Архив по авторам | Xeyrulla Xəyal

ROBERT BERNS. BƏDAHƏTƏN

Robert Burns

Ah, niyə darıxım, niyə deyinim,

Gələcək qorxum niyə bu qədər?

Boyum altı futdan az üçcə düym,

Orduya gedərəm, olaram əsgər.

 +

Xeyli şey qazandım səy eləyərək,

Toplayıb vaxtını gözlədim hədər.

Düz gətirmədi iş, bir deyil səbəb,
Orduya gedərəm, olaram əsgər.

 1782

ingiliscədən tərcümə

07. 05. 2024, Samara

QEYD:

Güman edilir ki, bu şeir 17821-82—ci ilin qışında Bernsin  bizneslə (kətanı əyirilməyə hazılamaq — flax-dresser) məşğul olmaq cəhdinin uğursuzluğundan sonar yazılıb.

+++++++++++++++++

ROBERT BURNS

Extempore

 

0 why the deuce should I repine,

 And be an ill foreboder;

I’m twenty-three, and five feet nine,

I’ll go and be a sodger. Читать далее

MİRVARİD DİLBAZİNİN GÜLMƏLİ ŞEİRLƏRİ. SAÇIN ÜSTÜ OLUR?

Mirvarid Dilbazi Müəllimim

“O elə şəfqətli, elə gözəldi,
Yox idi gözümdə heç bərabəri.
O, bir arzu idi, xoş bir əməldi,
Yaşayır könlümdə illərdən bəri…” 

 Bu şeiri şair guya öz müəllliminə həsr edib. Ona görə mətndə konkret insan xarakterizə olunmalıdır. Ancaq şeirin əvvəlində müəllimin hətta, Məşədi İbad demişkən, kişi ya arvad olduğunu da müəyyən etmək mümkün deyil.

Hamımız da olmasa, çoxumuz məktəb müəllimlərini xatırlayır. Yəni onların şəkli yaddaşımızda canlanır, səslərini eşidirik. Səslər də cürbəcür olur.

“Necə məlahətli, qəşəngdi səsi
Axan saf suların təranəsitək;”

Bu bənzətmələr müəllimin səsi haqqında nə deyir? Heç nə! Müəllimin səsi necə olmalıdır ki, “saf suların təranəsinə” bənzəsin? Bəlkə Mrvarid Dilbazinin müəllimi Maria Kallas olub? Bəlkə Freddi Merkuri? Bəlkə Rəşid Behbudov?
“Necə də istiydi doğma nəfəsi,..”

Müəllimin ya müəllimənin nəfəsinin istiliyini Mirvarid xnım necə bilib? Ağız-ağıza durublar? Soyuq nəfəs də olur?

“Necə də böyükdü köksündə ürək!”

Bu misra da cəfəngdir. “Böyük ürək” – məcazidir, mənəvi, əxlaqi keyfiyyyətə aiddir, Mirvarid Dilbazinn misrası isə anatomik detala bənzəyir, elə bil ürəyin diametrini, çəkisini göstərir! “Necə də böyükdü” – necə böyükdü?

“Qarlı qış axşamı soyuq küləklər
Körpə ürəklərə gətirəndə qəm…”

Diqqət! Mirvarid Dilbazi körpə ürəklidir və evdədir, çünki qış axşamı məktəbdə ola bilməz. Soyuq külək onun ürəyinə qəm gətirir. Sonra nə olur?
“Onun bir sözüylə açar çiçəklər,
Nura qərq olardı elə bil aləm!”

Bu iki beytlə əlaqə görürsünüz? Uşaq evdədir, axşamdır, soyuq külək ürəyinə qəm gətirib, müəllim də evindədir, əgər gəzəyən deyilsə. Ancaq “onun “bir sözüylə çiçəklər açır, aləm nura qərq olur”.

Qış axşamı?

“Min nəğmə gələrdi qulağımıza
Daim çiçəklənən könül bağından”. 

Min nəğmə! Çiçəklənən bağ müəllimin könlündədir? Bu bağda filarmoniya var? Bu nəyə işarədir? Müəllimin hansı keyfiyyətini belə qəribə metafora ilə göstərir?

“Elə bil çıxırdıq təzə bir yaza
Soyuq, cansıxıcı qış otağından.”

Müəlim neylədi ki, qışda təzə yaz gəldi? Elə bir sözüylə? Hansı sözüylə? 

 “O bizim şəfqətlə sığallayanda
Hərdən başımızı bir ana kimi…”

Aha! Müəllim qadın imiş! Uşaqların başını öz anaları sığallamır, ona görə qış axşamı körpələrin ürəyinə “qəm gəlir”. Ah, kiçik ürəkli, soyuq Azərbaycan anaları…

Sonrasına baxın.

“Onun ətrafında biz də bu anda
“Olardıq nur görmüş pərvanə kimi.”

