Архив | Ноябрь 2024

MƏHƏMMƏDİN YEDDİNCİ ARVADI. 2. 33-CÜ SURƏNİ QƏBUL EDƏN İNSAN ZƏNCİR OCAĞINA VƏ AYRI HOQQALARA NİYƏ İNANMASIN?

zeynəb bint cəhş

əvvəli burda: https://xeyrulla.com/2024/11/09/mehemmedin-yeddinci-arvadi-zeyneble-zeydin-evlenmeyi/

Zeyd Zeynəbi 626-cı ilin dekabrında boşayıb.

İslama qədərki ərəblərdə oğullun arvadına, boşanmış olsa da, evlənmək düzgün sayılmayıb və bu cür nikaha insest kimi baxılıb. Ona görə Məhəmməd Zeynəbə evlənmək istəyini ürəyində gizlədir. Ancaq Allahdan nə gizlədə bilərsən? Allah Məhəmmədin ürəyindən keçəni bilib ayə göndərir

Adamlardan qorxub qəlbində gizlətdiyini Allah üzə çıxardı, hərçənd Allahdan daha çox qorxmaq lazımdır. Zeyd ona qarşı arzusunu təmin edəndə, biz səni ona evləndirdik ki, möminlər övladlığa götürdüklərinin arvadlarına evlənib istəklərini təmin edəndə, sıxıntı çəkməsinlər…”

Bunu mən mötəbər akademik Kraçkovskinin ruscaya tərcüməsindən çevirmişəm. İngiliscə tərcümə də buna yaxındır:

“…in order that there may be no difficulty to the Believers in (the matter of) marriage with the wives of their adopted sons, when the latter have dissolved with the necessary (formality) (their marriage) with them..»

Yəni:

“Möminlər oğulluğa götürdüklərinin boşadığı arvadlara evlənəndə çətinlik olmasın…”

Bunun Allah tərəfindən göndərildiyinə mən inana bilmərəm, məni buna inandırmağa çalışan ilahiyyatçı ya sadəlöhdür, ya şarlatan və lotudur, ya da Elşad Miri kimi rasional manipulyator və üskükoynadandır.

On minlərlə, yüz minlərlə Sudandakı, Yəməndəki humanitar fəlakəti nəzərə alsaq, milyonlarla müsəlman balası, körpələr, qocalar bombalanırlar, mərmi, güllə yaralarından ya da aclıqdan ölürlər. İllərlə. Və fəlakətin sonu görünmür. Allah qarışmır. Mən Allahın varlığını inkar etmirəm. Ancaq mən faktı nəzərə çatdırıram ki, mənə məlum olmayan səbəblərə görə yer üzündəki həyata, istər siyasət olsun, istər ailə-məişət məsələləri, Allah qarışmır. Milyon körpənin həyatının xilası üçün iradə göstərməyən Allah Məhəmmədi gah bu arvada, gah o arvada evləndirmək üçün ayələr göndərməliydi? Bunu qəbul edənin Allaha inamı şübhəlidir. Buna inananın Allahı yoxdur!

Və Məhəmməd ərəblərə elan edir ki, Allah fikrini dəyişib, oğulluq daha oğul sayılmır.

Yazıq Zeyd…

Zeydin adı da dəyişilir. O daha Zeyd ibn Məhəmməd deyil, əvvəlki kimi Zeyd ibn Harizədir…

Zəncir ocağına sitayiş edənləri niyə qınayırıq? 33-cü surəni qəbul edən hər cür möcüzəyə inanar…

Və bundan sonra bütün oğulluğa götürülmüş uşaqlar varislik hüquqlarını itirirlər. Yəni peyğəmbərin növbəti toyu çox yetim üçün yasa dönür…

27 mart 627-ci ildə, yəni gözləmə müddəti bitən kimi Məhəmməd Zeynəbə evlənir. Ibn Həcər əl-Əsqalani yazır ki, “…o (Məhəmməd), Zeynəb onun gözləməyən vaxt gedib qapını döymədən onun evinə girdi. O (Zeynəb) soruşdu: “Belə görürəm ki, bizim izdivacımza heç bir şahid ya vəli olmayacaq”. Məhəmməd dedi: “Allah şahiddir, Cəbrayıl vəlidir”…

Əbdülməlik əl İslam yazır ki, Məhəmməd Zeynəbə 400 dirhəm məhr verir.

Sonra qoyun kəsinb toy məclisi qurur. Qonaqların sayı yetmişdən çox imiş və Məhəmmədin əvvəlki toylarının heç birində belə böyük məclis olmayıb.

Məhəmmədə on il xidmət etmiş Ənas ibn Malik guya belə deyirmiş: “Sonra (banketdən sonra – X.X.) o (Məhəmməd) adəti üzrə çıxdı və möminlərin analarının (yəni arvadlarının) yaşadıqları yerə gəldi, onlar ona xeyirdua verdilər, o da onlara xeyirdua verdi. Sonra geri döndü və iki adamın hələ də (yəqin toy yerində) oturduğunu gördü. Beləliklə, o yenə getdi. Yadımda deyil, onların (yəni toydan sonra dağılışıb getməyən iki nəfərin) çıxıb getdiyini mən ona çatdırdım ya ayrı adam”.

Yəni Məhəmməd təzə arvadla təklənmək istəyir, iki nəfər üzünə salıb oturub.

Təzəbəy, əlbəttə, darıxır, əsəbiləşir. Allah dərhaı ayə göndərir.

