SİNİF YOLDAŞIM MƏTLƏBİN XATİRƏSİNƏ

Rəsmi adı Alkişi olan Mətləbin ölüm xəbərindən çox məyus oldum. Mətləb mənim sinif yoldaşım idi.

Biz birinci sinfə 1960-cı ildə getmişik. Sonralar yerində mağaza tikilmiş məktəbin yuxarı, 5-7-ci sinifləri təzə məktəbə köçmüşdülər. İbdiai siniflər isə çiy kərpicdən tikilmiş və sökülüb-dağılmaqda olan köhnədə dərs keçirdilər. İndi, eşitdiyimə görə, istifadəsiz qalan “təzə məktəb” əslində Məmmədyarov adına kolxoz üçün idarə binası kimi tikilirdi. Tikini yarımçıq ikən kolxoz ləğv olundu və binanı məktəbə verdilər. Tədricən, idarə kimi tikilən, hətta akt zalı olan binanı məktəbin ehtiyclarına uyğunlaşdırdılar. Səhnəsi də olan akt zalından sinif otaqları düzəltdilər. İlk aylar orda buraxılış sinfi olan yeddincilər məşğul olurdular. Yazda aşağı siniflər də təzəyə köçəndən sonra yeddincilərin səhnəyə çıxıb qaçdı-tutdu oynadıqlarını görmüşəm. Mənim bacım Ağənnə, Mətləbin bacısı Mənsurə o sinifdə idilər. Əlbəttə, dərs vaxtı da, oynayanda da Mənsurənin fikri Mətləbin yanında olmalıydı. Mətləb ailənin həm sonbeşiyi, həm də beş bacının tək qardaşı idi. Bir sözlə, əziz-girami!

Mətləb qurbanla, nəzirlə doğulmuşdu və dünyaya gələndən sonra da hər xırda addımına nəzir deyilir, iri addımlarına qurban kəsilirdi. Doğulandan evlənənə qədər və ondan sonra öz uşaqları olana qədər Mətləb üçün kəsilən  və sonra özünün kəsdiyi qurbanlardan yekə bir sürü yarana bilərdi…

1960-cı ildə kənddə işıq yox idi. Dərslərimizi neft lampasının işığında yazıb-oxuyurduq. Ailələr böyük idi, bir lampanın işığı hamıya çatmırdı, itələşmə, süpürləşmə də ola bilərdi… Şübhə etmirəm ki, Mətləb dərs hazırlayanda Nisə xala onun ətrafında dörd-beş lampa yandırırmış, özü də yekələrindən…

Kənd uşaqlarının o vaxtlar birinciyə getməyi necə olurdu? Səhər deyinə-deyinə, sağa-sola qarğış eləyə-eləyə durğuzur, bir tikə yavan çörəyi çantaya qoyur, dalına dürtmə vurub yola salırdılar. Mətləbin birinciyə gəlməyi ayrı cür oldu. Onu Salyana aparıb məsciddə nəzir paylamışdılar, qurban kəsmişdilər. Başının ortasında yeddi il ərzində saxlanılan bir çəngə tükü də qırxmışdılar. Mətləb məktəbə sifarişlə tikilmiş ayaqqabıda, alverçilərdən alınmış bahalı paltarlarda gəldi. Mənə elə gəlir ki, Mətləbin Salyanda şəxsi dəlləyi, şəxsi dərzisi, şəxsi çəkməçisi vardı…

Bunlar niyə yazıram? Mən sonralar, çox sonralar Mətləbin çox qayğılı, çox gərgin həyat yaşadığını eşidirdim. Kənddə kimin həyatı yüngüdür ki… Bunları yazıram ki, Mətləbin uşaqlıq illərində ailəsindən, yaxınlarından nə qədər sevgi gördüyünü xatırladım.Yaxşı geyim də, yeyim də nemətdir. Ancaq sevgi nemətlərin ən qiymətlisidir. Bu mənada Mətləbin xoşbəxt uşaqlığı və gəncliyi olub və güman edirəm ki, bu xoşbəxt həyatın xatirələri onun ailə başçısı kimi tükənməz qayğılarını yüngülləşdirib. Və həmçinin güman edirəm ki, Mətləb onu bəlkə də canlarından artıq sevən adamların qarşısında borclu qalmayıb…

Mətləb uzun müddət Kürün ağzında, onun Xəzərə töküldüyü yerdə yaşayıb, bəlkə dönə dönə çaya baxıb, dənizə baxıb, fikirləşib ki, hər şey hərdansa başlanır, hardasa, nəyəsə qovuşur, itmir…

Bəlkə insan da belədir…Bəlkə biz də itmirik. Ən azı xatirələrdə yaşayırıq. Mətləbin də xatirəsi çox adamın qəlbində yaşayar..

05. 03. 2026, Samara