Архивы
«ПОЖАРОМ КОМАНДОВАТЬ БУДУ Я!»
Ильхам Алиев бакинский пожар взял под свой личный контроль.
AY BAŞIXARABLAR, SİZ YANĞINI BƏYƏNİRSİNİZ?
«Azadlıq» radiosu FB səhifəsində yanğı xəbərini qoub, burda 10 nəfərin öldüyü bildirilir. 355 bəyənən var. İdiotizmin həddi-hüdudu yoxdur! Bu xəbərdə bəyənməli nə var axı? Evin yandığını bəyənirsiniz, ya on nəfərin öldüyünü? «Azadlıq» radiosunu bəyənirsinizsə, gedin Xədicə İsmayılın yatdığı türmənin qabağında iki-üç nəfərlik piket keçirin. Belə adamlar qonşu evi yananda da gedib bir qaşıq su tökməzlər, elə kompüterdə «bəyəndim» döşəyərlər…
АЗЕРБАЙДЖАН ПОЛОСАТЫЙ
AZƏRBAYCANLININ ŞİKAYƏT ƏRİZƏSİ
ŞİKAYƏT ƏRİZƏSİ
KİMDƏN – Vətəndaşdan
NƏDƏN – Həyatdan
KİMƏ – Mehribam xanıma
SÜRƏTİ: 1. Nərguz xaıma 2. Leyla xanıma 3. Arzu xanıma 4. Kiçik Heydərə
P.S. Bir surəti də çatdırılsın Kəmaləddin Heydərova ki, bu şikayətimə qəmli bir mahnı yazsın.
DİROV DAĞDAN GƏTİRİLƏN KƏLLƏLƏR
Bu hadisə 1966-cı ilin mayında olub. Günü yadımda deyil.
Mən o vaxt altıncıda oxuyurdum. Məktəb səkkizillik idi. MayIn onundan sonra 5-8-ci sinifləri seyrəltməyə və alaq vurmağa aparırdılar. Biz saat 2-yə qədər işləyəndən sonra yenə məktəbə gəlib dərs keçirdik. Bir gün müəllimlər dedilər ki, yaxşı işləyin, qurtarandan sonra məktəbə yox, Dirov dağına gedəcəyik.
Dirov dağı bizim Ərəbqardaşbəyli kəndindən təxminən beş kilometrlik məsafədədir. Hündürlüyünə görə əslində dağ deyil, təpədir, ancaq hamı ona dağ deyir. Müəllimlər danışırdılar ki, orda qədim insan məskənlərinin qalıqları var. Biz bir növ arxeoloji ekspedisyaya gedirik. Ona görə hər gün alağa apardığımız kətmənlərdən başqa çoxlu bel də götürdük.
İşimizi qurtarıb QAZ-51 narkalı iki maşına yükləndik və Dirov dağına yola düşdük. “Ekspedisiyaya” ancaq altıncı, yeddinci və səkkizinci sinfin uşaqları gedirdilər. Üç sinifdə də olardı iyirmi-iyirmi beş uşaq. Müəllimlər qarışıq otuza yaxın adam.
