Salyan məzarlığı böyük, dolaşıq,
Haçan gedirəmsə, çaşır, azıram.
Eləcə bir dəfə çıxdı qarşıma,
Sənin məzarın.
Oğlunun, nəvənin abidələri
Yanında sadədir daşın, kiçikdir.
Gözdən qaçırarlar gəlib-gedənlər…
Bağışla, ay xala, mən də gecikdim…
Demirəm burnumun ucu göynədi,
Ancaq ətir iyi başıma vurdu.
Mən uşaq olanda qonaq gələrdin,
Bizə hərdən-birdən, bayram olurdı.
Sənin paltarından, şalından çiçək
Ətri yayılardı həyətə çatcaq.
Bəlkə “Krasnaya Moskva”, bəlkə
Ayrı ətir idi, xoş idi ancaq.
Qalmaqal yatardı, sən gələn kimi,
Davasız-dalaşsız ev keçinərdi.
Hamının yatırdı elə bil kini,
Səndən evdəkilər ya çəkinərdi…
Sən çıxıb gedəndən xeyli sonra da,
Evin havasında qalırdı ətrin,
Yenə də qalmaqal, dava olardı,
Xatirən şirindi, əzizdi xətrin.
Təmiz ürəkliydin, nahaq qınandın.
Sən indi haqq üzə çıxan yerdəsən.
Anamın adıyla adın Quranda,
Qoşadır[1], ay xala, ürəyimdəsən.
04.11. 2015 Samara
[1] Quran, 89-28