Архив по авторам | Xeyrulla Xəyal

ROBERT BERNS. NƏDİR AXI GÜNAHIM…

Robert Burns

1.

Varmı bir günahım? Günahım nədir?

Nədir suçum? Məni axı özü çağırdı!

Gəl, sağım yeinə gedək deyirdi,

Üzümə baxaraq yol qırağında.

Görəndə yox məndə bu işə cürət,

Gözümün içinə qorxağam dedi.

Bu halda nə Kilsə, nə də ki, Dövlət,
Hirsimi yatırda bilərdi indi.

2.

İtələyib güclə saldı  içəri,

Buyurdu olmasın gərək səs-səmir.

Dedi qaraqabaq və çox sərt əri,

Yoxdur evdə, uzaq bir səfərdədir.

Mən onu öpərək əzizləyərkən,

Matah tamahında olmuşam deyən,

Yerimdə olasan özün gərək sən,
Onda deyərsən ki, günahkaram mən.

3.

Bəlkə düşünərək bu iş ayıbdır,

Onu rədd edəydim qətiyyətlə mən?

O halda bəs şübhə yaranmazdımı,

Xalq içində mənim kişiliyimdən?

Tutub saçlarından sürüyür əri,

Üzünü göyərdir, həm də qanadır,

Əgər belə bir ev uzağa gedir,
Sizcə, neyləməli onun arvadı?

4.

Tünd göy gözlərini sildim onun mən,

Və lənət də dedim zalım alçağa,

Unuda bilmərəm ölən günəcən,

Necə şirin idi onun dodağı.

 Bazar ertəsində başladı bu iş,
Çıxdım ikinci gün mən ancaq ordan,

Gedirdim ki, vuram içim yanmamış,

Villinin yanında doyunca konyak.

 

ingiliscədən tərcümə

15-16.07. 2024, Samara

++++++++++++++

ROBERT BURNS

Had I The Wyte.


1.
Had I the wyte? had I the wyte?
Had I the wyte? she bade me!
She watch’d me by the hie-gate side,
And up the loan she shaw’d me;
And when I wadna venture in,
A coward loon she ca’d me!
Had Kirk and State been in the gate,
I’d lighted when she bade me.
Читать далее

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ: «XALQIMIZ XOŞ GÜNƏ ÇIXANDAN BƏRİ, LENİNİN ADIDIR DİLLƏR ƏZBƏRİ…»

Əliağa Vahidin şeirləri gülməli olduğu qədər aktualdır da. Məsələn, “Mənim səsim” şeiri. Bu qoşma hansı seçkilərəsə həsr olunub. Yaşı qırxdan az olanlar SSRİ-də necə gözəl seçkilər keçirildiyini bilmirlər. Heyf, çox heyf! Dünyanın heç yerində o seçkilərdən yox idi. Qərb ölkələrində seçki sistemini yaradıb təkmilləşdirmək üçün əsrlər sərf olunmuşdu. Bolşeviklər 1917-ci ildə hakimiyyətə gələrək bir neçə ayın içində ən kamil seçki sistemi yaradıb hərcmərclyə son qoydular. Sovet seçki sisteminn əsas üstünlüyü onda idi ki, bir yerə bir namizəd olurdu, kommunist partiyası ilə sovet xalqının vahid namizədi, seçici də çaşbaş qalmırdı, seçki məntəqəsində tələyə düşmüş heyvan  kimi həyəcan keçirmirdi ki, necə seçsin, kimi seçsin, bülleteni götürüb rahatca vahid və yeganə namizədə səs verirdi. Nə alternativ, a bala? Deyək ki, Mircəfər Bağırov Quba seçki dairəsindən SSRİ Ali Sovetinə deputatlığa namizəddir. Ona kim aternativ ola bilərdi? Kim onun, türkün məsəli, qabağına çıxa bilərdi? Nə ilə? Bağırovun tapançasının qabağına çıxanın gərək topu olaydı. Hardaydı xalqda top…

Bəli, Əliağa Vahid də yer üzündə ən demokratik seçkilərə hazırlıqda fəal iştirak edir. Əliağa Vahidi sovet demokratiyası elə cuşa gətirib ki, oxumağı gəlir. Aşığa bir “el mahnısı” sifariş verir:

“Çal, aşıq, oxuyum bir el mahnısı,

Sazında dinləsin tellər səsimi”.

