Архив тегов | Səməd Vurğun Azərbaycan

GÜLMƏLİ ŞEİRLƏR. «AZƏRBAYCAN» ŞEİRİNİ MİSRA-MİSRA OXUYAQ… III

“Bu yerlərdə limon sarı”

Başqa yerlərdə limon sarı olmur? Buranın mağazalarında müxtəlif ölkələrdən gətirilmiş limon satılır. Sarıdan başqa ayrı rəngdə olanını görməmişəm…
“Əyir, salır budaqları”

Limon tək halda işlədilib, tək limon isə budaqları əyib sala bilməz. Əgər limon, salyanlıların dediyi kimi, pıtraq kimi gətiribsə, hə, onda əyər…
Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan”

Başa düşdünüz? Bunu “dahi” adlandırılan adam yazır. “Dümağ qar qarlı qışdan yaranıb”… Bu misraları oxuyanda azərbaycanlı gərək başına ikiəlli qapaz sala, çünki biz öz dilimizi belə cəfəng nümunələrlə öyrənirik.
“Bir səngərdir yaranışdan.”

“Dümağ qar” səngərdir? Əsgər qarı eşələyib girir yaranan deşiyə?

“Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.”

Güllər təkcə Lənkəranda “rəng-rəng” olur? Bəs qızlar necə “rəng-rəng” olurlar? Yəni qızların ağı, qarası olur? Bu nə bənzətmədir?
“Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini!”

Bir misra əvvəl Lənkəranın gülünü tərənnüm edirdi, indi çay gətizdirir. Beşinci misra isə, bazar dili ilə, yəni Səməd Vurğunun öz dili ilə desək, bombadır:
“Yadlara açma əlini.”

Bu misrların beşliyin əvvəki dörd misrası ilə hər hansı əlaqəsi var? Azəaycanlını bu misraların ritmi  aldadır: “anamın dilbər gəlini, dammadurum, dammadurum…”

Aşağıdakı beşlik indinin naviqatoru kimi səslənir, Qazaxdan Kəpəzə atlı marşrutdur.
Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan tərə bata-bata,
Göy yaylaqlar belinə qalx…

Yaylağın beli? Mən yaylaq görməmişəm, Salyanda yay olur, yaylaq olmur. Ona görə “yaylağın beli” ifadəsi mənə qəribə gəlir.
Kəpəz dağdan Göy gölə bax!..
Belə çıxır ki, müəllif “Yaylağın belinə” desə də, turisti dağın başına qaldırır.

Yazıq at…


“Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!

Bu şeir 1936-cı ildə yazılıb, yəni Azərbaycanda, bütün Sovet İttiqfaqında olduğu kimi ya da daha güclü irtica tüğyan edirdi, çünki Stalinin Azərbaycanda özündən də qəddar adamyeyən valisi vardı – Bağırov! Rəhmətliyin oğlu, bir qram vicdanın olaydı, sən azad insanı harda görürdün?
Bizim xalı-xalçalardan
Sal çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!

Doyunca yavan çörəyə tamarzı insanlar “çinar kölgəsinə xalı-xalça” salsınlar? Ən yaxşı adamlarının güllələndiyi, uzaq sürgünlərə, gedər-gəlməzə göndərildiyi ölkəni “günəş ölkəsi” adlandırmağa necə dilin gəlib? Orden, şöhrət, firavan həyat sənə insanlığı tamam unutdurub…

“Bir dön bizım Bakıya bax”

Bunu kimə deyir? Turistə? Hardan dönməlidir?
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə,
İşıqlanır hər dağ, dərə.

Buyruq hayqırmaz! Və sən Bakı buruqlarını deyirsənsə, onlar “boz çöllərə” necə “nərə salar”? Nərə salınır ya çəkilir?  Bakı buruqlarının hayqırmağı ilə “hər dağ-dərə” necə işıqlanır?
“Nazlandıqca sərin külək
Sahillərə sinə gərək”

Sahillərə necə sinə gərmək olar? Sinəni üstünə gələn şeyə gərərsən. Sahilə necə?
Bizim Bakı – bizim ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.

