Архив тегов | Əliyev

CORAB

                                                

vodevil

Yeri: dükan

İştirakçılar: dükançı və alıcı, hər ikisi ahıl

Alıcı.(içəri girib öskürür) Sakaməleykim!

Dükançı. Ay salaməkeykim! Xoş görmüşük səni, qağa, qulluğunda olum!

Alıcı. Qulluq sahibi olasan. Corabın var?

Dükançı. Bu nə sözdür, ə? Necə yəni corabın var? Bu ayaqqabıları görürsən?

Alıcı. Görürəm, ay qağa, niyə görmürəm, kor deyiləm ha. Mən corab soruşdum.

Dükançı. Ə, corab nə sovxadır ki, o məndə tapılmaya?

Alıcı. Ə, sovxa niyə deyirsən coraba mən almamış…

Dükançı. Qağa, sənin şübhə etməyin məni yandırır ey! Başın haqqı, əgər bir gün eşidəsən ki, bazara qılça çəxıb, bil ki, mənim dükanımdadır. Gələrsən, peşkəş elərəm.

Alıcı. Ə, qılçanı neynirəm? Allaha şükür, özümünkülərə nə gəlib?

Dükançı. Allah qılçalarına qüvvət versin, qağa! Mən demədim ki, elə indi gəl al. Şeydir də, bilmirsən haçan gərək olur.

Alıcı. Qağa, sən məni lap dolaşdırdın. Mən səndən corab istədim…

Dükançı. Ə, corab nə matahdır ki, sən onu məndən istəyəsən. Götür ürəyin nə qədər istəyir. Qızırqanan kişi deyil.

Alıcı. Qağa, sənin bir çöpün də mənə lazım deyil.

Dükançı. Nə çöp, ə? Dükan sənə peşkəşdir, başın haqqı!

Alıcı. Ə, mənim alacağım bir cüt corabdır. Bu şoğərib üçün başa and içərlər?

Dükançı. Ə, istədiyimdən içirəm dana! Millətimsən, can-ciyərimsən. Səni görəndən ürəyim şan-şan olub ey!

Alıcı. Hörmətin artıq olsun!

Dükançı. Ə, bə nə bilmisən? İndi olmazdan bura bir erməni dığası gəlib çıxa, heç mən onun başına and içərəmmi?

Alıcı. Ə, ermənini niyə gətirib bura soxursan?

Dükançı. Ə, məsəl üçün deyirəm dana! Erməni burda nə qələt eləyir? İndi qəzadır, gəlib dükanıma baş soxsa, bilirsən mən ona neynərəm?

Alıcı. Neynərsən?

Dükançı. Ə, ecə neynərəm? O burdan sağ çıxmaz ki!

Alıcı. Yəni öldürərsən ermənini?

Dükançı. Necə öldürərsən, ə? Canını alaram!

Alıcı. Ağ eləmə, qağa, erməni öldürmək qoz qırmaq deyil.

Dükançı. Qağa, öldürməsəm də, cıraram. Buna yüz faiz arxayın ol.

Alıcı. Necə cırarsan, ey?

Dükançı. Kağız kimi, qağa. Gətirib qoyaram qulağının dibində.

Alıcı. Qağa, cırmağına bəlkə cırarsan, ey, ancaq sənə məlum olsun ki, Əlyof belə şeylərə protifdi.

Dükançı. Əlyof kimdi, ə? Mən Əlyof-zad tanımıram!

Alıcı. Necə Əlyofu tanımıram, ə? Heydər Əlyofu tanımırsan?

Dükançı. A kişi, əvvəldən adıynan deyəydin də. Əlyof nə çox. Neynək, qoy gəlsin o erməni bura. Başın haqqı, sağ çıxsa da, umsuq gedəcək mənim mağazamdan.

Alıcı. Qanmadım, qağa.

Dükançı. Yəni ki, mən mal satmayacam erməniyə. Çöpün özünü də.

Alıcı. Ə, pulunu verəcək dana. Niyə satmırsan?

Dükançı. Belə satmıram da, qağa! Bə qeyrətim yoxdu? Bə mən oğraşam? Bəlkə mən başıma şal bağlamışam? Başın haqqı, gətirib bütün erməni banglərinin pulunu, qızılını tökə bu dükana, bir ispiçkə də satmaram dığaya. Ə, nə şübhəli-şübhəli baxırsan? Bə inanmırsan?

