Архивы

RAMİZ RÖVŞƏN PREZİDENTƏ: «ƏN ÇOX BU QIŞ SEVDİM SƏNİ…»

ramiz rövşən sevdim səni

Əvvəl sevgim yavaş idi,

Sürətlə sonra sevdim.
Güzəranım yaxşılaşdı,
Gəldi pul-para, sevdim

 +

Elçibəyə verdim ürək

Sevdim bir ildən də az.

Atan onu devirən tək,

Keçdim bu sevgidən vaz.

 +

Şükr Allaha, ağıllandım,
Sevdim ulu öndəri.

Havayı ondan ev aldım,
Verdi şəxsən orderti.

 +

Öndər öldü, səni sevdim,

Yazda, yayda, qışda mən.

Gəldi hər ay təqaüdüm,

Bir ev də bağışladın.

 +

Ən çox sevdim səni bu qış,
Seçki keçiriləndə
Məntəqələr açılmamış,

Verdim səsimi mən də.

 +

İki dəfə səs verərək,
Dörd-beş bülleten atdım.

Çünki səni sevir ürək,
Sənsən eşqim, həyatım.

Mirzə TƏBİL

18. 02. 2024, Samara

ALEKSEY NAVALNININ XATİRƏSİNƏ

İYUL 2023

Milyonlarla möminə ümid, təsəlli, örnək,

Tanrı oğlu sayılan, tanrı həm təcəssümü,

Diz çökür qabağında, zəngin olsun ya miskin,

Metal ya ağacdakı surətini öpərək.

 +

Sən bəşər övladının xilasına gəlmisən,
Şərdən çəkindirmisən cəhənnəm hədəsiylə,

Günahsiz olduğunu vali bilsə də belə,
Canilərlə yanaşı çarmıxa çəkilmisən.

 +

Peyğəmbərsən kiməsə, kiməsə tanrı, Cənab!

Yerdəki həyatında çəkdiyin əzabları,
Bilən gərək şükr edə, nə qədər duya ağrı,

Xeyli sual var ancaq, heç birinə yox cavab.

 +

Bildinmi aclıq  nədir? Bilmədin. Beş çörəklə,
Beş mindən çox insanı yedirtdin, özün yedin.

Yorulsan, dincəlirdin, çəkilirdi keşiyin,
Çoxdu yumağa hazır ayaqlarını belə.

 +

Bildinmi şaxta nədir qırx ya əlli dərəcə,
Yarısoyunuq ya lüt beton döşəmə üstdə,

Keçirəsən həftəni həftə dalınca xəstə,

Bütün günlərin ola sona yetməyən gecə.

 +

Cənab, odu var ancaq sən deyən cəhənnəmin,
Niyə qaçıb şimallar Tanrının nəzərindən?

İndiki müstəbidlər, tanrı iddialılar,

Yaradan cəhənnəmin zülmü daha da zəngin.

 +

Tanrı oğlu! Səfəri salma daha təxirə,
İki min ildən artıq uzandı bu intizar,

Bu dəfə istidən yox, şimaldan yolunu sal,
Onda bəşər çəkəni bəlkə atan da görə…

 

17. 02. 2024, Samara

ALİ BAŞ KOMANDANIN NÖVBƏDƏNKƏNAR ÇASTUŞKALARI

İlham Əliyev 4

Qalib çıxdım mən yenə də,
Yenə prezidentəm.

Prezident sarayında,

Daimi rezidentəm.

 +

Asanlıqla qalib gəldim,
Mən bütün rəqiblərə.

Kaş ki, gətirəydi əlim,
Kazinoda da delə.

Eyy! Uxx!

 +

Qəqiblərim cındırdılar,
Təəssüf ki, belədir,
Bu ölkədə ciddi adam,
Mənəm, bir də ki, Heydər.

Eyy! Uxx!

 +

Yekdilliklə səs verildi,

Qalibə, müzəffərə.

Minnətdar xalq hazır idi,

Can istəsəm –can verə.

 +

Mənə elə  böyükdü ki,

Məhəbbəti millətin,
Atırdılar iki-iki,
Ya da üç-dörd bülleten.

Eyy! Uxx!

 +

Seçki günü ölülər də,
Tərk edib qəbirləri,

Səslərini verirdilər,
Və dönürdülər geri.

 +

Səs veribdir Kürdəxanı,
Mənə yüz əlli faiz.

Açıqlayıb özü bunu,

Ordakı jurnalist qız.

Eyy! Uxx!

 +

Gələn il də keçirərəm,
Seçki növbədənkənar.

Xalqımın, görürəm ki, mən,
Bu işə sevgisi var.