Gedib çatdıq Dirov dağına. Müəllimlərin dediyinə görə, “Qədim məskən”lərin qalıqları yüksəkliklərin arasındakl yarğanlarda olmalıydı. Və belləri qapıb özümüzü qumlu qorpağın üstüylə sürüşdürə-sürüşdürə yarğanın dibinə endik. Az sonra uşaqlar sevinclə qışqırışdılar, çünki beli hara vururduqsa, skelet çıxırdı. Skeletlər üzdəydilər və elə saxlanmışdılar ki, elə bil onların məxsus olduğu insanlar torpağa yaxın illərdə basdırılmışdılar… Maraqlı burasıdır ki, heç kim qorxmurdu. Mən özüm ağürəyəm, ancaq yadımda deyil ki, orda mən qorxu keçirmişəm. Hamı şən idi. Həm alaqdan bir az tez çıxmışdıq, həm də məktəbə getməmişdik — əməlli-başlı kef idi…
Müəllimlərin göstərişiylə uşaqlar ordan çoxlu kəllə yığdılar ki, tarix kabinəsinə qoyulsun. Bu kəllələrin necə götürüldüyü yadımda deyil, yəqin uşaqlar başları bədəndən ayırırımışlar… Neçə kəllə götürüldüyü yadımda deyıl. Ancaq çox idi…
Kəllələri maşına yığıb özümüz də kuzovlara qalxdıq və kəndə qayıtdıq. Kəllələri aparıb tarix kabinəsinə yığdılar…
Ancaq tezliklə nədənsə tarix müəllimi bu kəlllələrə marağını itirdi. Bir az sonra kəllələr məktəbin dalındakı sıx narlığa atıldılar. Uşaqlar onları futbol topu kimi təpikləyirdilər…
Mən 1972-ci ildə pedaqoji məktəbi qurtarıb öz məktəbimizə müəllim gəldim. Sinif otağının pəncərəsi o narlığa açılırdı və yenə o kəllələron bir neçəsini orda görürdüm…
Onu deyim ki, “arxeoloji ekspedisiya”dan evə gələn kimi məməm dedi ki, orda nə qədim məskən, orda yəqin 18-də ermənilərin öldürdüyü adamların sür-sümüyü qalır… Hərçənd anam yerli deyil, Arbatan qızıdır…
İndi də o kəllələr gözümün qabağındadır. Bəlkə bir vaxt mənim də kəlləmlə kimsə futbol oynayacaq, ancaq bu, ayrı oyun olacaq.
Mən öz tarixsizliyimizə, yaddaşsızlığımıza heyrətlənirəm.
İndi qədimlik, türkçülük söhbətləri eşidəndə çənəm əsir. Çünki hardasa narlıqda ot basmış kəllələr var. Bizim kəllələrimiz. Tariximiz…
Mənim atamı qolçomaq çıxarmışdılar, atlarını almışdılar, canını birtəhər, özünün dediyinə görə, adaşının, Arif Məlikovun atası Cahangir bəyin köməyi ilə qurtarmışdı. Ona görə də o, tarixi birdəfəlik “unutmuşdu”. Əslində o, tarixi bilirdi, ən azı yaxın tarixi. Ancaq özünü bilməzliyə vurmuşdu.
Bəs müəllimlər? Cahilliyi də bağışlamaq olar. Ancaq insan qalıqlarına münasibət?
Mən belə məktəbdə oxumuşam. Belə müəllimlərdən dərs almışam. Və sonralar onlardan da pis müəllim olmuşam – mən sinif otağının pəncərəsindən yarıyacan ot vasmış kəllələrə sakitcə baxırdım və onlar məni heç bir fikrə salmırdı…
İndi tez-tez o kəllələr gözümün qabağına gəlir. Öz kəlləmi də onların arasında görürəm. Ancaq mənim kəlləmin o kəllələr sırasında yerə layiqliyinə şübhəm var…
Mən istərdim ki, Dirov dağındakı bütün sümüklər və 1966-cı ilin mayında Salyan rayonu Ərəbqardaşbəyli (indi Neftçaladır) məktəbinə gətirilib narlığa atılan bütün kəllələr yığılıb hörmətlə basdırılsın…
Ölülərinin kəllələri dağda-düzdə dığırlanan millətdə insan həyatına da hörmət ola bilməz…
03. 05. 2015
Samara
«HEÇ VAXT, HEÇ VAXT, HEÇ VAXT…»
“SƏN BİR DƏ QAYITMAZSAN…”
Mənim övladım yoxdur və buna görə övlad itkisi barədə nə yazsam, nəinki başqalarını, heç özümü də inandırmayacaq – övlad itkisinin, eləcə də övlad məhəbbətinin nə olduğunu mən bilmirəm. Bəşər dühası bunu öz qəhrəmanının diliylə belə ifadə edir:
“ Lear. And my poor fool is hang’d! No, no, no life!
Why should a dog, a horse, a rat, have life,
And thou no breath at all? Thou’lt come no more,
Never, never, never, never, never!..”
“Sən bir də geri dönməzsən. Heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt…”
Cənab Tofiq Yaqublunun əvəzində prezidentdən onun bağışlanmasını xahiş edən adamları başa düşürəm, ancaq bunu səhv sayıram. Tofiq Yaqublunun əfv xahişini eləmək dolayısı ilə onun cinayət törətdiyini təsdiq etməkdir. “İctimaiyyət”, bəlkə özü də başa düşmədən, ədalətsiz hökmü legitimləşdirir.