“Nur görmüş pərvanə…” Yəni müəllim uşaqların başını sığallayır, uşaqlar isə nur görmüş pərvanə kimi… Pərvanə neyləyir? Bəli, nur ətrafında gic kimi fırlanır və vaxtaşırı özünü çırpır işığa. İndi müəllimin ətrafında fırlanan, hərdən onun qarnına kəllə atan uşaqları təsəvvürünüzə gətirin…

“Heyif ki, əl çatmaz o gözəl günə,
Aradan keçmişdir neçə qış, bahar!
Səməd Vurğun məktəbidir! Qış keçən kimi bahar da keçməlidir. Əliağa Kürçaylı olsaydı, “yaz” da əlavə edərdi: “Bir əlimdə bahar, bir əllimdə yaz”…

Ancaq saçlarımın üstündə yenə,
Sanki o əllərin hərarəti var.”

“Saçların üstü” haradır? Azərbaycanlıların dilindən belə şey eşidən olubmu – “saçımın üstü”? Yenə “altında” desəydi, dərd yarı idi…

 “Ah, ey uşaqlığın gözəl günləri…”

Burda “ah” artıqdır. Ya da “ey” artıqdır. Belə demək olardı: “Siz ey uşaqlığın gözəl anları…”
“Əziz müəlliməm, hardasınız siz?”

Guya müəllimənin yerini öyrənmək çətindir? Azərbaycan kiçik ölkədir…
“O məktəb illərim dönsəydi geri,
Önündə hörmətlə indi çöküb diz — “

Burda müəllifin sözü bəndə sığımır, o biri bəndə keçirir

 “Deyərdim: — Bu şeirim, sənətim üçün
Həmişə, həmişə borcluyam sənə.”

Şeir bu gündədirsə, müəllim heç yaxşı olmayıb… Vallah, hünər lazımdır ki, bu cızma-qaraya «sənət» deyəsən. Rəhmətlik təvazökar adam olmayıb…

“Şərəflə keçirib ömrünü bütün,
Nəsillər böyütdün doğma vətənə…”

Nəsillər… Müəllim nəsilləri böyüdür ya nəsillərə dərs deyir, tərbiyə edir? Sovet müəllimi nəsilləri yaxşımı tərbiyə eirdi? Ay-vay! Sovet müəllimi deyirdi “Bəşərin vicdanı, eşqi ürəyi, Hər zövqü, səfası partiyamızdır”! “Mənim babam olmuş iyirmialtılar…” “Mən hansı bir insana bənzədm ki Lenini…”

 “Öyrətdin düşünüb cümlə qurmağı…”

Yaxşı öyrətməyib…

“Qələmi bir dayaq edib əlimə,
Çox usta çıxartdın uca bir dağı”.

Təsəvvür edək: müəllim “qələmi dayaq edib şagirdin əlinə”. Şagird də, yəni Mirvarid Dilbazi, bu dayaqla “uca dağa çıxıb”.

Uca dağa çıxıb – yəni xalq şairi adı alıb, ev alıb, yaxşı pul alıb, xaricə səfərlər edib. Ancaq yazdığı budur:

“Çox usta çıxartdın…”

Bu, şeir ifadəsi deyil. Bu heç azərbaycanca deyil. Qoqol demişkən, şeytan bilir ki, nədir..

“Coşqun bir çay kimi, bir bulaq kimi”

Burda dağıstanlıların diliylə deməik istəyirsən: ты, в конце концов определись,  coşqun çay ya bulaq? Axı bunlar ayrı-ayrı şeylərdir!

“Mümkün olsa idi açmaq qəlbimi
Görərdin orada həkk olub adın”

Biabırçılıq! Gözəll xalq dilində məcazi olanı, bədii olanı Mirvarid Dilbazi anatomik təfərrüata çevirir. Qəlbdə adın olmasını bilmək üçün açıq ürəkdə əməliyyat eləmək lazımdır?

“Açmaq qəlbimi” – bu, azərbaycancadır?

“Sən uşaq könlümün eşqi, ilqarı…”

Eşq nədir, ilqar nədir? Bunu müəllim şagirdə necə izah eləsin?

Hamısını deməyibmiş, ikinci misrada qalanı var:

“Andıydın, ustadım, dostum, yoldaşım”.

Yəni müəllim uşaq könlünün eşqi, ilqarı, andı imiş. Başa düşdünüz? Mən  başa düşmədim.

“Bununçün bu adı daşıyanların
Önündə hörmətlə əyilir başım.”

Hansı adı? Son bənddə iki ad çəkilir: dost, yoldaş. Bu adları daşıyanların? Onda cəm halda olmalıdır.  “Bu adları daşıyanların…”

Yazıq uşaqlar…

Yazıq Azərbaycan uşaqları…

X.X.

