfün, sal hər yana,
Gözlərin bənzər ceyrana,
Baxdım qaldım yana-yana.”

Gözlər ceyrana bənzəməz, gözlər ceyranın gözlərinə bənzədilə bilər. Bu, heç. Bu misralar kişi dilindən deyilə bilər. Ancaq o hansı qadındır ki, “yar”ına “qonaq gedir”? Mahnı kişinin dilindən oxunursa, və “yar” qadındırsa, vaxtaşırı bu yar hara gedir? Bir həftədir gedib? Hara gedib? Kimin yanına gedib?

Burda Əliağa Vahid yada düşür: “Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım…”

Yəni belə başa düməliyik ki, “Küçələrə su səpmişəm” qadın mahnısı, yəni arvadın dilindən oxunan mahnı, “Yar bizə qonaq gələcək” isə qismən arvad, qismən kişi mahnısıdır. Və bu mahnılardakı qadınla kişi arasında qeyri-formal münasibətlər mövcuddur. İndi blə şeylər olmaz. Çünki Azəribaycanda əlahəzrət prezidentin müdrik siyasəti nəticəsində yüksək mənəvi-əxlaqi atmosfer yaranıb…

O açıq münasibətlər isə yəqin bizə samovar, stəkan kimi şimal qonşulardan gəlmişdi. Bir sovet rus kinokomediyasında bu barədə bir personaj dərin ah çəkərək deyirdi: “Vısokiye, vısokiye otnoşeniya…”

Hər halda məsləhət görərdim ki, hər kəs ən azı öz küçəsinə nəzarət eləsin, baxsın ki, kim su səpir, hara səpir, su səpən arvaddır ya kişidir…

 

29. 07. 2025, Samara

GÜLMƏLİ MAHNILAR: «KEÇƏN GÜNLƏRİMİ QAYTARAYDILAR…»

“Keçən günlərimi qaytaraydılar…”

Bu mahnı 1976-cı ildə yazılıb, mənim yaşım 22 ilə 23 arasında olub, o yaşda heç mahnının sözlərinə fikir vermirsən, əgər melodiya səni tutursa, mövzu sevgidirsə, olan-qalan ağlın da itir, yəni içkili kimisən və mətnə ayıq gözlə, açıq şüurla baxıb onu təhlil edəcək halda deyilsən. Elza İbrahimova isə cavanlıqda yaxşı melodiyalar yaradırdı…

İndiki yaşda yaxşı melodiyalı mahnıların da sözlərinə fikir verirsən. Bu, qeyri-ixtiyari olur. Gənclikdə bir yaxşı qız görəndə onu təhlil eləməyə halın olurdumu? Elə qəfil güllə dəymiş adam kimi vurulub qalırdın yerində… İndi dünya gözəlini görəndə də fikirləşirsən ki, bu xanım görəsən hansı kitabları oxuyub, təmizkardırmı, xörək bişirə bilirmi, ciddi kinolara baxır ya serial dəlisidir və s. Gözəl xanım, gənclidəkindən fərqli olaraq, heç yaxşı təəssür yaratmır, elə bil yayın qızmarında yanından qaynar asfalt daşıyan maşın keçib…

Keçək mətləbə. Bu günlərdə İnternetdə “Keçən günlərimi qaytaraydılar” mahnısının mətnini gördüm. Düzü, heç bilmirdim ki, mətn Rəfiq Zəka Xəndanındır. Bir neçə kəlmə Rəfiq Zəka Xəndan haqqında. O, ədəbiyyatşünas və şair Cəfər Xəndanın oğludur. Əvvəlcə bir təxəllüsü var idi: Rəfiq Zəka. Sonra atasnın da təxəllüsünü ikinci təxəllüs kimi adına əlavə elədi. Bunu başa düşmək olar. Cəfər Xəndan oğlundan çox tanınırdı, “Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin müəlliflərindən idi. Rəfiq Zəkanı isə nədənsə ciddi şair kimi qəbul eləmirdilər. Bilmirəm niyə. Yəni o da cəfəng şeirlər yazırdı. Ancaq məgər Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə cəfəng şeirləri yazmırdı? Niyə Rəfiq Zəkaya münasibət belə idi, bilmirəm. Ancaq Rəfiq Zəka, sonradan Rəfiq Zəka Xəndan, özünü o yerə qoymurdu, kitabı kitab dalınca çap elətdirirdi, dissertasiya yazırdı, elmlərin namizədi ya doktoru idi. Mahnı sözləri də qoşurdu.

Keçək “Keçən günlərimi qaytaraydıar” mahnısına.

“Mənə bircə kəlmə can söyləsəydin
O bircə kəlmənə min can verərdim”.

Diqqətlə baxın. Bayatı var: “İldə qurban bir olar, Qurbanınam gündə mən”. Hər şey aydındır. Yəni ki, oğlan qıza gündə “qurban olum” deyir, ya da qız oğlana elə əziyyət verir ki, oğlan gündə o dünyaya gedib-qayıdır.

