Архив | Сентябрь 2025

QASIM BƏY ZAKİRİN GÜLMƏLİ ŞEİRLƏRİ. «DEDİN, NƏ DEDİ»

Qasım bəy Zakirin orta məktəb dərsliyinə salınmış “şeir”lərindən biri də “Dedin, nə dedi” rədifli qoşmasıdır.

Qoşmanın birinci misralarından məlum olur ki, şair sevgilisinə “badi-səba”, yəni səhər küləyi ilə ismarış göndəribmiş, yəqin bir gün sonra və ya haçan səhər küləyi əsəndə ismarışının cavabını soruşur. Keçmişin aşiqləri üçün səhər küləyi indinin e-mail-i kimi bir şey imiş.

“Badi-səba, mənim dərdi-dilimi
Ol büti-zibayə dedin, nə dedi?”

Qasım bəy Zakir, Allah günahından keçsin, elə yazır ki, elə bil qarabağlı deyil, Məşhəddə ya Xorasanda boya-başa çatıb. “Büti-ziba” – yəqin ki, gözəl büt ya gözəl sənəmdir. Yəni Zakir sevgilisini bütə bənzədir. Bütlər haçan olublarsa, yəqin çox gözəl olublar.
“Ahü-naləm asimana yetdiyin
Gərdəni minayə dedin, nə dedi?”

Yəni mənim nalə və ahımın göylərə qalxdığını demisənmi…

İlahi, bu nə zülmdür biz Azərbaycan uşaqlarına eləyirik?

“Gərdəni mina” – yəni bədəni şirnayı kimi olan xanım? Bunu uşağa deyəsən? Çox vacibdir?

“Onun həsrətindən rəngi-alımın,
Döndüyün heyvayə dedin, nə dedi?”

Burda Qasım bəyin ustalığı, yəni sənətkarlığı fəvvarə vurur. Qasım bəy ona qədər mövcud olmamış izafət yaradır: rəngi-al”. Əlbəttə, fars buna gülər, ancaq bizim uşaq nə bilir fars izafəti nədir, Qasım bəy qondaran izafət nə dərəcədə yöndəmsizdir. Yox, bizim uşaq buna gülə bilməz, gülsə, müəllim onun dədəsini polisə verər…

Belə çıxır ki, Qasım bəiyn rəngi al imiş, yəni qırmızı imiş, zalım gözələ vurulandan heyvaya dönüb, yəni saralıb.

Burdan nə nəticə çıxır? O nəticə çıxır ki, rəssamlar klassikimizin üzünü ya qırmızı ya da sarı rəngdə çəkməlidirlər. Belə deyil?

“Görsə idin, varmı məni bimarə,
Nüsxeyi-hüsnündə onun bir çarə”

Bu beyti başa düşməyə çalışan uşaq beyin qrıjası ala bilər, buna şübhə la bilməz. Burda anlaşılan nədir? Anlaşılan odur ki, şair bimardır, yəni yataq xəstəsidir (bəs səhər küləyi ilə necə danışır, bunun üçün çölə çıxmalıdır axı?). Yeldən soruşur ki, sən mənim yarımın üzündə mənim xəstəliyimin müaicəsini gördünmü…
“Dildə iztirabə, təndə buxarə,
Sərimdə sevdayə dedin, nə dedi?”

“Sərimdə” – yəni eşqim vurub başıma.. Bu qarabağlı inadla “baş” sözündən qaçır, “sər” işlədir. Niyə? Bu farspərəstliklə Qasım bəyin rus ordusuna girib İrana qarşı müharibədə iştirak etməsi necə bir araya sığır?

Və bimarda, yəni yataq xəstəsində nə eşq?
“Sərasər fələyin şəmsü mahına,
Tamam yer üzünün qibləgahına,
Zakirin əhvalın xublar şahına
Ağlaya-ağlaya dedin, nə dedi?”

Vallah, belə mətnlər uşaqları ruhi xəstələyə salar, yəni dəli elər. Müəllimləri demirəm, çünki müəllimlər arasında ağıllı adam az olar, ağıllılar da özlərini dəliliyə qoyurlar ki, bu dövrü, bu rejimi, bu proqramları, bu dərslikləri, nazirliyi və lap yuxarını yola versinlər…

“Fələyin şəmsü-mahı” – yəqin burda ayla günəş nəzərdə tutulur, Zakir inadla azərbaycanca danışmaqdan imtina edir.

“Yer üzünü qibləgahı”nın nə olduğunu və harda yerlərşdiuyini bilmirəm. Bunu təhsil naziri də bilməz…

“xublar şahı” – yəni gözəllərin şahı? Bəlkə gözəllər gözəli?