09. 05. 2024, Samara

ÇİN HƏRBÇİ QADINLARININ PARADINA BAXARKƏN

20230721_135628

Ah, bu qadınlar necə addımlayır!

Ah, nə nizam! Ah, necə minlər belə sağ-sol sayır!

Ah, nə gözəl, ah nə məlahətli qadın hərbçi!

Ah, bu qəşəng formaları kim biçib!

Ah, necə də gənc sinələr kükrəyib,

Şux, dolu baldırları təlim görərək bərkiyib…

Möcüzədir qalxıb-enən dizləri,

Xırdaca ulduz kimi yanmaqda qıyıq gözləri.

Ah, itirərdim, cavan olsaydım əgər, ağlımı!

Mən görürəm gur çayı meydanda ya da ilğımı?

Kim görə minlərlə ağ əlcəkli əli oynayan,

Söyləyəcək ah, bu nə simmetriya, harmoniya!

Hər sinə üstündə yatır avtomat,
Hərbi gücü, Çin gücünü göstərir, əlbəttə, misilsiz parad.

Harda nizam varsa, gözəlik də var,
Laqeyd  bu harmoniyaya kim qalar!

Ah, sevirəm vəhdəti addımda mən,
Möcüzə! — vəhdətdəsə minlərlə baxış, üz, bədən.

Ah, bu gözəllik, nizam ancaq yaraşır hərbiyə,
Orduda qalsın bu parad, tərbiyə.

Yox fikir azadlığı tək bir dəyər,
Naminə qurban nizamı ver – dəyər…

O8.05. 2024, Samara

GƏDƏBİYYAT. ZƏLİMXAN YAQUB YA ÖNDƏRƏ SATAŞIB YA MİLLƏTİ DOLAYIB…

Bir dahi doğulub gəldi dünyaya

Zəlimxan Yaqubun “Bir dahi doğulub gəldi dünyaya” şeirini 5-ci sinfin dərsyində oxuyub, Əliağa Kürçaylı demişkən, “heyran kəsildim”. Hətta, açığını desəm, mənə eə gəldi ki, bu, heç şeir deyil, adama sataşmaqdır. Yəni Zəlimxan Yaqub bu şeirlə ümummilli liderə sataşıb. Bəlkə zarfatları olub, bilmirəm. Baxın.

«Naxçıvanda doğuldu»

Bunu başa düşdük. Deməsəydi də, 5-ci sinif şagirdi biləcəkdi ki, öndər Naxçıvanda doğulub. Azərbaycanın ayrı yerlərində doğulanların rəhbərliyə ləyaqəti yoxdur. Ancaq elə ikinci misra uşaqğı çaşdırmalıdır.

“23-ün mayında”.

Belə şey olar? Dərs ili 15-in sentyabrında başlayır ya sentyabrın 15-də? Təzə il 1-in yanvarın  girir ya yanvarın birində? Necə yəni “23-ün mayında”? Bu, adama sataşmaq deyil? Deyirsiniz Zəlimxan Heydər Əliyevə sataşa bilməzdi? Yaxşı, razıyam. Onda belə çıxır ki, bu gürcüstanlı o qədər yeyib harınlayıb ki, dilin qanunlarına tüpürüb, Azərbaycan xalqını dolayıb, millətə vedrə bağlayıb, kəlləmayallaq yazıb…

Ay lotu…

Sonra “mayında”nın qafiyəsi gəlir:

«Güllü bahar fəslinin

ən işıqlı ayında.»

Gülsüz yaz olur? Yazda hətta Çukotka da çiçəklənir…

Yeri gəlmişkən, «Çukotka» türk sözüdür, “çox ot olan yer” deməkdir, Xəlil Rzanın Salyandakı abidəsinə and olsun…

Sonra gürcüstanlı karandaşının ucuna tüpürüb yazır:

“Anası İzzət xanım,

atası Əlirza

Şükürlər oxudular

onlara oğul verən

Tanrıya, İlahiyə”

Bəlkə “şükr”  dedilər? Tanrıya ya İlahiyə? Gürcüstanlı bilməyib ki, Allahdan başqa ilahi yoxdur…

“Ata-ana ad qoyub

adına Heydər dedi,

Bu, azərbaycancadır? “ad qoyub adına…”

«Bu həyatın barını

dərdikcə, hey dər, dedi…”

“Dərrdikcə, hey dər…”

Bu nə qaraçı dilidir? «DƏRDİKCƏ HEY DƏR…»  Adam öz başına ikiəlliqapaz salmaq istəyir…

Bəs neft, qaz barəsində bir şey demədilər? Heydər özü başa düşdü?

 «O boy atıb böyüdü

gündə bir darı boyda,

Ona layla çalanın

xoş arzuları boyda.

Yaxşı baxın: bir darı boyda Heydər böyüyür. Deməli, “ona layla çalanın arzuları” da darı boydadır – belə deyil? Blədirsə, bu, adama sataşmaq deyil? Yox? Onda milləti dolamaqdır?

