Bülbül gülü sevir, qurbağanı div,
Oğlan qıza aşiq, kişi arvada.
Soydaşım da Türkü eləcə sevir,
Yatmaz ayrısına qəlbi dünyada.
+
Onun beyninin də Türkdür hakimi,
Fikri elə Türkdür səhər ya axşam.
Gecə gözlərini qapayan kimi,
Türkü yuxusunda görür soydaşım.
+
Ev adamlarına soyuq və yaddır,
Qanlı-bıçaqlıdır qonşularıyla.
Ona Türk atadır, həm də anadır,
Bacı-qardaşıyla qonuşmur ayla.
+
Qurub-yaratmağa əzmi yox, ancaq
Deyir Türk yaradıb, nə yaranıbsa.
Yer kürəsindən də Türk olub qabaq,
Kökü gedib çıxar yəqin ki, Marsa.
+
Gələcək Türkündür, deyir arxayın,
İdarə edəcək Türk planeti.
Hamı Çin dilində danışar yəqin,
Başada oturacaq Türk hökuməti.
+
Bülbül gülə aşiq, qurbaya div,
Təkcə Türkü sevir soydaşım ancaq.
Başqa kimi desən, tez tapıb eyib,
Səni də, məni də inandıracaq.
+
Qazaxı, türkməni sevmir, özbəyə,
Neqativ, mənfidir münasibəti.
Başqırda, tatara qıyğagöz deyər,
Çuvaşı, yakutu bəyənməz qəti…
22.01. 2026, Samara
