Qonçarov “Oblomov” romanında qəhrənamın atasını təsvir edərkən onun hərdənbir hərdənbir kitab oxuduğunu deyir. İlya İvanoviç “Çoxdan kitab oxumamışam” deyərək əlinə keçən kitabı götürür və məzmuna fikir vermədən həmişə eyni ləzzətlə oxuyur.
Bəxtiyar Vahabzadənin şeirlərini oxuyanda oxşar təəssür yaranır. Yəni akademik şair “çoxdan şeir yazmamışam” deyib dəftər-qələmini qoyur qabağına… Fasilə bir gün olsaydı da, Bxtiyar Vahabzadə üçün bu, “çoxdan kimi görünməliydi. Çünki buraxılan bir gün ərzində Nəbi Xəzri, Məmməd Araz, Rəsul Rza, Fikrət Qoca, sırtıq cavan şairlər beş-on şeir yazıb bir ətək pul qazanacaqdılar. Yəni şeirin yazılmadığı gün olacaqdı, hüquqi dillə desək, “əldən çıxmış qazanc…”
Nədən yazsın? Zalım oğlu Şekspir, zalım oğlu Füzuli hər şeydən yazıblar… İndi dünyanın yalanlığından yazmaq dəbdədir, toyda da arağın üstündən yaxşı gedir…
Bəxtiyar Vahabzadə bu şeiri yazmağa balıqçı balıq ovuna gedən kimi hazırlaşır. Balıqçı tilovunu səliqəyə salır, ov yemini hazırıayır: soxulcan, başqa qurd-quş, sıyıq və s.
Bəxtiyar Vahabzadə “yalan” sözünə qafiyə olan sözlərin siyahısını tutur: “çalan”, “alan”, “qalan”, “filan”…
“Gah başıma tumar çəkən,
Gah ilantək çalan dünya.”
Burda pauza edib “dünya”nın nə olduğunu özümüz üçün aydınlaşdıraq. Mənim İnternetdə tapdığım lüğətdə “dünya” sözünün izahı belədir: “Bir küll olaraq maddənin bütün formalarının məcmusu; kainat. Yer kürəsi, yer üzü, cahan, aləm. məc.”
İndi özünüz deyin, bu sadalanların birini belə ilan şəklində təsəvvür etmək mümkündürmü? Şərq klassikləri, fələklə, talelə ya da taledən danışırdılar və əslində tale də, fələk də Yaradanın, Tanrının sinonimi və yaxud efvemizmidir. Tale hər şəkildə insanı vura bilər. Bəs dünya? Yox!
“Gah sinəmə dağlar çəkən,
Gah könlümü alan dünya.”
Bunu naqqal aşıqlardan milyon dəfə eşitmişik. Aşıqların hamısının sinəsi dağlanmışdı. Bəzi sovet aşıqları özləri sinələrini dağlamışdılar, yəni Leninlə Stalinin şəklini döydürmüşdülər. Aşıq Pənahın sinəsində, deyilənlərə görə, Karl Marksın da şəkli döyülübmüş…
“Gah dağılan, gah qurulan,
Bəzən açan, bəzən solan”.
Yuxarıda ilana dönən dünya indi gah dağılır, gah qurulur. Dağılan bütün dünyadır ya ayrı-ayrı hissələri?
“Gələnləri yola salan,
Özü baqi qalan dünya.”
Yuxarıda ilana bənzdilən dünya indi “gələnləri yola salır”, özü isə “baqi qalır”. Yəni “əbədi”. “Əbədi” sözü misraya sığmır, ona görə akademik bu yazı üçün yöndəmsiz “baqi” sözünü pərçim edir. Və yadınızda olar, bir beyt yuxarıda dünya vaxtaşırı dağlırdı, indi akademik şair deyir ki, dünya “baqi qalır”.
“Bir yanda at, bir yanda ot”
Bir şey başa düşdünüz? Mən – yox. Bəlkə akademik şair demək istəyir ki, atın ağzı ota çatmr? İstəmək ayrı, deyə bilmək ayrı. Misra cəfəngdir.
“Solu günəş, sağı bulud.”
Nəyin sağı, nəyin solu? Dünyanın? Yəni yer kürəsinin? Taleyin? Taletyin sağı ya solu olur? Bulud niyə sağdadır, solda deyil?
«Dovşana qaç, tazıya tut»-
Deyən köhnə filan dünya.
Bəxtiyar Vahabzadə tutduğu siyahıdakı bütün sözləri işlətməlidir. O cümlədən “filan”ı. Bəndin dördüncü misrasına diqqqətlə baxın: “köhnə-filan dünya”. Bu nədir? Bunu yazan, bunu yazmaqdan utanmayan adam oxucularının mallığına, kütlüyünə arxayındır, bilir ki, ağzından ya qələmindən nə çıxsa, qapıb çeynəmədən udacaqlar. Çünki adı çıxıb… Zəncir ocağına, hansı seyidinsə ölüsünün yuyulduğu yerə nəzir aparan xalqı hərifləməyə nə var ki…
“Min rəngi var, min donu var”
Söhbət arvaddan getmir, söhbət dünyadan gedir…
“Neçə — neçə oyunu var”
Bəlkə konkretləşdirəsən, akademik? Neçə oyunu var?
«Nə əvvəli, nə sonu var”
Bəs yuxarıda deyirdin dünya vaxtaşırı dağılır?
“Yalan dünya, yalan dünya!”
A kişi, dünya hardan yalan oldu? Heydər Əliyevin sənin döşünə taxdığı ordenlər də yalan idi? Professor, akademik adı, xalq şairi adı yalan idi? Oğlanlarını düzəltdiyin yağlı vəzifələr də yalan idi?
Min dona girən dünya deyil, akademik, sənin kimi oyunbazlardır…
X.X.
18. 04. 2025, Samara
