Архивы

«ÇOXLU TURİST GÖRÜRƏM YAŞADIĞIM ŞƏHƏRDƏ…»

Çoxlu turist  görürəm yaşadığım şəhərdə

Olduğum küçəni də var gəzib-dolananlar.

Önlərinə nə çıxsa, maraqla baxır onlar,
Gidə qulaq verirlər sanki nəfəs dərmədən.

 +

Qədim divar önünə yaxın gəlib dururlar,
Öyrənirlər kərpici, hörgünü və suvağı.

Yazını oxuyurlar onlar şagird sayağı,
Qarşısına çıxanı telefona çəkən var.

 +

Şəhərin adamları qaçmır nəzərlərindən,
Oğrun baxanı olur, bəzisi göz bərəldir,
Burdakılar tək adam görməyiblər elə bil,
Baxıb pıçıldaşırlar aralarında hərdən.

 +

Axşam çağı gəzəndə həzz alırlar qürubdan —
Bizim şəhərdə yəqin günəş batır ayrı cür,

Ayın da əksi çayda daha gözəl görünür,

Görə bilmir bunları nədənsə yerli insan…

 +

Gözucuyla olsa da, baxan olur mənə də,

Tarixi abidəyəm, yaşımı hesablasan.

Maraqla ya həsədlə bəlkə nabələd insan,
Baxır, yolu düşərsə, pəncərəmin önündən…

 +

Qırx uzun ildən bəri yaşadığım şəhərdə.

Kaş mən özüm bircə gün dönüb turist olaydım,

Divarlara, tağlara, hörgüyə vurulaydım,
Duyğudan yaşaraydı gözlərim güngedərdə…

 +

Özüm öz pəncərəmin işığına baxaydım,
Maraqla və həsədlə, dayanıb aralıda.

Elə gələydi, məni çağıran da var orda,
Ürəklə qapı açıb pilləkəni çıxaydım…

 

07. 06. 2025, Samara

XVİÇA

Ah, yenə tarix yaradır Dembele,

Həm ötürür, həm də vurur kim belə?!

Mərkəzi xətdən o, dəqiq pas verir,
Gürcü də dərhal səsinə səs verir.

Top ona çatcaq şığıyır güllə tək,
Göz yumub-açcaq çıxır o, təkbətək.

Şansı itirmir, solaxaydan vurur,
Heykələ dönmüş qapıçı lal durur.

Münheni alqış səsi sarsıtmada,

Xəstə tayan vardısa, durmuş o da.

İndi təsəvvür elə Gürcütanı,
Tapmaq olarmı bir ayıq insanı…

Milli fəxr, ah, necə də güc gəlir,
Kuboku almış elə bil gürcülər…

Yox İvanişvilini xatırlayan,
Yox Saakaşvilini xatırlayan…

Qol vurub əla Kvaratsxeliya,
İndiki anda nə demokratiya…

Gürcü olaydım o gecə kaş ki mən,
Hamı kimi nəğmə deyən, şənlənən.

Ayrı sevinc hardadır, anlat mənə,
Futbol olur ağrıya məlhəm yenə…

 

03. 06. 2025, Samara

LAMİN YAMAL

Gör neçə rəqibi dalınca qaçır

Aldanır, gəlirsə, hansı yaxına.

Atası yerində oyunçuları,
Dolayır bu uşaq sol ayağına.

 +

Qalmadı futbolda böyük-kiçiklik,

Hikmət ayaqdadır, yaşda deyildir.

Başı tək ayağı kimin ki, müdrik –

Ən azı bir addım irəlidədir.

 +

Açır hər qapını sol ayağıyla,

Mat qalıb göz döyür qapıçı yazıq.

Müdafiəçilər hüznlü, ağlar,

İstefaya hazır məşqçi artıq.

 +

Oyunda köhnələn, göz yoran nə var,
Qovur Lamin Yamal stadiondan.

Qaçır qaranəfəs geri qalanlar,

Ona yenilənlər öyrənir ondan.

 +

Neçə milyon uşaq yer kürəsində,
Adı köynəyində oynayır indi.

Əsgər pərəstişi var hərəsində,
Lamil Yamalsa gənc Napoleondur…

 

30. 05. 2025, Samara

LUKA MODRİÇLƏ VİDALAŞMA

Nəhəng pətək kimidir,

Santyaqo Bernabeu.

Luka Modriçi indi.
Ötürür stadion.

 +

Hamı həyəcanlıdır,
Hamı emosional.

Az deyil ağlayan da,
Tutub əlində dəsmal.

 +

Filorentino Peres,

Dayanıbdır hüznlü.

