HACIBABA HÜSEYNOV. «GÜNÜ-GÜNDƏN HACININ YAXŞILAŞIR İLHAMI». BƏLKƏ LİBİDOSU?

hacıbaba Hüseynov

əvvəli burda:https://xeyrulla.com/2024/01/17/hacibaba-huseynov-gunu-gunden-hecinin-yaxslasir-ilhami/

Gözəl bəlkə də çılpaqdır, ancaq əlləri boş deyil:

Bir əlində meyi-gülrəng, bir əlində güli tər

Yəni bir əlində gülrəng mey var ki, xalq ona qırmızı çaxır deyir, o biri əlində isə

 təzə gül.

Mat-məbud eləyər, görsə, Ömər Xəyyamı.

Burda da qrammatik qüsur var, Həci demək istədiyini düzgün qrammatik formada ifadə edə bilməyib. Ancaq başa düşürük nə demək istəyib: Xəyyam bu güləndamlı, əlində qırmızı çaxır olan gözəli görsə, mat qalardı.

Sonrasında, əslində sonunda Həci aləmi qarışdırır, başa düşürsən ki, dördüncü sinifdə oxuyanda müəllimin başına masa çırpmağı düz olmayıb, gərək ən azı yeddinci-səkkizinci sinfəcən oxuyaydı.

Qamətin, xətti-xalın zikrlərin etdikcə…

Yəni Həci demək istəyir ki, əlində qırmızı çaxır olan gözəlin qamətini tez-tez xatırlayır. Ancaq bunu düz-əməlli yaza bilmir. “zikr” cəm halda işlədirmir, “zikr” – edilmir,  “fikir” – edilir…

Yaxşı, deyək ki, başa düşdük. Həci qırmızı çaxırlı qızı tez-tez xatırlayır və:

Günü-gündən Həcinin yaxşılaşır ilhamı…

Gül əndamlı, yəni gül bədənli, əlində qırmızı çaxır olan qız xatırlandıqca ilhamın yaxşılaşmağı şübhəlidir, çünki nəticədə belə yöndəmsiz qəzəl alınır…

Bəlkə Həcinin libidosu yaxşılaşırmış?

Bunlar əslində xırda və qeyri-ciddi şeylərdir. Böyük və ciddi olan şey bilirsiniz nədir? İlhamını güləndam, əlində mey, yəni qırmızı çaxır olan gözəldən alan qəzəlxan qızını oxumağa qoymur, təhsildən yayındırır, ixtisas, peşə qazanmaq perspektivindən məhrum edir.

Füzulidən sonra yazılan (bəlkə də “qoşulan” demək düzgün olar) qəzəllərdə tərənnüm olunan gözəllər məsum qızlar yox, daha çox kişilərimizin ailədənkənar keflərinə xidmət edən qadınlardır – yapon geyşaları, Mulen Ruj rəqqasələri kimi. Vahidin beytinə baxın:

Yüz yol dedim, əğyar ilə gəzmə, yenə gəzdi,
Ölsəm, demərəm bir də dübarə, özü bilsin.

Bunu toylarda, konsertlərdə oxuyurlar.

Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım…

Bunu da Vahid deyir və on illərlə alqışlanır.

“Bağ işrə gəzib yarımı əğyar ilə gördüm…”

Bu da Seyid Əzim.

Mən qəhrəman və müdrik xalqımıza əxlaq dərsi vermək fikrində deyiləm, Allah, eləməsin. Əlbəttə, adamlarımızın, xüsusən kişilərimizin  ikili əxlaqla yaşama problemi var. Ancaq bu, mənlik deyil. Məni maraqlandıran muğamdır. Yəni oxunan musiqiyə uyğun mətnin seçilməsidir. Tanıdığım müğənnilərin heç birində söz zövqü görmürəm. Bilirəm ki, Konservatoriya əsl konservatoriya deyil, manısvatoriyadır, ancaq hər nədirsə, tələbələrə klassik ədəbiyyat dərsləri keçilsəydi, pis olmazdı. Bu halda, məsələn, ən istedadlı müğənnilərimzdən biri Mirələm Mirələm muğamla cəfəg, bayağı, primitiv sözlər oxumazdı…

 

18. 01. 2024, Samara