Etiraf edək ki, ikinci misra basməmmədidir, buna seçki saxtakarlığı demək olmaz, ancaq basməmmədidir. Tellər səs dinləyir ya tellərindən çıxan səs dinlənilir?

Sonra Vahid  özünü “qocaman bülbül” adlandırır. Düzü, mən ömründə bülbülün qocamanını görməmişəm. Heç bilmirəm ki, qoca bülbül cavan bülbüldən necə seçilir…

“Yurdumun qocaman bir bülbülüyəm”…

“Qoy səsim ən uca dağlara yetsin.

Hava dalğalansın, dumanlar getsin.”

Dumanlar hara getsin? Hava niyə dalğalanmalıdır? Havanın dalğalanmağı Azərbaycan seçkiləri üçün vacibdir?

Dərələr, təpələr hərəkət etsin.

Öyrənsin nəhrlər, sellər səsimi.”

Dərələr, təpələr necə və hansı sımtə hərəkət etməlidirlər? Sellər Əliağa Vahidin səsindən nəyi və necə öyrənməlidirlər?

“İçilsin toylarda sərin qımızlar”

Getdi çıxdı Orta Asiyaya. Yəqin Ümumittifaq seçkiləridir. Əliağa Vahid də Səməd Vurğun kimi bütün sovet xalqının şairidir.

“Qımızları” yaman deyib! Əsl şair belə olur! “Sərin qımızlar”…

“Türkmən elləri, igid qırğızlar,

Qazaxlar, özbəklər dinlər səsimi.”

Vahid dəqiqləşdirmir: rus da qımız içməlidir ya elə öz arağını ya samoqonunu?

Dalı çox maraqlıdır.

“Rus, erməni, gürcü can bir qardaşıq”.

Bunu qəzəlxan yaman deyib. Vardanyana bunu çatdırmaq lazımdır.

“Tacik, tatar, beloruslar yoldaşıq”.

Bu misra da çox aktualdır. Elə bil bu gün üçün yazılıb. Bakının ən əziz qonaqları kimdir? İmaməli Rahmon, Lukaşenko…

 “Səslər Ukraynada çöllər səsimi.”

Bu misranı dəyişmək lazımdır, Birincisi; necə yəni «səsimi səslər»? İkincisi, bu misra Rusiyanı bizdən incik sala bilər. Ramiz Rövşəndən xahiş eləmək lazımdır ki, bunun əvəzinə ayrı misra yazsın. Mənzil vəd eləsən, birinin yerinə ikisini yazar…

“Yalan söz bilmərəm, sözüm gerçəkdir,

Ölkəmiz günəşdən şəndir, göyçəkdir..”

Yalançının lap belə…

“Şairəm, sevgimə uyğundur ölkəm,

Əməkçi xalqımın dostuyam möhkəm”

Zalım oğlu, sənin xalqdan xəbərin var idi? Elə zülf, əğyar, işrət, meyxanə…Xanəndələr qırmızı onluqları basırdılar cibinə, sən də nə bilim, ay zülfün belə əsiriyəm, yar əğyarla belə gəzir, elə gəzir…

“Kəsə bilməz xain əllər səsimi.”

Səs təndir çörəyi deyil ki, əllə kəsilə…

“Budur dilimizin gözəl şüarı,

Sədaqətlə hər bir oğlan, qız, qarı

Seçib-seçilməyə var ixtiyarı. “

Aha! Elə bil İlham Əliyevin dilindən yazılıb. Oğlanın, qızın, qarının seçib-seçilməyə ixtiyarı var. Var!

İxtiyar, əlbəttə, var. Ancaq nəsə çatışmır. O çatışmayan nə şoğəribdirsə, oğlan, qız, qarı seçilmək ixtiyarını həyata keçirə bilmir. Neftçaladan bir qız möcüzə ilə bələdiyyəyə seçilmişdi, başına bir oyun açdılar ki, mandatını təhvil verib dedi ki, poxunuza yiyə durun, məndən əl çəkin…

“Zalımlar seçkidən bütün qovuldu”

Aha! İlham Əliyev deyəndir! Antimilli ünsürlər seçkidən qovulublar!.