Prezidentə müraciət belə ola bilərdi: “Cənab prezident! Siz Tofiq Yaqublunu qisas üçün türməyə salmısınız. Bunu başa düşürük. Ancaq cənab Yaqublunun nəslini kəsmək fikriniz yoxdursa, onu buraxın. Qisasınızı onsuz da almısınız”.
Bütün başqa formalarda müraciət Yaqublunun cinayət törətdiyini təsdiq edir.
Müstəbid hakimlər hamısı kinli, qisasçıdır, hakimiyyətdə oturduqları müddət artdıqca, kinləri, qisasçılıqları daha da artır, çünki kölgələrindən də şübhələnirlər.
Azərbaycan hakimiyyətini bu müstəbidlər içində fərqləndirən onun sadizmidir. Hakimiyyət İnsan nalələrindən həzz alır. Axı məhkumlar özləri ağlamasalar da, onların anaları, bacıları uşaqları ağlayırlar. Və hönkürtülər, nalələr hakimiyyətə ləzzət verir. Bu, klinik haldır, psixi sağlamlıq problemidir. Ancaq sağlam hakimiyyət Leyla Yunusu ya Xədicə İsmayılı damda çürütməz.
İntiqam Əliyevdən qisas alırdılarsa, alaydılar. Ancaq yeddi il yarım iş – bu, sadist ehtirasların doyuulması üçündür. Bunu başqa cür yozmaq mümkün deyil.
Azərbaycan sadistlər ölkəsidir. Biri tutulanda, polis dəyənəy yeyəndə, minlərlə televizorun qabağında on minlərlə adam xorla deyir: “Canın da çıxsın!”
“Məmmədrəhim, raykom katibi səni minib çapa bilər?” – Bəxtiyar Vahabzadə 1979-un sonunda ya 80-nin əvvəlində qiyabiçi tələbələrin birindən soruşdu. Yerdən xorla qışqırdılar: “Əlbəttə, çapar!”
Bizdə hamı bir-birini minməyə çalışır. Guya rejimə qarşı olanların çoxu demokrat-zad deyil, sadəcə onlar yerlərini dəyişmək istəyirlər: onlar bellərindəkiləri atıb özləri minmək arzusundadırlar.
“Qaçın, qarovulçu gəldi, Qoçu oğlu qoçu gəldi!” – bunu gənc İsa İsmayılzədə yazıb. Bizdə qarovulçu, təhkimçi, briqadir, sədr, katib, müvəkkil – hamısı əhalini minib-çapıblar. Əhali də uşağını bir ətək pulla da olsa oxutmağa çalışıb ki, o başqalarını minsin, onu minməsinlər…
Mən Azərbaycan polisləriylə az üzləşmişəm, ancaq briqadir, təhkimçi, sovxoz direktoru, katib görmüşəm. Onlardan bir ayrı vavt. Mən Azərbaycan qatarlarından bir neçə kəlmə yazmaq istəyirəm. Bir vax Tümün-Bakı marşrutuyla Azərbaycan qatarları da gedirdi. Mən bu vaqonda nəinki ayaqyolunda, hətta ayaqyolundan qıraqda da ayağının nəcisə batdığından yazmıram. Bu da ayrı vaxt. Mən ayrı şeyi demək istəyirəm. Azərbaycan qatarına minən kimi bələdçilər pasportunu alıb saxlayırlar. İki gün yarım olursan dustaq. Sənədsiz, hüquqsuz. Azərbaycan torpağına keçən kimi milli rəmzlərlə bəzədilmiş gözəl paltarlar geymiş əsgərlər, zabitlər, gömrükçülər, polislər vaqonlara girib başlayırlar soydaşlarını soymağa…
Aleksey Karamazov bir dəfə deyir: “Mən bəlkə heç allaha inanmıram”.
Mənə hərdən elə gəlir ki, mən Azərbaycanı sevmirəm…
İndi insan nalələrindən həzz alan hakimiyyətdən Yaqubluya əfv istəmək düzgündürmü? Hünəriniz var, gedin evini alın mühasirəyə, deyin ki, bu kişini qoymarıq qayıda türməyə…
Hərçənd öz işinizdir. Neyləyirsiniz, eləyin. Bir söz idi, dedim. Kimdi mənim sözümə baxan?
26.04. 2015 Samara