Rəfiq Zəka +Xədan deyir ki, “bircə kəlmənə min can verərdim”. Desəydi ki, “min dəfə “can” deyərdim, başa düşərdik. Min canı Rəfiq Zəka Xəndan necə qurban verə bilər? Məgər o, Teymurləngdir? Miranşahdır? Stalindir? Yox, yox bu, heç cür mümkün deyil!

“Bezdirdim mən səni sədaqətimlə
Qaldım həsrətinlə, müsibətinlə.”

Yəni qız oğlanın sədaqətindən bezib? Oğlan “sola” getməliymiş? Yəni, türkün məsəli, arvadbazlıq eləməliymiş?

Belə çıxır ki, qız oğlana istefa verib, deyib get, mən gəzəyən oğlanları sevirəm, sənin sədaqətin məni bezdirdi. Basta! Və oğlan:

“Qaldım həsrətinlə, müsibətinlə.”

Oğlan qızın həsrətiylə qalıb. Bunu candərdi qəbul edək. Bəs “müsibəitinlə”?  Başa düşürük ki, bu söz qafiyədir, misranı bitirmək üçündür. Ancaq sadalanan sözləin arasında bir məna əlaqəsi olmalıdır ya yox?
“Ömrünü, gününü dərd eyləsəydin”

Ömrü, günü necə dərd eləyərlər? Bu, azərbaycancadır? Mən üzümü tuturam prezident administrasiyasına, Əli Əsədova, gömrüyə, ali məhkəməyə, Əli Kərimliyə, Cəmil Həsənliyə: Bu misra azərbaycancadır?

Biz azərbaycanlılar necə deyirik? Deyirik ki, bu hadisəni, bu fikri və s. özünə dərd eləmə. Adam öz gününü qara eləyə bilər, ancaq dərd yox.

“Könlümü alsaydın bu zülmətinlə”

Hansı zülmətinlə? Bu zülmət hardan çıxdı? Əvvəldə bildik ki, qız oğlanı gəzəyən olmadığına görə qovub. İndi oğlan iddia edir ki, qız zülmətdədir və ya qızın zülməti var. “Bu zülmətinlə…”

Könül zülmətlə necə alınar?

O çağlar necə də mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar

Deməyə məcburam ki, çoxdan Azərbaycandan uzaqlarda yaşadığıma görə bəzi sözləri düzgün başa düşdüyümə şübhəm var, ona görə lüğətlərə baxıram. İndi “hay” sözünə baxdım. Lüğət deyir:  “Çağırışa cavab səsi bildirən təqlidi söz. … Diriyə hay verməz, ölüyə pay. (Atalar sözü). 2. İsim kimi: səs-küy, hay-küy, qarma-qarışıqlıq…” İndi bu mənalardan birini yuxarıdakı misrada axtarın. O çağlar, yəni o vaxtlar, “mənə haydılar?” Misra cəfəngdir. Vaxt çağırışa cavabdır? Yox, burda məna axtarmağa dəyməz. Sonrakı misra da eləcə: haydılar, yaydılar…Rəfiq Zəka Xəndan “şah misrası” üçün bünövrə haızırlayır: haydılar, yaydılar, keçən günlərimi “qaytaraydılar…”

Mətndəki iki misralıq refrendən başqa qalan nə varsa, həm məzmun, həm dil tələbləri baxımından tam cəfəngiyatdır.

O ki qaldı musiqiyə, mahnının melodiyası, əlbəttə, gözəldir. “Düzü, “gözəl” şişitrtmədir. Bu mahnı Akif İslamzadənin ifasında gözəl olub, başqaları oxuyanda olub yaxşı, ya da babat.

Sözümün canı nədir? Gəlin nə yediyimizə, nə geydiyimizə fikir verdiyimiz kimi, nə oxuduğumuza, nə eşitdiyimizə də fikir verək. Qoy qafiyəbazlar və manıslar bizi barmaqlarına dolamasınlar…

X.X.

18. 06. 2025, Samara

GƏDƏBİYYAT: GÜLƏ VURULAN BÜLBÜL ERKƏKDİR? BÜLBÜLÜN DİŞİSİ OLMUR?

Bülbülün gülə (yəqin ki, qızılgülə) vurulmuş aşiq kimi təsvir edilməsi qədim fars poeziyasından başlanır və bu metafora bülbülün elə torpağın üstündə, sıx tikanlı kolluqlarda, o cümlədən qızılgül kolluqlarında yuva qurması ilə izah edilir. Ancaq bu metaforada bir yöndəmsizlik var. Deyək ki, gül – qızdır və ya qadındır. Deməli, bülbül oğlandır, kişidir, yəni erkəkdir. Həmişə erkəkdir. Sual: bəs bülbülün dişisi olmur? Niyə erkək bülbül dişi bülbülə yox, gülə vurulur? Belədirsə, bülbüllər necə artırlar, yumurtanı kim çıxarır? Güllə sevgisindən erkək bülbül yumurtlaya bilməz, bu, şübhəsizdir…

Quşların hər biri öz tayfadaşıyla sevişir, bir fars məsəlində deyilir: göyərçin göyərçinlə, qırğı qırğı ilə…

Bizim bir gözəl bayatımız ördək məhəbbətindən bıhs edir:

Qaradır qaşın ördək,
Yaşıldlr başın, ördək.