“Düşmənin gözləri çıxdı, ovuldu”

Əliağa Vahid necə də uzaqgörən olub! Bu misranı o, Tofiq Yaqubluya həsr edib…

“Xalqımız xoş günə çıxandan bəri,

Leninin adıdır dillər əzbəri,

Heç zaman unutmaz Vahid rəhbəri,

Yazsınlar tarixə illər səsimi.”

Gözəl, çox gözəl. Ancaq mənim alaverdim var. Lenini İlhamla əvəz eləmək. Əminəm ki, Vahid sağ olsaydı, özü əvəz elərdi.

“İlhamın addır dillər əzbəri,

Heç zaman unutmaz Vahid rəhbəri…”

 Mirzə Əlil

16. 07. 2024. Samara

 

ROBERT BERNS. SATDI MİLLƏTİNİ BİR OVUC RƏZİL…

Robert Burns

Şotland şöhrətimiz, sənə əlvida,
Şanın tanınandı, şanın qədimdi;

Hərbi şərəfiylə tarixə adı

Həkk olunan Şotland, əlvida indi.

Salvay qumlarını Sark aşıb axır,

Okeana doğru Tvid tələsir.

İndi vilayətə ingilis baxır,

Bizi belə satdı bir ovuc rəzil.

+

Əsrlərlə sürdü müharibələr,

Məkrlə, küc ilə yurd əyilmədi,

Yağıdan muzd alan bir neçə nəfər,

Diz üstə çökdürüb ölkəni indi.

Millət güvənirsə qeyrətə əgər,
İngilis poladı qorxulu deyil.
İngilis qızılı alaraq nəmər,

Satdı millətini bir ovuc rəzil.

+

Xəyanət yoluyla ölkə yenilən

Günü heç görməzdim, savaşa girib,
Sadiq Vallas ilə, Bryus ilə mən,
Ölərdim, döyüşdə başımı verib!

Çatınca ömrümün axır saatı,

Mənim bəyanatım dəyişən deyil:

 “Qızılıyla bizi ingilis aldı” —

Satdı millətini bir ovuc rəzil!

 

İingiliscədən tərcümə

13-14. 07. 2024, Samara

+++++++++++++++++++

ROBERT BURNS

A Parcel of Rogues in a Nation

 

Fareweel to a’ our Scottish fame,

Fareweel our ancient glory;

Fareweel ev’n to the Scottish name,

Sae famed in martial story!

Now Sark rins over Solway sands,

And Tweed rins to the ocean,

To mark where England’s province stands—

Such a parcel of rogues in a nation! Читать далее

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «VAR İNDİ TEXNİKADA İXTİSASI ÖLKƏMİZİN…»

Əliağa Vahid

Səməd Vurğun “26-lar”, “Komsomol”  poemalarını, Rəsul Rza “Stalin can”,  şeirini, “Lenin” poemasını yazanda Əliağa Vahid də yatmayıb, şura hökumətini, proletariat diktaturasını, sosializmin nailiyyətlərini, boleviklərin xalqa bəxş etdiyi xoşbəxtliyi tərənnüm edən şeirlər yazıb. Onlardan biri “Ölkəmizin” adlanır. “Ölkəmizin” – rədifdir. Rədif önündə gələn qafiyələr: səfası, binası, sədası, havası, aşinası, qəzası, ixtisası.. Bəli, hətta belə qafiyə də var: “ixtisası”…

Şeir yəqin ki, Stalin-Bağırov dövründə yazılıb.

“Gözəlləşir günü-gündən binası ölkəmizin.”

“Ölkəmizin binası” deyəndə şair konkret olaraq nəyi nəzərdə tutur – demək çətindir. Açılış beytindən sonra gələn dördlüklərdə bəzi şeyləri təxmin ermək olur.

“Baharda çölləri çulğar çiçəklərin qoxusu”.

Kitabda belədir: “çulğar”. Bəlkə “çuğlar” olmalıdır?

“Çəmənlərində bitən dadlı meyvədir çoxusu.”

