Архив | Сентябрь 2025

CABİR İMANOVUN MÜBARƏK TƏPİYİNƏ HƏSR OLUNUR

Cabir İmanov vəfat edib. Boynuma alım ki, vəfat etməsəydi, mən onun kim olduğunu bilməzdim. İndi məlum olur ki, Cabir İmanov Hamfri Boqart və Lourens Olivyeden də qüdrətli aktyor imiş. Təbii ki, Azərbaycanda bayraqlar endirilib, millət batıb yasa. Ancaq millətin bu yaman gününə sevinən düşmənlərimiz Cabir İmanovun videosunu yayıblar. Bu videoda o, poqonluların vurub yıxdıqları bir aksiya iştirakçısını təpikləyir… İndi beş-on nəfər antimilli ünsür iddia edir ki, belə adam ümumxalq matəminə layiq deyil, guya bu Cabir İmanov elə aksiyaçılara təpik atanda ürəyi gücə düşüb xarab olubmuş…

Vallah, o beş-on adamı tutub salasan… Hə, tutub salasan Cabirin qardaşının təpiyinin altına. O da artistdir, o da yaxşı təpik atan olar…

Mən gözəl millətimin içindən belə nankor və naşükür insanların çıxdığına məəttəl qalıram. A kişilər, gərək siz fəxr edəsiniz ki, sizi Cabir İmanov kimi böyük sənətkar təpikləyir. Belə sənətkarın təpiyi adi təpikdən deyil, onun təpiyi terapiyadır. Onun təpiyinin altına düşmək zəncir ocağına ziyarətdən də savab olardı. Gərək azərbaycanlılar onun təpiyinin altına düşmək üçün növbəyə duraydılar. Mən şəxsən bilsəydim, Bakıya gedib özümü yaxşıca döydürərdim. Yəqin ki, Cabirin təpiklərini yeyəndən sonra cinə dönərdim… Heyf… Azərbaycanda yaşayan əmioğlum Mirzə Təbil mənə telefonda deyir ki, fürsət olan kimi gedib özünü Cabirin qardaşına təpiklətdirəcək… Mən də gedərdim, ancaq, təəssüf ki, prezident sərhədləri bağlayıb, təyyarə ilə uçmağa isə pulum yoxdur. Gərək İlham müəllimə məktub yazıb bir az pul istəyəm ya da xahiş edəm yolları açsın. Yoxsa Cabirin qardaşına da, Allah eləməmiş, bir şey olar, qalaram məəttəl…Bilmirəm bu iki işin hansı prezident üçün asandır. Yəqin yolları açmaq asan olar. Qoy pulu preezident daha vacib işlərə xərcləsin…

Mirzə Əlil

30. 09. 2025, Samara

«YAXŞI FİLM NƏDİR, PİS FİLM NƏDİR…»

Yaxşı film nədir, pis film nədir? –

Necə ayırasan yaxşını pisdən?

Ekranda görürsən, gecə, məsələn,

Bir qadın ağlayır, sonra zəng edir.

 +

Ağlaya-ağlaya danışır elə,

Nitqi və jestləri dramatikdir.

Kamera göstərmir xətdəki kimdir,
Səhnə inandırır, görməsən belə.

 +

Özün iştirakçı olursan indi,

Tərəf də tutursan münaqişədə.

Bu zaman gözünün  axsa yaşı da –

Bu film, əlbəttə, yaxşı filmdir.

 +

Ayrı filmdə də gecə bir qadın,

Ağlayır, zəng vurur, ağlayır yenə,

Ancaq inandırmır nəsə bu səhnə,

Bilirsən oyundur sənin baxdığın.

 +

Nə xəttin özü var, nə xətdə adam,
Danışır bu xanım özü özüylə.

Telefon həqiqi olsa da belə,

Fərqli deyil uşaq oyuncağından.

 +

Diqqətin yayınır qadından daha,
Çəkiliş səhnəsi indi görürsən.

Əsəbi rejissor söyür hər kəsi,
Gedir köməkçisi əldən-ayaqdan.