Və badi-səba, yəni səhər yeli bütün bu cəfəngiyyatı ağlaya-ağlaya deməliymiş…

İlahi, bizim günahımız nədir ki, onlarla cızmaqaraçıya “klassik” deməliyik və onların cızmaqaralarıyla niyə sərimizi xarab eləməliyik.

Sərimizi – yəni başımızı…Vallah, belə “şeir”ləri çox oxusan, elə başını itirərsən…

15. 09. 2025, Samara

GÜLMƏLİ ŞEİRLƏR: QASIM BƏY ZAKİR. «DURNALAR»

Qasım bəy Zakirin dərsliklərə salınan şeirlərinə baxıram, qalıram məəttəl. Eyni zamanda vacib bir məsələnin həlli mənə aydın olur. Məəttəl ona görə qalıram ki, Qasım bəy Zakirə məxsus mətnlərdən şagirdə bir xeyir gəlməz — əgər biz şagirdin estetik tərbiyəsində maraqlıyıqsa. Aydın olan Azərbaycanın müasir poeziyasının (yazılanlara poeziya demək mümkündürsə) fəlakətli səviyyəsidir. Zakirin şeirləri kimi mətnlərdən dərs alanlardan ayrı şey gözləmək olmaz.

Baxaq Qasım bəyin “durnalar” rədifli qoşmasına.

“Bir saat havada qanad saxlayın”.

Yadınızdadırsa, Molla Pənah Vaqinfin də “Durnalar” qoşması var. Belə başlanır: “Bz zaman havada qanad saxlayın”. Zakir “zaman”ı “saata”la əvəz edib ki, oğurluğunu tutmasınlar? Ya bəlkə Vaqif şeirini kasıb vaxtında yazıb, saatı olmayb, Zakir isə bəydir, saatı, yəqin ki, olub, bəlkə xidmətlərində olduğu ruslar bağışlayıblar. Ona görə durnalara konkret vaxt verir. Hə?

Bunu qoyaq qırağa. “Zaman”da eyri-müəyyənlik var. Bir saniyə də zamandır, min il də. Yəni Vaqif “bir zaman” deyəndə biz bunu “bir an” kimi eşidirik ya oxuyuruq. Ancaq “saat” konkret zaman ölçüsüdür və altmış dəqiqəyə bərabərdir. Yəni Qasım bəy təvəqqe edur ki, durnalar havada altmış dəqiqə donub qalsınlar. Belə yerdə klassik deyib: “insaf da yaxşı şeydir…”

Dalına (qoşmanın) baxaq:
“Nizam ilə gedən qoşa durnalar!”

“Qoşa durna” nə qədərdir? Bir cüt deyil?
Sonra:

“Qatarlaşıb nə diyardan gəlirsiz,
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?”

Qoşa durna necə qatarlaşar? Qatar ən azı əlli-altmış quşdur…

Yadda saxlayın ki, durnalar qaqqıldşaırlar….

Qasım bəy sualının cavabını gözləmədən keçir əsas məsələyə. Yəni eşq məsələsinə.
“Mən sevmişəm onun ala gözünü”

“Onun” – kimin? Məşədi İbad demişkən, “o” kişidir ya arvaddır?
“Yoxsa danışırsız dilbər sözünü”

Yəni Zakir güman edir ki, durnalar bəlkə yarın sözünü danışırlar.

Qaqqıldaşa-qaqqıldaşa?

İndi sual verirəm: durnalar qaqqıldaşırlar? Qazlar qaqqıldaşırlar, bunu bilirəm. Kənddə başımın üstündən durna qatarı çox keçib. Durnalar qaqqıldaşmırlar…Deyəsən, qıyya çəkirlər. Ürək üzülür…
“Diyari-qürbətdə müddətdi varam”

Qasım bəy Zakir üç ay sürgündə olub. Yəqin bilirsiniz harda. Bakı şəhərində…Bunun eybi yox. Bakı elə mənə də qürbət kimi gəlirdi…
“Gecə-gündüz canan deyib ağlaram”

Bakıya sürgün olunanda Zakirin altmış beş yaşı olub. Bu yaşda “canan” deyib ağlayarlar? Zakirin ailəsi Şuşada qalıbmış, Zakir gərək nəvələri üçün ağlayaydı…
“Mən də sizin kimi qəribü zaram”
Köçəri quşa nə qəriblik?

“Zakirəm, od tutub alışdı cigər”

Ürəyin yanmağını başa düşmək olar. Bəs cigərin? Cigər çox tütün ya ayrı şey çəkməkdən yanar – mən belə başa düşürəm. Çünki özüm gənclikdə tütün çəkən olmuşam…

“Təğafül etməyin, Allahı sevər,
Dönməsin bağrınız daşa, durnalar!”

