VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «MOLLALAR SÖNDÜLƏR BÜTÜN-BÜTÜNƏ, ONDA DÖNMÜŞDÜLƏR ÇOBAN İTİNƏ…»

Əliağa Vahid

Bəlkə şübhə edənlər olacaq, ancaq həqiqətən Əliağa Vahid Süleyman Rüstəmə, Səməd Vurğuna şeirlər həsr edib. Bu iki nəfər cəhənnəm, hamısı bir-birinin tayıdır, ancaq Vahidin böyük Sabirə yazdığı şeir milli dühamızın xatirəsi üçün təhqirdir.

Sabir! Ey möhtərəm böyük şair!

Şerdə, nəzm, nəsrdə mahir.

Əliağa Vahidin Sabirə həsr etdiyi şeir o qədər gülməlidir ki, bunu dahi şairimiz sağlığında oxusaydı, bütün xəstəlikləri yadından çıxardı, elə gülməkdən ölərdi…

“Əgər ölsən də, qəm deyil…” zira

Etdiyin fikri xalq edir icra.”

Gülməlidir, eləmi? Necə yəni “ölmüsən, qəm deyil”. Kimə qəm deyil? Sabirin ailəsinə? Dostu Mirzə Cəlilə? Ya Əliağa Vahidə?

İkinci misrada alaverdisi var:

“…zira Etdiyin fikri xalq edir icra”.

Tərcümə eləsək, belə çıxır ki, Sabirin fikrində olanları xalq həyata keçirir, ona görə cavan ölüb getməyinin eybi yoxdur.

İndi görək Sabirin fiki nə imiş.

Dad edərdin həmişə: “Hürriyyət!””

Yəni Sabir azadlıq istəyirmiş. Deyirdi: «Çünki hürriyyət olan yerdə də insanlıq olur». Ancaq bolşeviklər bu azadlığı xalqa verdilərmi? 

“O əsarətdə gördüyün millət

İndi azadə ömr edir, xürrəm”.

Deməli, Vahidin dediyinə görə, Azəribaycan milləti Bağırovun təpiyi altında “azadə” ömr edir, həm də “xürrəm”.

“Bitdi məzlumu ağladan matəm…”

Şükr kərəminə, ya Rəbb, matəm bitib!

“Bəy, xanın qalmamışdır asarı…”

Vahid “əsəri” demək istəyir, qafiyə xatirinə sözün başına pislik gətirib qalın saitlərlə yazır. Yəni bəyin, xanın izi-tozu qalmayıb.

 “Onları məhv qıldıq elçarı.”

İndikilər demişkən: əlinizə sağlıq. (Düzü, mən başa düşmürəm”əlinə sağlıq” nədir. Qurban Məmmədli demişkən, “mən anlamadım…”)

Deməli, bəyləri, xanları bütünlüklə məhv ediblər. Vahid qeyd etməyi unudur ki, bolşeviklər milli ziyalıları da, zirək kəndliləri də məhv ediblər.

“Kəndlinin öz əlindədir torpaq,

Hamının keyfı kök, damağı da çağ.”

Burda Vahid Sabirə ağ yalan deyir. Bolşeviklər kəndlilərə torpaq vermədilər, torpağı olanların da torpağını alıb basdılar kolxoza.

“İşləyirlər həvəslə kolxozda”.

Adamların kolxozda həvəslə işləməkləri də yalandır. “Əməkgününə”, bir qarın çörəyə işləyən adam sevinirsə, deməli, dəli olub.

“Mollalar söndülər bütün-bütünə,

Onda dönmüşdülər çoban itinə.”

Heç bilmirəm mollaların “çoban itinə dönməyinə” nə deyəsən…

“Əridi yağla bəslənən qarını”

Yəqin mollaları qarnı əriyib…

Əliağa Vahidə Allahşükürün qarnını görmək qismət oldu?

“Bir təpik gördü zalımın karını.”

Başa düşmək çəitndir – “zalım” deyəndə Vahid mollaları nəzərdə tutur, ya bolşeviklərdən qabaq var-dövlət sahibi olmuş adamları, məsələn, Hacı Zeynalabdin Tağıyevi. Yəqin Tağıyevi və onun kimilərini.

“Bəzən az-maz görünsə də arabir,

Müztərib halda qorxusundan əsir.

Bizi gördükdə quyruğun bulayır,

Qurd kimi şöngəyib, dumb ulayır.”

İndi bildiniz İlham Əliyev quyruq bulatdırmağı kimdən öyrənib? Bolşeviklərdən!

Görək bolşevik şair Əliağa Vahid daha nə yazır.

“İndi bir dərbədər uşaq yoxdur,

Onların zəhmətin çəkən çoxdur.”

Necə yoxdur, a kişi? Bəs on minlərlə güllələnmiş, sürgünə göndərilmiş insanların uşaqları? Onlar dərbədər deyildimi?

“Bu təfaxir sənə kifayətdir,

Millətin istəyincə rahətdir.”

Yalançının lap…

Öldün, əfsuslar ki, bihörmət,

Vermədi, varlılar sənə qiymət.

Sabirə nə qiymət? Sabir satılmalıydı? Ramiz Rövşən olub mənzil almalıydı? Prezident təqaüdü? Xanəndələrdən Əliağa Vahid kimi qırmızı onluqlar yığmalıydı?

Sabirin vaxtında onlarla qəzet və jurnal çıxırdı. Və kitabı sağlığında çıxmasa da, şeirləri geniş çap olunub yayılırdı. İndi hanı o qəzetlər və jurnallar? Hanı Mirzə Cəlil?

“Gər olaydın Sovet zamanında.”

Sovet zamanında Sabir “gər olsaydı”, səsi Kürdəxanıdan gələrdi və ya heç səsi çıxmazdı..

Necə şairlər indi xoş güzəran

Keçirirlər günəş kimi xəndan.”

Quyruq bulayırlar? Xoş güzəran – bu, yal yeməkdir?

Vahidin məğrur insan olmağı barədə mif necə yaranıb?  Həm rejimlə, həm də lotu-potu ilə çaşqa-lojkalıq eləyib yüzlərlə həm məzmunca, həm dil tələbləri baxımından pozğun mətnlər yazaraq millətin  xeyli hissəsinin zövqünü və mənəviyyatını nəsil-nəsil korlayan adama mığrur deyiriksə, bizim əxlaq barədə təsəvvürlərimiz yanlışdır…

Mirzə ƏLİL

19. 07. 2024, Samara