“Ey iman gətirənlər, Peyğəmbərin evinə yalnız siin yeməyinizə razılıq veriləndə gedin… Dəvət olunanda gedin, elə ki, yedinz, söhbətə girişmədən çıxıb gedin.  Həqiqətən bu, Peyğəmbəri naharah edir, o sizdən utanır…Əgər şeyşüy lazımdırsa, pərdə dalından istəyin…”

Və elə burdaca Allah Məhəmmədin arvadlarına onun ölümündən sonra ərə getməyi qadağn edir: “Və sizə yaraşmaz ki, Allahın Elçisini incidəsiniz və ya ondan sonra onun arvadlarına evlənəsiniz, Allahın nəzərində bu, rəzilik olar”.

Niyə rəzillik olur? Məhəmməd özü dörd-beş ərə getmiş arvadlara evlənir, arvadları dul qalandan sonra ərə gedə bilmirlər…

Qayıdaq o toydan sonra çıxıb getməyən o iki sırtığa. Məgər Allah ayə göndərməkdənsə, onların qarnına sancı salıb ordan qova bilməzdimi?

Təzəbəy… Zeynəbə evlənəndə Məhəmmədin 57 yaşı olub…

Yüz ilə yaxın bundan əvvəl, mən uşaq olanda kənd toyları səhərə yaxın dağılardı. Bəy təriflənəndən sonra sağdış-solduşun müşayiəti ilə toyxanadan çıxıb evə aparılırdı. Evin yaxın adamları dağılışb getmək istəməyən beş-on naqqalı təkidlə evin həndəvərindən qovurdular. Başa düşmürdüm niyə…

10. 11. 2024, Samara

(ardı var)

MƏHƏMMƏDİN YEDDİNCİ ARVADI. ZEYNƏBLƏ ZEYDİN EVLƏNMƏYİ

zeynəb bint cəhş

Zeynəb bint Cəhşin (590-641) atası Cəhş ibn Riyah, Əsəd ibn Xuzayməh tayfasından olan mühacir idi, o, Ümayyə klanının müdafiəsi altında Məkkəyə köçmüşdü. Anası Ümaymə bint Əbd əl Mutallib Məhəmmədin bibisi idi. Deməli, Məhəmmədlə Zeynəb dayıoğlu-bibiqızı olublar.

Məhəmməd ibn Saada görə, Zeynəb mahir dabbaqçı olub və bütün ömrü boyu, pula ehtiyacı olmasa da, bu peşəni atmyıb.

Zeynəbimn birinci ərinin kim olduğu bilinmir, ancaq onun Hicrəyə qədər öldüyü barədə məlumat var.

Təxminən 625-ci ildə Məhəmməd Zeynəbə oğulluğu Zeyd ibn Harizə üçün elçilik edib. Zeyd Kəlb tayfasından idi, ancaq uşaq ikən qul alverçiləri tərəfindən oğurlanıb Xədicənin qardaşı oğlu Hakim ibn Hizama satılmış, o da öz növbəsində oğlanı Züleyxanın əri Məhəmmədə bağışlamışdı. Bir neçə il sonra Məhəmməd onu  köləlikdən azad edir və  oğulluğa götürür.

Məhəmməd ibn Carir ibn Yəzid al Təbariyə görə, Zeynəb keçmiş kölənin ola layiq olmadığını deyərək əvvəlcə elçiliyi rədd edir. Montqomeri Uott bununla razılaşmır. “O (Zeynəb – X.X) Zeydin ona layiq olmadığını çətin ki, düşünə bilərdi. Zeydin qiyməti Məhəmmədin nəzərində yüksək idi.  Zeynəb iddialı qadın olduğundan Məhəmmədin özünə ərə getməyə ümid edə bilərdi.Ya bəlkə elə adama getmək istəyirdi ki, Məhəmməd onunla yaxın bağlılığın əleyhinə idi”.

Yaranmış kolliziyanı Allah ayə göndərməklə həll edir.

“Allah və onun Elçisi məsələdə qərara gələndən sonra mömin kişinin və mömin arvadın onların işi barədə heç bir seçimi qalmır. Allahı və onun Elçisini eşitməyən hər kəs yolunu azmış olur”…

Bizim cavanların kəbinini  lotu-potu mollalar kəsirlər, Məhəmmədi və onun yaxınlarını Allah şəxsən evləndirirmiş…

Zeynəb razılaşır və Zeydə ərə gedir…

İsmayıl ibn Ömərə görə, Məhəmməd toya şəxsən 160 dirhəm pul, əba və duvaq, zirehli köynək, 50 mudd taxıl, 10 mudd xurma verir. (bir mudd –750 qram sayılır  X. X.)

Bu evlilik iki ildən az davam edir.

Doqquzuncu əsrdə yaşamış fars sünnü islam alimi Əl Təbari Məhəmmədin Zeynəbə necə vurulduğunun iki müstəqil versiyasını verir. Məhəmməd Zeydi görmək üçün onun evinə gedir (peyğəmbər oğulluğunu niyə çağırtdırmırdı? – X.X.) Zeyd evdə olmur, dönmək istəyəndə tükdən toxunmuş pərdəni külək aralayır və Məhəmməd alt köynəkdə olan Zeynəbui görür. Zeynəb paltarını başına atır və Məhəmmədə təklif edir ki, Zeyd olmasa da evə gəlsin. Məhəmməd evə girmir, dönüb gedəndə öz-özünə deir: “Ürəkləri döndərən Allaha eşq olsun!”