 +

Qaçır tualetə ağlayan xanıım,
Buterbrod basır cəld operator,

Yenə qışqıracaq rejissor: “Motor!” —

Bunları gördünsə, itir inamın…

 +

Əsər – kino olsun, ya da ayrı janr,
Tanrı yaradana bənzəsin gərək.

Yoxdan o, var ola gözəl, mübarək,

Necə yarandığı düşündürməyə…

 

30. 09. 2025, Samara

QURBAN MƏMMƏDLİNİN OĞLU QOŞQARA AÇIQ MƏKTUB

Cənab Qoşqar Qurban oğlu Məmmədov!

Yəqin ki, atanız Qurbanın çıxardığı hoqqalardan xəbəriniz var və bu hoqqalarda sizin də iştirak etdiyiniz şübhəsizdir. Atanız çoxdan başını itirib və nə elədiyini bilmir. Bəs siz?

Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyası ilə tanışsınızmı? Əgər məktəbdə atanız kimi oxumusunuzsa, tanış deyilsiniz.  (Atanızın problerinin əsasında duran səbəblərdən biri onun kəmsavadlığıdır). Bu komediyada tacir Hacı Qəmbər gəminin qəzaya uğraması nəticəsində malını itirəndən sonra dəli olub küçələrə düşmüşdü. Atanınızın dəliliyini Bakıda mülkünün dağıdılması ilə izah etmək olardı, ancaq Qurbanın dəliliyi çoxdankı xəstəlikdir, bəlkə də atanız şizofreniya ilə doğulub, əvvəllər özünü zəif büruzə verən xəstəlik yaş keçdikcə və atanızın uğursuzluqları, bununla bağlı pataloji kini artdıqca xəstəlik şiddətlənib və indi Qurban xəstəliyini yox, xəstəlik Qurbanı idarə edir.

Mən sizin atanızdan çox yazmışam, əsasən felyeton janrında. Yəni onun çıxışlarına bəzən yumşaq, bəzən sərt gülmüşəm. Biz hər ikimiz Bakıda olsaydıq da, bu, təbii sayılmalı idi. Yəni demokratik mətbuatın mövcud olduğu ölkədə siyasətçilərlə jurnalistlərin münaqişəsi hər cür hiss doğura bilər, bircə şeydən başqa – qisas hissindən. Ancaq atanız demokratik təbiətli adam deyil, onun siyasətinin mahiyyəti dəstəbazlıqdır, dəstə yaradıb onun başında durmaq. Bacarsa, elə bütün ölkəni belə bir  dəstəyə çevirər. Yəni indi əsl öz yerini tutub, YouTube-da kanal yaradıb və kəmsavad, nadan insanlardan ibarət auditoriyasını bütün Azərbaycan elan edərək özünü prezident sayır. Bu sitüasiya başqa bir dəlini – Qoqolun “dəlinin qeydləri” əsərinin qəhrəmanı Poprişşini yada salır. Oxumusunuzsa, yadınızda olar: mərhumiyyətlərlə, alçalmalarla dolu həyatdan psixikası pozulmuş Poprişşinə birdən inam gəlmişdi ki, o, İspaniya taxt-tacının varisidir…

Atanızın Poprişşinə oxşadığını görmürsünüzmü? Görmürsünüzmü onun “yaratdığı” “parlament” dəlixananı xarıtladır? Görmürsünüz ki, atanızın dəliliyi keçici imiş və Ərəstun Oruclu da əməlli-başlı zəncirli dəliləri xatırladır?

