Архив | 13.04.2026

ŞUBERT. “DİE FORELLE” (ALABALIQ)

Foreldən bişirilən yeməklərin sayı var? —
Hansı üsulla bişə, damaqda qalır dadı.

Dolmalana, buğlana – ölü bəlkə sağaldar,

Manqalda kömür üstdə qızart, tavada ya da.

 

 

Əntiq masanıın üstdə ağ krujevalı süfrə,
Çəngəl, bıçaq gümüşdən, qədim nimçələr çini.

Gedib çıxar içkinin yaşı da keçən əsrə —

Forel tələb edəndir dəsgahın beləsini…

 

Ayrı bir forel də var, bişirilməz, yeyilməz,

Ruhu qidalandırar, qanadlandırar həm də.

Gözlərinin önünə “Forel” dinəndə gəlməz,
Şamlar uşığında şam, təntənə və dəbdəbə.


Çayın ya da ki, gölün güzgü səthini dərhal,
“Forel”, səslənən kimi gətirər göz önünə.

Üzdükcə şəffaf suda axçaları parıldar,
Gah dərinə baş vurar, gah üzə çıxar yenə…

 

İki balıqla bir baxt beş min adam doyurdu

Həzrət İsa – inansaq, belə söyləyir İncil.

Şubertinsə “Forel”i milyonlara qidadır,

Əsrlər nədir, min il keçə, tükənən deyil…

 

13. 04. 2026, Samara