Zeyd evə gələndə Zeynəb nə baş verdiyini ona danışır, Zeyd peyğəmbərin yanına gedib Zeynəbi boşayacağını deyir. Məhəmməd ona tövsiyə edir ki, Allahdan qorxsun və gözü arvadında olsun…

Zeydlə arvadıınıın arası pozulur. Zeynəb ərini yataq otağından xaric edir…

(ingiliscə Vikipediyanın materiallarından istifadə edilib)

ardı var

09. 11. 2024, Samara

RADYARD KİPLİNQ. «PİŞİK OCAQ BAŞINDA OTURAR…»

Pişik ocaq başında oturar, oxuyar da,

Dırmaşar ağaca da, kefi istəsə əgər.

O, yumaqla oynayar, kirli mantar oynadar,

Pişik məni yox, ancaq özünü əyləndirər.

Daha çox sevdiyimsə Binki adlı itimdir,

Bilir necə aparsın özünü harda, haçan.

İlk Dost necə olubsa, Binkim elədir indi,

Mənsə qədim İnsanam, Mağarada yaşayan.

 +

Pişiyim üçün yəqin Robinzon Kruzoyam,

Özü isə Cümədir; isladıb pəncələri,

Pəncərənin içində istəmir ancaq gəzə.

(Görə bilə Robinzon təsadüfən izləri)

Sonra pırpızladaraq quyruğunu, miyoldar,

Cırmaqlar döşəməni, mənə məhəl qoymadan

Binki isə nə oyun seçsəm, onu da oynar,

Dostlarımdan o mənə birincidir doğrudan.

 +

Mənim dizimə sürtər pişik gəlib başını,

Göstərmək istəyər ki, sevir məni o guya.

Ləngimədən bir an da, həyətə qaçıb gedər,

Qoyan dəqiqə ancaq başımı yastığıma.
Həyətdə də qalacaq, açılanacan səhər,
Buna görə bilirəm dostluğunda yalan var.

Binki isə xoruldar gecə səhərə qədər

Yanımdaca yataraq – əsl dost belə olar!

1902

ingiliscədən tərcümə

05-06. 2024, Samara

+++++++++++++

RUDYARD KİPLİNG

Pussy can sit by the fire

 

Pussy can sit by the fire and sing,

  Pussy can climb a tree,

Or play with a silly old cork and string

  To ‘muse herself, not me.

But I like Binkie my dog, because

  He knows how to behave;

So, Binkie’s the same as the First Friend was,

  And I am the Man in the Cave.

Pussy will play man-Friday till

  It’s time to wet her paw

And make her walk on the window-sill

  (For the footprint Crusoe saw);

Then she fluffles her tail and mews,

  And scratches and won’t attend.

But Binkie will play whatever I choose,

  And he is my true First Friend!

 

 

Pussy will rub my knees with her head

  Pretending she loves me hard;

 But the very minute I go to my bed

  Pussy runs out in the yard,

And there she stays till the morning-light;

  So I know it is only pretend;

But Binkie, he snores at my feet all night,

  And he is my Firstest Friend!

ƏBU LƏHƏBİN APOLOGİYASI. 2. ONUN DƏFNİNDƏ İSLAM ÜÇÜN MÜDHİŞ BİR SİMVOLİZM VAR…

əbu ləhəb

əvvəli burda: https://xeyrulla.com/2024/11/07/ebu-lehebin-apologiyasi-1-etiqadana-sadiq-qalan-insan-meger-hormete-layiq-deyil/

Məhəmmədin bizə gəlib çatmış ən erkən bioqrafiyasının müəllifi İbn İshaq (704, Mədinə – 767 ya 768, Bağdad) yazır: “Əbu Ləhəb Məhəmmədin iddialarını rədd edərək dedi: “Məhəmməd mənə şeylər vəd edir ki, mən onları görmürəm. O iddia edir ki, onlar mən öləndən sonra olacaq; bundan sonra o mənim ovcuma nə qiyur?” Sonra (Əbu Ləhəb – X.X.) əllərinə üfürdü və dedi: “Görüm yox olasınız. Məhəmməd deyən şeylərin heç birni sizdə görmürəm”.

Əbu Ləhəbi axirət vədlərinə şübhə etdiyinə görə qınamaq olarmı? O vaxtdan min üç yüz ildən (!) çox keçib, axirətin olduğuna heç bir sübut yoxdur. Əgər öz ailə problemlərini həll edərkən Məhəmməd ona vəhy gəldiyini iddia edirdisə, axirət barədə hekayələrini də bu qayda ilə uydurduğunu düşünməyə haqqımız yoxdurmu?

(Burda haşiyə çıxmaq istəyirəm. Bu yaxınlarda bir səyəhət videosuna baxdım. Səyahətçinin yolu İraqın xurma bağlarından keçirdi. Bütövlükdə peysaj zəngin deyil, xurma ağaclarının nizamlı sıraları və budaqlardan sallanan salxımlar. Məhəmmədin yaşadığı ərazidə də xurma, onun meyvəsi, ağaclarının kölgəsi təbiətin başlıca neməti olub və  elə buna görə də Quran müsəlmana cənnətdə xurma ağacının kölgəsini vəf edir. Əgər bu vəd doğrudan da Allahdan gəlsəydi, onun cənnəti min dəfə zəngin olmazdımı? Allah mömin müsəlmana Fransanın zümrüd sahillərini, İsveçrənin dağ kurortlarını. İtaliya çimərliklərini, ən azından Bilgəhi vəd etməzdimi? Müsəlmanı o filmdə gördüyüm xurma ağaclarına iplə bağlasan da, iki gündən artıq qala bilməz, qırıb qaçar…)

Əbu Ləhəbin iki oğlu Məhəmmədin qızlarına nikahlanıblar, ancaq nikahlar bitməmiş sayılıb. Al-Məsad bəyan olunandan sonra Abu Ləhəb oğlanlarını boşatdırıb.