Birinci misraya baxın: elə bil inturist yazıb, azərbaycanılı “Allahı sevərsinizsə” yazmalıydı…

Yəni bu mətndə, rus (lənət şeytana) demişkən, “poeziya gecələməyib”. Kişi gücənib-gücənib bu mətni qondarıb. Biz də bu kişinin adını qoymuşuq klassik, yazdıqlarını dərsliyə salıb uşaqlarımızın estetik tərbiyəsini pozuruq.

Burda cinayət tərkibi yoxdurmu?

O ki qaldı Vaqifə, Vaqif, əlbəttə, əsl şair olub. Buna söz yoxdur. Ancaq konkret “Durnalar” şeirindən söhbət gedirsə, o da qüsursuz deyil.

Baxaq. Yadınızdadırsa, Vaqif əvvəldə durnalardan soruşurdu ki, “Qatarlaşıb nə diyardan gəlirsiz?” Yəni düşünmək olar ki, Vaqif ya Qazaxdadır, ya Şuşada.

Sonra:

“Sizə müştaq durur Bağdad elləri,
Gözləyə-gözləyə qalıb yolları”

Bir şey başa düşdünüz? Durnalar hardan gəlirlər? Vaqif Bağdaddadır?

Mən başa düşmədim. Müəllim uşaqlara gərək deyə ki, şeirin burası dolaşıqdır. Ancaq deməyəcək. Çünki kölə təfəkkürlüdür. Vaqif klassik statusludursa, onun şeirində dolaşıqlıq ola bilməz… Prezidentin daxili və xarici siyasəti kimi…
“Mən sevmişəm ala gözün sürməsin”

Fikir verin: Vaqif gözü sevməyib, gözə çəkilmiş sürməni sevib…Sürmə sevən kişiyə nə ad verəsən…

Hər halda Vaqifn qoşmasına şeir demək olar, Zakirinkinə yox. Demək olmaz, vəssalam…

14. 09. 2025, Samara

«BƏS QOCANIN NƏDİR MƏŞĞULİYYƏTİ…»

Bəllidir cavanın işi-peşəsi:

Çalışır, yaradır, sevişir cavan,

Həvəs çox, zamandır təkcə çatmayan,
Tələsir, o, yerlə, göylə əlləşir.

 +

Bəs qocanın nədir məşğuliyyəti? –

Elə ki, cavanlıq qalır arxada,

O, daim zamanla əlbəyaxadır,
Sevginin, yuxunun itib ləzzəti.

 +

Pompey əsgəri tək o keşik çəkər,

İzləyər saatda dəqiqələri,
Seçər yerişini əqrəbin belə,

Günün axırına çıxana qədər.

 +

Əsl ölüm-dirim savaşı gedir,

Gəlir zülmətiylə elə ki, gecə.
Yuxuya getməmiş ayılır qoca,
Gözü saatda və pəncərədədir.

 +

Qoca sinirlidir göy buludlusa,

Yağış nəmi duyur evin içində,
Ulduzlar yanırsa, kefi həmindir –

Vurub tökər yerə əlacı olsa…

 +

Səhər açılanda yenilir gecə,

Hava qaralanda basılır səhər,
Zamanla döyüşdə qazanır zəfər,

Müharibənisə uduzar qoca.

 

10. 09. 2025, Samara

ƏLİYEV 3 MİN KİLOMETRLİK SƏRHƏDİ BAĞLAYA BİLİR, YEDDİ METR İYİRMİ SANTİMETRLİK QAPINI YOX…

Azərbaycanın quru sərhədlərinin uzunluğu təxminən 2674 kilometrdir. İlham Əliyev bu uzunluqda sərhədi neçə ildir ki, qıfıllayıb, açarını qoyub cibinə, millət adaxlıbazlığığa getmiş Məşədi İbad kimi qalıb hasarın o tayından baxa-baxa.

Və elə Məşədi İbadın özü dümişkən: çox, gözəl, çox pakizə!

Maraqlıdır, niyə bəs İlham Əliyev cəmi yeddi metr iyirmi santimetr uzynluqada qapını bağlaya bilmir ki, Sumqayıt qədər əhalisi olan İslandiya bu qapıya beş top vurur? Hə?

Və əgər bu qapı hər kəsin üzünə açıqdırsa, niyə millimidə qapıçı vəzifəsi ləğv olunmur və qapıçıya havayı yerə bir ətək pul verilir?