Başa düşdünüz? “işıqdadır qüvvət sözü” – işıq qüvvədir ya qüvvə sözüdür? İşıq səhərlərin “ulduz gözü” olur? Axşamların desəydi, dərd yarı idi. Axı səhərlər işıqları söndürürlər, səhərə nə göz…
“Gözəl Vətən! O gün ki, sən
Al bayraqlı bir səhərdən
İlham aldın…yarandım mən.”

Bu misra da dolaşıqdır. Sovet Azərbaycanı Rusiyanın 11-ci ordusu 19120-ci ilin aprelində al bayraqlarla Bakıya girib milli hökuməti devirəndə yaranıb. Səməd Vurğun isə 1906-cı ildə yaranıb. Həm də Vətən al bayraqdan ilham alanda yox, dədəsi anasını zad eləyəndə…

Ya ayrı cür olub? Bəlkə Şaumyan da bu işə qarışıb?
Mən məktəbdə oxuyanda şeir belə bitirdi: “Partiynın eşqilə sən, Güləcəksən hər bir zaman, Azərbaycan, Azərbaycan!”. Orijinalda isə “Stalinin eşqilə sən” olub. Təəssüf ki, məndə orijinal yoxdur. Ancaq 1939-cu ildə Moskvada çıxmış “Azərbaycan poeziyasının antologiyası”nda bu şeir Adelina Adalisin ttərcüməsində var.

Можно ли гордость у мира украсть? — Никогда!
Здесь дыханье мое, здесь мой хлеб и вода!

Предо мной распахнуты все города…

Сталин-джан. Навсегда в сыновья тебе дан,

Азербайджан, Азербайджан!

Kumirlərini mənə göstər, sənin necə millət olduğunu deyim…

Belə atalar sözü, aforizim yoxdur. Mənim improvuzəmdir. Azərbaycan xalqının kumirlərini mən tanıyıram, çünki mən özüm də bu xalqdanam. Kumirlər: Lenin, Stalin, Bağırov, Heydər Əliyev, Səddam Hüseyn, İmam Əli və bütün başqa imamlar, Ərdoğan, Xomeyni və başqa yüz əlli-iki yüz ayatolla..

Və, əlbəttə, Səməd Vurqun…

 

09. 08. 2026, Samara

ƏHMƏD CAVADIN GÜLMƏLİ ŞEİRLƏRİ. «AZƏRBAYCAN, AZƏRBAYCAN…»

ƏHMƏD CAVAD AZƏRBAYCAN

Əhməd Cavadın “Azərbaycan, Azərbaycan” şeiri Səməd Vurğunun “Azərbaycan” şeirinin qaralamasına bənzəyir. Elə bil ki, Səməd Vurğun Əhməd Cavadın şeirini götürüb onu sovet qiyafəsinə salıb. Ancaq Əhməd Cavadın şeiri Səməd Vurğunun şeirindən çox gülməlidir. Şeiri axıracan oxuyub çıxmaq çətindir, çünki o qədər gülürsən ki, nəfəsin qaralır.

Dağlarının başı qarlı”

Sonra Səməd Vurğun bu misrada iki hərfi dəyişib: “Dağlarının başı qardır”.

“Sinəsi yaşıl ormanlı”.

Orman – yəni meşə. Hərçənd “orman”  “dağ”a qafiyə deyil. Həm də Azərbaycana “sinəsi meşəli” demək şişirtmədir və hətta uydurmadır. Hardadır Azərbaycanın meşələri? Bizim tikinti materialları həmişə Rusiyadan gəlməyib?

“Dərələri şirin barlı”.

Dərədə nə bar? Özü də dərədə yabanı nə isə bitirsə, çox güman ki, şirin olmaz…

“Səhraların sünbüllüdür”.

Səməd Vurğun da “Aygün” komik poemasında Azərbaycan çöllərinə səhra deyir. Azərbaycan Afrika deyil, Azərbaycanda səhra yoxdur. Və əgər torpaq “sünbüllüdürsə”, hardan səhra oldu?

“İl müdam üstü güllüdür”.

Belə səhra olar? “İl uzunu üstü güllü”!