Əbu Ləhəbin qızı bir müddət Məhəmmədin oğulluğu Zeyd ibn Harizə əl Kəlbinin arvadı olub. Sonra o, Hariz ibn Noufəl, onun ölümündən sonra isə Dihyə ibn Xəlifəyə gedib.

Rəvayətlərə görə, Məhəmməd bazarları gəzib öz peyğəmbərliyini təbliğ edərkən Əbu Ləhəb onun dalınca gəzir, ərəbləri deyilənlərə inanmamağa, ata-babalarının etiqadını qorumağa çağırırdı.

Məhəmməd, yəqin ki, Əbu Ləhəblə mübarizədən üzülərək yenə sınanılmış vasitəyə əl atır və ona düşməniylə bağlı vəhy gəldiyini elan edir. Bu vəhy Qurana Əl Məsad surəsi kimi daxil olub.

Əbu ləhəbin əlləri qurusun, özü mhv olub!

Sərvəti ona neylədi və onun qazancı nə oldu?

O, alovlanan odun yanacağı olacaq,

Arvadı odun daşıyacaq,

Boynunda xurma liflərindən toxunmuş ciyə olacaq.

Necə fikirləşirsiniz: Əbu Ləhəb min üç yüz ildən çox vaxt ərzində cəhənnəmdə yanır? Arvadı da on üç əsrdir ki, ərinin yandığı tonqala odun daşıyır? Deyək ki, bu doğrudan da belədir. Bəs bunun bir mənası varmı?

Əbu Ləhəb ata-babalarının etiqadını qoruyub saxlamalı deyildimi? Onun etiqadı da Allah tərəfində gəlməmişdimi? Allah tərəfəindən gəlməmişdisə, bəs hardan və kimdən?

Bu surədən sonra Əbu Ləhəb on il də yaşayır. Onun, qardaşı Abbas ibn əbd əl Mütəllibin arvadı Lübabənin çadır dirəyi ilə vurduğu yaralardan öldüyü bildirilir.

Əbu Ləhəbin yaraları irinləyir və bir həftədən sonra ölür.

İbn İshaqın yazdığına görə, bu hadisə 624-cü ildə martın sonlarında baş verir.  Əbu Ləhəbin yaralarından elə kəskin iy gəlir ki, heç kim ona yaxın getmir. Onun ailəsi çürüməkdə olan cəsədi qoyub evi tərk edir. İki ya üm gündən sonra qonşu onları məzəmmət edir: “Sizə ayıb olsun ki, atanızın meyidini qoymusunuz çürüyə-çürüyə, aparıb basdırmırsınız”. Ailə üzvləri qulları göndərib cəsədi evdən çıxarırlar, payalarla itələyib Məkkədən kənarda qazılmış  qəbrə tullayır və üstünü daşa basırlar…”

Əbu Ləhəbin ölüsünə heç bir əxlaq normasına, insanlıq haqqında ətsəvvürə  uyğun olmayan bu cür rəftarda çox dərin simvolizm var. Allahlarına “rəhman, bağışlayan” deyən müsəlman özü nə rəhmandır, nə bağışlayandır. Əbu Ləhəbin hörmətlə, hər bir insanın layiq olduğu qaydada dəfni müsəlmanlıq üçün çox zəngin bir tarixi-humanitar resurs yaradardı və gələcək potensial təfriqələrin, qanlı çəkişmələrin qabağına ala bilərdi. Əl Məsad surəsi də, Əbu Ləhəbin cəsədinə bu cür qeyri-insani münasibət müsəlmanlıqda kini, intiqamçılığı qidalandıran mənbələrdən biridir. Elə bu gün də Əbu Ləhəbin təzədən, hörmətlə dəfn olunması müsəlmanlığın içində fövqəladə bir əxlaqi, mənəvi təkan verərdi. Nə qədər ki, Əbu Ləhəb surəsi oxunur, nə qədər ki, müsəlman dünyası öz etiqadına sadiq qalmış insana lənətlər yağdırır və onun guya fasiləsiz yanmağından həzz alır, İslam dünyasında insanlıq naqis olacaq və Suriyadakı kimi, Sudandakl kimi, Somalidə, İraqda, İranda olduğu kimi müsəlmanlar müsəlmanları qıracaq və müsəlman olmayanlara isə lənət yağdıracaqlar…

X.X.

08. 11. 2024, Samara

RADYARD KİPLİNQ. ƏYYUBUN ARVADI

RADYARD KİPLİNQ

Tanrına lənət de və öl, bitib hər şey daha,

Qıraqlarına qədər doludur acı camın.

Bəşəriyyət içində bir nəfər də yox hətta,

Sənin dərdini çəksin. Tərk edib səni hamı.

Nəyə gərəksən axı? Dünyanın işi ağır,
Yox sevgi deyilən şey. Həndəvərdə ölümdür,

İnam itib. Heç nəyə ümidin də yox axı,

Seçimin ölüm ya da səfalətli bir ömür.

Ah, Həyat hüznlüdür, Ölüm isə şirindir

Sənin kimilərinə. İnanmısansa Tanrın
Sənə dostdur, yardımçın olaydı gərək indi,

Dostdusa, niyə budur həyatın, güzəranın.

Hanı dostluq? Ölümün uzun olur yuxusu,

Leta dadmamış, ələ al özünü yaxşısı.

