İşıq var — mənbəyi zəka, ağıldır,
Var iti tiyədən yarananı da.
Gur işıq parlayıb zülməti yardı,
Bir zaman ilğımlı yarımadada.
+
Neçə minlər idi qılınc tiyəsi,
Oynayır, şimşək tək çaxır hər biri.
Tiyə işığını tiyə yiyəsi,
Tutaraq durmadan gedir irəli…
+
Zəka işığı da, şübhəsiz, yanıb,
Sübutlar az deyil – səhih, tarixi.
Bəs bu qaranlığın mənbəyi hanı? –
Niyə büdrəyirik kor kimi axı?
+
Bir zaman Çernobl stansiyası,
Məgər deyilmiydi işıq mənbəyi?
Elə ki, baş verdi nüvə qəzası,
Külə çevirdi o, canlı hər şeyi…
+
Biz haçan qəzaya uğradıq belə? —
Yada təhlükəyik, özümüzə həm.
Çalma əsarəti, vətəndaş – kölə,
Ölkə türmə kimi – qıfılı möhkəm.
+
Kimlər cəhənnəmə çevirib belə
Möhtəşəm İranı, əvəzindısə,
Ərəb cənnətini vəd edir hələ? —
İransa qan qusan vərəmli xəstə…
10. 02. 2026, Samara