Biz İlham Əliyevdən xahiş edirik ki, sərhədləri necə bağlayıbsa, millimizin də qapısını elə bağlasın. Yox, bağlaya bilmirsə, başqa ölkələrdə olan şəraiti Azərbaycanda da yaratsın. Daha doğrusu, İspaniyada ya Fransadakı şəraitin Azərbaycanda yaranmağına mane olmasın. Yəni Azərbaycanda azad, rəqabətli iqtisadiyyat olsun, azad bizneslər olsun, azad bizneslər idmana investisiya qoya bilsinlər, ölkədə futbolun kütləviliyi təmin edilsin. Axı Azərbaycanda futbol yoxdur! “Qarabağ” sərgi üçün yığılmış nümunə kimi bir şeydir. Elə bil ki, Çin ya Koreyadan gətirilmiş hissələrdən bir avtomobil yığmısan, deyirsən mənim avtomobil sənayem var. Yox, sənin avtomobil sənayen yoxdur! Sənin futbolun yoxdur! Sənin komandalırn əldəqayırmadır, necə yarandıqları, necə maliyyələşdirildikləri məlum deyil, oyunlar boş standionlarda keçirilir, stadionlar bərbaddır, hətta Qarabağın oynadığı stadinonda elə bil ki, naxır otarılmışdı…

Cənab Əliyev! Əlini çək millətin yaxasından, millət boğuldu…

Ya da özün millinin qapısında dur. Biz daha biabır olduq…

Mirzə ƏLİL

06. 09. 2025, Samara

«YURDDA OLMADIĞIM ARTIQ ON İLDİR…»

On il nə qədərdir? Bu, çox ya azdır?

Bir itin ömrüdür, məsələn, on il,

İtin günü kimi keçə də bilir,

Kiməsə bu müddət həmişə yazdır.

 +

Ev tikər, bağ salar zirək on ilə,
Gül kimi uşaqlar bəzər həyəti.

Günlərin bir günü ölməsə iti,
Haçan keçdi on il – çətin ki, bilə…

 +

Stalin  dövründə prokurorlar,

Tələb elərdilər adətən on il.

Hər iki ölkəmdə bu iş həmindir —

İtin günündəsən it ömrü qədər….

 +

Bir dəli başlayan müharibənin,
Yatırılmğına on il ya çox var.

Qum saatındakı qumdur adamlar,
Sızarlar, sayları bilinməz yəqin.

 +

Yurdda olmadığım artıq on ildir,
Arada elə bil Çin divarı var.

Çin iki min ilə yaradan divar,

Qəlbdə onca ilə ucala bilir…

 06. 09. 2025, Samara

SMS ALMIŞAM FÖVQƏLADƏDƏN…

SMS almışam Fövqəladədən,

Xəbərdarlıq edir o, lütfən mənə:

Yağış gözlənilir axşama yenə,
İstisna edilmir dolu da hərçənd.

 +

Ciddi narahatdr hava saytı da:

“Çıxsan, çətirini unutma” deyir.

Hava məlumatı qadağan deyil,

Rusiyada hələ, şükr Allaha.

 +

Və şükr Allaha, burda hələ ki,
Göydən yağış yağır və dolu hərdən,

Unudub çətiri götürməsən də,
Yoxdur həyatına ciddi təhlükə.

 +

Hələ aralıdan keçir dronlar,
Hələ biz deyiliK, hədəfdə, şükr.

Hardasa raketlər yükünü tökür,

Hələ ayrı yerlər bombalanırlar.

 +

Hava barəsində xəbər tək indi,
Cəbhə xəbərləri burda izlənər.

Mövsümə uyğunsa üst-başın əgər,

Rahat işindəsən ya gəzməyində.

 +

Bir harın bahalı maşında bəlkə,
Səni basar suya keçib yanından.

Darıxma, düşün ki, elə bu anda,
Dronlar harasa yükünü tökər…

 04.09. 2025, Samara

 

KRUİZ

Axşam düşüb, qaralıb Volqanın suları da,
Tələsmədən teploxod keçir dörd göyərtəli.

Haçansa beləsində üzmüşəm, yadımdadır,
Elə çoxdan olub ki, mənə yuxu tək gəlir…

+
Hələ sərnişinlərin yuxu vaxtı deyildir,

İşıqları gur yanır, çıraqban gedir gəmi.

Bürclərin ən parlağı qopub enib elə bil,

Qaranlıqdır göy üzü indi yer üzü kimi.

 +

Nə həngamə, nə kef var, indi o teploxodda!

Kayuta, göyərtəyə sığmır orda sərnişin!

Üç gün, dörd gün çəkəcək kruiz, artıq ya da,

Qayğılar unudulmuş, hamı tox və hamı şən…

 +

Bax belə bir gəmiyə yer kürəmiz də dönə,
Parlayaraq dolaşaq fəzanı gündüz, gecə.

Nə bir qarnı ac olan var, qana susayan nə,

Ömrümüz kruiz tək keçib bitə eləcə….

 +

Kruiz həyatını vəd edənlər çox olub,
Kommunizm deyən də olub belə istəyə.

İnananları sonra truyumlara doldurub,

Şimallarda, Sibirdə göndəriblər ölməyə…

 01. 09. 2925, Samara