 1878 -1880 arasında

ingiliscədən tərcümə

03-04.11. 2024. Samara

QEYD:

LETAyunan mifologiyasında yeralı unutqanlıq çayıdır

++++++++++++=

RUDYARD KİPLİNG

Job’s Wife

 

Curse now thy God and die, for all is done.

Thy bitter cup is filléd to the brim.

In all mankind there liveth not a one

That careth for thee. What art thou to him? Читать далее

ƏBU LƏHƏBİN APOLOGİYASI. 1. ETİQADANA SADİQ QALAN İNSAN MƏGƏR HÖRMƏTƏ LAYİQ DEYİL?

əbu ləhəb

Boynuma alım ki, İslama qədər azrbaycanlılarda hansı dinin olduğunu dəqiq bilmirəm. Əgər İran xalqlarından biriymişiksə, deməli zərdüşti olmuşuq. Yox, əgər bizim türk olduğumuzu və Cənubi Qafqazda min illərdən bəri yaşadığımızı iddia edən türkçülərə, turançılara və qalan hər cür demaqoqlara və hətta şarlatanlara inansaq, bizim dinimiz şamanizm olmalıydı və uzun saç-saqqal uzadaraq, boynumuzdan dənələri yekə pomidor və badımcan boyda olan muncuqlar asaraq və məcməyi boyda qavalları döyəcləyərək tanrıları ya əcdadların ruhunu çağırmaıyqlq. Elə deyil?

İnsanın günü qaradır, insan dünyaya niyə gəldiyini bilmir, bir gün öləcəyini, yəni ölümə məhkumluğunu bilə-bilə özünü oda-közə vurur, ancaq firavanlıqdan harınlaşan da, doyunca çörək yeyə bilməyən də günlərin bir günü qəssab əliylə sürüdən çəkilən heyvan kimi (bu, Şopenhauerin ifadəsidir –X.X.)  taleyi  onunkuyla eyni olan minlərin arasından çəkilib müvəqqəti və mənasını anlamadığı həyatından mərhum edilir…

İnsanın zülmü bağırdıla-bağırdıla başı kəsilən heyvanın zülmündən artıqdır, heyvan, çox güman ki, ölüm barədə düşünmür, öləcəyini bilmir, işgəncəni həyatının son dəqiqələrində görür, qalan vaxtlarda yeyir, yatır, cütləşir, bala dünyaya gətirir. İnsanı isə bütün həyatı boyu ölüm fikri təqib edir, kef çəkən insan öləcəyini düşünəndə məyus olur, günü əzab-əziyyətlə keçən insan isə öləri olduğunu düşünəndə həyatın da, çəkdiyi əziyyətlərin də mənasızlığından, fənalığından dəhşətə gəlir…

Tanrı – insanın öz doğuluşunda, həyatında, qaçılmaz ölümündə məna axtarışlarından yaranır. Bu, elmi izah deyil. Bu, fərziyyədir.

Məna axtarışına tam leqal şəkildə mənəvi axtarış da demək olar. Mənəvi axtarışlardan yaranan Tanrı ideyası müəyyən tarxi sitüasiyalarda ideologiyaya çevrilirək rəsmi institutlar yaradır, dövlət ideologiyası ilə müttəfiqlik statusunda fəaliyyət göstərir ya da dövlət ideologiyasını tamamilə əvəz edir.

Qayıdaq biz azərbaycanlıların islamdan əvəlki dini etiqadlarına. Biz atışpərəst də ola bilərdik, şamançı da olub məcməyi boyda qavalları döyəclərdik və ya ayrı bir din. Və günlərin bir günü əliqılınclı ərəb gəlib deyir ki, sənin dünün düz deyil, mən sənə düz din gətirmişəm. Bizim ulu babalarımız və ulu nənələrimiz neynəməliydilər? Məgər onlar müqavimət göstərməli deyildilər? Əsrlər və bəlkə min illər əvvəl yaranan, mənasız həyatı mənalı edən, çəkilən iztirablar səbr, dözüm yaradan, yaxşıya, rahatlığa, işığa ümid yaradan inancdan əliqılınclı görən kimi əl çəkən, qabağında diz çöküb ona deyiləni tutuquşu kimi təkrar edən insan hörmət doğura bilərmi?

Bizim babalarımız müqavimət göstəriblərmi? Biz müsəlman olmaqla nə qazanmışq? Həyatımızn iztirabları yüngülləşib? Müsəlmanlığı qəbul etməmiş qonşulardan çoxmu irəli getmişik? Hanı İranın İslama qədərki cəlalı?

Bu, ayrı məsələdir. Mən dədə-babasının, hətta ulu babalarının dini etiqadlarına sadiq qalmış, ona günlərin bir günündə zorla sırıdılan təlimdən imtina etmiş insana münasibətdən danışmaq istəyirəm.

Götürək, məsələn, Əbu Ləhəbi.

Əbu Ləhəbə biz niyə Ərəbistan yarımadasında 7-ci əsrdə meydana çıxan yeni dinin ardıcılları baxan kimi baxmalıyıq? Məhəmməd özünü yeni və sonuncu peyğəmbər elan edir və əvvəlcə yumşaq, əsasən verbal, sonra isə silahlı ekspansiya başlayır. Məhəmmədin atabir ögey əmisi Əbu Ləhəb öz dini etiqadına sadiq qalır və qardaşı oğlu ilə bacardığı qədər mübarizə aparır.

Məgər bu, hörmət doğurmamalıdır?

Əbu Ləhəbin ana nəslinin nümayəndələri İslama qədər dörd yüz ildən artıq Kəbənin qoruyucuları olublar.

