Архив тегов | muzdur

ROBERT FROST. MUZDURUN ÖLÜMÜ

                                    
Meri tək oturub, önündə çıraq,

Ərini gözləyir. Addım səsini,

Eşidib tez keçir toran dəhlizi,

Ərini qapıda qarşılamağa.

Deməyə sözü var: “Saylas qayıdıb”.

Uorren girən tək Meri qapını,

Bağladı dalınca. “Mərhəmətli ol”.

Alıb bazarlığı onun əlindən,

Qoydu artırnaya. Pilləkən üstdə,

Oturub ərini çəkdi yanına.

 

“Ona son biçində demədim ki mən,

Birdəfəlik gedir, əgər gedirsə?

Nəyə gərəkdi ki? Kim yiyə durar?

O yaşda işçidən nə xeyir gələr?

Elə düşünürdü qazandığı pul,

Tütünə çatırsa, elə bəsidir.

Demək bir adamdan asılı deyil.

Yoxdur ehtiyacı yəni heç kəsə.

“Yaxşı,”- dedim ona, “mənim də aylıq

Verməyə gücüm yox, lap istəsəm də”.

“Başqaları verir”. “Get onlardan al”.

Belə başlamaqla bilirdin kimsə,
Onu azdırır ki, qəpik-quruşla,

Getsin biçin vaxtı, qaynayanda iş.

Qışdasa qayıdır. Yox, daha bəsdir.

“Ss!”- dedi Meri. “Eşidə bilər”.

“Eşitsin. Onsuz da gec-tez biləcək”.

“Üzülüb. Sobanın yanında yatıb.

Yazıq görkəminə baxıb üşündüm,

Yox, gülmə, mən onu tanımadım da.

O gedən haçandı – yaman dəyişib.

Özün görəcəksən

 

“Hardaymış deyir?”

 

“Demir. Çəkib onu mən evə saldım.

Çay verdim, siqaret təklif elədim.

Danışmaq istəmir öz işlərindən,

Nə desən, başını yelləyir elə.

“Nə danışdı axı? Heç nə demədi?”

 

“Çox az”.

 

“Hər nə. Meri, gizlətmə, yəqin,

Deyib şumlamağa gəlib çəməni”.

“Uorren!”

 

Hə? Bilmək istəyirəm mən”.

 

“Əlbəttə dedi, bəs nə gözləyirdin?

Qınama qocanı, kişi bu yolla,

Saxlamaq istəyir ləyaqətini.

Üstəlik o dedi əgər istəsən,

Təmizlər yuxarı otlağı da o.

Hə, bunu qabaq da eşitmişən sən?

Özün eşidəydin, Uorren, gərək,

Necə dolaşırdı. Hərdən özüm də,

Çaşırdım, elə bil sayıqlayırdı,

Yuxuda görürdü Harold Vilsonu –

Dörd il bundan qabaq, yadındadırsa,

Biçinə tutmuşdun bu oğlanı sən.

İndi müəllimdir öz kollecində.

Onu da qaytarmaq istəyir Saylas,

Deyir əla olar bir işləsələr,

Deyir çıçəklənər ferma da onda.

Çox söz danışırdı. Deyirdi Vilson,

Lap yaxşı oğlandır, kitablar ancaq,

Ağlını çaşdırıb. Bilirsən iyul

Qızmarında necə işləyirdilər.

Yabayla ot atır Harold durmadan,

Saylas arabada komalayırdı.

 

“Hə, mən yaxına da getmədim onda”.

 

“Saylasın o vaxtdan qəlbi inciyib.

Bəs nə? Gör necə də dəyişir hər şey!

Harold dəyib ona təkəbbürüylə.

Mübahisələri çoxdan olsa da,

O, təzə dəlillər axtarır, tapır.

Özümdən bilirəm, necə ağırdır,

Vaxtında verməmək düz cavabları.

Haroldun latını ona od qoyub.

Mənə danışdı ki, Harold deyirmiş,

Latını öyrənib skripka kimi,

Yəni məhəbbətlə — arqumentə bax!

Deyir Harold ona inanmayıb ki,

Yerdə su tapır o, qoz budağıyla.

Bu da sənə kollec, bu da kitablar.

Bu heç, onun ən çox arzuladığı
Budur ki, yaransa təzədən imkan,

Ona öyrədərdi taya vurmağı — ”

 

“Bilirəm, bu işdə Saylasa tay yox.