Alıcı. Ə, niyə inanmıram, ə, kafir deyiləm ha.

Dükançı. Vallah, bu dükanın bi qara qəpik qiyməti yoxdu gözümdə. Həzrət Abbas haqqı, od vurub yandıram, ürəyim “uf” deməz.

Alıcı. Dükanı niyə yandırırsan, ə?

Dükançı. Ə, dükan mənimki deyil? İstərəm, yandıraram. İndi day Əliyof buna da protif çıxmayacaq ha!

Alıcı. Ə, Əlyofluq deyil ey. Hayıfdır dana. Min adamın bu dükandan ehtiyacı keçir. Biri elə mən. Bir cüt corabın məəttəliyəm.

Dükançı. Məəttəl niyə olursan, ə? Məttəl düşmənin olsun. Gör nə deyir ey…

Alıcı. Qağa, iş elə gətirib ki, bu gün ayaqqabıları yalın geymişəm. Ayaqlarım yaman narahatdır.

Dükançı. Ə, narahat niyə olursan? Otur dana! Otur bax burda. Otur ə, səndən artığı oturmayacaq ha.

Alıcı. Qağa, bir cüt corab…

Dükançı. Ə, corab nə zibildir onunçun qan qaraldasan. Dükan sənə peşkəşdir.

Alıcı. Qağa…

Dükançı. Ə, canım sənə qurbandı ey! Başın haqqı!

17. 09. 2001 Samara   

İldə qurban bir olar, Qurbanınıq gündə biz…!

Sizi bilmirəm, ancaq mən Azərbaycanda yaşamadığıma görə, Azərbaycan vətəndaşı olmadığıma görə çox fikir eləyirəm. Hərdən fikir elə güc gəlir ki, az qalır infarkt vura məni. Burda bir Məşdi var, o da ürəkdən… Yox, yaxşısı budur ki, Məşdidən yazmayım, çünki Məşdinin beşaçılanı var. Bir dəfə tuşladı mənə ki, Mirzə, gərək səni vuram, çünki vətəni sevmirsən. Həzrət Abbasa and içdim ki, vətəni Leyli-Məcnun kimi sevirəm və Məşdinin ürəyi yumşaldı…

Hə, elə ki, bayramlarda möhtərəm cənab prezident Azərbaycan xalqına müraciət edir, məni ağlamaq tutur. Deyirəm ki, ay namərd, Azərbaycanda yaşasaydın, prezidentimizin ağzından tökülən gözəl-gözəl sözlər, xeyir-dualar sənə də aid olardı. Qurban bayramında möhtərəm zat-aliləri Əliyev Azərbaycan müsəlmanlarını elə təbrik eləyib ki, camaat cavabında sevincdən və ruh qalxımaından ağlayıb. Deyilənlərə görə, cuşa gəlib böyürüşənlər, mələşənlər də olub. Deyiblər ki, ya prezident, biz nəinki həmişə sənə səs verməyə, hətta sənə qurban kəsilməyə də hazırıq, hərçənd qurbanlığa ləyaqətimiz yoxdur…

Məlumat var ki, Azərbaycanda prezident üçün sürü-sürü qoyun kəsilib və DAY.Baz saytınıın yazdığına görə, qoyunlar prezident üçün kəsilməyə oynaya-oynaya, şıllaq ata-ata gedirmişlər…

Azərbaycandakı azərbaycanlılar qurban kəsməkdə olsunlar, sizə deyim Ulyanovsk azərbaycanlılarından. Bildiyiniz kimi, millətimizin toxumundan Leninin və Kerenskinin vətəninə də düşüb və çox yaxşı bar verib. Orda yetişən azərbaycanlılar qeyrətləriylə ad çıxarıblar. Günlərin bir günü yığışıb müşavirə keçiriblər. Ortalığa bir sual qoyulub: İki vacib işdən hansını görək? Gedib Qarabağı azad edək ya milli öndərimizə heykəl qoyaq. Yekdilliklə qərar çıxarıblar ki, heykəl qoymaq vacibdir. Torpaq qaçmır, həmişə azaf eləmək olar, çürüyən deyil, buxarlanıb uçan deyil, erməni qurumsaqlar da bu torpağı yeyib gözlərinə təpmirlər ki. Heykəl məsələsində isə yubanmaq olmaz. Bir də gördün bütün yaxşı heykəltəraşlar öldü getdi, sonra bu heykəli kimə qayıtdıracağıq?