Son həftələrdə atanız mənə və Samranın ən hörmətli insanlarından birinə qarşı çox abırsız bir kampaniya başlayıb. Bunun səbəbi, əlbəttə, çox az dərəcədə mənim ondan yazıdığım felyetonlardır. Əsas səbəb hörmətli Şirvan Kərimovun təxminən beş il əvvəl başçılıq etdiyi təşkilat üzvlərindən hər hansı iaənəni təşkilatın adından yox, öz adlarından göndərmələrini tələb etməsidir. Yəni Şirvan Kərimov sizin atanızla hər hansı əməkdaşlıqdan qaçıb və yaxşı da eləyib. Çünki Şirvan nə Rusiya, nə Azərbaycan siyasətinə qarışır, başçılıq etdiyi təşkilat da siyasi deyil. Atanız niyə məhz bu kampaniyanı indi başlayıb? Bir neçə diaspor təşkilatı rəhbərinin Rusiyada orqanlar tərəfindən məsuliyyətə cəlb olunması ilə əlaqədar, elə deyilmi? İndi Qurban bu hadisələri Rusiya hökuməti tərəfindən aparılan kampaniya sayaraq ona qoşulur və acığı gəldiyi, ona maliyyə dəstəyi göstərməmiş Rusiya azərbaycanlılarını tutdurmaq istəyir, elə deyilmi? Özü də acizanə Vladimir Vladimoroviç Putinə müraciət edir, halbuki dünənəcən Putini ən qanlı diktator adlandırırdı. Siz belə ataya görə utanmırsınız?

Şirvan Kərimov Samara Daxili İşlər İdarəsi yanında İctimai şuranın üzvüdür Uzun illərdən bəri. Bu orqana nəinki həbsdə olmuş, hətta haqqında haçansa təhqiqat aparlımış insanlar da üzv ola bilməzlər. Yəni Şirvan Kərimovun haçansa tutulduğu barədə məlumat ağ yalandır. Yaxşı, atanızın başı xarabdır, abrını itirib. Bəs siz utanmırsınız?

Atanız mənim haqqımda deyir ki, atam yəhudidir. Sənədi var? Bəlkə surətini mənə göndərəsiniz? İsraildən vətəndaşlıq alardım, bəlkə pul da. Hə?

Atanız deyir ki, məni Samarada “Bomj Xeyrulla” adlandırırlar. Yəni müəyyən yaşayış yeri olmayan adam. Cənab Qoşqar, mənim yaşayış yerim həmişə müəyyən olub. 28 yaşa qədər Azərbaycanda yaşamışam, üç il Moskvada, Ədəbiyyat institunun aspirantı olanda, ünvanım: Dobrolyubov küçəsi, 9-11. Samaraya (Kuybışevə) 1985-ci ildə gəlmişəm, üç həftənin içində daimi qeydiyyata düşmüşəm. Üç həftəni isə aspirant yoldaşım, indi pedaqoji universitetin professoru olan Vladimir Nemtsevin qonağı olmuşam.  Heç vaxt evsiz olmamışam. Atanızın cındır agenti ünvanımı yaxşı bilir, çünki dalımca gəzir. Adı Aftandil Quliyevdir, saxta polkovnik, alfons və eksqibisionist.

Utanırsınız?

Atanızın “bomj” dediyi adam dünya ədəbiyyatınin iki şedevrini – Biofulu və Nibelunqları Azərbaycan dilinə tərcümə edib. Hər iki əsər Bakıda çap olunub. Vaxt gələcək, azərbacanlıların daha işiqlı nəsli mənə minnətdarlıq ifadə edəcək, sizin atanızın xatirəsi isə lənətlənəcək.

Atanız məndən cavan olsa da, o da qocalıb. Bu gün-sabah gəbərəcək. Siz isə cavansınız, ömrünüzün qalanını onun poxundan təmizlənə bilməyəcəksiniz. Siz başa düşmürsünüz ki, belə ata bütün ailəni və hətta bütün nəsli hörmətdən salır. Siz belə ata ilə necə bir süfrə başında otura bilirsiniz?

Bəlkə siz də şayiələrə inanırsınız? Şayiələr çoxdur. Məsələn, deyirlər ki, Qurban Məmmədli öz gəlini ilə yaxın əlaqədə olub və nəvələrinin birinin atasıdır. Deyirlər Bakıdakı mülkündə bacıları və qızları fahişəlik edirlərmiş, ona görə Əliyev oranı dağıdıb. Deyirlər Qurbanın nəvəsi ərəblərə seksual xidmət göstərir. Çox şey deyirlər. Mənim polisə adam satmağıma inananda gərək bunlara da inanasan. Elə deyilmi, cavan oğlan?