“Damar-damar bərkidi,

pillə-pillə böyüdü”…

Bu proses sizə tanış gəlir? Siz özünüz necə böyümüsünüz? Pillə-pillə ya ayrı cür?

Əzələ bərkiyər, sümük bərkiyər. Damar necə bərkiyir?

Bu lotuluğu müəllim uşaqlara necə sırıyır?

Yazıq Azərbaycan uşaqları… Pillə-pillə böyü, sonra nəinki böyüməyinə, hətta doğulmağına da peşman ol…

X.X.

08. 05. 2024, Samara

ROBERT BERNS. YANVARDA SƏHƏR GƏZİNTİSİ ZAMANI  QARATOYUĞUN NƏĞMƏSİNİ DİNLƏYƏRƏK

Robert Burns

(1759-1796)

Çılpaq budaqlar üstdə oxu yenə bu səhər,

Sevimli quş, səsinə qulaq kəsilmişəm mən

Eşitdikcə nəğməni, zəhmlə hökm sürən,

Qarı qışın açılar qırışığı və gülər.

 +

Beləcə Kasıblığın qəmli səltənətində

Sakit, qəlbi işıqlı həqir Razılıq yaşar,

Anları yola salar və onları qarşılar,

Soruşmaz gətiriblər onlar ümid ya hədə.

 +

Sənə sağ ol deyirəm, ey bu günü Yaradan,
Bəzəyən indi sənsən qızılla günçıxanı.

Nə sərvət —  bağışladın saf sevinc dolu anı,

Bu var nə veriləndir, nə də geri alınan.

 + 

Fəqət gəl ey kasıblıq və qayğılar balası,

Göylər verən tikəmin, gəl, sənindir parası.

1793

ingiliscədən tərcümə

06-07. 05. 2024, Samara

++++++++++++++++++++

Robert BURNS

Sonnet On Hearing A Thrush Sing

 

Sing on, sweet thrush, upon the leafless bough,

Sing on, sweet bird, I listen to thy strain,

See aged Winter, ‘mid his surly reign,

At thy blythe carol, clears his furrowed brow. Читать далее

ƏLİAĞA KÜRÇAYLININ GÜLMƏLİ ŞEİRLƏRİ. «QARANQUŞ GÖYDƏ SÜRƏTLİ UÇUR…»

  əliağa kürçaylı qaranquş

«Görürəm, yaz yağışı
Yağır hiddətlə yenə.
İldırımlar şaxıyır
Göydə dəhşətlə yenə.»

 “Hiddətlə” – yəni necə?  Yağış” haqqında “hiddətlə” demək – heçnə deməkdir. Tut ucundan, göyə çıx – xalqın dilində belə incilər var!

 “İldırım şaxımaz”, ildırım “çaxar”, gün – şaxıyar – məncə belədir.

Şair “pəncərəyə söykənərək” “hər yana” baxır. Yəqin demək istəyib ki, pəncərənin qabağında durub.Pəncərənin harasına söykənəcəksən? Şüşəsinə? Bəs baxmaq?

 Söykənib pəncərəyə
Baxıram hər yana mən.
Yenə yollar kəsilib,
Nə gələn var, nə gedən. 

Yollar yəni tamam kəsilib? Bu, yağışdır ya Nuh seli?

 Göydə karvan çəkərək
Sıx buludlar dolanır. 

Yaxşı, bunu candərdi qəbil edək. Sonrasına baxaq:

Hərə bir yer taparaq
Sığınıb daldalanır.

Bundan əvvəlki bənddə demişdi ki, “Nə gələn var, nə gedən”. Demişdi? İndi məlum olur ki, küçə adamla doludur, — “hərə bir yer tapırsa…”

 “Belə neysanda fəqət…”

Neysan? Yəni leysan? O ki qaldı “fəqət”ə… Salyanlıların “fəqət» demək şakəridir…

 Fəqət şair bir qaranquş görür.

“Yağış altında onu
Qanad açmış görürəm”.

Belə çıxır ki, yağışdan qabaq qaranquşun qanadları bükülü imiş…

 “Bədənindən su damır…”

Qaranquşun bədəni… Təsəvvür etdiniz?

 “İslanıbdır o, tamam…”

Əlbəttə, islanacaq, “neysan”ı nə bilmisən…

“Düzü, heyran kəsilir
Ona baxdıqca adam”…. 

 Adam (adamdırsa) heyran kəsilir ya heyran olur? Bədənindən su axan qaranquşun nəyinə heyran olursan? Adam (əgər adamdırsa) gözəl bir xanıma (adam kişidirsə) heyran olar…Bədənindən su axan qaranquşun halına acıyarsan, təəccüblənərsən, ürəyin yanar…

Nə əsən güclü külək,
Nə yağan güclü yağış
O zərif quşcuğazı
Bircə an saxlamamış. 

