Архивы

XORUZ VƏ MİRVARİ DƏNƏSİ

(Lafonten və Krılov)

Peyin qalağında eşələnəndə,
Mirvari dənəsi tapdı bir xoruz.

Dedi: mənim bəxtim gətirmir nədən,
Bu dənəni versən yeməz heç donuz.

 +

Dimdiyimə darı dənəsi əgər,
Keçsəydi, min dəfə yaxşı olardı.

Udardım, o da tez mədəmə gedər,
Dilimdə dənənin dadı qalardı.

 +

Bunun qiyməti nə, niyə sevilir?”

Cahil də belədir elə həyatda:

Elə ki, bir şeyi anlaya bilmir,

Deyir ki, boş şeydir, cəfəngiyatdır.

 

30. 01. 2026, Samara

DİOGEN VƏ BÖYÜK ALEKSANDR

Böyük Aleksandr gözlədi yəqin

Onun görüşünə gələr Diogen. 

Amma Diogensə kefində idi,

Uzanıb özünü günə verirdi.
Təəccüb edərək xeyli bu işə,
Aleksandr özü getdi görüşə.

Yaxın gəlib dedi: Böyük çaram mən.

Filosof: Mən isə it Diogenəm.

— Niyə it deyirlər adamlar sənə?

— Quyruq bulayıram yemək verənə.

Hürürəm, kim heç nə verməsə əgər,

Dişlərəm, pis haçan rastıma gələr.

— Diogen, bəs məndən qorxursanmı sən?

— De əvvəl: xeyrirsən sən ya da şərsən?

-Əlbəttə, xeyirəm, buna şübhə var?

— Eləsə, xeyirdən kim axı qorxar?

— Mən Aleksandram, mən cahangirəm,
Nə istəyin var, de, icra edərəm.

— Bircə istəyim var: yana çəkil sən,
Günün qabağını çünki kəsmisən.

 

29. 01. 2026, Samara

DİOGEN VƏ ARİSTİP

Aristip tirana yaltaqlığıyla,

Zəngin yaşayırdı, dəbdəbəli həm.

Diogen də adam içində elə,

“Çar iti” deyirdi onu görən dəm.

 +

Bir də Aristip gördü Diogen

Mərci təmizləyir. Və ona dedi:
“Öyrənsəydin çara tərif deməyi,
Mərcidən yaxşı şey yeyərdin indi”.

 +

Aristip tərəfə baxıb Diogen,

Söylədi: “Sən isə özünü əgər

Öyrədə bilsəydin mərci yeməyə

Yaltaqlıq etməzdin çara bu qədər”.

 

 28. 01. 2026, Samara

XƏSİS

                               (Ezopdan)

Bir kişi qiymətli nəyi var idi,

Satıb qızıl külçə aldı puluna.

Basdırdı külçəni divar dibində,

Hər gün çıxararaq baxırdı ona.

 +

Bir dəfə qızılı çıxaran zaman,
Gördü təsadüfən onu bir nəfər.

Güddü xəsis evdən gedəcək haçan,
Çıxarsın qızılı gələnə qədər.

 +

Külçəni apardı oğru beləcə,
Qayıdıb tapmadı xəsis sərvəti.

Boş deşiyə baxıb ağladı qoca,

Yoxdu həyatının daha ləzzəti.

 +

Onun bu halınıı görüb bir insan,
Dedi: bir daş basdır deşiyə yaxşı,

Fərqi yox, külçəyə  ya daşa baxsan,

Sən ki, xərcləmirdin qızılı  axı…

 

27. 01. 2026, Samara

KƏNDLİ VƏ İLAN

          (EZOPDAN)

Vurdu bir kişinin oğlunu ilan,
Öldü yerindəcə zəhərdən oğlan.

Qəmindən başını itirdi ata,
Qisas niyyətiylə götürdü balta,

Gəzib həndəvəri tapdı  yuvanı,
Səbrlə oturub güddü ilanı.

Çıxdı yuvasından, nəhayət, ilan,
Çaldı dərdli ata baltanı o an.

Sıçrayıb zərvədən ilan yayındı,
Baltanın zərbəsi daşa dirəndi.

Kişi qorxaraq öz hərəkətindən,
Barış təklif etdi ilana birdən.

“Barışa bilərdik, —  söylədi ilan,

Arada olsaydı etibar, inam.

Sənə oğul qəbri, daşdakı çapıq

Mənə xatırladar qanlıbıçağıq”.

 

26. 01. 2026, Samara

QOCA VƏ ÖLÜM

(Ezop — Lev Tolstoy)

 

Qoca odun yığaraq,

Evinə qayıdırdı.

Yükünü buraxaraq,
Birdən o  belə dedi:

 +

“Necə ağırmış şələ,

Gücüm çatmır aparam!

Kaş indi ölüm gələ,

Əziyyətdən qurtaram.”

 +

Sözünü qurtarınca
Durdu önündə ölüm.

Dedi: “Nə işdir, qoca?
İstəyini de, bilim”.

 +

Qocanı qorxu aldı,

Ölümü görən kimi .

Dedi: “səni çağırdım,

Qaldırasan şələmi.”