Qurban Məmmədlidən uzaqlaşın. Yoxsa ömrünüz boyu sizdən onun yediyi poxların iyi gələcək. Vallah, belədir.

Xeyrulla Xəyal

(ünvanımı atanızın cındır agenti bilir)

28. 09. 2025, Samara

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «OLA BİLMƏZ»

Yox, mən qətiyyətlə deyirəm ki, gərək darıxanda, məyusluq üz verəndə Molla Pənahın gülməli şeirlərini oxuyasan. Məsələn “Ola bilməz” qoşmasını. Bu qoşmanı oxuyan kimi krediti, ipotekası olan da, qapısını sələmçi kəsən də, ev adamları ilə dalaşıb-süpürləşən də şənlənəcək.

“Sərasər bir yerə yığılsa xublar,
Sənin bir muyinə tay ola bilməz.”

Mənim başa düşdüyümə görə, Vaqif deyir ki, bütün gözəllər bir yerə yığılsa, “sənin bir tükünə dəyməzlər”. Yəqin baş tükünü deyir…Məgər gülməli deyil?
“Günəş təki şölə verər camalın,
Belə gözəllikdə ay ola bilməz.”

Bu, heç. Sonrasına baxaq.
“Heç gözəli sən tək şux görməmişəm,
Nə fayda, hüsnünü çox görməmişəm.”

Başa düşdünüz? Çox görməyib. Bəlkə çox görsəydi, gözündən düşərdi. Belə olur də. Oğlan qızdan ötrü ölür, elə ki, alır, iki-üç ay keçməmiş soyuyur. Gərək evlənəndən sonra ayrı yaşayalar. Füzulinin Məcnunu heç Leyliyə yaxın durmadı, bilirdi ki, yaxın dursa, gözündən düşəcək…
“Uzun kirpiyin tək ox görməmişəm,
«Qaşların tərzində yay ola bilməz.”

Burası gülməli deyil. “çox görməmişəm, ox görməmişəm…” Vallah, bu misralar Vaqifi gözdən salır…

“Həsrətindən bağrım qan ilən dolub,
Heyva təki rəngim saralıb-solub».

Birinci misraya diqqət edin. Deyir “bağrım qan olub”. Bunu çox şair deyir. Şeirlərinin yarısında Əliağa Vahidin bağrı qandır. Bağır, yəni sinə, ürək – elə deyil? Yaxşı, qanı elə hərlədən, fırladan ürək deyil? Bağrın qan olmağı təbii deyilmi?

İkinci misranı yəqin Vaqif kənd müəllimi olanda yazıb – rəngi qıtlıqdan saralıbmış.

“Bu xubluq ki, həqdən bəxş olub,
Heç kimsəyə belə pay ola bilməz.”

Fikir verirsiniz? Qazaxlı şair azərbaycanca yazmağı elə bil ki, özünə sığışdırmır. A kişi, nə “xubluq”, yaz “gözəllik” də… Yəni deyir ki, onun sevgilisinə gözəllik həddən artıq verilib!

Dədəm vay!
“Qəddin şahbaz, ağ bədənin səmən tək.”

Burda erotika var, yenə sevgilisinin bədənini açdı qoydu şor gözlərin qabağına…

Səmən tək – elə bilməyin ki, Molla Pənah bədəni samana bənzədir. Yəqin “səmən” yasəməndir…
“Yanağın lalədən ziyada göyçək.”

Yanaq lalədən çox-çox göyçəkdir… Öləsən səni, ay belə yanaq yiyəsi…
“Vaqifəm, mən sənə heyran olmuşam”

Qoşmanın sonunda Vaqof öz adını həkk edir ki, oğurlamasınlar. Mən bilən, belə şeirə tamah salan çox olmaz…
“Dərdindən didəsi giryan olmuşam”.