Oxudunuz? Qaranquşu külək, “neysan” saxlaya bilməyib, ancaq “quşcuğaz” gəlib durub şairin pəncərəsinin qabağında – bədənindən su axa-axa – deyir şair, mənə poema yaz, çörəyin şeirdən çıxır, sənin qadalarını alım…

 Elə bil lap bu saat
Gəlsə qış, yağsa da qar,
O dayanmaz yenə də,
Daha sürətlə uçar. 

Necə yəni dayanmaz? Dayanmasaydı, bir saniyənin içində pəncərənin qabağından ötüb keçsəydi şair bu dastanı necə danışardı?

İndi burda Səməd Vurğun kimi “Aha!” demək lazımdır.

Aha!

Alaraq dimdiyinə
Quşcuğaz yem aparır. 

Quşcuğaz yem aparırmış. Leysan, yollar kəsilib, olmayan adamların hərəsi bir yerə sığınıb, quşcuğaz isə dimdiyinə yem alıb durub şairin pəncərəsinin qabağında.

Yenə də AHA!
Bax bununçün havanı 
İldırımtək o yarır. 

Qaranquş ildırım tək havanı necə yarır ki, yarım saatdır pəncərənin qabağında sirinsəyib durub?

 “İndi, yəqin, yolunu 
Gözləyir ağ balalar”.

Qaranquşun balaları ağ olur?

Şair demişdi ki, «yollar kəsilib». Yəqin hava yolları açıqdır. Lap İlham Əliyevin xalqımızın başına gətirdiyi müsibəti xatırladır…

“Dözməyir qəlbi onun,
Körpələr ac qalalar”. 

İlahi, şair necə həqiqətlər açır! Bu şeir keçəndə yəqin şagirdlər müəllim qarışıq hönnkür-hönkür elə  ağlaşırlar ki, bayırda uçan quşlar qanad saxlayırlar…

 Şair pəncərəyə söykənib qalıb, quş da dimdiyində yem, yarım saatdır qanad saxlayıb gözləyir ki, şair dastanını nə vaxt bitirəcək…

Yağışın hiddəti azalmır.

Baxıram, yaz yağışı
Yağır hiddətlə yenə. 

Son beyt Azərbaycan poeziyasının incilərindən sayıla bilər.
O qaranquşsa uçur 
Göydə sürətlə yenə…

“Qaranquşa göydə sürətlə uçur…”

Belə “bədii dillə” estetik tərbiyə alan uşaqdan nə gözləyəsən?

Yazıq qaranquş…

Yazıq onun yuvada yem gözləyən balaları…

Yazıq Azərbaycan uşaqları…

X.X.

07. 05. 2024, Samara

CON MİLTON. LORD GENERAL KROMVELƏ

John Milton

 İncilin təbliği üzrə komitənin bəzi üzvlərinin təklifləri ilə bağlı

 

Rəhbərimiz Kromvel! Savaş buludlarından,

Ağır təhqirlərdən həm keçdin, güvəndin ancaq,
İnama, mətanətə və şərəfli yol açaraq,
Sülhə və ədalətə, getdin sən yorulmadan.

 +

Fortunanı bəzədin aldığınla Tanrıdan,
Tanrı buyuran işdi, Darvenə sən basaraq,
Şotlantlandların qanını suya qarışdıraraq,
Axıtdın, Danbarda da qazandın şərəf və şan.

 +

Dəfnə çələngi aldın Vusterdə; hələ çox var
Qabaqda qələbələr: az önəmli deyildir

Barışkından: qaldırır baş yeni düşmən indi,
+

Dünyəvilik toruna bizi salmaq arzular
Qurtar azad Vicdanı caynağından onların,

İncil cəhəngləridir muzdur canavarların.

1652

ingiliscədən tərcümə

04-05.05. 2024, Samara

QEYD

Oliver Kromvelin üzv olduğu parlament komitələrindən birinin fəaliyyəti ilə əlaqədar yazılmışdır. Komitə vicdan azadlığının ciddi məhdudlaşdırılmasını nəzərdə tutan kilsə təşkilatı layihəsini nəzərdən keçirirdi.Milton Kromvelə imandözümlülük prinsipini xatırladır.

++++++++++++++++++++

JOHN MİLTON

TO THE LORD GENERAL CROMWELL

On the proposals of certain ministers at the Committee for Propagation of the Gospelə

 

Cromwell, our chief of men, who through a cloud

       Not of war only, but detractions rude,

       Guided by faith and matchless fortitude,

       To peace and truth thy glorious way hast plough’d,

And on the neck of crowned Fortune proud

       Hast rear’d God’s trophies, and his work pursu’d,

       While Darwen stream with blood of Scots imbru’d,

       And Dunbar field, resounds thy praises loud,

 

 

And Worcester’s laureate wreath; yet much remains

       To conquer still: peace hath her victories

       No less renown’d than war. New foes arise

 

 

Threat’ning to bind our souls with secular chains:

       Help us to save free Conscience from the paw

       Of hireling wolves whose gospel is their maw.

