Архив | 29.04.2025

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ: «BELƏ GETSƏ, ÖLÜLƏR MÜRDƏŞİRİ YUYACAQ…»

Bir sirdaş istəyirik
Qəlbimizi duyacaq;
Təmizsə — qəlbimizi
Gəlin özümüz açaq.

Başa düşdünüz? Akademik şair hər kəsi öz qəlbini açmağa dəvət edir. Və şərt qoyur: əgər təmizsə.

Sual çıxır: Təmiz qəlbin açılmağına nə dəvət, nə təklif, nə təkid? Yalnız açılası, deyiləsi sirləri olan qəlblərin açılmağında məna var. Yaxşı, bunun başına ip atmayaq.

Birinci bənd Sabirin şeirini xatırlatmırmı? “Zahida, gəl soyunaq bir kərə paltarımızı…” Sabir zahidə nə təklif edir:

“Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı,
Həm də doğru olaraq şərh edək əhvalımızı

… Hər kimin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!”

Yəni akademik şair yox, əsl şair Mirzə Ələkbər zahidi duelə çağırır.

Akademik Bəxtiyar Vahabzadənin konkret kimə müraciət etdiyi məlum deyil. Yəqin ki, bütün xalqa. Və gözləmək olardı ki, Bəxtiyar professor özündən başlayacaq, qəlbini açıb nümunə göstərəcək. Ancaq gözləntimiz boş çıxır.

“Acgöz yedikcə açar,
Dilənçiyə əl açar,
Zənn etmə ki, tamahkar
Axır bir gün doyacaq.”

Bu bəndin birinci bəndlə hər hansı əlaqəsi varmı? Bəxtiyar akademik ya bir başqası burda qəlbini açırmı? Yox, Bəxtiyar Vahabzadə əsl müsəlmandır, katolik xristian deyil ki, pərdə dalında oturmuş ruhaniyə batdığı günahları etiraf eləsin, desin ki, dönə-dönə cildə girib, iki öndər, üç-dörd-rəhbər dəyişib, Leninə poema həsr edib Heydər Əliyevin köməyi ilə SSRİ Dövlət mükafatı alıb. O, əsl müsəlman kimi  özünü yox, başqalarını ifşa edir. Yaxşı, bu da cəhənnəm, qoy eləsin. Ancaq necə eləyir? Bu bənddə şeirlik nəsə varmı? Necə yəni “acgöz yedikcə acar”? Yaxşı bu da cəhənnəm. Acgözün dilənçiyə əl açmağı? Bu, Azərbaycan universitetinin ədəbiyyat professorunun səviyyəsidir…

Aralıq yekunu vuraq: ikinci bənddə vəd olunan qəlb açılışı yoxdur. Keçək üçüncü bəndə.

Ucaldıqca biz endik,
Düz yoldan geri döndük;

Gördüyünüz kimi, alademik yenə “mən” demir, “biz” deyir. Və “akademik” şair “biz” deyirsə, ona zəncir ocağı qədər sitayiş edən oxucuların ağlına da gəlməz ki, bu müqəddəs vücud da “biz”in içindədir. Bəxtiar professor, əlbəttə, başqalarından, pis adamlardan danışır. Özü isə şübhəsiz ki, fövqəladə gözəl insandır.
“Özümüzü düşündük,
Özümüzü biz ancaq.”

Bəxtiyar Vahabzadə özü qəlbini açmadı, gözləmədi də ki, xalq qəlbini açsın, bilir ki, xalq düzünü deməyəcək, ona görə özü xalqın, Sabir demişkən, paltarını soyundurur.

“Qana həris zəlilər
Sorduğunu az bilər”

Bəxtiyar Vahabzadə təkcə qarğa və şahin mütəxəssisi deyilmiş, zəlilərin də dabbaqda gönünə bələdmiş.

Diqqət: şeir bitəcək:
“Belə getsə, ölülər
Mürdəşiri yuyacaq.”

Bir şey başa düşdünüz? Bu nə horrordur belə? Bəlkə bunu yazanda akademik şair qızdırmalı ya içkili olub? Bəlkə bu beyti başa düşmk üçün yüz əlli-iki yüz vürmaq lazımdır? Mən içən deyiləm. Ümid edirəm ki, içən qardaşlardan ya bacılardan biri özünü lazımi kondisiyaya çatdırıb bu beytin sirrini millətə açar…

X.X.

29.04. 2025, Samara