 +

Dünya bizə qibtə edir,
Paxıllıqdan cırılır.

Çünki bizdən başqa hər yer,
Aclıq çəkir, qırılır.

Eyy! Uxx!

 +

And içirəm mən Qurana

And içirəm Qanuna.

 “Bir gəncin manifesti”nə,

Arvadım Mehribana!

 +

Üstünüzdən olmaz əskik,

Dəmir yumruq heç zaman,

Gəlmişik, gedən deyilik,
Bunu bilsin hər insan!

 +

Eyy! Uxx!

Mirzə TƏBİL

14. 02. 2024, Samara

ƏHVALPÜRSANLIQ: İLHAM ƏLİYEV VƏ MƏZAHİR PƏNAHOV

     

(Sabirə nəzirə)

   Əliyev

Mənə  son seçkilərin söylə necə keçdiyini

                Pənahov

Heç nə baş vermədi, vallah, bu seçkilərdə yeni.

 Verdi yekdil sizə səs ölkə əhalisi tamam,
İndi vurçatlasın hər yerdə, xalq edir bayram.

                  Əliyev

Səs verən olmadımı başqa namizədlərə bəs?

                   Pənahov

Namizəd kimdi sayan onları ki, versin səs?

Güldü millət, açığı, onlara “cındır” deyərək,
Dedilər “rəhbər olan yerdə bizə ayrı namizəd nə gərək”.

                   Əliyev

Bəlkə yol vermisiniz seçkidə pozuntulara?

                   Pənahov

Bu nə sözdür? Biz hara, seçkidə pozğuntu hara!

Seçkilər şəffaf idi, körpələrin göz yaşı tək,
Türkmənə. tacikə, hətta rusa da Azəribaycan örnək!

                 Əliyev

Nə fikir bildirir Avropa bizim seçkilərə?

               Pənahov
Keçəcək karvanımız, bir sürü lap it də hürə!

                    Əliyev

Arzu və istəyini seçkidə bildirdimi xalq?

                   Pənahov

İstəyir azəri xalqı  təzə  bir seçki quraq.

Səs verib, ali komandan, yenə yekdilkliklə,
Sizi rəhbər seçərik onda biz on yeddi ilə.

Tac qoyub başınıza taxta çıxsanız siz əgər,

Oğlunuz Heydərə millət daha şahzadə deyər.

 

13. 02. 2024, Samara

MÜBARİZ İBRAHİMOVUN XATİRƏSİNƏ

İYUL 2023

Ölkəmiz belədir – qəhrəmanları,

Rəşadət, şücaət deyil yaradan.

Möhürlü fərmanla qəhrəmanlanır,
Olsa, olmasa da layiq ad alan.

 +

Doğrultdun atanın verdiyi adı,
Qəhrəmanlığın da şübhəsiz, əsl.

Ayrı bir qəhrəman amma qalmadı
Ölkədə tanınan – bu, yaxşı deyil…

 +

Səndən sonra adı heç kim almadı,

Unuduldu səndən əvvəl olanlar.

Xalqımın yaddaşı  — O`Henri atı,

Saxlamağa gücü bir nəfərə var…

 

07. 02. 2024, Samara

EYCAHANLIQ HAQQINDA ŞEİR

İYUL 2023

Cürbəcürü olur eycahanlığın,

Uzun sürəni var, tez bitəni var.

Biri məcbur  olub eycahan qalar,
Birisə kefindən gəzir arxayın.

 +

Qabaqlar kəndlərdə eycahan oğlan,
Evlənə bilməyən keçəl kimiydi,

Eycahan olana gedən yox idi,
Bəlkə də dəyişib millət o vaxtdan.

 +

Müxtəlif cür olur eycahan insan,

Yorğanı başına çəkib yatan var,
Qonşu pişiyinə təpik atan var,

Var gəlib-gedənə vedrə bağlayan.

 +

Bəlkə eycahanlıq ruh durumudur — 

Bəzən eycahansan işin varsa da.

Başa düşülmürsən el arasında,

Eycahansan! – get lap özünü öldür…

 +

İşsiz sayılırsan el gözündə sən,
Nə iş gördüyünü yoxsa anlayan.

Qazanc, rütbə yoxsa – adın eycahan,
Elçisi qovulan keçəl kimisən.

 +

Eycahanlığından fit çalır biri,
Əlac axtaran var ağda, qarada,
Kişi ürək açır özgə arvada,

Xanımı dolaşır şəbəkələri…

 +

Eycahan kimidir prezident də,

Arvad, oğul-qız da eycahan kimi,

Səbəb eycahanlıq, deyin, deyilmi,
Adı “seçki” olan bu həngaməyə?