Həmişə cüt gəzərdin,
Hanı yoldaşın, ördək…

Gözəl deyilib, ördəklərin cüt gəzməyi də doğrudur. O ki qaldı ördəyin qaşının olmağı, özü də qara olmağı, bu barədə heç nə deyə bilmərəm…

Yaxşı, deyək ki, fars şairləri bir dəfə, iki dəfə oğlanı bülbülə, qızı gülə bənzətdilər. Bunu qəbul eləmək olar. Ancaq əsrlər ərzində bülbülü az qala seksual azlığa çevirmək yaxşı deyil. Dişi bülbülü qoyub mehrini gülə salan bülbül azlıq nümayəndəsi deyilmi?

“Hər bağın, hər bağçanın bir bülbülü-şeydası var…”

Bunu akademik şair Səməd Vurğun yazıb. Uzun rəməl bəhrini götürüb, misranı doldurmaq üçün çoxlu cəfəng söz işlədib. Yaxşı, dedin ki, “hər bağın”, başa düşdük. Daha “hər bağçanın” nəyə lazımdır? Və hər bağda “bir bülbülü-şeyda” olur? İki olmur?

“Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var”.

Bu iki misra arasında hansısa əlaqə varmı?

1960-cı illərin əvvəllərində Ələkbər Tağıyevin “Bülbül” mahnısı o vaxtlar hələ çox yaxşı səsi olan Zeynəb Xanlarovanın ifasında radioda az qala hər gün səslənirdi – televizor kənd yerlərində tək-tük evdə var idi. Mahnının sözləri xalq şairi Məmməd Rahimindir. (“Xalq şairi” Məmməd Rahimə dövlət tərəfindən verilmiş fəxri addır və onun doğrudan da xalq tərəfindən tanındığına və sevildiyinə sübut deyil).

Yenə qonub şax budağa,
Nə sızlarsan belə, bülbül?!
Vəfasızdır yarın sənin,
Yanıb dönmə külə, bülbül!”

Biz “gül” sözünü də, “bülbül” sözünü də farslardan götürüb öz tələffüz tərzimizə uyğunlaşdırmışıq. Ancaq farslardan götürdüyümüz sözlərin hər birini yerli-yerində işlədə bilmirik. Dili kamil bilənlər, məsələn, Füzuli, əlbəttə, yerli-yerində işlədib. Məmmədrahimlər, səmədvurğunlar – yox. Yəni biz, bir lətifədə deyildiyi kimi, Mersedesə at və hətta eşşək qoşuruq..

Bülbülün yarı niyə vəfasızdır? Məmməd Rahim gülü qarğa ilə mazaqaşanda tutmuşdu?

Allahu əkbər!

“Yanıb dönmə külə, bülbül”!

Desəydi ki, özünü yırtma, özünü cırma, özünü öldürmə, özünü yandırma – dərd yarı idi. “Yanıb külə dönmə”! Bilirsiniz niyə görə “külə” olmalıdır? Çünki gərək hər bəndin rədifinin əvvəlində qafiyə ola: belə, külə, gülə, yelə… Bu şeirdə məntiq axtarmayın, qafiyılərinə baxın..

Bayatıda gözəl deyilib:

“Yeyib bülbül bağrını,

Çıxıb ağzı qanlı gül…”

Xalq şairi, 3-cü dərəcəli Stalin mükafatı laureatı Məmməd Rahim gülün pozğunluğunu açıb aləmə yayır:

“Öz meylini salmış xara…”

Yəni gül tikanla sevişir. Bilməyənlər üçün deyirəm ki, “xar”  bizim dildə “tikan”dır…

“Bülbül” mahnısının çox maraqlı cəhəti bu idi ki, mətn müəllifinin adı nəqərata salınmışdı və beləliklə, mahnı oxunduqca “Rahim” adı ən azı üç ya dörd dəfə səslənirdi ki, bu da mahnı ifaçılığında görünməmiş bir şey idi.

Rahimin öz cananı var,

O bənzəməz gülə bülbül…

Bunu iki  cür başa düşmək olar: 1. Məmməd Rahimin cananı vəfasız deyil. 2. Məmməd Rahimin cananı gülə bənzəmir, yəni gözəl deyil.

Əlbəttə Azərbaycan xalq şairlərinin əksəriyyəti istərdi ki, öz “canan”larını Zeynəb Xanlarovaya dəyişsin. Zeynəbin yaxşı vaxtı idi…

Mən Yunus Emrenin “Bülbül” şeirinə qoşulmuş mahnını çox sevirəm, Mine Koşanın ifasında bu mahnya ildə bir ya iki dəfə qulaq asıb gözlərim acılanınca ağlayıram… Ancaq şeirə diqqətlə baxsan, görərsən ki, cəfəngiyatdır.

Bilirim âşıksın güle

Gülün hâlinden kim bile.

Bahçedeki gonca güle

Dolaşıp söz atma bülbül.