HİKMƏT ZİYANNIN «QARABAĞDA» ŞEİRİNƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ BAXILMALIDIR…

Hikmət Ziya Qarabağda

Mən uşaq vaxtı Hikmət Ziyanı təmsilçi kimi tanıyırdım, 1-ci ya 2-ci sinfin dərsliyinə tülkünü aldadan inkubator cücəsi haqqında təsili salınmışdı, o vaxtlar , yənii 50-70 il qabaq Azərbaycanda inkubatorlar texnoloji yenilik idi, bunun şeiri yazılıb dərsliyə salınmalıydı.

Demə Hikmət Ziya dağa-daşa da dırmanırmış. 6-cı sinfin dərsliyində “Qarabağda” adlı mətni var. Qırx misradır. Yəqin elə birincii dəfə qəzetdə ya jurnalda çıxanda 80 sovet manatı alıb, bir müəllimin aylıq maaşı…

“Hüsnü yaşıl bağları, vüqarı dağlarıdır…”

Ərəbcədən çevirsək, gözəlliyi yaşıl bağlardır, vüqarı dağlar.

Bağlar il uzunu yaşıl olur? Bəs yarpaqlar saralanda? Töküləndə?

“Başqa ətirlə açır qönçələr Qarabağda…”

Uşaq müəllimdən soruşa bilər: başqa  — yəni hansı ətirlə? O ətrin adı olmalıdır ya yox? Mən də deyərəm Salyanda qönçələr başqa ətirlə açılır. Bununla “Salyan ətri” barədə hansısa təsəvvür yarana bilər?
Dağlarının başında Şuşa zümrüd tacıdır,
Bərdə, Ağdam, Füzuli daim qardaş-bacıdır.

Bunların hansı qardaş, hansı bacıdır? Rus dilində, məsələn, cins kateqoriyası var, Azərbaycan dilində yoxdur. Deyək ki, Füzuli qardaşdır. Ona bacı Ağdamdır ya Bərdə?

“Hər daşını görənlər dirçələr Qarabağda”

Elə hər daşı görən kimi dirçəlir? Kim dirçəlir? Xəstə? Ölü?

Bilirsiniz müəllif niyə bu cəfəng ifadələri işlədir? Çünki bəndlərəin sonuna  5-ci misra  — “Min ilin yorğunu da dincələr Qarabağda” əlavə olunur, ona görə hər bənddə “şair” “dincələr” sözünə qafiyə tapmalıdır. Hər cür hoqqaya əl atır, əlbəttə, oxucunu avam bilir, nə varsa, soxuşdurur – buna başqa ad qoymaq mümkün deyil…

 

“Köksündə hər qayası tarixləşib tunc olan”

Qarabağın köksünü təsəvvür etdiniz? Hər qaya bu köksdə tarixləşib. Daş şəklində də yox, tuncdan! Qaya tunc olub…

Yenilməz abidəmdir yerdən göyə ucalan”.

Qarabağ – yenilməz abidədir. Yerdən göyə ucalır? Tərsə, başıaşağı ucalan abidələr var?

Sonrakı iki misraya baxın. Bu beytin müəllifinin cinayəti milyon manatlarla maliyyə fırıldağı eləyən məmurun cinayətindən ağırdır. Çünki bu şair uşağın da, böyüyün də tərbiyəsini, yəni estetik tərbiyəsini pozur, yəni pozğun edir.

“Yaşı yüzü ötsə də, yoxdur burda qocalan”.

Bu cinayətkar deyir ki, Qarabağda yüz yaşı ötən də qocalmır.Və davam edib deyir:

“İnsan ömrü çətin ki, köç eylər Qarabağda…”
Bir şey başa düşdünüz? Ömür köç eləyir ya bitir? Deyək ki, canımızı dişimizə tutub ömrün köç eədiyini qəbul etdik. Ancaq bu allahsız deyir “çətin ki, köç elər”. Yəni adamlar Qarabağda ölmürlər…

Bəs buna nə deyirsiniz:

 “Bülbül tək ötür, hətta sərçələr Qarabağda…”

Bu lotu bilir ki, sərçələr bülbül  kimi ötə bilməz, ancaq buna “dincəlir” sözünə qafiyə lazımdır…

Sərçələr… hətta!

«Ulu babalarımın min-min illik oylağı!
Doğmalardan doğmadır hər aranı, yaylağı…»

«Min-min illik» — bu nədir və ya nə qədərdir?

Qarabağın neçə aranı var?

“Burda hər kəs qonağa hörmətini bol eylər..”

