NECƏ QAN AĞLAMASIN DAŞ BU GÜN, DEPORT OLUNDU BU QARDAŞ BU GÜN…

Mən Rusiyada son iyiirmi-iyirmi beş ildə Georgi lenti taxan çox soydaşımızı görmüşəm, ancaq bu lentin Elşən İbrahimov qədər ikinci bir azərbaycanlıya yaraşdığını görməmişəm. Baxın, ağalar, xanımlar, gör lent necə topalanıb, necə düyünlənib. Mən bu şəklə baxanda əfsanəvi Bülbülün oxuduğu bir mahnı yadıma düşdü.

Döşünə bir gül taxım,

Gül düşsün gül üstünə…

Düzdür, bu mahnıda, türkün məsəli, qız sinəsi nəzərdə tutulur. Elşən İbrahmovun sinəsi, əlbəttə, qız sinəsinə bənzəməz, rəhmətlik Qoqolun dediyi kimi, yəqin ki, baş kimi tüklü olar. Ancaq lent Elşən İbrahimovun döşünə yaraşır. Vallah, yaraşır, mənə nə deyirsiniz deyin!

İndi mən qalmışam əlimyandıda. Mənə yemək-içmək haram olub. Gecələr yatmıram, fikir nəni götürür ki, bu yazıq gədə indi Azərbaycanda Georgi lentini taxa biləcəkmi? Axı, deyilənlərə görə, Azərbaycanda Georgi lenti taxanı tuturlar!. Bu yazıq gədə isə öyrəşib döşündə Georgi lenti gəzdirməyə. İndi bunun halı necə olacaq? Bəlkə əlahəzrət İlham Əliyev istisna halında bir fərman imzalayıb Elşən İbrahimova döşündə Georgi lentini gəzdirməyə icazə verə?

Ya əlahəzrət! Ya bizim rəhim və rəhman padşahımız! Mİllətin azmış qoyununa (Tövrat diliylə deyirəm) yazığın gəlsin!

Hardasınız ay Nəcəf bəy Vəziriov və Əbdürrəhim bəy Haqverdiyev! Nə qədər yatmaq olar? Qiyamətdir, qalxın! Biriniz “Bəxtsiz cavan”ın davamını, biriniz də “Müsibəti-Elşən” yazsın!

Necə qan ağlamasın daş bu gün?! –

Deport olundu bu qardaş bu gün…

Öləydin, Mirzə Əlil, bu günü görməyəydin…

İndi internetdə bu bədbəxt soydaşımızn Rusiyada haçansa öz-özünə verdiyi müsahibəni oxuyub lap dəhşətə gəldim. Cənab İbrahimov deyir ki, miqrantlara Rusiyada verilən kvot azalıb, ona görə soydaşlarına tapşırıb ki, yerli arvadlarla nikah bağlasınlar. Demir ki, ailə qursunlar, evlənsinlər. Deyir ki, nikaf bağlasınlar, yəni saxta nikah. İndi Allaha şükr edirəm ki, Elşən İbrahimovun öz-özünə verdiyi müsahibəni özündən başqa heç kim oxumayıb. Bu müsahibə FSB-nin gözünə sataşsaydı, Elşən İbrahimov əlli-ayaqlı gedərdi… Vallah, gedərdi. Ucarlılar, beş-altı qoyun kəsib paylayın, rayonunuzun fəxri Rusiya türmələrində çürüyəcəkdi…

Bir məsələ də var. Bilmirəm deyim ya deməyim… Yox, gərək deyəm. Bu yazıq gədə Podmoskovye azərbaycanlılarından pul, pay-parça yığıb SVO-ya, yəni Ukraynada ədalətli savaş aparan Rusiya ordusuna göndəririmiş. İndi fikirləşirəm ki, Əliyev bunu Azərbaycanda bu işi görməyə qoyacaqmı. Yəni Elşən İbrahimov Azərbaycandan Rusiya ordusuna yardım göndərə biləcəkmi?

Ya pərvərdigar! Bizim bu azmış qoyunumuzu  (Tövrat diliylə deyirəm) məyus eləmə…

Vallah, fikir çkməkdən quruyub-qurtarmışam… Sərin Podmoskovyedən gedən adamın Ürəyi Ucarda partlamayacaqmı?

Yazırlar ki, Podmoskovyedə adına on şirkət var imiş. Deyirəm görəsən onlar kimə qaldı…

Ya Əli! Özün bu ucaqlı soydaşımıza kömək ol! Bəlkə də sünnüdür, eybi yox, sünnü də müsəlmandır, quyruq-muyruq söhbəti isə yalandır…

Gözümün yaşı kağızı isladır, ona görə yazımı bu yerdə saxlayıb Elşən İbrahimovu Azərbaycanın şərəfli hüquq-mühafizə orqanlarına tapşırıram.

 

Mirzə Əlil

10. 07. 2025, Samara