 

25. 01. 2026, Samara

ƏVƏZ ZEYNALLI

Çernobl miqyaslı bir nüvə partlayışından,
Möcüzəylə sağ çıxan insandır o elə bil.

O əvvəlki özünün heç oxşarı da deyil,
Nazilən səsi ancaq tanıdır danışanda.

 +

Oxşamır bu dünyanın adamına qətiyyən,
Yoxdur tanış milli ya irqi əlamətləri.

Çətin deyə bilərsən hansı rəngdədir dəri,
Arsızlar ancaq deyər  “saçlarına düşüb dən”…

 +

Çernobl qəzasıdır bu, ya Xirosimadır,
Baş verib, davam edir evimizin içində.

Külə dönür deyənlər, düşünənlər haçandır,
Çıxan varsa da, çıxır, baxın, belə simada…

 

 24. 01. 2026, Samara

İKİ YOLDAŞ

(Lev Tolstoydan)

 

İki yoldaş bir dəfə
Meşədə yol gedərkən,

Üstəlrinə çox yekə,
Ayı sıçradı birdən.

 +

Tez götürüldü biri,
Qaçıb çıxdı ağaca.

Yolda qaldı digəri,

Ayı ona çatınca

 +

Tez yerə yıxılaraq
Özünü ölülüyə

Vurdu beləcə qoçaq,
Ayı aldansın deyə.

 +

Yaxınlaıaraq bu an,
Ayı onu iylədi.

Nəfəs dərmədi oğlan,

Ayı da ölü bildi.
+

Çəkildi getdi qəmgin,
Düşdü ağacdakı da.

Soruşdu: “ayı sənin,

Nə dedi qulağına.”

 +

“Ayı dedi kim əgər,

Təhlükə yarananda,

Dostu atıb əkilər —

Demək, o, pis adamdır.

23. 01. 2026, Samara

«BÜLBÜL GÜLÜ SEVİR, QURBAĞANI DİV…»

Bülbül gülü sevir, qurbağanı div,

Oğlan qıza aşiq, kişi arvada.

Soydaşım da Türkü eləcə sevir,
Yatmaz ayrısına qəlbi dünyada.

 +

Onun beyninin də Türkdür hakimi,

Fikri elə Türkdür səhər ya axşam.

Gecə gözlərini qapayan kimi,
Türkü yuxusunda görür soydaşım.

 +

Ev adamlarına soyuq və yaddır,
Qanlı-bıçaqlıdır qonşularıyla.

Ona Türk atadır, həm də anadır,

Bacı-qardaşıyla qonuşmur ayla.

 +

Qurub-yaratmağa əzmi yox, ancaq
Deyir Türk yaradıb, nə yaranıbsa.

Yer kürəsindən də Türk olub qabaq,

Kökü gedib çıxar yəqin ki, Marsa.

 +

Gələcək Türkündür, deyir arxayın,

İdarə edəcək Türk planeti.

Hamı Çin dilində danışar yəqin,

Başda oturacaq Türk hökuməti.

 +

Bülbül gülə aşiq, qurbağaya div,
Təkcə Türkü sevir soydaşım ancaq.

Başqa kimi desən, tez tapıb eyib,

Səni də, məni də inandıracaq.

 +

Qazaxı, türkməni sevmir, özbəyə,
Neqativ, mənfidir münasibəti.

Başqırda, tatara qıyğagöz deyər,

Çuvaşı, yakutu bəyənməz qəti…

 

22.01. 2026, Samara

 

 

 

QARA YANVAR QURBANLARININ XATİRƏSİNƏ

“Biz” deyib öyünən bir ya beş deyil,

Seyrəlmir sıralar keçsə də illər.

Qara a yanvardakı hüznlü hünər,

Çoxdan yağmalanır, mənimsənilir.

+

“Rusu qarşıladıq biz yalın əllə,

Qorxmadıq, qaçmadıq tank qabağından”.

Bunu qürrə ilə söyləyən insan,

Qoşunu görməyib uzaqdan belə.

+

Meydan kürsüsündən saatlar öncə,
Nitq söyləyənlər, şeir deyənlər,
Döyüşə hazırlar, kəfən geyənlər,
Qaçıb soxuldular hara o gecə?

+

Öldülər sadələr və sadəlövhlər,
İnanıb getdilər “biz” deyənlərə,

Evində yatmağa gedən rəhbərə.

Öldülər…Kİm deyir bu qətlə hünər?

+

Öldülər adsızlar, tanınmamışlar,

Az ölən olmadı təsadüfən də,

Onların hüznlü siyahısında,
Alovlu nitqlər demiş kimsə var?

+

Kim boş əllə gedib ölür güllədən,
Qurbandır, əlbəttə, şəhiddən artıq.

Onlar getməmişdi getməmişdi ölümə axı!

Göndərilmişdilər ölümə hərçənd.
+

“Tankı qarşıladıq biz yalın əllə”, —
Bu gün də öyünən var utanmadan.

O gecə gizləndi, bu gün qəhrəman,
Qanı qurbanınsa yerdədir hələ…

 

21. 01. 2026, Samara