İlahi, bu nə dildir! “Hörmətini bol eylər…”

“Dünya gözəllərini qamətilə lal eylər…”
Hansı dünya gözələrini? Sofi Loreni? Kətrin Denövü? Klaudiya Şifferi? Julia Robertsi? Görmüşük Qarabağ gözəllərini… Ağdamın, Bərdənin, Füzulinin pambıqçı gözəllərini… Ağır iş, qıt, keyfiyyətsiz qida…

Sonra şair elə qızışır ki, gözü ayağının altını görmür, hətta qafiyə olanla qafiyə olanı ayıra bilmir
“Bu yerdə Vaqifimin müqəddəs türbəsi var,
Natəvanın, Zakirin pozulmayan izi var,
Üzeyirin nəfəsi, Bülbülümün səsi var…
Cabbar, Xan, Rəşid, Səid, Zülfü zənguləsi var…”

“Var” rədifinin əvvəlində gələn sözlər qafiyələnməlidir, ancaq qafiyələnmir: “türbə”, “iz”, “səs”, “zəngulə”…

Cəfər Cabbarlını personajı nə deyirdi? “Şəriət avam adamlar üçündür, sənə-mənə nə şəriət”. İndi şeirlərini dərsliklərdə gördüyümüz sovet şairlərinin hamısı sovet vaxtı nəşiyyatlarda, dövrü  mətbuatda, Yazıçılar ittifaqında, hətta Mərkəzi Komitədə yüksək vəzifə tutublar, onlara nə qayda? Özləri yazan, özləri redaktor, özləri naşir.

Birdən 6-cı sinif şagirdi soruşsa ki, müəllim, bu şeirdə məhz Qarabağa aid nə var? Şair Qarabağın adi insanın görə bilmədiyi nəyini və hansı bədii vasitəərlə göstərib? Müəllim nə cavab verəcək? Deyəcək başından yekə söz danışma? Deyəcək şeirdə Natəvanın, Üzeyirin, Bülbülün adı çəkilir? Şagird deməzmi ki, bu məlumatları Vikipediyadan oxumaq daha yaxşı olar? Mən niyə heç qafiyəsi də düz olmayan bu cəfəngiyatı əzbərləməliyəm?

Hə? Azərbaycanlı oğlan, qız niyə bu cəfəngiyatı əzbərləməlidir?

Bu mətnin şeiriyyəti cəhənnəm, şeiriyyət yoxdur. İnformativliyi də şübhəlidir.

“Yolunda qurban verər hər bir övladı canın”.

Verdi? Hər bir övladı? Ya fəhlə-kəndli övladları?

“Döyünən ürəyidir doğma Azərbaycanın”.

Qarabağın mədəniyyət mərkəzi, paytaxtı olmağı mifdir. Azərbaycan əjdahalarından kim qarabağlıdır? Füzuli? Mirzə Fətəli Axundov? Cəlil Məmədquluzadə? Sabir? Heç biri! Üzeyiri bəstəkat kimi Qarabağ yetirməyib, rus imperiyası, Qori seminariyası, rus konservatoriyası yetirib…. Qarabağa yazılan şeirlərin hamısında adı çəkilən Vaqif qazaxlıdır. Natəvanı isə şeiri qanmayan adam böyük şair sayar, Natəvan da Azərbaycan miflərindən biridir…

Mənim sualım təhsil nazirliyinədir: 6-cı sinif şagirdləri bu mətndən nə öyrənə bilərlər? Heç nə! Əlli ilin şairinin mətnində hətta qafiyələr də düz deyil.  Dağı, bağı, bulağı sadalamaqla Qarabağ mənzərəsi yaranır? Bunlardan, məsələn, Lerikdə yoxdurmu?

Mən 6-cı siniflə işləyən müəllimlərə məsləhət görərdim ki, bu şeirə çatanda barmaqlarına tüpürsünlər. Bəli, barmaqlarına tüpürüb vərəqi çevirərək bu cəfəng mətni arxada qoysunlar. Əgər vicdanları və az-çox savadları varsa…

X.X.

06.05. 2024, Samara

İSANIN AZƏRBAYCANDA ZÜHURU, QƏMBƏR VƏ QƏMBƏRQULULAR

Pravoslav, yəni ortodox xristianlar pasxanı, yəni onların Tanrı və eyni zamanda Tanrının oğlu saydıqları İsanın ölülükdən dirilmə gününü bayram edirlər. Biz müsəlmanlar, əlbəttə, İsanı Allahın oğlu,  Pasxanı da bayram saymırıq. Ancaq Allahın hikməti dərin, mərhəməti tükənməzdir. Onun qüdrəti ilə bizim öz İsamız da zühur elədi və Mirzə Əlilə çatan xəbərlərə görə, Azərbaycanda şadyanalıqdır və müsavatçılar şələ-şələ yağlı fəsəli bişirib paylayırlar.