Əlbəttə, musiqi çox yüksəkdədir, musiqi yüksəkliyinə yaxın sözü hələ heç bir şair deyə bilməyib… Və musiqi bəzən ən bayağı, ən yöndəmsiz sözün eybini belə örtür. Ancaq abır-həya da yaxşı şeydir. Bu bülbül-gül məsələsinə moratorim qoymağın vaxtın çoxdan çatıb və hətta keçib də…

X.X.

22.05. 2025, Samara

GƏDƏBİYYAT: RƏSUL RZA. «LENİN POEMASI»NDAN FRAQMENT

Gün var ki, dəqiqəsi

Uzun əsrə bərabər

(əsrin izinu, gödəyi olur? -X.X.)

Çeşmə kimi baş alır

Bu gündən qərinələr

Gün var ki, əlac olur

 dərdlərə, müşküllərə

Nə qədər gecə-gündüz

Bu həyat gəlib-keçmiş (gecə-gündüz həyat gəlib keçmi… bu, azərbaycancadır? — X.X.)

Lakin biri

Tarixi bir min səkkiz yetmiş

Köhnə təqvim, aprelin onu,

Qızıl varaqlara yazdı onu

Bu gün doğdu nadir oğlunu tarixin

Sadə bir rus qadını (bu «sadə rus qadını» əslində yəhudi olub — X.X.)

Vladimir qoydular

bu körpənin adını,

=+

İllər keçdi, dolandı,
Sular axdı, bulandı

Məktəbə gedən gündən
Birincilərdən oldu

Aylar, illər ötüşdü,
Böyüdü yaşa doldu

İrtica hər tərəfə,
Sakmışdı kölgəsini

Döndərmişdi zindana

Radişşevin, Puşkinin,

Gertsenin ölkəsini

 

Vladimirin gözündən
Axdı damla-damla yaş

 (yaş ayrı cür necə axa bilər? -X.X)

Olan artıq olmuşdu,
Keçən artıq keçmişdi

 

 ++++++++++

Silahlanıb Marksın

Ölməz fəlsəfəsiylə.

Qəlbində iztirablı

Rusiyanın haqq səsiylə

Qızğın mübarizədə

Hər əsgərini yerini,

Hər silahın sirrini
Bilən komandan kimi

Lenin Piterə gəldi

Qurtuluşun elminə

vaqif bir insan kimi

 

Rusiyada insanlar,
Qalxmadan öz yerundən
Ah çəkib deyirdilər: ( yerlərundən qalxmadan? niyə qalxmırdılar? ərinirdilər? oturduqları yerə yapışmışdılar? — X.X.)

Artıq hamı bilir ki,

Peterburq da ikidir

Biri zadəganların

Başda oturanların.

O biri insanların

Minlərin, milyonların,

Zəhmətleşlərinkidir

Saraylarda eyş-işrət
Daxmalarda qəm, kədər

 ====

Lenin Piterə gədi
Soyuq bir payız günü

Boz dumanar örtəndə

Göy Nevanın üstünü (Neva göydür? — X.X)

Leninin bu gəlişi,
Belə deyir fəhlələr,

Şimşəkli bir bahardan

Onlara verdi xəbər

İlk söhbəti, ilk sözü,

Yol açdı ürəklərə,

Çağırdı insanları

Nurlu, aydın səhərə

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «XUDU MƏMMƏDOVUN XATİRƏSİNƏ»

“Usanıb şəhərin küy-kələyindən

Gəldim ziyarətə dost məzarını.”

Bunu necə başa düşmək olar? Yəni şairi ziyarətə sövq edən dost nisgili deyil, “küy-kələlkdən” uzaqlaşmaq istəyidir? Ayrı izah var?

“Gördüm, sıralanmış qəbirlərdə mən

Ölümün möhtəşəm addımlarını.”

Akademik şair birinci dəfədir qəbirstana gəlir?

“Gəzdim qəbristanı, gəzdim səbrlə”

“Səbrlə”? Bəlkə akademik şair “tələsmədən” demək istəyib? Şoğəriv söz misraya sığmayıb…

Rastlaşdım nə qədər tanış qəbirlə.”

“Vallah, gülmək yeri deyil, allah şeytana lənət eləsin… Canlı adamla rastlaşmaq olar, qəbir durub gəzirmi ki, qabağına çıxa? Qəbir tanışdırsa, sən onun yerini də tanıyırsan. “Bəlkə tanış adamın qəbri” demək istəyib şair?

Deyə bilməyib…

“İnana bilmədim gördüklərimə

Şəhərə dönməkmiş, şəhərdən qaçış!”

Ay professor, nəyə, niyə inanmırsan? Bilmirdin ki, tanışların ölüblər? Bakının qəbiristanlığı bəs nə boyda olmalıdır? Bilmirsən ki, ölənlər qalanlardan çoxdur? Sən oxucunu təəccübləndirmək istəyirsən, oxucu təəccüblənmir, çünki təəccüblənməli heç nə yoxdur…

“Burda yatanların çoxu, heç demə

Mənim öz dostlarım, tanışlarımmış.”

