ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 10. ƏKBƏR (I)

20230721_135628

1963-ilin yay günlərinin birində əlimdə bir yekə tikə çörəyi gəvələyə-gəvələyə Kürün qırağına gedirdim. Kolazdan çıxıb mənimlə qabaq-qabağa gələn adamların biri dayanıb üzünü ciddiləşdirərək dedi: “Xruş dayın o boyda çörəyi yeməyə icazə verib?”

Mən tutuldum. Çünki bilmirdim ki, Xruş dayı kimdir və niyə dədəmin çörəyini yemək üçün ondan icazə almalıyam.

Mənimlə əslində, sonradan başa düşdüyüm kimi, zarafat edən adam Qardaş idi. “Xruş dayı”  SSRİ-nin o vaxtkı rəhbəri Xruşşova deyirdilər.1961-ci ildən ölkədə çörək qıtlığı başlanmışdı. Şəhərlərdə çörək adambaşına talonlarla satılır, adamlar növbəyə gecədən yazılırdılar. Kənd mağazalarında unu adambaşı bölüb satırdılar. Bizim evdə çörək qıtlığı olmayıb. Kişi köhnə qayda ilə qabaqcadan taxıl alıb quyulara vururdu. Satışda un olmayanda dəni məməm daşda çəkirdi. Lələm özü hər həftə Salyana gedir, yəqin ki, tanışlıqla bir sarıq arası çörək alıb gətirirdi. Ancaq elə bizim kəndimizdə çörək korluğu çəkənlər çox idilər. 1963-cü ilin dekabrında elə bu çörək qıtlığından mənfi qəhrəmanı Qardaş olan qanlı faciə törəndi. faciəyə İndiyəcən Yavərin səsi qulaqlarımdadır. Təzə köçdüyümüz evin qabağında ağlaya-ağlaya qışqırırdı: “Əkbər ölüb, ay Cahangir dayı…”

1963-cü il dekabrın 9-u idi…

Qardaşım Süleyman 1963-cü  il dekabrın 1-də əsgər getmişdi. Dekabrın 8-də, hələ üç il xidmət edəcəyi yerə, yəni Qazaxstana çatmamış, onu bir həftə əvvəl yola solmış yola salmış kənd cavanlarından biri, özü donanmada dörd illik əsgərlikdən təzə gəlmiş Əkbər dəfn olunurdu…

O günlər yağırdı. Kəndin palçıqlı yollarında bata-bata gedən adamlar səhər tezdən Mir Cabbarın oğlu Gülağanı əsgərliyə yola salıb Əkbərin dəfninə tələsdilər…

Əkbəri 1963-cü il dekabrın 7-dən 8-ə keçən gecə Qardaş tüfənglə vurmuşdu…

Əkbərin dörd il çəkmiş əsgərliyindən əvvəlki vaxtını xatırlamıram. Əsgərlikdən sonra görərdim. Ölümünə yaxın elə hyətimizdə, nərdivanın yanında durub gətirdiyi qurban ətini məməmgilə verdi – sırıqlının ya da kitelin altından geydiyi matros köynəyi yaxşı yadımdadır. Üzü gülürdü…Ölümündən sonra məməm şəklini böyütdürüb divardan asmışdı…