Bəli, Ulyanovskda bir varlı, vətənpərvər və əliaçıq soydaşımızın puluyla öndərimizə yaxşı bir heykəl qoyulur. Ancaq bir şeyi nəzərə almırlar ki, möhtərəm prezidentimizə hər şeyi bəyəndirmək olmur, çünki o qədər heykəl qoydurub ki, tükü tükdən seçir, yəni heykəlin kurpiklərinəcən sayır. Alah şeytana lənət eləsin, Ulyanovskdakı heykəl də zat-alilərinin xoşuna gəlmir. Day.Baz yazır ki, möhtərəm prezident o heykəl qoyanı çağırtdırıb ona öz əiylə yaxşı bir şapalaq da vurub. Qaz.TV bunu təkzib edir, deyir şapalaq olmayıb, qapaz olub…Nə isə, möhtərəm prezident sökdürür o heykəli, beş milyon dollara kefiniz istəyn bir abidə düzəltdirir, aparır qoyur Ulyanovska…

Azərbaycan prezidentinin Ulyanovskaya gəlişi ayrı mövzudur, buna mənim qələmim çatmaz, burda Dante lazımdır, Şekspir lazımdır, Zəlimxan Yaqub lazımdır… Qısasını deyim. Möhtərəm zat-aliləri İlham Əliyev Ulyanovska yaxnlaşan kimi nəinki insanlar, hətta torpaq da, daş da həyəcana gəlib, Volqanın dalğaları buludlara qalxıb, balıqlar özləri sudan çıxıb sarılıblar balıqçıların boynuna… Hamı öpüşür, ağlaşır…Ən maraqlı orasıdır ki, şəhər cəbbəxanalırdakı bütün silahlar sevincdən, həyəcandan coşub başlayıblar partlamağa. Bir partapart, bir gurultu qopur ki, indiyəcən heç bir müharibədə olmayıb… Bir xeyli adam da qırılır…

İndi fikirləşirəm ki, bizim padşahsevərlərimiz də öndərimizə heykəl qoyalar və möhtərəm prezident gələ onun açılışına. Samarada silah Ulyanovskdakından qat-qat çoxdur. İndi görün burda nə kef olar! Bombaların partlamağı bir yana, görün nə qədər ürək partlar! Samarada elə padşahsevərlər var ki, prezidenti görən kimi sevincdən ürəkləri türk pomidoru kimi partlayıb dağılar…

Hə, yaxşı kef çəkərdik… Ancaq bilmək olmur heykəl qoyulacaq ya yox. O imza yığan bozbaşçını da burunlayırlar. Samara azərbaycanlıları bir məzhəbə qulluq eləmirlər. Nə Qarabağı azad eləmək fikirəri var, nə də heykəl qoyurlar…

 

Mirzə ƏLİL

TUTANXAMON GƏLİR, SOYDAŞLARIM!

 

Möhtərəm prezidentimizin rəhbərliyi altında xalqımızın elmi və mədəni inkişafı elə sürətlə gedir ki, tezliklə dünyada bizə çatan olmayacaq. Heç ölkədə Azərbaycanda olduğu qədər hacı, kərbəlayı, məşədi yoxdur. Hamısı da dünyanın necə yarandığını, hardan yarandığını, hara gedəcəyini, harda bitəcəyini elə gözəlcə blir ki, hərəsi bir cüt Nobel mükafatına layiqdir. Erməni fitnəsi olmasaydı, indi bizim müsəlmanlar “hacı”, “kərbalayı”, “məşədi” adıyla bərabər Nobel mükafatı laureatı adını da daşıyardılar, ancaq bu erməni köpək uşağı aman vermir.