Burda baş sındırmaq lazımdır. Yəni çəməndə bitən ağacların çoxu meyvə ağacıdır? Beləmi? Hərçənd meyvə ağacı bağda olur, çəməndə ot bitir…

Vallah, qalırsan girinc, bilmirsən kimdən soruşasan…

Dalı:

“Çayı, balı, düyüsü, çəltiyi, gözəl lumusu”

Sayılanlar, əlbəttə, çəməndə bitmir. Bal ümumiyyətlə bitmir…

“Ətirli, güllü, yaşıl dağlarında laləsi var,”

Dağların ətri var? Lalənin ətri var?

“Dirildir aləmi abü havası ölkəmizin.”

Ölkə — yəqin ki, Azərbaycandır. Azərbaycanın suyu, havası alımi dirildirmiş? Kürün lıqqa suyu? Ya Arazın?

“Bəzəkli quşlar olub aşinası ölkəmizin.”

Bəzəkli quşlar hansıdır? Bəzəyi olmayanlar Azərbaycanı bəyənmir? Sərçənin bəzəyi yoxdur, ancaq qışda da köçüb heç yerə getmir…

“Süzər gölündə gözəl dumalar, gözəl qazlar”

Durna göldə süzməz, bəlkə gölün üstündə süzə. Qazların da süzməyi yoxdur, üzməyi var.

“Bəzənmiş ay kimi kolxozda işləyən qızlar.”

A kişi, Allahın olsun, kolxozda işləyən qızlar Osventsim əsirlərinə oxşayırdılar. Qırx dərəcə istidə kətmən vuran qızlar. Bu boyda yalan olar?

“Bir özgə ləzzət alırlar hünərli kolxozlar”…

Kolxozların ləzzət aldığını bilmirdim. O qədər gülmüşəm ki… Nə gizlədim, bu gülməklə elə mən də ləzzət aldım…

“Gözəl vətənmizə fabrik-zavod gözəl yaraşır”

“Vətəminizə” yazanda əruz pozulur, ona görə Vahid “vətənmiz” yazır. Bunu eybi yox.

“Traktoru, maşını hər yeri gəzib dolaşır”

Belə gülməli şeir dünyanın heç bir ədəbiyyatında yoxdur!

Rusiyada traktorlar hərdən gəzib-dolaşırdı, çünki sükan arxasında oturan traktorçu lül-qəmbər olurdu… Mənə danışırdılar ki, bur traktorçu kabinənin açıq qapısından dombalıb yıxılır, traktor keçir onun üstündən… İki dəfə…

“Var indi texnikada ixtisası ölkəmizin.”

Ancaq bu misranı başa düşmədim. Adamın ixtisasl ola bilər. Ölkənin ixtisası olar?

Yüz illər ilə bizi bəy, xan işlədib yordu”…

Vay-vay… İşləyib yorulan xalqım…Can… İngilis, alman yatırdı, bizim babaları xan işlədib yorurdu. Təkcə yorsaydı, nə vardı ki:

“Şərəfli xalqımızı incidib, qanın sordu”

Necə qan ağlamasın daş bu gün…

Sonra optimist beyt, sosializm, apofeoz:

“Vətənmiz indi deyil zülm edənlərin yurdu,

Sovet hökumətidir rəhnüması ölkəmizin.”

Ay Əliağa müəllim, sən Azərbaycanı indi görəydin! Adamlar “zülm” sözünün özünü unudublar. Soruşursan “zülm” nədir, deyirlər bilmirik, bizdə belə şey olmur…

“Vətənmiz indi azad xalqlar vilayətidir.

Leninə — partiyaya ellərin məhəbbətidir

Qızıl çiçəklər açıbdır fəzası ölkəmizin.”

Fəzası qızıl çiçəklər açır! Bəh-bəh!

Sonra Əliağa Vahid fövqəladə təvazökarlığını bir daha Azəribaycan xalqın nümayiş etdirir:

“Bu fəxrdir mənə, Vahid ki, xalq şairiyəm,

Ucaltdı ömrümü nəşvü nüması ölkəmizin!”

 Mirzə ƏLİL

15. 07. 2024, Samara

ROBERT BERNS. “HAZIRAM GƏLMƏYƏ, FİT ÇAL, OĞLANIM…”

Robert Burns

Hazıram gəlməyə, fit çal, oğlanım!