Ay akademik, yuxarıda dedin də… Dedin  ki, tanış qəbirlər qarşına çıxıb. Necə yəni “heç demə”. Dostlarının öldüyünü bilmirdin? Fil qulağında yatmışdın?

“Orda dən, burda un, arada daş var

Zamandır hərlədən bu dəyirmanı.”

Burda akademik şair Sabirlik iddiasına düşür: “Un təmənnası ilə buğda dəyirmanlıq olur…” Sabir, əlbəttə, dahidir. Milli dahidir, ancaq dahidir…

Bəxtiyar Vahabzadə isə un ələmək ustəyəndə kəpək çıxarır. Bənzətmə yöndəmsiz və eybəcərdir. Diri dənə oxşadılıb… Ölülər una… Ölünü una bənzədən olmamışdı… Ölüyə torpaq deyiblər, deyiblər ki, torpaq torpağa qarışır…

Un?

“Bəzən üzü durur üzsüz astarın

Neçə pilləsi var tək bircə ömrün.”

Birinci misranı başa düşdüyümə arxayın deyiləm. “Üzsüz astar” nədir? “Üzsüz astarın üzü” nədir? Necə durur?

İkinci misra Əflatunluğa, Ərəstunluğa (Ərəstun Oruclunu demirəm, Aristoteli deyirəm) iddiadır. Ruslarda Ezopun bir təmsili ilə bağlı ifadə var: Qora rodila mış. Dağ siçan doğdu…

“Mən hardan biləydim, ölü dostlarım

Diri dostlarımdan çox imiş bu gün.”

Əgər dostunun ölümündən xəbərin olmayıbsa, deməli, dostun da olmayb. Dost bədənin üzvü kimidir. Getməyini bilməmək olmur…

X.X.

25. 04. 2025, Samara

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «HƏYAT, SƏN NƏ ŞİRİNSƏN…» I

Səndən doymaq olarmı, həyat sən nə şirinsən!
Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!..

Mübahisəli iddiadır. Vaxtını kimin necə keçirməyindən assılı olmayaraq, həyat hər kəsə şirindir – bu, təbiətdir, biologiyadır. Akademik şair bir neçə misra sinra özünü təkzib edir:

«Həyat sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər bu dünyada qəlbini qoydu getdi.”

Hə? Belə çıxır ki, həyat hamınındır?

«Ömür paylanan zaman görün kimə nə düşdü
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.»

Qarğanın üç yüz il yaşamağı mifdir, orta hesabla iyirmi ildən çox yaşamır, akademik şair bunu yazanda Vikipediya olmayıb, ancaq universitet həmkarlarından soruşa bilərdi. Yadımdadır, Azərbaycan televiziyasında heyvanlardan veriliş var idi, iki nəfər aparırdı, birinin adı Qara müəllim idi… Əlli il əvvəl…

Və deyə ki, elə akademik şair deyəndir.  Bu nəyə işarədir? Yəni yaxşılar az yaşayır, pislər çox? Bəxtiyar Vahabzadə özü 84 il yaşadı. Müşfiq 28 yaşında öldürülüb, Əli Kərim 37 yaşında ölüb. İndi hər kəs özü nəticə çıxarsın…

“Dünən qoca bir qarı dilində ahu-zarı.
«Bu dünyanın əlindən gəlmişəm zara»- dedi.”

Qarının cavanı da olur?

Sonrasına baxın:
«Ölmürəm ki, bir dəfə canım qurtara»- dedi.

Akademik şair açıq-açığına xaltura edir. Xalq ifadəsi necədir: “Ölmürəm ki, bir dəfəlik (!) canım qurtara. Şair misraya sığışdıra bilməyib, ona görə “bir dəfə” yazıb. Nə alınır? – bir dəfə canım qurtara! Halbuki, zruri olmayan «ki», bağlayıcısını atsaydı, «bir dəfəlik» yerləşərdi…
“Ürəkdənmi söylədi o, bu sözü görəsən?
Xeyr, inanmıram mən!”

Akademik şair inanmır! Niyə? Həyatından bezənlər, hətta intihar edənlər azmıdır?

“Dili söyləsə də, ürəyində o dərhal
«Lənət şeytana!»- dedi.”

Allahu əkbər! A kişi (sağlığına deyirəm), hardan bilirsən? “Qoca qarı”nın ürəyinə girmisən? Bəs o “iksus” («uksus», sirkə turşusu) içib özünü öldürənlər niyə “lənət şeytana” deyib qərarlarını dəyişmirlər?

«Həyat, sevincin qədər əzabın da şirindir,
Səni mənalandıran o keşməkeşlərindir.»

“…o keşməkeşlərin”? Hansı keşməkeşlərin? “O” artıqdır, misra doldurmaq üçündür.


«Iki yüz il yaşadı ləzzət içində Loğman
»

Loğman iki yüz yaşayıb? Ləzzət içində? Bu məlumat akademik şairdə hardandır?

