Архив тегов | Bənzərəm bir qocaman dağə ki

SƏMƏD VURĞUNUN GÜLMƏLİ ŞEİRLƏRİ. «AY DA, ULDUZ DA, GÜNƏŞ DƏ YERƏ HƏSRƏTLƏ BAXIR…» YALANÇININ…

Səməd Vurğunun daha bir qəzəli “var” rədifli şeirdir, qafiyələr “ət”lə bitən sözlərdir ki, bunlar qəzəl yazan, meyxana qoşan “şair”lərin əsas yemidir, hərçənd belə sözlərin demək olar ki, hamısı ərəbcədən ya farscadan alınmadır.

Birinci misrada Səməd Vurğun oxucusunu seyrə dəvət edir.

“Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var”
Yəni oxucu işini-gücünü buraxıb “aləmin seyrinə” dalmalıdır. Əslində akademik şair çox mürəkkəb bir tapşırıq  verir. Aləm – dünyadır, bütün dünya.Özü də deyir “gəl”. Necə gələk, hara gələk?  Dünyanın serinə necə çıxmaq olar? Hərə öz yaşadığı yeri, uzağı, gedib gəzdiyi yeri seyr edə bilər. Səməd Vurğun özü Azərbaycanın bütün qoruqlarında kef çəkmiş, ceyran, turac ovlamış, üstəlik az qala bütün dünyanı gəzmişdi. Biz yazıqlar haranı  gəzmişik, haranı görmüşük? Salyanda, məsələn, ürəyindən keçir ki, dörd yol ayrıcında durub ətrafı seyr eləyəsən, bir də görürsən külək əsdi, şor torpağı qaldırıb gözlərini elə doldurdu ki, heç ayağının altını görmədin…

Dalına (şeirin) baxaq.

Hər gülün, hər çiçəyin öz adı var, surəti var.

Səməd Vurğun, deyəsən, oxucusunu nəinki avam, hətta debil sayırmış. Guya oxucu bilmirmiş ki, hər gülün, hər çiçəyin adı olur? Bunu bilmək üçün “aləmi seyr eləməyə” ehtiyac var? Və güllə çiçəyin fərqi nədir?

“Qulaq as bülbülün avazına, sevda dəmidir”

Kimin sevda dəmidir? Seyrə çıxanın? Bülbülün? Bu hansı dəmdir ki? Konkret mart ayı olsaydı, deyərdik ki, pişiklərin eşqbazlıq eləyən vaxtıdır. “Qəzəldən” hansı mövsümün olduğu məlum deyil…
“O çəmən güllərinin bir-birinə ülfəti var.”

O çəmən – hansı çəmən? Çəməni konkretləşdirən “o” artıqdır, misranı düzəltmək üçün işlədilib, ancaq haqlı sual doğurur: o – hansı? Deməli, “sevda dəmi” adamlara və pişiklərə aid deyil, sevişən yalnız güllərdir? Yadınızdadırsa, yuxarıda akademik şair “güllər, çiçəklər” deyir, indi “çiçəkləri” misraya sığışdıra bilmədi…

“Sığmaz idraka bu dünya evinin sirrləri”

“Dünya evi” nədir, bilən var? Səməd Vurğun yəqin ki, özü də bu ifadənin cəfəngliyini bilib, misranı doldurmaq üçün işlədib, çünki arxayındır ki, onun qələmindən çıxana heç kim cürət eləyib sorğu-sual eləməyəcək.
“Varlığın hüsni-əzəldən nə böyük qüdrəti var.”

Bunu başa düşmədim. “Hüsni-əzəl” – Molla Nəsrəddin demişkən, bunu anlamaq üçün gərək Bağdada gedəsən. Orda da heç baş açmazlar… Bir də “aləmi seyr eləməklə” varlığın “əzəldən” qüdrətli olduğunu necə bilmək olar? Bizim zaman maşınımız var?
“Dolaşıb aləmi Loğman kimi məna gəzirəm”

Səməd Vurğun doğrudan da aləmi dolaşıb, ancaq Loğman kimi yox də… Məsələn, Səməd Vurğun Londona gedib, qayıdandan sonra ya elə orda “Mənim babam olmuş 26-lar” şeirini yazıb. Yəni deyib ki, başda Stepan Şaumyan olmaqla 26 komissar onun nənənəsini zad eləyib…

“Çünki mənalı keçən günlərin ülviyyəti var.”

“Ülviyyət” sözü oxucuya xoş gələ bilər, ancaq misra tam cəfəngiyatdır. Səməd Vurğunun aləmi dolaşmağının nəticəsi Şaumyan haqqında şeirdirsə, burda nə ülvilik ola bilər?
Cəfəngiyyat bitmək bilmir:
“Ay da, ulduz da, günəş də yerə həsrətlə baxır”

Mən, əlbəttə, Səməd Vurğuna yox, 99 faizi Səməd Vurğuna pərəstiş edən azərbaycanlılardan soruşuram: ay, ulduz, günəş niyə yerə həsrətlə baxmalıdır? İnsanların müsibəti, aclıqlar, xəstəliklər, müharibələr, dünya müharibələri qalsın, az qala hər iki evin birində gedən müharibələr  səma cisimlərində niyə həsəd və ya həsrət doğurmalıdır? Bu şeirin yazıldığı vaxtlar azərbaycanlıların əksəriyyəti doyunca yavan çörək də yeyə bilmirdi…
“Hər bəşər qəlbinin öz məclisi, öz söhbəti var.”

Bu adama dahi deyən millətin səviyyəsi kimdəsə şübhə doğura bilərmi? Bu misradakı mədəniyyətsizlik, yəni hər hansı poetik, filoloji mədəniyyətin, hətta səriştəninin olmadığını bizim millətdə görən yoxdur! Necə yəni “bəşər qəlbinin məclisi var?”
Burda bitirsəydi, dərd yarı idi. Yox, gərək klassik əsərini “mohür beyt”lə bitirə
“Məni yelkən kimi qərq etsə də dəryada zaman,
Vurğun öldü deməyin, bir əbədi sənəti var…”

O hansı heyvan idi ki, özünü köpürdüb  filə oxatmaq istəyirdi?

Mirzə Ələkbər Sabur:

“Seyli-tə’n oylə təməvvüclə alıb dövrü bərim –
Bənzərəm bir qocaman dağə ki, dəryadə durar!”

Yaxşı ki, sən olmusan, ustdad!

Sən indi də varsan!

03.08 2026, Samara