Şiələr əsrlərdir ki, ağalarının zühurunu gözləyirlər, gözlərinin kökü saralıb, çoxu gözləməkdən vərəmləyib dünyasını dəyişir. Müsavatçılar isə İsa Qənbərin zühurunu cəmi on il gözlədilər.

İlahi, mərhəmətinə şükür!

Biz kimik ki, bilək Allah möcüzəsini haçan, harda göstərəcək! Ancaq əli Allahın ətəyindən üzülməyənlər İsa Qəmbərin zühuruna da ümidlərini üzməmişdilər!

Ya İsa! Ya İsa Qəmbər! Gəl sürünə yiyə dur!

Deyilənlərə görə, İsa Qəmbərin bu zühurundan sonra keçirilən qurultayda qərara alınıb ki, daha müsavat partiyasını üzvlərinə müsavatçı yox, qənbərqulu deyilsin. Necə ki, bizdə Məmmədqulu, Əliqulu, Hüseynqulu, Həsənqulu deyilib, bundan sonra da qənbərqulu deyiləcək. Məsələn, partiyanın 1800 qəmbərqulusu var. Sıravi qəmbərqulular, fəal qəmbərqulular, narkotiklə şərlənib tutulan qəmbərqulu və s.

Deməliyəm ki, mənim yerlilərim, salyanlı müsavatçılar çoxdan öz oğlan uşaqlarınln adını Qənbərqulu  qoyurlar. Ona görə Salyanda Qənbərqulu çağıranda beş-altı atam birdən cavab verir. Sıravi Salyan qənbərqulularının işi-peşəsi isə acqarına çayxanalarda acı çay içib şirin-şirin söhbət eləməkdir, yeganə narahatlıqları  çayın pulunu kimin verəcəyidir…Ancaq İsanın zühuru münasinbətilə çayxanalrda yağlı fəsəliyə kürü yaxıb veriblər. Kürünün ağbalıq ya çəki kürüsü olduğu məlum deyil…

O ki qaldı Əliyə…. Yəni Əli Kərimliyə, qorxuram ki, İsa Qəmbərin zühuru ona o qədər xoş gələ ki, o da özünü istefa vermişliyə qoya, beş-altı-ildən sonra zühur eləyə…

Ya bu gedən günün Tanrısı! Özün bilən məsləhətdir…

Mirzə ƏLİL

05. 05. 2024, Samara

CON MİLTON. LONDONA HÜCUM GÖZLƏNİLƏNDƏ

John Milton

Kapitan ya polkovnik ya silahlı cəngavər,
Keşiksiz bu qapını sənin açmağın asan.

Döyüşçü şərəfini dəyərli sayan insan,
Mənizili həm qoruyar, sakini həm hifz edər.

+

 Var elə qüdrət onda – sənin haqqını ödər,
Tərənnümlə bu incə işə qazandırar şan,
Dünyanın hər yerində özün ad qazanarsan,

Hansı ölkəni Günəş isindirirsə əgər.

 +

Mənizilini Muzanın hədəf tmə nizənə,

Məbədlər və qalalar yıxan fateh sərkərdə,

Aleksandrın özü Pindarın mənzilinə,

 +

Qıymadı: Və kədərli nəğmələr səslənəndə,
Bir vaxt “Elektra”dan, şair qüdrəti yenə,

Qoymadı əsgərləri Afinanı məhv edə.

1642

ingiliscədən tərcümə

03-04. 05. 2024, Samara

QEYDLƏR:

1642-ci ildə Londonu kral qoşunlarının mühasirəyə alacağı gözlənilirdi

Keşiksiz qapı (orijinalda: defenceless dores) – Miltonun evi şəhərdən qıraqda yerləşirdi.

Plutarxda Afinanın Sparta sərkərdəsi Lizandr tərəfiundən alınması barədə hekayə var. Şura Afinanın yer üzündən silinməsi barədə qərar çıxarır.İclas vaxtı Evripidin “Elektra” əsərindən xor səslənir, bunun təsiri elə güclü olur ki, şəhəri dağtmaq qərarını ləğv edirlər.
+++++++++++++++++++

JOHN MİLTON

WHEN THE ASSAULT WAS INTENDED ON THE CITY

Captain or Colonel, or Knight in Arms,
Whose chance on these defenceless dores may sease,
If ever deed of honour did thee please,
Guard them, and him within protect from harms,

 

He can requite thee, for he knows the charms
That call Fame on such gentle acts as these,
And he can spred thy Name o’re Lands and Seas,
What ever clime the Suns bright circle warms.


Lift not thy spear against the Muses Bowre,
The great Emathian Conqueror bid spare
The house of Pindarus, when Temple and Towre

 

Went to the ground: And the repeated air
Of sad Electra’s Poet had the power
To save th’ Athenian Walls from ruine bare.