Açıqca görür hər kəs,

Qoca dərddən üzülür…

 +

İslanıb yanaqları
Karlo Ançelottinin.

Yox italyanın halı,

Saqqız çeynəsin indi.

 +

Çoxdur ağlayan bu gün,
Ayıb bilən yox bunu.

Bürüyüb ağır hüzn,

Bütün stadionu.

 +

Elə bil vida deyil,
Bu, yas mərasimidir,
Dəfn edirlər elə bil,
Luka Modriçi indi.

 +

Qupquru ağlayan var,
Var acı yaş tökənlər.

Bəlkə sevincdən ağlar,
Yerinə göz dikənlər…

 

29. 05. 2025, Samara

MBAPPE

Möcüzədir, ah, bu fransız əsl,
Gör necə milyonları etmiş əsir!

Stadionda qoparır fırtına,

Hansı rəqib olsa, gedir qırğına.

Sevgisi yoxdur sola, sağdan vurur,
Həm o yaxından, həm uzaqdan vurur.

Fəndləri var, həm də driblinqi var,
Saxlaya bilmir onu üç, dörd nəfər.

Sürətinə bax, elə bil güllədir,
Amma ayaqdan da yeyin baş gedir.

Ali mühəndis kimi ölçüb-bilçir,
Hansı bucaqdan, o bilir, top keçir.

Yaxşı tanışdır ona ballistika,
Topdan açır atəşi sanki qoçaq.
Gör nə gözəl öyrənib ispancanı,
Hətta məəttəl qoyur o, ispanı.

İngilisə gah keçir ispancadan,
Dərdə düşər bəlkə də qısqanc adam.

Ah, bu fransızda nə yoxdur daha –

Ağmış onun bəxti, qara olsa da…

26. 05. 2025, Samara

FUTBOL HAQQINDA NƏĞMƏ

“Müəllif! Müəllif!” – verib səs-səsə,

Çağıraq, titrədək yer kürəsini,

Qaldıraq möcüzə yaratmış kəsi,

Səcdəyə hazırıq, səhnəyə gəlsin.

 +

Dörd milyarddan çoxuq və günü-gündən,
Çoxalır sayımız. Eləcə artır,
Həm ehtirasımız, sevgimiz həm də.
Hanı adsız dahi, harda o yatır?

 +

Dünya şöhrətini ingilislərə,
Gətirməyib axı təkcə Şekspir.

Ədalət naminə, futbola görə,
Bu böyük millətin yeri zirvədir.

 +

Fırlanır Kürəmiz, top da fırlanır,
Finalı naməlum tamaşa gedir.
Hərdən faciədir —  itkili, qanlı,
O gah komediya, gah da dramdır.

 +

Meydanda Hamlet də, Kral Lir də var,
Var nə qədər desən Otello indi.

Ölür hər birimiz ölüncə onlar,

Çünki məğlubiyyət ölüm kimidir.
+

Yer əhalisinin yarıdan çoxu,
Qəlbini futbola verib haçandan,

Oyun əsir edib acı, həm toxu,

Onun məzəsni dadır hər insan.

 +

Ehtiraslar odlu, gedişi gərgin
Olsa da, dilini hamı anlayır.

Birdir ağla qara, kasıbla zəngin,
Hamı bir sevinir, bir də ağlayır…

 +

Soydaşım, sızlayıb demə: ingilis,
Ölkələr talayıb bir neçə əsr.

Bax gör ingilisdən nə almışıq biz —
Bu sərvət dünyada hər kəsə bəsdir.

 +

Müəllif! Müəllif! Bilinmir adı?

Məlumdur ingilis olmağı ancaq?
Bir stadion kimi qalxaraq onda,

İngilis xalqını biz alqışlayaq…

 

17.05. 2025, Samara

 



BİZƏ VƏD EDİLİB ƏBƏDİ HƏYAT…

         doktor Səlim Əhədova

Bizə əbədiyyət, əbədi həyat,

Kitaba inansaq, Tanrı vəd edir.

Əbədi cəhənnəm, əbədi cənnət,

Gözləyir hər kəsi, kim ölüb gedir.

 +

Əbədi həyatı görəsən niyə,

Elə burda vermir bizə Yaradan?

Sübutsuz vədlərlə axı ölməyə,
Azdır bu dünyada tələsən insan.

 +

Məqsədi, mənası nədir ölməyin,

Tanrım, dirilirsə ölən, yenidən?

Cənnətin var burda, var cəhənnəmin,
Burda qurmaq olar məhkəməni də.