 06. 02. 2024, Samara

QƏNİMƏT ZAHİDLƏ SEVİNC OSMANQIZI: VAHİDANƏ (HƏM DƏ ZAHİDANƏ)

qənimət zahid

Dedim: Ey qönçədəhan, könlümü qan eyləmisən!

Dedi: Zahid, halımı sən də yaman eyləmisən!

 +

Dedim:  Xəyalımı tərk etmədin Fransada da!

Dedi: Bəh-bəh! Nə gözəl yerdə məkan eyləmisən!

 +

Dedim: ABŞ-da səni görməyə çox can atıram!

Dedi: Çoxdan gözümü yolda qalan eyləmisən!

 +

Dedim: hər gün səninlədir niyə Beydulla Manaf?

Dedi: Otello kimi bəlkə fəğan eyləmisən?

 +

Dedim: Əlbəttə, yaxır qəlbimi qısqanclıq odu!

Dedi: Yutubda da yəqin ki, bəyan eyləmisən!

 +

Dedim: səninlə niyə eyş edir Sadıqlı Tural?

Dedi: Azad sözü çoxdan qadağan eyləmisən?

 +

Dedim: bu ərzdə yeganə müxalif özüməm! 

Dedi: Siyasəti əyləncə güman eyləmisən!

 +

Dedim: Böyük yazaram həm də mən zəmanəmizə!

Dedi: sayıqlamanı bəlkə roman eyləmisən?

 +

Dedim: əgər yenə də zəng eləsəm, maygülüyəm!

Dedi: get, maygülü, hər fəsli xəzan eyləmisən!

 

Mirzə TƏBİL

29. 01. 2024 Samara

 

YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ

İYUL 2023

Niyə dolu meydan boşaldı birdən,

Radikal natiqlər qeybə çəkildi?

Tankların, topların üstünə gedən,

Sadəlovhlər idi, sadələr idi.

 +

Dincəldi liderlər xumarlanaraq,
Gülləyə adinin sinəsi sipər.

Pompey əsgəri tək mətin duraraq,

Öldü sıravilər, təsadüfilər.

+

O vaxt həyatlarla oynanılırdı,

Güllə qabağına gedirdi sadə.

Alovlu sözlərə aldananların,

İndi xatirəsi istifadədə.

 +

Gedir şəhidlərin məzarı üstə,
Adamın hər cürü bir dəfə ildə.

Gedir, baş endirib, kütlə və dəstə,

Meydanda haçansa nitq deyən də.

 +

Bəzənib-düzənib müstəbid gedir,
Polisin, əsgərin əhatəsində.

Tökülən qanlardan o bəhrələndi,
Xalqın nəfəsini odur kəsən də.

 +

Gedir tanınanlar, gedir harınlar,

Gedir sıravilər, təsadüfilər.

Kütlətə əzən də, əzilən də var,

Hətta AZAl adlı gedir zəli də…

 

21. 01. 2024, Samara

QURBAN MƏMMƏDLİ: «O HEÇ!» ARZU SAYADOĞLU: «BU DA HEÇ!…»

Qurban Məmmədli Xoxahsəndə ev

Mən pedaqoji məktəbdə oxuyanda özfəaiyyət ansamblında tar çalırdım. Məndən və ansamblın rəhbərindən başqa, çalanlar muzdla tutulmuşdular, yəni peşəkar toyçu, “manıs” idilər. Manısların özünəməxsus danışıq, davranış, həyat tərzi və yumor hissi var. Onların arasında ciddi, qaraqabaq adam az  tapılır. Əksəriyyəti tərz çıxarandır, oyunbazdır, arvadbazlıq mövzusunda yorulmadan danışmağa və eşitməyə meyllidir. Klarnetçimizin dışdığı bir əhvalatı hərdən xatırlayıram. Dediyinə görə, özü bu əhvalatın şahidi olmuşdu.

