VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. NİYƏ ZEYNƏB XANLAROVA ONUN QƏZƏLLƏRİNİ OXUMURDU?

Əliağa Vahid

Vahid qəzəllərinin bir çoxunda özünü ölülüyə ya ölmüşlüyə qoyur.

“Bir gün, gözəlim, qəbrimin üstdən ötüşərsən,

Dərdindən ölən aşiqini bir düşünərsən.”

Təəssüflə demək lazımdır ki, bu beytdə qafiyə qüsuru var, “ötüşmək”lə “düşünmək” qafiyə deyil.

«Naz ilə gələrkən qədəmin qoy gözüm üstə”.

Bunu başa düşmƏk çətindir: naz ilə nə vaxt və hara? Qəbrinin üstünə? Yox, yəqin diri vaxtında, qədəmi ölünün gözünün üstünə necə qoymaq olar? Qədəmini diri aşiqin gözünün üstünə qoymaq üçün canan gərək aşiqi dalı üstə yıxa yerə, başqa cür alınmaz…

Beytin ikinci misrası daha maraqlı və daha gülməlidir.

“Qoyma quru yer üstünə, birdən sürüşərsən”.

Və həm də təəccüblüdür. Canan qədəmini aşiqinin gözünün üstünə qiyanda sürüşmədi, quru yerə qoyanda sürüşdü?

“Biganə ilə gəzmə, dedim, qəlbinə dəydi”

Aha! Qəlbinə dəyib! Niyə deyirdin “gəzmə”? Özün dönə-dönə deməmisən ki, gəzmək gözəlin şakəridir? 

“Cana, nə bilim, sən bu qədər dəymədüşərsən?”

Aha! Xasiyyətinə bələd deyilmiş.

Cana!

Sonra gələn beyt qədər bütün dünya ədəbiyyatında gülməli şey yoxdur.

“Əğyar yetir vəslinə, amma mənə dersən:

Sən düşmə bu xülyalara, umsunma, şişərsən.”

Əğyar vəslinə yetir… Vahidin ağzının suyu axır. Deyir ondan mənə də…Canan deyir şişərsən…

Burda mənim yadıma… Yox, Leyli-Məcnun əhvalatı yox, ayrı əhvalat düşdü.

Fikir verən olubmu ki, Zeynəb Xanlarova heç vaxt Vahidin qəzəllərini oxumayıb?

Keçən əsrin 60-cı illərində, mən uşaq olan vaxtlar, xalq içində gedən söhbətlərin baş mövzusu əvvəl gənc, sonra cavan və gözəl müğənni Zeynəb Xanlarova idi. O cümlədən xalqı bir sual maraqlandırırdı: niyə bütün müğənnilər – Bülbül də daxil olmaqla – Vahidin qəzəllərini oxuyur, Zeynəb – yox. O vaxtlar nəinki İnternet yox idi, televizorun özü kənddə iki-üç evdə olardı. Ancaq adamlar müxtəlif yollarla məlumatlanırdılar. Çoxlu şayiələr yayılırdı, sonra şayiələr saf-çürük edilir, içindən doğru bir məlumat çıxırdı.

Və bu şaiyələrdən birinə görə, Zeynəb Vahidin qəzəllərini acıqca oxumur, guya aralarında nəsə olub. Yəni Vahid istəyib ki, bu gözəlçə ilə aralarında nəsə olsun, yuxarıdakı misrasındakı kimi Zeynəbə deyib ki, məni də vəslinə yetir… Zeynəb də buna…”Şişərsən” yaxşı sözdür, “şişərsən” deməyib, Zeynəb Vahidə elə söz deyib ki, təkrar eləsən, İnternetdən qovarlar…

Qəzəlin oxunuşuna davam edək. Vahid ağzının suyunu axıda-axıda düşüb cananın dalına:

“Bir salmadın öz aşiqini yadma, zalim!

Əğyar ilə amma gedib hər gün öpüşərsən.”

Buna deyən yoxdur ki, hər gün başqası ilə öpüşən arvaddan nə istəyirsən?

Sonda şair yenə qoyur özünü ölmüşlüyə.

“Rəhm eyləmədin Vahidə, zalim, dirilikdə,

Öldükdə məzarilə gedərsən, görüşərsən.”

Yəqin canan yaxşı lou-kik nümayiş etdirərək qədəmini də qaldırıb qoyar baş daşına….

Mirzə ƏLİL

17.07. 2024, Samara