Bir neçə il əvvələcən avqust ayının sonlarında Salyana yolum düşərdi… Küçəylə getdiyin yerdə bir də görürsən ki, tindən bir dəstə oğlanlı-qızlı yeniyetmə çıxdı. Hamısının da bir əlində telefon, o biri əlində bir-iki dəftər. Və bu uşaqlar bu dəftərləri bir-birlərinin başına vura-vura, qaqqılaşa-qaqqıldaşa, mələyə-mələyə tini burulub tökülüşürlər küçəyə…
Bunu ilk görəndə məəttəl qaldım, soruşdum, dedilər bu uşaqlar “məəəəəlim” yanından gəlirlər….
İndi türk litseylərini hökumət bağlayanda məəəəəllim yanına gedib-gələn uşaqlar yadıma düşdü.
Yanan dərini sağaltmaq üçün yanan yerə sağlam dəri salırlar. Azərbaycan təhsil sistemi elə sovet dövründən elə pozulub ki, onun düzəlməsi üçün implant lazımdır və türk məktəbləri bu inplant rolunu oynayırdı. Səhiyyə də belə pozulub. Və buna görə Azərbaycana alternativ müalicəxanalar lazımdır. Yaxşı olardı ki, belə müəssisələri almanlar açaydılar, ingilislər, ispanlar açaydılar. Ancaq avropalılar belə müalicəxanaları aça bilsələr də, onlar tezliklə bağlanacaq. Adını da qoyacaqlar ki, hökumət bağladı. Yox, onları hökumətin əliylə bizim həkimlərimiz bağladacaqlar. Çünki Avrpopa müalicəxanalarının fonunda onların arxaikliyi, nadanlığı görünəcək, həm də çoxunun qazancı əlindən çıxacaq.
Türk litseylərini də müəllimlər bağlatdılar. Həyətlərində iyirmi, otuz, hətta yüzdən yuxarı uşağı qoyun sürüsü kimi yığb hər ayın sonunda qoyun kimi qırxan müəllimlərə türk litseyləri lazımdır? Lazım deyil! Onların imkanı olsaydı, bu litseyləri içində şagirdlər və müəllimlər olmaqla od vurub yandırardılar. Yaxşı ki, hökumət bu cür radikal üsulu seçmədi…
Azərbaycanın düşməni hökumət deyil. Azərbaycanın düşməni onun həkimləridir, müəllimləridir, hüquqşünaslarıdır ki, onların hamısı xalq içindən çıxıblar və özləri də xalqdırlar…
Azərbaycanda ictimai əxlaq yoxdur, çünki azərbaycanlılarda ictimai borc hissi yoxdur. Azərbaycanda gənc həkim qadın pulsuz xəstənin yatağına yaxın getməyəndə biz demirik ki, bu gənc qadının əxlaqı yoxdur. Ancaq əslində belədir. Bu həkim xanım əxlaqsızdır. Və bu bəla xeyli dərəcədə ondandır ki, bizim məktəbimiz yoxdur, uşaqlarımız məəəəllim yanına gedirlər…
Və özünü demokrat sayan İnternet “qəhrəmanlarına” inanmayın. Hamısının cibində bir qutu kibrit var və ölkədə, millət içində yaranan yaxşı hər şeyi od vurub yandırmağa hazırdırlar…
22.07. 2014 Samara