İki manısın davası düşür. İndi bilmirəm, manıslar o vaxt əsasən sözlə davalaşırdılar, yumruq, xüsusən bıçaq nadir hallarda işlədilirdi. Bi iki manısın sözləri tükənəndə biri deyir:

— Sənin arvadın… Filankəslərlə…

O biri manıs halını pozmur və cavabında deyir:

O heç. Sənin də arvadın filankəslərlə…

Bu manıs da  halını pozmur:

— Bu da heç…

Qurban Məmmədli ilə Arzu Sayadoğlunun deyiişməsinə baxanda bu əhvalat yenə yadıma düşdü. Arzu Sayadoğlu üç il bundan əvvəl Kanal 13-də ağzını marçıldada-marçıldada, özünü aktyora bənzədə-bənzədə guya Qurban Məmmdəliyə məxsus mülklərin uzun siyahısını oxuyub. İndi bu çıxışı Q.M. təzədən efirə çıxarır ki, Arzu Sayadoğlu baxıb xəcalət çəksin və üzr istəsin. Mülklərin adı çəkildikcə Qurban Məmmədli iki cür reaksiyta verir. Ya deyir “mənim elə mülküm yoxdur”, ya da deyir “o heç”. “O heç” deyəndən sonra qısa izahat verir ki, baxanlar da onun ardınca desinlər “o heç”. Ancaq bitərəf tamaşaçı kimi deməliyəm ki, “o heç” kimi markalanan xeyli mülk var imiş. Məsələn, Xocahəsən qəsəbəsində iki fərdi ev. Q. M. deyir ki, o evi (demir “evləri”, hərçənd siyahıda iki evdir) kürəkəninin nənəsi nəvəsi üçün alıb, keçirib onun, yəni Qurbanın  qızının adına. Evin bir ya iki olması kimi, nənənin mülkü öz nəvəsinin adına yox, “yad qızının” adına keçirməyi də maraqlıdır. Q. M. deyir ki, nənə o evi (ya evləri?) almaq üçün Naxçıvanda üçotaqlı evi satıb. Sonra əlavə edir ki, nənə arxivdə işləyib. Yəni üçotaqlı evin necə alındığına sübut kimi.

Arxiv işçiləri sovet vaxtı qəpik-quruş alırdılar. Əlavə qazancları arxiv sənədlərini istəyənlərə pulla satmaqdan ola bilərdi…

Sonra Bİləcəridəki evə “o heç” deyir. Onu da qızına ya kürəkənnə vəsiyyət ediblər.

Ödəməli olduğu, ancaq ödəmədiyi milyonun izahatı inandırıcı deyil. Mən Q. Məmmədlinin xətrini çox istəyirəm. Ancaq inandırıcı olmayanda inana bilmirəm. Bu izahatı verəndə cənab Məmmədli özü də qızardı…

Qurban Məmmədli neçə vaxtdır ah-zar edir ki, qızları, nəvələri çöllərdə, kirayələrdə qalıblar.

Bəs Xocahəsəndə, Bİiəcəridə kim yaşayır?

Mən Qurban Məmmədlinn evinin dağıdılmasını qətiyyətlə pisləyirəm və nümunəsiz bu hampazorluğu və özbaşınalığı Azərbaycandakı feodal rejimin ittihamı üçün tarixi hadisə sayıram. Ancaq ədalətsiz rejimlə qarşı-qarşıya duran, açıq üzlə onunla mübarizəyə atılan adam sözündə və və əməlində düz, bütöv olmalıdır. Təəssüf ki, Qurban Məmmədlinin çoxlu ləyaqət və istedadını həlləm-qəlləmlik heçə çevirir. Yəni manıslar deyən heçə yox, əsl heçə…

O ki qaldı Arzu Sayadoğluna, bu insan Dostoyevsinin bəzi pertsonajları  kimi böyük iddiaları, ambisiyaları ilə uzlaşmayan iradə zəifliyi üzündən özünü dolaşdırmış, müxtəlif cildlərə, intriqalara, əlaqələrə  və sövdələrə girmiş, mənəvi oriyentirlərini, bir sözlə, şərəfini itirmiş, xilasını yeni-yeni maskalar taxmaqda görən bədbəxt bir insandır…

X.X.

15. 01. 2024, Samara

 

YATDIQ ƏSRLƏRİ FİL QULAĞINDA…

 Napoleon gedən iki yüz il  var,
Ömrüsə həm tarix, həm əfsanədir.

O miqyas heç kimdə yoxsa da indi,
Çoxdur Napoleon iddialılar.

 +

“Əsgər, sənə baxər qırx əsr!” dedi,
Üz-üzə duranda fransız osman,
Gələndə inglis donanmasıyla.

O an ehramdan o, möhtəşəm idi.

 +

Yatdıq əsrləri fil qulağında,

Biz harasındayıq indi tarixin?

Dəyənək əsridir bizə ən yaxın,
Fərqi yox: rezindir, zoğaldır ya da.

 +

Ehram zirvəsindən bizə qırx əsr,

Baxmamış. Nə tarix, nə şanlı ad var.

Bizi Napoleon iddialılar,
Hərlədir, fırladır, asır və kəsir.

10. 01. 2024, Samara