23.04. 2025, Samara

(ardı var)

GƏDƏBİYYAT: RAMİZ RÖVŞƏN. «BAŞI KƏSİK GÖZƏL KÖTÜK»

 Ramiz Rövşən gəncliyində “Qara, qara qarışqalar” misrası ilə başlayan şeir yazıb. Yeganə ləyaqəti sosializm realizminin tələblərinə, partiya və hökumətin ədəbiyyat sahəsindəki ideoloji təlimatına uyğunluğu olan cəfəngiyatın fonunda bu şeir qulağa xoş gəlir, ürəyə də yapışırdı. Hərçənd elə bu şeirdə gələcəkdə yazı manerasına çevrilmiş təkrarçılığın əlamətləri görünürdü:

“Qulağım batdı, tutuldu…”

Batdı ya tutuldu?

Və ya: “Toplaşdınız, top oldunuz…”

Bunun eybi yoxdur. Bəla burasındadır ki, Bakıya rayonlardan gəlib redaksiya qapılarında sülənən onlarla, yüzlərlə gənc əslində ədəiyyata daha əvvəl İsa İsmayılzadınin, Ələkbər Salahzadənin gətirdiyi bu yazı formasını, bu intonasiyanı yamsılamağa başladılar və… onsuz da qurd-quşla dolu olan Azərbaycan poeziyasını qarışqa basdı…

Başqalarının Ramiz Rövəni yamsılamağını qoyaq bir yana. Sonralar və indiyəcən Ramiz Rövşın iyirmi-iyirmi beş yaşındakı özünü yamsılayır və təkrarlayır.

Deməli, “Qarışqalar”ın uğurundan ruhlanan Ramiz Rövşən bəlkə də qarışqa mövzusunda silsilə şeir yazmaq istəyir və müşahidə üçün qarışqa topası axtarır. Qarışqa topası da ən çox harda olur? Bəli, kötükdə. Bakıda da kötük nə qədər desən. Bakıda ağaclar boya-başa çatmamış baltalanır… Hə, Ramiz Rövşən qarışqalı bir kötüyə xeyli baxıb bu qərara gəlir ki, onun qarışqalı şeir artıq var, yaxşısı budur ki, hələlik şeiri kötüyə yazsa yaxşıdır. Və yazır.

“Başı kəsik gözəl kötük”

Kötüyün bəlkə də gözəli olur, Samarada bəzən zərurətə görə ağac kəsiləndə kötüyünü sənətkarlar müxtəlif  fiqurlara çevirirlər. Ancaq adi kötüksə, onda nə gözəllik?

Bir məsələ də var: “Başı kəsik kötük” – bu, nonsens, yəni mənasızlıq deyilmi? Baş ağacda olar. Kötükdə nə baş? Belə deyil?
“bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu”

Müraciət kötüyə yox, ağaca edilməlidir. Kötükdə ağacı canlandırıb onunla danışmaq – xalq şairi və bir neçə hədiyyə mənzilin laureatı bu məsələni həll edə bilməyib.

İndi baxın:
“bıçağı sənə kim çəkdi?”

Ağacı bıçaqla kəsirlər? Ağacın nazik budağını bıçaqla kəsmək olar. Ancaq yekə ağacı bıçaqla necə kəsərsən? Bilirsiniz Ramiz Rövşən niyə bıçaq qapır? Yuxarıdakı  “bu dağı”ya qafiyə üçün. Nə vecinədir, kim onu məhkəməyə verəcək?

“İpək-ipək yarpaqların
Küləklərlə talandımı?”

Kötüyün “ipək-ipək yarpaqları”?
“Bilək-bilək budaqların
ocaqlarda qalandımı?”

Budaq qola bənzədilə bilər və bənzədilir də, budağa qol deyilir də. Bəs niyə xalq şairi “bilək-bilək” deyir? Yuxarıdakı “ipək-ipəyə” qafiyədir, ona görə!

Sonra şeirində ölçü dəyişilir.

“Küsdünmü taleyin acılığından?”

Şair bunu kötükdən soruşur, çünki kötüyə müraciət edir.

“Zalımlar keçmədi qocalığından”

Yəni zalımlar kötüyün (?)  qocalığına rəhm eləməyib başını (kötüyün!) kəsiblər…

Bu şeirdən filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası yazan iddia edəcək ki, kötük – simvoldur, kötük əslində cəmiyyətin etinasızlığından, qəddarlığından başını itirmiş, atılmış qocadır. Yəni bir dissertasiyalıq demaqoqiya qondarıb “doktor”, professor olacaq, onun zəhmtkeş soydaşı alın təri ilə çörək qazananda o, dezodarant iyi verə-verə dissertasiyasındakı cəfəngiyatı tələbələrə danışacaq…

“Gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.”

Yenı dedi bıçaq…
“Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.”

Kötük hardan yıxılıb? Kötük ağacın başıdır ki, yıxıla?

Sonra xalq şairi, prezident təqaüdçüsü və çoxsaylı mənzillər laureatı Ramiz Rövşən Con Lennanın gitarısın alır sinəsiə, “İmagine” oxuyur.