 +

Özün bilirsən ki, öyrəşikliyik,
Yaxşıya, həm pisə biz bu dünyada.

İtə, pişiyə də üz-göz öyrəşir,

Çiçəyə, ağaca, ota, suya da.

 +

Hazırıq, iş əgər məhkəməliksə,
Sənin hüzurunda duraq indidən.

Göstər özünü də, nəhayət, bizə,

Qaldır min illərlə ölənləri də.

 +

Doğma kürəmizi “kun!” deyib böyüt,
Çatsın hər kəsə yer, hava, çörək,  su.

Divanı bitirib taxtına qayıt,

Yaşayaq, bilmədən ölüm qorxusu…

 +

Demə insan ömrü əbədi olsa,
İtərdi həyatın bütün ləzzəti.

Anlat, Tanrım, mənə, əgər eləsə,

Niyə vəd elədin əbədiyyəti?

 +

…Bu nə xoş ətirdir dəyən burnuma? –

Ah, çəmən biçilib yol qırağında…
Xoşdur əbədiyyət söhbəti, amma,
Yoxdur bu nemətdən behişt bağında…

15.05. 2025, Samara

 

 BALIQÇI VƏ İNTERNET

Dünən yağırdı, bəlkə sabah yenə də yağar,
Bu gün günəş parlayır, həm işıqlı, həm isti.

Sahildə hava udan, gəzən, oynayan da var,

Tilov atıb oturub bir qoca çınqıl üstdə.

 +

Balıqçılıq stajı az olmaz əlli ildən,

Yaşının dibi yoxdur — görkəmindən bilinir.

Volqanın qırağında keçən vaxt cəm edilə,
Görərsən bu həvəsə həst edib o illəri.

 +

Üzgəclərdən gözləri çəkilməzdi bir zaman,
Yayınmazdı diqqəti nə səsə, nə də şəklə

Elə baxardı gərgin, deyərdin ki, bu insan,
Lal axıb gedən suyun altını görür belə.

 +

Qocanın yarı canı smartfondadır indi,
Gah üzgəci izləyir, ekrana gah göz dikir.

Əlbəttə, balığın da qoca marağındadır,
Ümumdünya Torunun cazibəsi də çəkir.

 +

Deyirlər balıqçını çağıraraq bir zaman,
İsa dedi: “Tilovu tulla, mənimlə gedək.

Daha çətin bir ova indi qatılacaqsan —

Girdablardan ruhları çıxarasan sən gərək”.

 +

Yerin üstündəkindən, suyun altındakından,
Ovuclara yerləşən ekranlar yayındırır.

Girdablardan ruhları xilas etməli insan,

Özü Tordadır, ya da girdab qırağındadır.

 12. 05. 2025, Samara

BAXIB XATIRLAMA, XATIRLAYIB BAX…

Şəkil bağışlayar, şəkil alardıq,
Kağız şəkil vaxtı, əlli il qabaq.

Bəzən arxasında yazı olardı:

“Baxıb xatırlama, xatırlayıb bax…”

 +

Elə şəkillərdən mən də alardım,
Şəkil göndərərdim mən də yazaraq.

Qəriblikdə əvvəl xatırlayardım,
Sonra şəkillərə baxardım ancaq.

 +

Dönə-dönə köçdüm, sonra da yandım…

Nə vardısa, getdi, elə candı sağ,

Bir də xeyli şəkil… onlara indi,

Baxmaq həm ağırdır, həm xatırlamaq…

 25.04. 2025, Samara

AH, BAKIDA GÖR NECƏ DƏ SEL GEDİR…

Ah, Bakıda gör necə də sel gedir,

Qurşağacan islanaraq el gedir!

 +

Güclənir, artır suların həmləsi,
Tutduğun anda qabağı – dal gedir!

 +

Qaz kimi yollarda maşınlar üzür,

Hər biri sanki keçərək göl gedir.

 +

Boynuna güclü əfəli mindirir,
Gör neçə insan qıraraq bel gedir!

 +

Sanki hovuzdur içi avtobusun,
Həm yuyunur sərnişin, həm yol gedir!

 +

Azəribaycansa azaltmıqr qazı,

Sanki uçur quş, ya da ki, yel gedir.

 +

İnkişafın misli, bərabəri  yox,

Dalda qoyub aləmi əvvəl gedir.

 +

Keçmişik İlhamla biz Avropanı,

Təngnəfəsdir, çıxarıb dil gedir.

 +

Seyr edib İlhamsa seli söyləyir:

 “Mehriban, işlər nə mükəmməl gedir!”

 Mirzə TƏBİL

16. 04. 2025, Samara