Hazıram gəlməyə, fit çal, oğlanım!

Beyninə cin vura ata-ananmın,

Yenə də gələrəm, fit çal, oğlanIm!

1.

Bizə gəlsən, həyətə sən çox ehtiyatla gir,

Qayıt geri, dal pələd görsən aralı deyil.

Yan-yörənə də boylan, gör gəlirmi səs-səmir,

Elə gəl – məndən ötrü gəlməmisən elə bil,

Elə gəl – məndən ötrü gəlməmisən elə bil.

2.

Kilsədə ya bazarda, harda sən məni görsən,

Elə keç ki, desinlər vecinə deyiləm mən;

Ancaq qara gözünlə oğrun bax mənə hərdən.

Elə bax, ayrısına baxırsan elə bil sən,
Elə bax, ayrısına baxırsan elə bil sən!

3.

And-aman et həmişə, işin yoxdur mənimlə,

Qoyma məhəl də bəzən gözəlliyimə belə;

Başqasıyla qonuşsan, qonuş zarafa ilə,

Qorxuram səni məndən o yayındıra bilə,

Qorxuram səni məndən o yayındıra bilə!

ingiliscədən tərcümə

13.07. 2024, Samara

+++++++++++++++++

ROBERT BURNS

O, Whistle An’ I’ll Come To Ye My Lad

Chorus
O, whistle an’ I’ll come to ye, my lad!
O, whistle an’ I’ll come to ye, my lad!
Tho’ father an’ mother an’ a’ should gae mad,
O, whistle an’ I’ll come to ye, my lad! Читать далее

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «KOMMUNİST» QƏZETİNİN 25 İLLİYİNƏ»

Əliağa Vahid

Əliağa Vahidin ən gülməli şeirləriudən biri “Kommunist” qəzetinin 25 illiyinə həsr olunub. ““Kommunist” qəzetinin ilk nömrəsi 1919-cu il avqustun 29-da, cümə günü bolşeviklər partiyasının gizli mətbəəsində 4 səhifədə çap olunmuşdu.” (https://anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_avqust2009/88698.htm) Beləliklə, güman etmək olar ki, qəzetin 25 illik yubileyi ya 1944-cü ildə, ya da 1945-ci ildə, müharibə qurtarandan sonra qeyd edilib.

Vahid yubiley şeirində “Kommunist” qəzetini “cavan oğlan” adlandırır.

“Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı,

Bundan belə düşmənlərinin bayrağı yatdı.”

“Kommunist” qəzeti yetmiş il ərzində, Leninin dediyi kimi, Azərbaycanda azərbaycanlılar üçün əsas “təbliğat və təşviqat vasitəsi” olmuş, əhalini məlumatlandırmaqdan çox yalan və dezinformasiya yaymış, ictimai həyatda, yaradıcılıqda müstəqil düşüncəyə, alternativ fikrə qarşı aqressiv mübarizə aparmış, Stalin-Bağırov irticası dövründə “xalq düşmənləri”nin ifşa kampaniyasının ön sırasında getmişdir. Demək olar ki, Müşfiqi, Cavidi, Çəmənzəminlini, onlarla, yüzlərlə sənətkarı, on minlərlə sıravi vətəndaşı məhkəməsiz, istintaqsız məhvə aparan yol “Kommunist” qəzetinin səhifəsindən başlanmışdır. Əliağa Vahid, şübhəsiz ki, bunları gözəl bilirdi.

Əliağa Vahid həmçinin gözəl bilirdi ki, “Kommunist” qəzetinin müxtəlif illərdə redaktoru olmuş Ruhulla Axundov, Əliheydər Qarayev, Böyükağa Talıblı, Ağababa Yusifzadə, Həbib Cəbiyev 1837-38-ci illərdə güllələniblər.

Əliağa Vahid isə deyirdi:

“Sən bir ləkəsiz ayinəsən kütlə gözündə…”

Hə? Əliağa müəllim, heç xırda bir ləkə də yox idi bu aynada? Məsələn, Müşfiqin qanından bir damla…

Mirzə ƏLİL

14.07. 2024, Samara

 +++++++++++++++++++

Əliağa Vahid

“KOMMUNİST” QƏZETİNİN 25 İLLİYİNƏ

 

Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı,

Bundan belə düşmənlərinin bayrağı yatdı.

