«TAĞIYEV DƏ, ƏSLİNƏ QALSA, İMPERİALDI…»

Bizdən olsa da, bizə bənzəməyən bu insan,

Nə ilə fərqlənirdi bu günün adamından?

Kiçildir, cırlaşdırır bizi elə bil zaman,

Və əksinə, böyüyür Tağıyev Zeynalabdin.

 

Böyük imperiyanın o kişi sakiniydi,

Elə imperiyaya uyğun miqyası vardı.

Nə ölkə bağlı idi, təbəələri nə də,

Tağıyev də, əslinə qalsa, imperialdı…

 

 

Tağıyev keçməmişdi Prokrust yatağından,
Boyuna, sanbalına yoxdu məhdudiyyəti.

İmperiya sayaqdı imperiyalı insan,

Genişlənmək, böyümək, ucalmaqdı niyyəti.

 

Tək o yox. Üzeyir də, elə Mirzə Cəlil də —

Böyük imperiyanın övladı idi onlar.

Prokrust kimdir, nədir – bilmədən böyüdülər,

Miqyasda və dəyərdə hər biri imperial.

 

Prokrust əsiridir millətim bir əsrdir,
Kəsilir, düzəldilir eyni ölçüdə hamı.

Prokrust yatağına ölkə çevrilib indi,

Yaddaşlarda yaşayır imperiya adamı.

04.03. 2026, Samara