O ki qaldı qərb aləminə, ora əsasən nazirlərin, gömrükçülərin, generalların uşaqları gedir. Qara camaatın uşaqlarını göndərərsən, gedər pozular, qumar oynar,  türkün məsəli, arvadlara baxar.  Dövlətli balası isə elə görməmiş deyil, gözü-könlü toxdur. Əslində dövlətli balasına heç oxumaq lazım deyil, dədəsinin pulu başından aşır, bilik nəyinə lazımdır, gedir ki, dövlətimizi təmsil eləsin. Lütün balasının lap dərya biliyi olsun, ölkə barədə o nə təsəvvür yarada bilər?

Dəmir yolu naziri Arif Əskərov oğlunu İngiltərəyə göndərəndə elə belə də deyib: bala, sənin biliyin-miliyin mənə lazım deyil, biz bu biliyi həmişə pulla almışıq, alacağıq da, sənin işin dövləti təmsil etməkdir. Və bir ətək dolları verib oğluna.

İndi deyəcəksiniz ki, nazirdə o gədər pul hardandır. Belə cəhənnəmdən, gordan! Axı Mirzə Əlil hardan bilsin ki, hardandır. Mirzə Əlilin heç pulu olub ki, bilə pul hardan gəlir? Bəlkə nazirin seyidliyi var, ona hər yerdən sədəqə gəlir. Məlum məsələdir ki, oğurluq pul deyil.

Çaşdırdınız məni. Hə, bu Elnar qoçaq başlar bizim gözəl ölkəmizi təmsil eləməyə. Harda yaxşı yer var, orda: restoranlarda, gecə… Yox, daha sadalamıram. Bu, diplomatik sirdir. Açıq yazaram, ermənilər də oxuyar. Köpək uşaqları…

Diplomatik missiya öz yerində, ancaq imtahanları da vermək lazımdır. Qoçaq Elmar yaxşı biliyi olan, ancaq vətən qeyrəti çəkməyən bir fransızı tutur, bu fransız da başlayır onun kağızıyla girib imtahanları verməyə. Düz yeddi imtahan verir, səkkizinci dəfədə namərd ingilislər bizim nazir balasının fransız nökərini tuturlar və hər ikisini verirlər məhkəməyə.

Mirzə Əlilin başına and olsun, bu ingilislər qanmırlar ki, Azərbaycan regional liderdir, onun möhtərəm prezidenti var, milli öndəri var. O cür nazir balasını çəkirlər York şəhərinin məhkəməsinə, ona da, onun fransız nökərinə də doqquz ay iş verirlər. Hələ 300 saatlıq havayı iş də kəsirlər ki, bu lap beynəlxalq qalmaqaldır və bizə meydan oxumaqdır. Məgər Azərbaycan hökuməti süqut edib ki, onun nazirinin oğlu havayı iş görə?

Məhkəmə göstərib ki, ingilis hakimlərimin səviyyəsi çox aşağıdır. Hökm çıxaran hakim deyib ki, imtahanın pulla alınması görünməmiş şeydir. A kişi, sənin dünyadan xəbərin yoxdur, sən necə hakimlik edirsən? Atalarımız deyib ki, bilmədiyini soruşmaq ayıb detyil, a kişi, gəl bir az Azərbaycanda yaşa, bax bizim ali məktəblərə, məhkəmələrə. Ən yaxşısı odur ki, Bakı dövlətə girib təzədən oxuyasan…

Ancaq ölkəmizi Heydər Əliyevin heykəlindən başqa heç kim və heç kəs layiqincə təmsil edə bilməz. İndi də Misirdə öndərimizin dörd metr ucalığında hetykəli açıldı. Əvəzində misirlilər Azərbaycanda bir neçə ehram tikəcək, birinin də içinə Tutanxamonun mumiyasını qoyacaqlar. Bir saziş də bağlayıblar. Biz onlara neft, onlar bizə qum. Deyiblər ki, ə, sizi qumla basdırarıq. Belə deyiblər və Mirzə Əlilin başına and içiblər.

Mirzə Əlilin başınasa bir fikir gəlib: öndərimizin heykəlini Antarktidada qoymaq. Bir dəstə  əskəri də orda saxlamq ki, ağ ayılar heykələ korluq verməsin.

Dəmir yolu nazirinin başı haqqı!

Mirzə ƏLİL

 2010 Samara