Архив | 19.09.2025

QASIM BƏY ZAKİRİN GÜLMƏLİ ŞEİRLƏRİ. «QUZU QYRUĞU TƏK NAZİKÜ YUMŞAQ»…

Qasım bəy Zakirin çox gülməli şeirlərindən biri “gərək” rədifli qoşmadır. Bu əsərində Qasım bəy qadın gözəlliyi üzrə kompotent ekspert kimi çıxış edir. Və gözəliyin əlamətlərini bir-bir sadalayır. Onun fikrincə, gözəl gərək “əvvəl aşiqinə mehriban, başqalarına biganə ola”.  Yəni Əliağa Vahidin gözəlləri kimi gündə bir əğyarla gəzməyə.

 Şeirin ikinci bəndi 18 yaşa çatmamışlar üçün deyil!

“Gözəlin büllur tək gərək bədəni”.

Bilinir ki, Qasım bəy çox tələbkardır. Hərçənd “büllur tək” deyəndə şairin konkret nəyi nəzərdə tutduğunu bilmək olmur: bədənin ağlığı? Büllur kimi sürüşkənliyə qədər hamar olmağı?
“Eyləyə özünə heyran görəni”.

Burda Qasım bəy cızıqdan çıxır. Necə yəni “görəni heyran eləyə”? Gözəl çılpaq gəzməlidir? Biz bilirik ki, müsəlman qadının bədənini heç əri də görmür… Qasım bəy hansı gözəldən danışır?
“Yarlı-yaraşıqlı boyu, gərdəni,
Nə uzun, nə gödək, miyanə gərək”.

Gödəyi Qasım bəy gözəl saymır, bunu başa düşdük. Bəs ucaboylu niyə gözəl deyil? Niyə gərək gözəl “miyanə”, yəni ortaboylu ola? Çünki “miyanə” rədifdir?
“Ənbər xəcil ola zülfü buyindən”
Yəni gözəin saçları ətirli olmalıdır…

“Canlar təzələnə göftüguyindən.
Sözünün hər biri dürdanə gərək.”

Yəni gərək gözəlin danışığından canlar təzələnə, hər sözü inci ola. Yəni Qasım bəy deyən gözəl Ərəstun, Əflatun kimi müdrik olmalıdır…

Dalı (qoşmanın) çox ziddiyətli və hətta mən deyərdim ki, cinayət tərkiblidir. Özünüz baxın:
“Mərifətdə kamil, sinndə uşaq”

Qasım bəy gözəli Əflatun, daha doğrusu Platon kmi ağıllı görmək istəsə də, onun uşaq yaşda olmağını istəyir. Vallah, mən olmayam, ola ayrı adam, burda pedofillik görər… Buna gərək hüquqşünaslar baxalar…

“Quzu quyruğu tək nazikü yumşaq.
Lərzə verə cismi hər yanə gərək.”

Mən başa düşürəm bu Qasım bəy nə demək istəyir, ancaq açıb deyə bilmirəm. Sonra yapışarlar yaxamdan ki, Qasım bəy demişdi-demişdi, sən niyə bilməyənə də bildirirsən…

Quzu quyruğu kimi yumşaq... Vallah, köhnə kişilərimiz qurman olublar…

İndi baxaq qoşmanın son bəndinə.

“Zakir, nə yamandır halı dünyanın,
Əskik olmaz qalmaqalı dünyanın”

Bu iki misranın gözəllərin yuxarıda sadalanan tərifləri ilə nə əlaqəsi var? Qalmaqal əskik olmur…Əlbəttə, əskik olmaz. Sən az yaşlı, ağ bədəni quyruq kimi yumşaq olan gözəl istəyəndə hardan əskik olar…

Adını da bəy qoyub…

 

19. 09. 2025, Samara