“Didə” yəqin gözdür. Vallah, Vaqifin şeirləri adamı şəkkə salır. Bəlkə 18-ci əsrdə Qazaxda farslar etnik çoxluq imiş?
Ya bəlkə Vaqif gülmək üçün göz yerinə “didə” yazır? Farsları lağa qoyur. Hə? Belə ola bilər?
“Qanlı yaşım kimi çay ola bilməz”.

Mən də bu qoşmanı oxuyanda çox yaş axıtdım. Ancaq  qanlı yaş yox, adi yaş. Çünki gözümün yaşı gülməkdən axırdı…

 

26. 09. 2025, Samara

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «AŞİQƏM»

Mən Molla Pənah Vaqifin şeirlərini çox sevirəm. Əlbəttə, hamısını yox. Ancaq Füzulidən sonra ədəbi dilimizin inkişafında ən böyük xidməti Molla Pənah göstərmişdir. Məlumdur ki, müxtəlif yaşlarda eyni əsərlərin bədii qavrayışı, buraxdığı təəssür hətta əksliyə qədər müxtəlif olur. İndi Vaqifin şeirlərini oxuyuram, görürəm ki, Vaqif təkcə düşündürmür, o həm də güldürür. “Aşiqəm” rədifli qoşmasını oxuyun, gülməkdən öləcəksiniz (məcazi mənada). Molla Pənah aşiq olduğu qızın sözlü portretini çəkir və oxucu gərək şeir oxuyub başa çıxınca o gözəlin portretini bitkin şəkildə təsəvvür edə bilə.

“Bir əndamı nəsrin, dodağı qönçə,
Bir qaməti gülbün yara aşiqəm.”

Yəni şairin sevgilisinin bədəni gözəldir (yəqin ki, ağlığı nəzərdə tutulur). Bunu təsəvvür eləmək istəmirəm, çünki mənə ayıb kimi gəlir. Dodağı təsəvvür eləmək olar, dodaq qıraqda olan şeydir.  Bildik ki, dodağı qönçəyə bənzəyir.
Burda şair təsvirə ara verir və indikilər demişkən, öz durumundan yazır. Aşiqin də durumu Füzuli vaxtından və ondan qabaqdan da məlumdur,
“Gecələr sübhədək eylərəm nalə”.

Təsəvvür edirsiniz? Səhərəcən nalə… Yəqin qonşular bezirmiş. İtlər də stress keçirib hürüşürmüş…

Sonra naləsinin səbəbini deyir:

“Bir gərdəni mina, ağzı piyalə,
Bir ləhcəsi şirinkara aşiqəm.”

Yəni qızın boynu parlaq ağdır. Bunu bilirdik. Əvvəldə demişdi ki, bədəni ağdır. Bədən ağ olanda boyun da ağ olar.. Əgər gün qaraltmayıbsa…

“Ağzı piyalə”. Hansı piyalə? Gözünüzün qabağına bir qız şəkli gətirin, ağzının yerində piyalə. Məsələn, özbək piyaləsi.  Gətirdiniz?

Molla Pənahın bolşevik yerlisi Səməd Vurğun piyaləyə gözü bənzədirdi: “Qələm qaş altından piyaə gözlər…”

“Bir buxağı turunc, sinəsi meydan…”

Qızın buxağını Vaqif ya portağala ya da ona oxşayan meyvəyə bənzədir. Portağal buxaqlı qıza gözəl demək olar? Təsəvvür eləmək istədim, alınmadı…

“Sinəsi meydan”… Futbol meydanı? Azadlıq meydanı? Meydan TV? Vaqifin vaxtında da qlızlar olub ha, sinələr olub ha…
Bir sözü cəvahir, mirvari dəndan,
Bir maral baxışlı, kirpiyi peykan,
Bir qaşlan zülfüqara aşiqəm.