Əbu Ləhəbin əsl adı Əbd al Üzzə olub, yəni ilahə əl Üzzənin qulu. Ancaq atası onu gözəlliyinə  və qırmızı yanaqlarının məlahətinə görə  Əbu Ləhəb – yəni Alov Atası adlandırır. (Mühəmməd ibn Saad).

Azərbaycan Vikipediyası bu adda “cəhənnəmlik” mənası görür. Vay məlumatı təkcə Azərbaycan Vikisindən alanların halına…

İslam mənbələrinin özündə Əbu Ləhəb Ədən əbası geyən uzun sıx saçlı gözəl kişi, səxavətli insan kimi təsvir edilir.

Əbu Ləhəbin arvadı Ümm Cəmil bint Hərb, Əbu Süfyanın bacısı idi. Bu arvaddan beş uşaqğı olub.

Məhəmməd Səfa dağına qalxıb ərəblərə onun peyğəmbərliyini qəbul etməyəcəkləri halda onları ağır cəza gözlədiyini elan edəndə guya Əbu Ləhəb ona deyir: “Görüm gününün qalanı qara olsun! Bizi elə buna görə yığmışdın?”

Əbu Ləhəbin qardaşı oğluna daş atdığını iddia edən rəvayətlər də var…

(ardı var)

X.X.

07. 11. 2024, Samara

QOCALIQDA ƏKSİN

İYUL 2023

Qocalıq ki, gəlir, baş açmır insan:

Bayırın dəyişib, içdən həminsən.

Haçan ki, güzgüyə çaşıb baxırsan,
Tanıya bilmirsən gördüyün əksi.

 +

Dəhşətə gətirir duruş, həm sifət,
Gözlərinə axıb canındakı su.

Nə rəğbət doğurur, nə də mərhəmət,
Mərhəmət diləmir  o da, doğrusu.

 +

(Ayna qabağında beləcə heyvan,

Tanımır kimindir gördüyü şəkil.
Əksinin üstünə olur atılan,
Tanıyıb atılıır bəlkə, kim bilir…)

 +

Qarşına düşmənin çıxıb elə bil,
Qeyzlə güzgüdən üz çevirirsən,

O da həmin anda çəkilib gedir,
Xəcil və məyussan ancaq indi sən.

 +

Yüz il yaşayasan, içində gəncsən,
Bayırın tanınmaz haldadır ancaq.

Hər kəsin gözündə görünür əksin,
Necə güzgülərdən qaçasan uzaq…

 

06.11. 2024, Samara

RADYARD KIPLING. MAVİ QIZILGÜLLƏR

RADYARD KİPLİNQ

Qızılgüllər dərdim həm al, həm də ağ,

Dedim sevgilimə yəqin xoş gələr.

Yarım heç birini almadı ancaq,
Mavi qızılgüllər, dedi, mənə dər.

 +

Dünyanı dolaşdım yarısınacan,
Onlar bitən yeri tapmadım yenə.

Hədər axtarışdan üzülən zaman,

Dünyanın yarısı gülürdü mənə.

 +

Evə dönüb gəldim qış dönəmində,
Şıltaq sevgilimsə yox idi artıq.

Sonuncu nəfəsdə, Ölüm gələndə,

Gözləri mavi gül yəqin axtarıb.

 +

Yəqin ətrafında qəbrinin indi,

Qəlbindən keçəni tapa bilərdi.

Mənim axtarışım, əfsus, hədərdi —

Ağ və al qızılgül daha gözəldir!

1887

ingiliscədən tərcümə

03.11. 2024, Samara

+++++++++++++++++

RUDYARD KİPLİNQ

BLUE ROSES

Roses red and roses white

Plucked I for my love’s delight.

She would none of all my posies—

Bade me gather her blue roses. Читать далее

ƏLİ PEYĞƏMBƏRİN HƏM QIZINI, HƏM NƏVƏSİNİ ALIB… ÖZ QARDAŞININ ARVADINI DA…

İslam banilərinin şəxsi həyatı niyə öyrənilməli və niyə bu məsələyə hökmən tənqidi və obyektiv yanaşılmalıdır? Əlbəttə, onları ictimai qınaq hədəfinə çevirmək üçün yox. Min üç yüz ildən də əvvəl yaşamış insanları mühakimə etmək mənasız və səmərəsiz işdir. Ancaq yeddinci əsrdə mövcud olmuş həyat tərzini, əxlaqi normaları və təsəvvürləri nümunə, model adlandırıb bugünkü cəmiyyətdə tətbiq etmək iddiasında ya arzusunda olanlara qarşı durmaq üçün İslamı yaratmış, onu qılıncla və Qumilyovun termini ilə desək, passionarlıq havası ilə böyük əraziyə yaymış insanların necə şəxsiyyət olduqları barədə mövqeyimiz birmənalı və obyektiv olmalıdır. Yeddinci əsrin islamçı yaşayış modelini bu günə tətbiq etmək cəhdləri hökmən fəlakətlə nəticələnir. Xomeyni İrana azadlıq, rifah, inkişaf yox, kütləvi qırğın, mənəvi əsarət, ilgəkləri 45 ildə boş qalmayan dar ağacları, hətta kütləvi fahişəlik gətirdi. Yeddinci əsrin modelinin “autentik” tətbiqini İŞİD həyata keçirirdi. Necə dövlət qurduqları məlumdur.