Dünyanın küləyi keçər,
Qarı yağışı keçər.
Qatar-qatar quşu keçər,
daş atarlar, daşı keçər

Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
sən yıxalan ucalığa…

Şeirin axırını elə bil Məmməd Araz yazıb.

“Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq…”

Şeir uzundur, oxuyub axırına çıxınca elə üzülürsən, elə qeyzlənirsən ki, bir kötük axtarırsan ki, başını çırpasan…

X.X.

19. 04. 2025, Samara

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «YALAN DÜNYA»

Qonçarov “Oblomov” romanında qəhrənamın atasını təsvir edərkən onun hərdənbir hərdənbir kitab oxuduğunu deyir. İlya İvanoviç “Çoxdan kitab oxumamışam” deyərək əlinə keçən kitabı götürür və məzmuna fikir vermədən həmişə eyni ləzzətlə oxuyur.

Bəxtiyar Vahabzadənin şeirlərini oxuyanda oxşar təəssür yaranır. Yəni akademik şair “çoxdan şeir yazmamışam” deyib dəftər-qələmini qoyur qabağına… Fasilə bir gün olsaydı da, Bxtiyar Vahabzadə üçün bu, “çoxdan kimi görünməliydi. Çünki buraxılan bir gün ərzində Nəbi Xəzri, Məmməd Araz, Rəsul Rza, Fikrət Qoca, sırtıq cavan şairlər beş-on şeir yazıb bir ətək pul qazanacaqdılar. Yəni şeirin yazılmadığı gün olacaqdı, hüquqi dillə desək, “əldən çıxmış qazanc…”

Nədən yazsın? Zalım oğlu Şekspir, zalım oğlu Füzuli hər şeydən yazıblar… İndi dünyanın yalanlığından yazmaq dəbdədir, toyda da arağın üstündən yaxşı gedir…

Bəxtiyar Vahabzadə bu şeiri yazmağa balıqçı balıq ovuna gedən kimi hazırlaşır. Balıqçı tilovunu səliqəyə salır, ov yemini hazırıayır: soxulcan, başqa qurd-quş, sıyıq və s.

Bəxtiyar Vahabzadə “yalan” sözünə qafiyə olan sözlərin siyahısını tutur: “çalan”, “alan”, “qalan”, “filan”…

“Gah başıma tumar çəkən,
Gah ilantək çalan dünya.”
Burda pauza edib “dünya”nın nə olduğunu özümüz üçün aydınlaşdıraq. Mənim İnternetdə tapdığım lüğətdə “dünya” sözünün izahı belədir: “Bir küll olaraq maddənin bütün formalarının məcmusu; kainat. Yer kürəsi, yer üzü, cahan, aləm. məc.”

İndi özünüz deyin, bu sadalanların birini belə ilan şəklində təsəvvür etmək mümkündürmü? Şərq klassikləri, fələklə, talelə ya da taledən danışırdılar və əslində tale də, fələk də Yaradanın, Tanrının sinonimi və yaxud efvemizmidir. Tale hər şəkildə insanı vura bilər. Bəs dünya? Yox!

“Gah sinəmə dağlar çəkən,
Gah könlümü alan dünya.”

Bunu naqqal aşıqlardan milyon dəfə eşitmişik. Aşıqların hamısının sinəsi dağlanmışdı. Bəzi sovet aşıqları özləri sinələrini dağlamışdılar, yəni Leninlə Stalinin şəklini döydürmüşdülər. Aşıq Pənahın sinəsində, deyilənlərə görə, Karl Marksın da şəkli döyülübmüş…
“Gah dağılan, gah qurulan,
Bəzən açan, bəzən solan”.

Yuxarıda ilana dönən dünya indi  gah dağılır, gah qurulur. Dağılan bütün dünyadır ya ayrı-ayrı hissələri?
“Gələnləri yola salan,
Özü baqi qalan dünya.”

Yuxarıda ilana bənzdilən dünya indi “gələnləri yola salır”, özü isə “baqi qalır”. Yəni “əbədi”. “Əbədi” sözü misraya sığmır, ona görə akademik bu yazı üçün yöndəmsiz “baqi” sözünü pərçim edir. Və yadınızda olar, bir beyt yuxarıda dünya vaxtaşırı dağlırdı, indi akademik şair deyir ki, dünya “baqi qalır”.

“Bir yanda at, bir yanda ot”

Bir şey başa düşdünüz? Mən – yox. Bəlkə akademik şair demək istəyir ki, atın ağzı ota çatmr? İstəmək ayrı, deyə bilmək ayrı. Misra cəfəngdir.
“Solu günəş, sağı bulud.”

Nəyin sağı, nəyin solu? Dünyanın? Yəni yer kürəsinin? Taleyin? Taletyin sağı ya solu olur? Bulud niyə sağdadır, solda deyil?
«Dovşana qaç, tazıya tut»-
Deyən köhnə filan dünya.