Fikrin, qələmin ox kimi batdı cühəlayə,

Hər bir kəsə təsirin olub payəbapayə,

Ariflərə, rəssamə, ədibə, şüərayə.

Loğman kimi çox xəstəni tədbirin oyatdı,

Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı. Читать далее

ROBERT BERNS. QALAYÇININ İKİNCİ NƏĞMƏSİ

Robert Burns

Şəndim yun darağına diş itiləyən zaman,

Qaşıq hazır olanda şənlənirdim eləcə

Şəndim, ah, zəhmətimlə təzələnəndə çaydan,
Və Ketimi öpürdüm işimi bitirincə.

Çəkic döyəcləməklə bütün günüm keçirdi,

Bütün günü oxuyur, fit də çalırdım hərdən.

Bütün gecə mənimlə yarım qol-boyun idi,
Kralın özü kimi xoşbəxtdim gecələr mən.

+

Taleyim acı gəldi, qazancımı yığaraq,

Bessiyə evlənən tək qapazaltıya döndüm.

Şükr o saata ki, gizlədi onu torpaq,

Üstündə oxuyan quş bəxtəvər olsun görüm.

Mənim Ketim, gəl, səni bağrıma basım yenə,

Yenə qol-boyun olaq, yenə də öpüşək, gəl.

Sərxoş olum ya ayıq, bunu deyirəm sənə,
Şükr, yenə qayıdar, nə olmuşdusa əvvəl.

1785

ingiliscədən tərcümə

12. 07. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

The Caird’s Second Song


O, Merry Hae I Been

O merry hae I been teethin’ a heckle,

          An’ merry has I been shapin’ a spoon;

O merry hae I been cloutin’ a kettle,

          An’ kissin’ my Katie when a’ was done.

O a’ the lang day I ca’ at my hammer,

          An’ a’ the lang day I whistle and sing,

A’ the lang night I cuddle my kimmer,

          An’ a’ the lang night am as happy’s a King.
Читать далее

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «BİR DƏ SEVSƏM SƏNİ İNSAN DEYİLƏM…»

Əliağa Vahid

Qəzəl janrı üçün təkrarlar xarakterikdir. Ümumi sayı tək olan beytlərin məzmununu poetik fikirdən, bədii surətlərdən, məntiqdən çox qafiyə müəyyən edir. Qəzəllərinin əksəriyətini Vahid, yəqin ki, toylarda oxunmaq üçün müğənnilərin sifarişi ilə yazıb. “Yazıb” sözü bu mənada yersiz görünür, çünki şübəhsiz poetik istedada malik, ancaq bu istedadı könüllü olaraq kütlə zövqünün xidmətinə yönəldərək alçaltmış şair bu mətnləri yazmır, elə bil dönər çubuğunda bişirir.

“Sevmişəm mən səni, ey şux, peşiman deyiləm,

Səndən əl çəksəm ölüncə əyər, insan deyiləm.”

Peşiman, xəndan, insan… “Əl çəksəm, insan deyiləm…” Bu, poetik söz deyil, dönər yeyən adamın ağzından çənəsinə axan piy damcılarıdır…

Eybi yox. Şair, ya da onun qəhrəmanı and içdi ki, “əl çəksə, insan deyil”.

Sonrakı beyt xeyli maraqlıdır:

“O vəfasız ki, səninlə belə rəftar elədi,

Mən bu işdən, gözəlim, zərrəcə xəndan deyiləm.”

Burdan nə başa düşmək olar? Belə çıxır ki, canan bir müddət ayrısıyla gəzib, o ayrısı isə aldadıb atıb, canan yenə köhnə aşiqinin yanına qayıdıb…

Vallah, Vahidin vaxtında vur-çatlasın imiş….

İndi başqa bir qəzələ baxaq.

Gözəlim, sən görən ol aşiqi-nalan deyiləm,

O xumar gözlərə bundan sora heyran deyiləm.”