 Bilirəm ki, indi kənd məktəbi mən oxuduğum və işlədiyim binada deyil. Əvvəlki bina Məmmədyarov adına kolxozun idarəsi üçün tikilirdi. Bina hazır olmamış kolxoz ləğv edildi və onu o vaxtacan çiy kərpicdən tikilmiş uçuq-sökük binada yerləşən yeddiillik məktəbə verdilər. Bu, 1960-cı ildə olub. Kolxoz üçün tikilən binadan təxminən yüz əlli metr qabaqda çiy kərpicdən tikilmiş,  və baş-başa bir neçə otağı birləşdirən alçaq bina var idi. Günbatan tərəfdən birinci otaqda, səhv etmirəmsə, mühasib otururdu. Surralı Sabir Ələkbərov orda gün uzunu qədim sayğacı şaqqıldadır, hərdən çıxıb idarənin həyətində oynayıb qışqırışan uşaqlara acıqlanırdı. Sonrakı otaqda mağaza yerləşirdi. O vaxt mağazanı  hələ dağılmamış Musalıdan olan Tağı işlədirdi. Çox uzun, arıq kişi idi, elə burnunun altındakı çuxuru tutan nazik bığ saxlayırdı. Uzun, ensiz mağazanın divarına çox iri hərflərlə əllə yazılmış xəbərdarlıq asılmşdı: “İşi olmayan mağazada durmasın”. Bu şüar indiyəcən gözümün qabağındadır. O vaxt bizim kiril əlifbamızda “я» hərfi də var idi. «ИШИ ОЛМАЯН». Ancaq bu xəbərdarlığı vecinə alan yox idi, mağazaya həmişə “işi olmayan” cavanlar yığışardılar. Kənddə getməyə ayrı yer yox idi…Axırda, günçıxan tərəfdə qapı dəflizə açılırdı. Solda, bir-birinin içində olan iki otaqda, kitabxana yerləşirdi. Mənim böyük qardaşım Seyfulla da əsgər getməmişdən qabaq bir neçə ay o kitabxanada işləmişdi. Ondan əvvəl kəndin kitabxanaçısı Rübabə Axundova olub – milisioner Əlibalanın qızı… Hadisə olan vaxt kitabxanaçı Gülbahar idi. Kitabxanadan sonrakı bir ya iki otaqda tibb məntəqəsi idi. Orda daha neçə otağın olduğunu və onlarda nə yerləşdiyini bilmirəm. Onu deyə bilərəm ki, mühasibat tezliklə ləğv olundu – kənd Qaraqaşlı südçülük sovxozuna verilmişdi, idarə də orda idi. Bir müddətdən sonra köhnə məktəb binasını dağıdıb yerində ağ daşdan mağaza binası tikdilər…. Daşları ağ olsa da, ordakı mağazanın işləri həmişə qara olub…

Yuxarıda dediyim kimi, 1962-63-cü illərdə SSRİ-nin hər yerində ciddi çörək qıtlığı var idi. Kənd yerlərində unu kisə ilə satmırdılar, ailə üzvlərinin sayına görə bölüşürdülər. Hadisə ərəfəsində mağazaya un gətirib yığmışdılar haqqında danışdığım dəhlizə. Qardaş mağazada qarovulçu işləyirdi. Gecələr tüfənglə dəhlizdə oturub un kisələrinin keşiyini çəkirdi.

Təxminən noyabrın sonlarında rəhmətlik Nərimanın kiçik qardaşı Qəhrəman qız qaçırmışdı. Qəhəman qardaşım Seylulla ilə üç ül Maqnitaqorsk şəhərində bir rotada xidmət edib. Toy dekabrın 9-a təyin olunmuşdu. Dekabrın 8-də bəybaşı və ya kişi xınayaxtısı eləmişdilər. Kişilər adatən çeçələ barmaqlarını xınalayırdılar. Mən xınayaxtıda olmuş, səhəri gün əsgər gedən Gülağının barmağının xınalı olduğunu xatırlayıram…

Əkbətin də barmağı ya barmaqları xınalı imiş…

Xınayaxtı başa çatandan sonra qonaqlar dağlışırlar. Əkbər də bir neçə nəfərlə qayıdırmış. İdarənin yanından keçəndə yanındakılara deyib ki, mən Qardaşa dəymək istəyirəm. Və ayrılıb Qardaşın un kisələrinin keşiyini çəkdiyi yerə gedib…

Bir neçə saatdan sonra Əkbərin ölüm xəbəri bütün kəndi sarsıtdı…

Səhəri gün tənəffüslərin birində mən də uşaqlarla gedib dəhlizin elə qapısından içəri baxdım. Divarlarda, deyəsən sol tərəfdən, əl izlərinə oxşayan qan ləkələri qalmışdı. Dəhlizin döşəməsindəki qanı yumuşdular…

Hadisədən altmış ildən də çox keçsə də, onun dəqiq necə baş verdiyini Qardaşdan başqa heç kim bilmir. Qardaş heç sağlıında da heç kimə olanı yüz faiz dəqiqliyi ilə heç kimə danışmazdı. O öləndən sonra isə 1963-cü il dekabrın 8-dən 9-a keçən gecə Ərəbqardaşbəylidə baş verən faciənin səbəbi həmişəlik sirrə çevrildi…

Bir şey şübhəsiz idi: Qardaş Əkbəri qəsdən öldürməmişdi…

X.X

(ardı var)

30. 12. 2024, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 9. MƏHƏRRƏM