Taya yox, elə bil xalça toxuyur,

Hələ hər komadan nömrə də asır,

Belədə asandır tapıb boşaltmaq.

Hə, Saylas bu işin sənətkarıdır.

Komanı qaldırır quş yuvası tək.

Elə bil tayanın üstdə durmur o,

Qalxır, qaldırınca yükü yabayla”.

 

“İstəyir Haroldu öyrədə, bəlkə,

Kiminsə işinə yarıdı o da.

Uşağı kitablar deyir zay edib.

Yazıq özgələrin fikrini çəkir,

Tərifli heç nə yox öz keçmişində,

Nə də gələcəyi ümid doğurur.

İndi ya həmişə — nə fərqi var ki”.

 

Qərbə yuvarlanır aypara, göyü,

Sanki təpələrə doğru çəkirdi.

Qucağına axan ay işığına,

Açdı döşlüyünü, sonra əliylə

Saplağı, yarpağı, kökü də şehli,

Sarmaşıqlara bir sığal çəkərək,

Arfa simlərində çaldı elə bil,

Ərini də saran zərifliyi o.

”Uorren, o evə ölməyə gəlib,

Qorxma atıb gedər yenə də işi”.

 

“Evə!

Bəli, evə. Bəs evi deyil?

Mənası bir deyil ev sözünün də
Heç nəyimiz deyil, düzdü, necə ki,

Meşədə təqibdən cana duyaraq,

Qaçıb tazı gedir yad qapıya da”.

 

“Ev elə yerdi ki, bura gələndə,

Səni buraxırlar”.

“Məncə hər kəsin,

Evə hüququ var – bu, tanrıdandır”.

 

Qalxıb bir az getdi Uorren, birdən,

Dayanıb xırda bir çubuğu yerdən,

Götürdü, sonra da sındırıb atdı.

“Deyirsən Saylasa qardaşından da,

Biz yaxınıq? Cəmi on üçcə mildir,

Burdan qardaşının qapısınacan,

Yəqin Saylas bu gün bundan çox gəzib.

Niyə bəs getməyib? Qardaşı varlı,

Həm də vəzifəli – bank direktoru”.

 

“O bizə deməyib”.

 

“Biz ki bilirdik”.

 

“Qardaşı, əlbəttə, gərək əl tuta.

Çəkib yanına da apara, əgər

Ehtiyac olarsa. Bəlkə elər də —

Bəlkə o əslində pis adam deyil.

Sən özün Saylasa mərhəmətli ol.

Axı qardaşıyla fəxr eləsəydi,

Ya kömək umsaydı, bəs niyə bizə,

Ondan danışmayıb indiyə qədər?”

 

“Bəlkə araları dəyib”.

 

“Saylasın

Xasiyyəti budur. Biz heç, özgəyik,

Qohumlarsa sevmir belələrini.

Tikansız balıqdır. Özü də bilmir,

Onun nəyi pisdir başqalarından.

Istəmir, əlbəttə, kasıb da olsa,

Xəcalətli olsun qardaş yanında”.

 

“Saylas bir adamı incidən deyil”.

 

“Mənsə çox incidim görəndə necə,

Stulun tininə başını çırpır.

Qoymadı kürsüdə çəkib oturdam.

Bir özün baxaydıın, gör nə haldadır.

Yerini salmışam mən içəridə.

Baxsan, tanımazsan – çox əldən düşüb.

Çətin bir də işə yata əlləri”.

 

“Bunu bilmək olmaz. Hələ baxarıq”.

 

“Bir söz demirəm ki. Sən get özün bax.

Bir şeyi unutma, Uorren, ancaq,

O gəlib şumlasın bizim çəməni.

Onun planı var. Sən ona gülmə,

Onda ürəklənib özü danışar.

Mən də baxım görüm bu xırda bulud,

Aya toxunacaq, ya yox”.

 

Toxundu.

Sonra toranlıqda üç oldu onlar,

Ay, gümüşü bulud, bir də ki Meri.

Uorren tezliklə qayıtdı, onun,

Əlini ovcuna alıb oturdu.

 

“Uorren, nə olub?”

“Ölüb”,- dedi o.

 

 

Şer “North of Boston” toplusundandır.

Azərbaycancaya tərcümə — aprel 2008, Samara.