 Bəxtiyar Vahabzadə tutduğu siyahıdakı bütün sözləri işlətməlidir. O cümlədən “filan”ı.  Bəndin dördüncü misrasına diqqqətlə baxın: “köhnə-filan dünya”.  Bu nədir? Bunu yazan, bunu yazmaqdan utanmayan adam oxucularının mallığına, kütlüyünə arxayındır, bilir ki, ağzından ya qələmindən nə çıxsa, qapıb çeynəmədən udacaqlar. Çünki adı çıxıb… Zəncir ocağına, hansı seyidinsə ölüsünün yuyulduğu yerə nəzir aparan xalqı hərifləməyə nə var ki…

“Min rəngi var, min donu var”

Söhbət arvaddan getmir, söhbət dünyadan gedir…
“Neçə — neçə oyunu var”

Bəlkə konkretləşdirəsən, akademik? Neçə oyunu var?
«Nə əvvəli, nə sonu var”

Bəs yuxarıda deyirdin dünya vaxtaşırı dağılır?
“Yalan dünya, yalan dünya!”

A kişi, dünya hardan yalan oldu? Heydər Əliyevin sənin döşünə taxdığı ordenlər də yalan idi? Professor, akademik adı, xalq şairi adı yalan idi? Oğlanlarını düzəltdiyin yağlı vəzifələr də yalan idi?

Min dona girən dünya deyil, akademik, sənin kimi oyunbazlardır…

X.X.

18. 04. 2025, Samara

 

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «HEYİF»

 “Heyif o gözlərə o baxışlara,
Özgə birisinə baxacaq həmən”.

“Həmən”, yəqin ki, burda zərfdir. İnternetdə lüğətlərə baxıram: “həmən” —

“o saat, dərhal, əlüstü.” Yəni Bəxtiyar müəllimin “o gözlərə, o baxışlara” heyfi gəlir, çünki “o saat” (dərhal, əlüstü) özgə birisinə baxacaq. Yəni ki, xanım zirəkdir. Birindən aralanan kimi “özgə birisini” tapır… İnternet olmayn vaxtlarda!!!

Yenə soydaşlarımın diqqətini birinci misraya yönəldirəm: “o gözlərə, o baxışlara”. Qrammatik qanunla, “baxacaq” bu iki sözün hər ikisinə aid olmalıdır. Yaxşı, gözlər baxacaq. Bəs baxışlar? Belə çıxır ki, “baxıçlar baxacaq”. Hə? Mən bunu akademik Vahabzadənin Azərbaycan dilini nə dərəcədə bildiyini göstərmək üçün deyirəm.
 “Heyif o ilahi qövsi qaşlara
Sınacaq kədərli düşüncələrdən.”

Qövsi qaşları təsəvvür etdik. Bəs qaş necə sənır? Qaş, dartılar, əyilər, ancaq sınmaz, çünki qaş poladdan deyil…

“Heyif o alovlu ötən çağlara”

“Çağlar” – yəni “vaxtlar”, “zamanlar”, alınma sözlər daha öyrəşiklidir.
“Uçan yad budağa tez qonacaqdır.”

“Uçan yad budağ”ın nə olduğunu bilən var? Bəlkə akademik şair bunu Flora Kərimovaya həsr edib və şeiri müğənni xanım əcəb eləyərək polyaka qoşulub Polşaya gedəndə yazıb? Bəlkə yad budaq Floranın polyak sevgilisidir? 

Mən əlbəttə bunu akademiki birtəhər təmizə çıxarmaq, onun cəfəngiyatını mənalandırmaq üçün deyirəm. Yaxşı, bunu saxlayaq. “…tez qonacaqdır”. Necə yəni tez qonacaq? Gec qonmaq da olur? Burda “tez” sözü artıqdır. “Tez” sözü qışqırır ki, məni burdan götürün, məni bura heca sayını düzəltmək üçün soxublar…

Zaman vaxt, çağ budağa necə qonur?
“Heyif gülə bənzər o dodaqlara,
Özgə bir dodağa toxunacaqdır.”

Toxunacaqdır! Akademik çox məsum sayılacaq dərəcədə həyalı olub. “Öpüş” sözünü ayıb bilərək işlətməyib. “Toxunacaqdır”. Elə bil ki, xanımı kişi yox, öz nənəsi öpür…

Bilən varmı ki, nə olub — əgər Flora-polyak əhvalatı deyilsə? Bəlkə qurumsağın biri şairin ailəsini dağıdıb?
“Gülüm, heyif sənə yazıqlar mənə…”

A kişi, sözünün canını de. Kim kimdən ayrılır?
“Qoruya bilmədim məhəbbətimi.”

Hə? Dodağı dodağa yaxşı toxundura bilməmisən…
“Özüm bilə-bilə verirəm yenə,
Özgə birisinə səadətimi.”

Bilə-bilə verir. Səadətini… Yəni sevgilisini? Bilə bilə “özgə birisinə”? Belə kişilərə hansı dildəsə kukold deyirlər. Vallah, hə…

Bu sözlərə mahnı yazılıb. Flora Kərimova əcəb eləyərək oxuyub. Maraqlıdır, dinləyici başa düşürmü ki, nə məsələdir?

Mən başa düşə bilmirəm…

X.X.

09. 04. 2025, Samara