İslam banilərini, Məhəmməd və onun yaxın ətrafını təşkil edənləri  əsrlər boyu ilahiyyatçılar, müsəlman tarixçilər qüsursuz şəxsiyyətlət kimi təsvir edir, onların atdıqları ən şübhəli, hətta açıq-aydın eyibli addımları belə absurd arqumentlərlə təmizə çıxarmağa çalışırlar. Məhəmməd də, xəlifələr də fözqəladə şəxsiyyətlər  olsalar da, insan idilər və insana xas olan zəifliklər onlarda da olub və bu zəifliliklərdən yaranan fitnələrin hamısına qarşı dura bilməyiblər. Məhəmmədin doqquz arvad almağını heç bir siyasi məqsədəuyğunluqla izah etmək olmaz – Allahdan birbaşa təlimat alan peyğəmbər üçün nə siyasi məqsədəuyğunluq? Niyə deyilməsin ki, peyğəmbərdə də bütün insanlara xas ehtiraslar olub və və hətta daha artıq olub. Demək olmazmı ki, əlində məhdudiyyətsiz dini və dünyəvi hakimiyyət  toplayandan sonra fitnələrə qarşı dura bilməmiş, quranın öz dili ilə desək, öz havasının, yəni ehtirasının dalınca getmişdir? Axı bu belədir! Allah onu Zeydin arvadına evləndirmək üçün ayə göndərə bilməzdi! Allaha inanan, onu bütün bu sonsuzluğun yaradanı sayan bir kəs belə buna inana bilməz! Allahı vasitəçi saymaq Allahı təhqir etməkdir!

Hər müsəlman bilirmi ki, Əli ibn Əbu Talib Məhəmmədin həm qızını, həm də nəvəsini alıb? Hər kəs bilirmi ki, Əli qardaşının da arvadını alıb?

Məhəmmədin qızı Fatimənin Əliyə miladla 623-cü ildə getdiyi təxmin edilir. Guya Əbu Bəkr və Ömər də onu almaq istəyiblər, ancaq Məhəmməd onların elçiliyini rədd edib. Ərə getdiyi vaxt yaşını müxtəlif mənbələr doqquzdan iyirmi birə qədər göstərirlər. 632-ci ildə, atasından altı ay sonra ölüb. Və ölüm yatağında olarkən, rəvayətə görə, Əlidən xahiş edib onun bacısı qızı Ümaməyə evlənsin ki, uşaqlarına yaxşı baxılsın.

Ümamə bint Abi əl As Məhəmmədlə Xədicənin, qızları Zeynəbdən olan nəvəsidir.

Əli Ümaməyə Fatimə öləndən az sonra evlənib, Hilal və Aun adlı iki oğulları olub.

661-ci ildə Əli qətlə yetiriləndən sonra  I Müaviyə onal elçilik edir. Rəvayətə görə, Ümayə Muğira ibn Navfal ilə məsləhətləşir. Muğira guya deyir ki, “sən qara ciyər yeyənin oğluna gedə bilməzsən”. Ümayə onunla razılaşanda Muğhira deyir: “Səni özün alacağam”. Onların nikahından Yəhya adlı bir oğlan olur…

Fatimə öləndən bir qədər sonra (nə qədər? Yəqin bir neçə ay ya bir neçə həftə) Əli Ümmül Bənin kimi tanınan Fatimə bint Hişam əl-Kulabiyyəni alır. Ondan dörd oğlu olur.

Sonra (nə qədərliyi məlum deyil) Əli yenə evlənir və Əsma bint Umeysəni alır.

Əsma çox maraqlı həyat yolu keçib.

Əvvəl o, Cəfər ibn Əbu Talibin, yəni Əlinin qardaşı (!)  arvadı olub. Cəfərdən üç oğlan doğub. Əri 629-cu ildə Mütə döyüşündə həlak olub. Bundan sonra Əsma Əbu Bəkrə (!) ərə gedir və ondan Məhəmməd adlı bir oğlan doğur.

Əbu Bəkr öləndən sonra Əli Əsmaya, yəni mərhum qardaşı Cəfərin və birinci xəlifə Əbu Bəkrin ardadı olmuş qadına evlənir və onda iki oğlu olur…

Müxtəlif mənbələrə görə Əlinin  doqquz rəsmi arvadı, on yeddi qızı və on birdən on səkkizə qədər oğlu olub…

05. 11. 2024, Samara

PEYĞƏMBƏRİN ALTINCI ARVADI ÜMM SƏLƏMƏ. «SƏN DƏ QISQANC, MƏN DƏ QISQANC…»

ümm Sələmə

Məhəmmədin altıncı arvadı Ümm Sələmədir. Əsl adı Hind Hind, Əbi Üməyyə Məxzumidir. Rus Vikipediyasında doğum tarixi 596-cı il göstərilib. İngilis Vikipeduyasında Ümm Sələmənin ya 580-ci ya da 596-cı ildə doğulduğu qeyd edilib. Bu iki tarix arasında on altı fərq var – bu məsələyə sonda qayıdaram.

Ümm Sələmənin ilk əri Əbdülləh İbn Əbdüləsəd ilk müsəlmanlardan olub, Uhud döyüşündə aldığı yaralardan öləndə üç uşağı vardı və arvadı dördüncü uşağa hamilə idi.

Təfsirçilər ordusu qələmlərini qılınc kimi çalaraq əzmlə çalışırlar ki, Məhəmmədin çoxarvadlılığını şərafətlədirsinlər.

İngilis Vikipediyası islamçı mənbələrə istinadla yazır ki, Ümm Sələmə sağlığlında ərinə deyirmiş ki, onlardan hansı əvvəl ölsə, sağ qalan təzə ərə getməsin ya evlənməsin. Guya əri  təkidlə Ümm Sələməyə tapşırıb ki, o ölsə, hökmən ərə getsin. Və hətta dua eləyir: “Ya Allah! Məndən sonra Ümm Sələməyə məndən elə yaxşı ər təmin elə”.