Vaaqif (Molla Pənah) qızın dişini mirvariyə bənzədir. Özü də “diş” demir”, “dəndan” deyir. “Dəndan” həm də dəyirmanın də tökülən yeridir. Bəlkə Vaqif sevgilisinin ağzını dəyirmanın donluğuna bənzədir? Bu yer çox mübahisəlidir və Azərbaycan akademilərinin tədqiqatını gözləyir.

Vaqif qaşları yaya yox, “zülfüqara”, yəni qılınca bənzədir.

Bənzəyir? Yəni qaş qılınca bənzəyir?

“Bir güləndə ləblərindən bal axan…”

Qız güldükcə dodaqlarından bal axır… Bu qızın ağzı ağız deyil, arı pətəyidir…
“Bir bəzənib sərxoş tovus tək çıxan…”

Vaqifin vaxtında tovuz quşuna bəlkə çaxır içirdirlərmiş? Qazaxlılardan nə desən çıxar. Deyirlər, bəzi qazaxlılar yasda çaxır içirlər. Bilmirəm düzdür ya uydurma. Amma tovuzun sərxoş olmağını mötəbər şairimiz deyir və sevgilisini ona bənzədir. Bəlkə qız da gillədirmiş? Gillətməsəydi, niyə sərxoş tovuz kimi yeriyərdi?

“Vaqifəm, bədəndən canım dağılır”

Bunu oxuyanda çox güldüm. Vallah, elə bil, ki, erməni yazıb. Bədəndən can dağılır yoxsa çıxır? Nəsimi deyirdi “can ayrılır…”

“Görməyəndə din-imamım dağılır…”

Görməyəndə? Belə çıxır ki, tez-tez görürmüş? Bəs deyirdi gecə səhərəcən nalə eləyir? Əslində gərək din-iman sərxoş tovuz kimi yeriyən xanımı görəndə dağıla.

Elə deyil?

 

25. 09. 2025, Samara

SENTYABRDA OTUZ…

İsti nə gözəlmiş sentyabrda!

Yaydakı istidən deyil bu isti.

Nə təngiyir nəfəs, yandırır nə də,

Göyçək buludludur başımın üstü.

 +

Havadan gülşərab ətri duyuram,

Dərəcə otuz ya otuza yaxın.

Doyub-dolanmaran, nə qədər vuram,

Başım yerindədir, kefimsə yaxşı.

 +

Yaş da bu havada öz yaşım deyil,

(Mən bu möcüzəylə cavanlaşmışam.)

Otuzdur… uzağı üstə gəl beş il,

Gör nə hünərliyəm düşəndə axşam…

 +

Sümüyüm isinib, qaynayır qanım,

Kim belə istidən inciyə bilər?

“Jarko!” – inləyərək nazlı bir xanım,

Açıldı sonuncu düyməyə qədər…

 

24. 09. 2025, Samara

QASIM BƏY ZAKİRİN GÜLMƏLİ ŞEİRLƏRİ. «AY MƏDƏD!»

“Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay mədəd!”

Bir şey başa düşdünüz?  Deyək ki, Qasım bəy dostunun yolunda canını üzüb. Ancaq “məkana yetişməyib”. Hansı məkana? Bəlkə dostundan mükafat gözləyirmiş?

İkinci beyt:
“Sərasər əndamım mum tək əridi,
Eşq atəşi düşüb canə, ay mədəd!”

“Əndamım”  — yəni bədənim. Bədəni mum kimi əriyib, çünki “canə (cana yox, canə!) eşq atşi düşüb. Belə çıxır ki, birinci beytdəki “dost” xanım imiş. Qasım xanımdan ötrü canını üzüb, ancaq “məkana yetməyib”. Deməli, məkan mükafat deyil, Qasım bəy yəqin xanımdan ayrı şey istəyirmiş.

Ay lotu…
“Muradımın şükufəsi bitmədi”

Azərbaycancaya çevirsək, belə çıxar ki, Qasımın istəyinin qönçəsi bitməyib, çünki, mən bilən, “şükufə” “qönçə” deməkdir. Hərçənd qönçə bitməz, açılar…
“Bəlalı sərimdən sövda getmədi”

“Sərimdən” – yəni başımdan. Ağdamlı Qasım niyə “baş”sözünü byənmir, elmə məlum deyil…

Dalı (bəndin) çox maraqlıdır:
“Yetər oldu ömür başə, yetmədi
Əlim zülfi-pərişanə, ay mədəd!”