Hansı qəzəlin əvvəl yazıldığını bilmirik, ancaq bu, vacib də deyil. Vahidə necə sifariş veriblər, elə də yazıb. Bəlkə də ikinci qəzəli sifarişi verən cananı ilə küsübmüş, belə qəzəl yazdırıb ona acıq-ucuq vermək istəyirmiş.

“İndi get həsrətini başqa bir aşiq çəksin,

Bir də sevsəm səni, söz vermişəm, insan deyiləm.”

Əliağa Vahid bu qəzəldə bundan əvvəl içdiyi andın indi tərsinə içir. Birində deyir sevməsən insan deyilən, o birində “sevsəm insan deyiləm”…

“Gəz, dolan, seyr elə öz sevdiyin aşiqlər ilə.”

“Öz sevdiyin aşiqlər” – bu, azərbaycancadır? Haranı seyr eləsin?

“Səndə bir azca gözəllik: iki qaş, göz vardır”

İki qaş, göz – bu, “bir azca” gözəllikdir?

“Bivəfasan, demişəm aləmə, qorxan deyiləm.”

Qorxan deyil, ancaq ağzı yırtıqdır… Aləmə car çəkib, xanımı biabır eləyib…

“Könlümü güclə xilas eyləmişəm zülfündən…”

Səhnəni təsəvvür edirsiniz? Canan bunu zülfünə ilişdirib, bu da dartınır, çırpınır, son nəfəsində zülfü qırıb qaçır…

Birinci (şərti) qəzəldə deyir:

«Sevirəm mən səni, biəhd hesab etmə məni,

Səndən özgə gözəlin eşqinə qurban deyiləm.»

İkinci (şərti) qəzəldə:

«Vahidəm, indi sədaqətli gözəllər sevirəm,

Hər vəfasız gözəlin hüsnünə qurban deyiləm.»

Dönər çubuğu fırlanmağındadır…

Mİrzə ƏLİL

13. 07. 2024, Samara

 

ROBERT BURNS. TƏKƏBBÜRLÜ TİBBİ

Robert Burns

Xor

Tibbi, yadımdadır mənə baxırdın,

Necə təkəbbürlə sən utanmadan!

Bilirdim səbəbi kasıblığımdı,

Vecimə deyildi ancaq heç zaman.

1.

Dünən səni gördüm süpürgəlikdə,

Şütüdün, demədən bircə kəlmə də.

Kasıba başını yellədin, hərçənd,
Bu mənim vecimə deyil tük qədər.

2.

Son bazar günündə evə gedərkən,
Çıxdın yol üstündə qarşıma birdən,

Boylandın, başınla salamladın sən,

Vecimə deyildi amma tük qədər.

3.

Düşünə bilərsən,  yox buna şübhəm,
Zəngin adamlara çünki  bələdəm,

Mən sarı tərpətsən başını, o dəm,
Gərək mən özümü sayam bəxtəvər.

4.

O kəs dərdə düşsün, belə rəzilsə!

Hərçənd pul kisəsi onun təmizsə,

Tamaha düşərək dalınca gəzsə,

Təkəbbürlü., kübar qadının əgər.

5.

Nə qədər ağıllı olsa da oğlan,

Zəifdirsə sarı zibil sarıdan,

Yolu dəyişərsən, onu saymadan,

Quru cavabınsa onu incidər.

6.

Varsa ancaq onun əgər sərvəti,

Bağlanarsan ona əbədi, qəti,

Ancaq öyrənməyə gələndə, çətin

Sənin mal-qarana çox üstün gələr.

7.

Tibbi, açım sənə bu həqiqəti:

Səni gözəl edir ata sərvəti.

Sən kasıb olsaydın, necə mən indi,

Sənə təkcə şeytan verərdi dəyər.

8.

Bir qız tanıyıram parkdan o yanda,

Mənə o, əzizdir sadə donunda,

Səndən – öz gözündə səni ucaldan,

Qızılın və pulun ola nə qədər.

ingiliscədən tərcümə

11-12.07. 2024, Samara

++++++++++++++++

ROBERT BURNS

O Tibbie, I Hae Seen The Day

 

Chorus
O Tibbie, I hae seen the day,
Ye wadna been sae shy!
For laik o’ gear ye lightly me,
But, trowth, I care na by.
Читать далее

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «DEDİM ƏĞYAR İLƏ GƏZMƏ, SƏNƏ ÇOX YALVARDIM…»

Əliağa Vahid

Azərbaycan xalq artisti və eyni zamanda milli konservatoriya professoru adını daşıyan müğənnilərin sevə-sevə oxuduğu qəzəllərin biri belə başlanır:

“Dedim, əğyar ilə gəzmə, sənə çox yalvardım”.

