Архив тегов | Ərəbqardaşbəyli kəndi

ƏRƏBQARDAŞBƏYLİ

Изображение 242 MƏMƏ

Uzun, bir az eybəcər —

Misraya sığmır adın.

Talantım ola əgər,

Səndən roman yazardım.

 +

 Sakinlərin nə kütlə,

Nə də əhalidirlər.

Çox görkəmli deyillər,

Deyillər çox adi də.

 +

Olub bədəməllərin,

Olub yaxşıların da.
Olub dərdi hərənin,
Hamı da yaş axıdıb.

 +

Təbiətin yeknəsəq,

Qəlb üzər, gözü yorar.

Hər adi taledəsə,
Bir kitab süjeti var.

 +

Yaşasa da kim necə,
Bir əsərdir hər insan.

Komediya, faciə,
Bir lətifə azından…

 +

Heyf, deyildir qısa,

Misraya girə adın,

Başlığa yarayırsan —

Kəndim, yerin başdadır!

 

28. 12. 2024, Samara

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 8. QƏZƏNFƏR

20230721_135628

1985-ci ilin sentyabrında Salyanın Kürqaraqaşlı orta məktəbində, istirahət gününü çıxsaq, yeddi gün işləyəndən sonra başa düşdüm ki, mən daha Azərbaycanda qala bilmərəm. Pambığa görə yolları bağlamışdılar. Piyada Salyana gedib maarif şöbəsinədə çıxmaq ərizəsi verdim. Müdir Yusif Əliyev buna elə sevindi ki, onu ətli dodaqları ilə həbəşə oxşadan qara üzü də neft lampasının hisli şüşəsi kimi işıqlandı. Çünki mənə mərhum Sovet müəllimin vasitəçiliyi ilə “havayı” (!) verilmiş 10 saat dərsi elə həmin gün satacaqdı…

Qalırdı təzəcə düşdüyüm pasport qeydiyyatından çıxmaq. Səhəri gün Neftçalaya getdim. Ordan “getmə vərəqi” alıb kənd sovetində möhürlətdirmək lazım idi. Pasport xidmətinin rəisi mənə dedi ki, biz sənə getmə vərəqi verə bilmərik, çünki sərəncam var ki, Azərbaycandan Rusiyaya adam getməsin…

1985-ci il. Bilməyənlərin yadına salıram ki, Azərbaycan ayrı ölkə deyildi, SSRİ-nin tərkib hissəsi idi, Azərbaycandan Rusiyaya getmək Şaamaxıdan Qubaya getmək kimi bir şey idi. İndi bu rəis məni buraxmır…

Əlbəttə, bu şarlatanın fikri məndən pul almaq idi. Mən isə heç yol pulunu düzəltməmişdim…

Çıxıb polis idarəsinin həyətində gəzişirdim. Birdən uşaqlığında nənəsi Bəyim xalanın (Ağ Bəyim) dilliylə hamının “Ağıllı” çağırdığı Ələkbər qabağıma çıxdı. Polisdə işləyən Ələkbər ora niyə gəldiyimi öyrənib dedi ki, müəllim, darıxma, bir az gözlə, mən o vərəq işini düzəldərəm.

Çox gözləmədim. Ələkbər qayıdıb getmə vərəqini mənə verib dedi: Müəllim, bu vərəqi rəis verəndə quş qoyur. Quşu kənd soveti görəndə bilir ki, rəis pulu alıb. Mən Qəzənfərin quşunu özüm qoymuşam, elə biləcək pul verilib. Apar möhürlətdir…

Yəni pasport rəisi ilə kənd sovetini sədri belə “quşlaşırlarmış”…

Fikirləşirdim ki, yəqin möhürü Qəzənfər özündə gəzdirər və möhürü elə evində vurar. Bir gün sonra səhər tezdən gedib Qəzənfərin evinə çatanda gördüm ki, çəpərin dalında saxladığı maşının yanında dayanıb. Dedim getmə vərəqinə möhür vurulmalıdır. Vərəqə baxıb dedi ki, gələrsən idarəyə.