Yəni Qasımın ömrü başa çatıb, ancaq sevgilisinin dağılmış saçlarını əlinə ala bilməyib…

Məşədi İbad demişkən, çox gözəl, çox pakizə…

Azərbaycanlı kişilər sevgidən havalı olanda xanımın saçına sığal çəkirdilər, hava dağılan kimi, elə bu saçı əllərinə dolayıb xanımı sürüyürdülər. “Danabaş kəndinin əhvalatlarında” Xudayar bəy arvadı saçlamaq üzrə master-klas göstərir…
“Qalmışam göz yolda, könül intizar,
Qəm tutub yaxamı hər yana dartar”

Burası aydındır. Qəm Qasımın yaxasından tutub hər yana dartar. Eyni istiqamətdə dartmır ki, başı gizəllənməsin…
“Mən bilmənəm necə bağlanıb yollar,
Bir gələn yox bu viranə, ay mədəd!”

Aha! Yollar bağlanıbmış…
“Ayrı düşmək vətənindən yamandı”

Yadınıza salım ki, Qasım bəy üç ay sürgündə olub. Özü də Sibirdə, Maqadanda yox, Bakı şəhərində. Bu üç ay sürgünün ah-zarını biz iki əsrdir ki, eşidirik…
“Diyari-ğürbətda öldüm, amandı!”

Burda Qasım bəy ağını çıxarıb…
Axırda görün nə deyir:
“O qaşları yayı sevəndən bəri”
Şikəstə Zakirəm, ahım əsəri
Od salıbdı asimanə, ay mədəd!”

Yuxarıda demişdi ki, bədəni mum kimi əriyib. Mum kimi ərimiş adamın odu “asimana”, yəni göylərə necə od sala bilər?

Qasım bəyə niyə şair, özü də klassik statuslu şair deyirlər – başa düşə bilmirəm. Onun yazdıqları ancaq uşağın da, böyüyün də tərbiyəsinə, yəni estetik tərbiyəsinə ancaq ziyan vura bilər…

X.X.

23. 09. 2025, Samara

«ÖLÜR GÖY GÖYƏRÇİN, ÇÖL GÖYƏRÇİNİ…»

Gəzinti zamanı, az qala hər gün,
Yolun ortasında səkidə ya da,
Görürəm sərilib ölü göyərçin,
Qan qızarır sınıq qanadlarında.

 +

Pişik boğan da var, maşın vuran da,
Uşaq atan daşa hansısa qurban.

Zəhər yeyib ölüb bəlkə biri də,

İndi yem dağılır içalatından…

 +

Ölür göy göyərçin, çöl göyərçini,
Ömrü də uzağı üç il-beş ildir.

Dünən fəvvarədə sevincək çimən,

Yaxılıb asfalta, cəsəddir indi.

 +

Gözucu baxmadan adamlar keçir,
Nəcib, ağ deyil ki, kədərləndirə.
Gəlincə növbəti süpürgəçilər,

Yapışıb qalacaq öldüyü yerə.

 +

Keçirik… az deyil baxan bəlkə də,
Kimsə oğrun baxır, gözucu kimsə.

Öz yatağında  öl, ya da səkidə —

Quşdan ölümünlə fərqli deyilsən…

 

21. 09. 2025, Samara

 

QASIM BƏY ZAKİRİN GÜLMƏLİ ŞEİRLƏRİ. «QUZU QYRUĞU TƏK NAZİKÜ YUMŞAQ»…

Qasım bəy Zakirin çox gülməli şeirlərindən biri “gərək” rədifli qoşmadır. Bu əsərində Qasım bəy qadın gözəlliyi üzrə kompotent ekspert kimi çıxış edir. Və gözəliyin əlamətlərini bir-bir sadalayır. Onun fikrincə, gözəl gərək “əvvəl aşiqinə mehriban, başqalarına biganə ola”.  Yəni Əliağa Vahidin gözəlləri kimi gündə bir əğyarla gəzməyə.