Təsəvvür edirsiniz? Bunu yazan Əliağa Vahid və ya bunu boğazından çox burnunun telləri ilə oxuyan İslam Rzayev yalvarır ki, “gəzmə”. Gəzəyən canan da Flora Kərimova kimi deyir ki, gəzirəm, əlimin içindən gəlir. Və sözünü rusca tamamlayır: «Да пошел бы ты на…»

Gəzəyən canana yalvarıb “gəzmə” demək, Məzahir Pənahova “seçkini saxtalaşdırma” deyib yalvarmaq kimidir. Nətəcə — sıfır.

Maraqlıdır ki, Azərbaycan qəzəllərində, xüsusən Vahiddə və Vahiddən sonra vahidanə yazanlarda ancaq qadınlar gəzəyəndirlər. Kişilər – yox! Kişiyə “gəzmə” deyib yalvaran qadın dilindən qəzəl eşitmisiniz? Vahid özü deyir ki, ətrafı gözəllərlə doludur. Ancaq bu, gəzmək sayılmır.

Və daha maraqlı budur ki, Vahid bu qəzəli cananının gəzmək dərdindən öləndən sonra yazır. Özünüz baxın:

“İndi dincəl, gözəlim, mən də ölüb qurtardım.”

Ölüb ya ölmэyib?

“Bir sədaqətli gözəl tapmadım aləmdə, qərəz,

Bu az ömrümdə çox ətrafı gəzib axtardım.”

Şair az ömründə bütün Azəribaycanı ətraflı gəzib, bir “sədaqətli gözəl” tapmayıb, hamısı gəzəyən çıxıb.

“Könlüm aldatdı məni hüsnünə məhparələrin,

Sanmayın, mən bu vəfasızlara bel bağlardım.”

Akademik şair Səməd Vurğun deyirdi ki, ürək candan ayrılmaz. Ancaq Vahid bunu təkzib edir, onun ürəyi canından ayrıdır, öz könlü, yəni ürəyii onu aldadır, o da “vəfasızlara” bel bağlayır.

“Fələkin qəddi bükülmüşsə, mən ondan qocayam,

Onda ki, yoxdu nə dünya, nə fələk, mən vardım!”

Fələyin qəddi niyə bükülür və necə bükülür? Vahidi fələkdən qoca edən nədir? Dünyadan, fələkdən qabaq olmağına Vahidin nə sübutu var? Biz bilirik ki, fələkdən qədim ancaq erməni ola bilər.

Bəlkə bu qəzəl erməni dilindən tərcümədir? Bəlkə bunu erməni yazıb və ona görə bizim gözəllərə gəzəyən deyilir?

“Səni mən istədiyim günlər ölürdüm sənsiz”

Bir şey başa düşdünüz? Aranızda “Tarix-Nadir”i yarısınacan oxuyanlar var? Əvvəldə deyirdi ki, cananın gəzmək dərdi onu öldürüb, indi deyir “sənsiz ölürdüm”.

Axırda məlum olur ki, şair ölməyib, tamamilə sağdır, eşqində də, yarının gəzəyənliyinə baxmayaraq, “sabitqədəmdir”.

“Vahidəm, eşqdə mən indi də sabitqədəməm,

Varam öz yarım ilə mən necə əvvəl vardım.”

Azərbaycanda hər şeydən vacib sabitlikdir. Eyni rəhbərlik, eyni kütlə, eyni Məzahir Pənahov, canan əğyar ilə sabit gəzməyində, yar sabit yalvarmağında və yalvarıb yerində oturmağında…

Akademik şair Səməd Vurğun nə deyirdi? —

“Bundan da gözəl bir daha dövran ola bilməz…”

Mirzə Əlil

12.02. 2024, Samara