“Bağçaların  bülbüllüdür”…

Əlinə qələm alan azərbaycanlı “bülbül” deyir, ancaq vaxtında o quşa bir ad qoya bilməmişik, fars sözü işlədirik…

“Durna gözlü bulaqların”

Bunu da Səməd Vurğun çırpışdırıb. Hərçənd bulaq niyə “durna gözlüdür”, başa düşmürəm, çünki ömrümdə bulaq görməmişəm…

“Ormanında maral gəzər”.

Yəni meşədə maral gəzir.

“Göllərində qazlar üzər…”

İndi Cəfər Cabbarlının şeirinə baxaq:

Göllərində ördəkləri üzərlər,
Çöllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,h
Ceyran gözlü qızları var ölkəmin.

Cəfər Cabbarlıya görə, marallar meşədə yox, “çöllərdə gəzərlər”. Göllərdə də qazlar yox, ördəklər üzərlər…

Kefli İskəndər demuşkən, bu şairlər məni dəli edəcəklər… Bu sadalamalarda məhz Azərbaycana məxsus nə var? Hansı ölkədə qaz, ördək yoxdur? “Göllərində qazlar üzər” misrasının müəllifinə şair demək olarmı?

“Darvazamızı fələk vurubdu…”


“İlxında ayğır kişnəşir!”

“Başqa ölkələrin ilxısında atlar kişnəmir? Verdinin “Riqoletta” operasından hersoqun ariyasını oxuyur?

“Naxrında buğan güləşir…”

Burda gülməkdən dayanmaq olmur… “Naxrında”… “Naxırında” misraya yerləşmir, ona görə Əhməd Cavad ixtisar edir. “buğan güləşir”. Azərbaycanın buğası kimlə və ya nə ilə güləşir? Öz-özüylə? Naxırçı ilə?

“Qayaların əlvan mərmər!”

A kişi, ağ eləmə, nə mərmər. Qaya Afrikada da qayadır, Azərbaycanda da. Nə mərmər…

“Belində var qızıl kəmər…”

Azərbaycanın beli harasıdır? Qızıl kəmər müəllif nəyə deyir?

“Sinən odu şölə salır!
Dünya səndən işıq alır!

“Şeir” 1919-cu ildə yazılıb. 1919-cu ildə dünya Azərbaycandan işıq alırdı?

“Verməyəndə, zülmət qalır!”

Bu misra elə bil indi yazılıb, İlham Əliyevin neft-qaz  şantajını xatırladır…

Onu deyim ki, yanacağımız olsa da, özümüz zülmət, his-pas içində olmuşuq. Bizim kəndə işıq 1961-ci ildə çəkilib. Qaz isə beş-altı il əvvəl. Qaz lampaları Avropa şəhərlərində  15-ci (!) əsrdən qoyulmağa başlanıb. Zülmətdə qalan kim olub?

“Arpa, buğda, düyün çoxdur!”

Arpanı, buğdanı deyə bilmərəm, ancaq düyümüz çox olmayıb, düyümüz İrandan gəlib…

“Yer üzündə yoxdur tayın!”

Nədə? Elmdə? Texnikada? Əhalinin rifahında? Təzə dövlət qurulur,müharibə, aclıq, epidemiya — tərifçi şairlərin gecəsi-gündüzü yoxdur…

“Gur-gur axar neçə çayın!”

Hə, neçə çay?

Sonra yenə quşlar sadalanır:

“Laçının var, tərlanın var!”

Sonra
Çoxlu şirin dastanın var!

Bu iki mirsa arasında hansısa  məna, məzmun əlaqəsi var?

Sonrasına, yəni axırına baxın:

Qorxun yoxdur, düşmanın var!

Əslində müəllif demək istəyib ki, düşmənin var, ancaq qorxmursan. Ancaq fikrin düzgün ifadəsində qafiyə itir. Müəllif yeganı düzgün fikrini də qafiyəyə qurban verir…

Rusların sözü var: “Dva sapoqa para”. Bir-birinə çox oxşayan, hətta fərqlənməyən şeylər ya adamlar haqqında deyirlər: “Bir çəkmənin iki tayı”. Bunu Səməd Vurğunun  Və Əhməd Cavadın “Azərbaycan” şeirləri haqqında demək olar. Hansı müəllifin necə insan, necə vətəndaş olduğuna baxmayaraq.

Yazıq Azərbaycan… Yazıq Azərbaycan uşaqları…

02. 05. 2024, Samara