
Əlbəttə, Yasəmən Qaraqoyunlunun Azərbaycandakı siyasi rejim haqqında yazdıqları düzdür və hələ hamısı da deyil. Pərt edən başqa şeydir.
Niyə bu qadın öz həyatını cəhənnəm sayır? O özü əlil deyil, xəstə deyil. Əri də əlil və xəstə deyil. Yəqin ki, uşaqları da sağlamdırlar – belə insanlar özlərini xoşbəxt saymalıdırlar! Yasəmən xanım üçün cəhənnəm – evsizlikdir. Ancaq Yasəmən xanım ailəsi ilə vaqonda ya alaçıqda yaşamır. Bu xanımın bədbəxtlik, cəhənnəm haqqında qəribə təsəvvürləri var. Adamları şəxsi xoşbəxtliyi ya bədbəxtliyi kirayəçilikdən asılı deyil. Və Bakıda uzun illər bir mənzildə ya fərdi evdə kirayə qalanlar var və Yasəmən Qaraqoyunlunun Bakıda yaşamadığı yer qalmayıbsa, bu, daha xoz fərdi xarakterlə bağlıdır…
Yasəmən xanımın özünün yazdığına görə, o, fəlsəfə institutunda iyirmi ildir ki, işləyir. Əgər totalitarizmə yaxın siyasi rejimin olduğu ölkədə insan 20 il ideologiya ilə bağlı dövlət müəssisəsində işləyirsə, bu onun, yumşaq desək, prinsipsizliyini göstərir. Yəni belə çıxır ki, prezident onu da ev siyahısına salsaydı, o indi də nala-mıxa vurmaqda davam edəcəkdi. Totalitar ölkələrdə müxalif fikirli ziyalılar cinayətkar saydıqları rejimin maliyyələşdirdiyi və nəzarətdə saxladığı institutda işləmirlər.
Və 200 manat maaşdan acı şikayət də acıma hissi yox, qəzəb doğurur: niyə başqa işə getmirsiniz? Niyə ikinci iş axtarmamısınız? Ev almaq istəyən cavan ailələlər hər işə gedirlər: qadınlar sanitarlığa, xadiməliyə girir, kişilər vaqon boşaldırlar. Əgər fərdi ev istəyirlərsə! Fəlsəfə institutunun elmi xidmətləri məlum olmayan əməkdaşına dövlət ev verməlidir, həkimə, kitabxanaçıya, neft inşaat fəhləsinə yox? Bu xanımın ədalət haqqında qəribə təsəvvürləri var…
Qəribə burasıdır ki, Yasəmən xanım dönə-dönə öz maaşını xatırladır, ərinin isə indi harda işlədiyini, nə qədər qazandığını demir. Şübhələnirəm ki, babat qazanar. Hər halda kişi çarpışıb-vuruşub ailəsini saxlamalıdır – istər Makron hakimiyyəti olsun, istər Əliye-Əliyeva hakimiyyəti…
Yasəmən Qaraqoyunlunun məktubunda ən çox etiraz doğuran məqamlardan biri onun millət, vətən qarşısında xidmətlərini sadalamasıdır. Daha doğrusu, konkret heç nə yoxdur. Meydanda durub, tankların qabağında dayanıb, ölümün gözünə düz baxıb…
Mənə elə gəlir ki, meydanda durmaq elə bir şücaət tələb eləmirdi, çünki meydandakıların üstünə heç kim tank yeritmirdi. Tankların qabağına adları məlum olmayan insanları çıxarmışdılar, meydan tribunasında nitqlər deyənlərin heç birinin qara yanvarda burnu da qanamayıb… Meydan trubunası meydan kütləsini heç neçəyə satıb ölümə göndərmişdi. Fəxr etməli nə var ki?
Prezidentə, onun arvadına qarşı sürülən iddialar, əlbəttə, haqlıdır. Ancaq bu, müxalifət manifesti deyil. 20 il fəlsəfə institutunda isti yerdə oturan adamdan nə manifest. Yasəmən Qaraqoyunlunun məktubunda ayrı istək və tələb var: cənab prezident, sən oğurlayırsan, ailən, dostların oğurlayırlar, mən istəyirəm ki, bizimlə bölüşəsən…
Bu, Azərbaycan müxalifətçiliyinin sağalmaz xəstəliyidir. Başqa cür desək, bu xəstəlyu olan adamların əsil müxalifətçi olmadığına ayrı sübut lazım deyil…
X.X.