 Şeirin ikinci bəndi 18 yaşa çatmamışlar üçün deyil!

“Gözəlin büllur tək gərək bədəni”.

Bilinir ki, Qasım bəy çox tələbkardır. Hərçənd “büllur tək” deyəndə şairin konkret nəyi nəzərdə tutduğunu bilmək olmur: bədənin ağlığı? Büllur kimi sürüşkənliyə qədər hamar olmağı?
“Eyləyə özünə heyran görəni”.

Burda Qasım bəy cızıqdan çıxır. Necə yəni “görəni heyran eləyə”? Gözəl çılpaq gəzməlidir? Biz bilirik ki, müsəlman qadının bədənini heç əri də görmür… Qasım bəy hansı gözəldən danışır?
“Yarlı-yaraşıqlı boyu, gərdəni,
Nə uzun, nə gödək, miyanə gərək”.

Gödəyi Qasım bəy gözəl saymır, bunu başa düşdük. Bəs ucaboylu niyə gözəl deyil? Niyə gərək gözəl “miyanə”, yəni ortaboylu ola? Çünki “miyanə” rədifdir?
“Ənbər xəcil ola zülfü buyindən”
Yəni gözəin saçları ətirli olmalıdır…

“Canlar təzələnə göftüguyindən.
Sözünün hər biri dürdanə gərək.”

Yəni gərək gözəlin danışığından canlar təzələnə, hər sözü inci ola. Yəni Qasım bəy deyən gözəl Ərəstun, Əflatun kimi müdrik olmalıdır…

Dalı (qoşmanın) çox ziddiyətli və hətta mən deyərdim ki, cinayət tərkiblidir. Özünüz baxın:
“Mərifətdə kamil, sinndə uşaq”

Qasım bəy gözəli Əflatun, daha doğrusu Platon kmi ağıllı görmək istəsə də, onun uşaq yaşda olmağını istəyir. Vallah, mən olmayam, ola ayrı adam, burda pedofillik görər… Buna gərək hüquqşünaslar baxalar…

“Quzu quyruğu tək nazikü yumşaq.
Lərzə verə cismi hər yanə gərək.”

Mən başa düşürəm bu Qasım bəy nə demək istəyir, ancaq açıb deyə bilmirəm. Sonra yapışarlar yaxamdan ki, Qasım bəy demişdi-demişdi, sən niyə bilməyənə də bildirirsən…

Quzu quyruğu kimi yumşaq... Vallah, köhnə kişilərimiz qurman olublar…

İndi baxaq qoşmanın son bəndinə.

“Zakir, nə yamandır halı dünyanın,
Əskik olmaz qalmaqalı dünyanın”

Bu iki misranın gözəllərin yuxarıda sadalanan tərifləri ilə nə əlaqəsi var? Qalmaqal əskik olmur…Əlbəttə, əskik olmaz. Sən az yaşlı, ağ bədəni quyruq kimi yumşaq olan gözəl istəyəndə hardan əskik olar…

Adını da bəy qoyub…

 

19. 09. 2025, Samara

«QOCADAN «NECƏSƏN?» SORUŞAN İNSAN…»

Qocadan “necəsən” soruşan insan,

Qoca necə olar? Özün fikirləş…

Eynidir, həmindir haçan soruşsan,
Qar yağa ya göydən od tökə günəş…

+

Haldan-hala düşmək cavana xasdır,

Yasla toy arası məsafə — bir an.

Qanadı qırılmış indi quşsa da,
Ala buludlarda üzər bir azdan.

+

Özü necəlikdir qocalıq elə,

Gəlir fəsil kimi, dəyişmir ancaq.

Bax, quruyub durub necə qüssəli,

Əli baltalını gözləyən ağac…

17. 09. 2025, Samara