Bunu oxuyanda qeyzindən ağlamaq istəyirsən…

Yəni bu uydurma əhvalatı eşidəndən ya oxuyandan sonra ərinin hələ sağlığında Ümm Sələməni Məhəmmədə ərə verdiyinə gərək şübhən qalmaya…

Bunu və bu kimi əhvalatları, saysız-hesabsız “hədisləri” uydurub onları Məhəmmədin adıyla bağlayanlar, cəfəng “aforizmlər” qondarıb Əlinin adıyla xalqa sırıyanlar özlərini mömin sayırlar? Məninliyin əsas şərti xeyirlə şərin sərhədini bilmək, yalanı doğruya qarışdırmamaq deyilmi? Hər bir şübhəli işi, normativ əxlaqa uyğun olmayan hər hərəkəti, addımı doğrultmaq üçün hətta Allahın adından istifadədən çəkinməyən şəxs şarlatan deyilmi?

İngilis Vikipediyası Əbdülvahid Həmidə (kitabı Londonda nəşr olunub) istinadla yazır ki, Məhəmməd Ümm Sələməyə elçilik edəndə xanım deyib: “Ya Allahn elçisi, mənim üç xassəm var. Mən həddən artıq qısqanc qadınam… Mən yaşı keçmiş qadınam…Mənim uşaqlarım var…”

Məhəmməd onu hər üç narahatlıqdan qurtarır: “Mən qadir Allaha dua edərəm ki, bu qısqanclığı səndən rədd eləsin. Yaşa qalanda, bu elə mənim də problemimdir.. O ki qaldı uşaqlara, sənin uşaqların mənim uşaqlarımdır…”

(Deməliyik ki, Məhəmmədin özünün də çox qısqanc olduğuna şübhə yoxdur. Quranda deyir ki, (əlbəttə, Allah yox, Məhəmməd özü) biş iş üçün nəbinin evinə gələndə sözünüzü deyib tez çıxıb gedin… Özü xeyli dul arvad almış, yəni dul arvadların ərə getməsinə müsbət baxan peyğəmbər öz arvadlarının onun ölümündən sonra ərə getmələrini Allahın adından qadağan edib. Yəni sən də qısqanc, mən də… Mahnıdakı kimi…)

Peyğəmbərlə onun almaq istədiyi arvadın arasında olan söhbəti kim yayıb, yayılıbsa, harda, kim tərəfindən qeydə alınıb?

Sələmə, Azərbaycan və rus Vikipediyasında göstərikən kimi, 596-cı ildə doğulubsa, Məhəmmədə gedəndə yaşı çox olmayıb. Məhəmməd isə əlli beş yaşında olmalıydı. Ona görə peyğəmbərin “problemimiz eynidir” deməyi qəribə gəlir..

Əgər Ümm Sələmə 580-ci ildə doğulubsa, peyğəmbərin elçiliyi  vaxtı 46 yaşı var imiş. Bu halda özünü ahıl saya bilərdi…

Məhəmmdəd ərə gedəndən az sonra Sələmənin dördüncü uşağı doğulur. Yəni nikah vaxtı ağır yüklü olub…

Və hər halda Sələmə Məhəmmədin arvadlarının ən yaşlısı və Xədicədən sonra ən nüfuzlusu olur. Ancaq bu və bu kimi iddiaların sənədli sübutu yoxdur.

Şübhəsiz ki, Vikipediyada müzəlmanların özləri tərəfindən yazılmış ingilis dilli məqalədə  Ümm Sələmənin son dərəcə möminliyindən əlavə onun müstəsna ağlından, siyasətçilik qabiliyyətindən və hətta qadın hüquqları uğrunda fəaliyyətindən danışılır. Guya günlərin bir günü Ümm Sələmə Məhəmməddən soruşur ki, niyə Quranda kişilərdən danışılır, qadınlardan yox.

Bunun özü də yöndəmsiz uydurmadır. Necə yəni Quran qadınlardan bəhs etmir? Quranın baş mövzularından biri elə qadın deyilmi? Quran qadında təsvir edilməyən bir yer qoymur – paltarı, bər-bəzəyi, hətta, üzr istəyirəm, mestruasiyanın ətraflı təsviri… Onun kişidən aşağı pillədə olmağını da Quran iddia edir…

İngilis dilli müsəlman Vikipediyada yazır ki, guya göydən Məhəmmədə vəhy gəlir, Allah bəyan edir ki, icmanın mömin üzvləri kimi qadınlar və kişilər bərabərdirlər…

Ağ yalandır. Quran deyir ki, qadın kişiyə bərabər deyil.

4-cü surənin 34-cü ayəsində deyilir: ”Ərlər arvadlarından yüksəkdə dururlar, çünki Allah birinə o biri qarşısında üstünlük vermişdir… itaətsizliyindən qorxuqlarınıza tövsiyə edin, onları yataqdan ayırın və döyün…”

Ümm Sələməyə evlənəndən qısa müddət sonra Məhəmməd oğulluğu Zeydə baş çəkmək üçün onun evinə gedir. Qapı yerinə asılmlş tük pərdəni külək qaldırır və Məhəmməd Zeynəbi alt paltarında görüb vurulur…

Mürəkkəb sitüasiya yaranır… Allah işə qarışmalı olur…

Və Məhəmməd yeddinci dəfə evlənir…

X.X.

04. 11. 2024, Samara