Bu ərəfədə iki gün dalbadal güclü yağış yağmış, torpaq yollar hardasa dərin çala-çuxura, hardasa əsl xəndəyə dönmüşdü. Qəzənfərin idarəsi isə Qaraqaşlı kəndindədir. Mən ora necə gedib çıxaram?

Dinmədim. Düşdüm yola. Rəhmətlik Qardaşın evinin yanına çatanda Qəzənfər maşınla yanımdan palçıq sıçradaraq keçdi…

Qırx il əvvəl Ərəbqardaşbəylidən Qaraqaşlıya qədər olan yolların yağışan sonra nə hala düşdüyünü yaşlılar yaxşı bilirlər. Palçıq mənim əfəlləmiş yay ayaqqabılarımın içinə dolurdu, şalvarım dizlərinəcən bulanmışdı.

Qəzənfər bu əziyyəti mənə niyə verirdi?

Mən Moskvadan qayıdandan sonra Azərbaycandan o qədər bezmişdim ki, Qəzənfər desəydi möhür Dirov dağının başındadır, mən iməkləyə-iməkləyə gedib Dirov dağının başına çıxardım. İnsanın azadlığı ona həyatı qədər əziz olmalıdır, azadlığı həyatdan ayırmaq olmaz, azad olmayan insanın həyatı itin günüdür. Sərhədləri bağlayanlar insanları boynu zəncirli itin gününə salırlar…

Mən Cəngənə çatanda daldan traktor səsi eşitdim. Yolun lap qırağına çəkilib dayandım. Traktor mənə çatıb dayandı. Hündür kabinədə oturmuş adam məni çağırdı: Müəllim, gəl otur.

Traktora dırmaşıb özümü saldım kabinəyə. Traktorçu İzzət idi, Lətif kişinin böyük oğlu. Həmişə minnətdarıqla xatırlayıram…

Qaraqaşlıda idarəyə gedib Qəzənfərin hüzurunda durdum. Qəzənfər üzümə baxmadan möhürü, deyəsən, elə cibindən çıxarıb getmə vərəqinə vurdu. Yəqin ki, möhür səhər məni evinin yanından piyada Qaraqaşlıya göndərəndə də cibində olub…

Rusiyada, elə Avropada da, bir vaxt katorqalı dustaqların ayaqlarını qandallayırdılar. Müddəti bitəndə dəmirçi o qandalları vurub qırırdı. Qəzənfər möhürünü vuranda elə bildim ki, ayaqlarımdakı qandallar qırılıb. Hara istəsəm, gedə bilərəm…

Sualımı təkrar edirəm: Qəzənfər o əziyyəti mənə niyə verirdi? Bəlkə vərəqdəki quşdan şübhəyə düşmüşdü?

Mən onun uşaqlarına dərs deməmişəm ki, məndən incikliyi olaydı. Kənddə yaşayanda heç ildə bir dəfə görməzdim. Bəs bu hampazorluq, qudurğanlıq göstərməyin səbəbi nədir?

Mən yaxşı bilirəm ki, mənim Qəzənfərdən yazdığım onun uşaqlarını incidər. Ata, kimliyindən asılı olmayaraq, uşaqları üçün əzizdir. Mən Qəzənfəri uşaqlarının gözündən salmaq istəmirəm. Mən ondan ata kimi yazmıram. Mən ondan məmur kimi yazıram. Kənd sovetinin sədri – seçkili orqanın rəhbəridir. Bundan əvvəl Qəzənfər uzun müddət ferma müdiri olmuşdu. Və Qaraqaşlıdan  Qaralıya və hətta Bankəyə qədər olan bütün idarələr, müəssisələr, təsərrüfatlar kimi onun rəhbərlik elədiyi ferma da quldurxana idi. Və Qəzənfər bizim ərazidə ən tamahkar, an acgöz, üstəlik qudurğan və hampazor adamlardan biri  və bəlkə də birincisi olub. Qızıl sovet manatına yaradılmış, xaricdən, ən azı Estoniyadan gətirilmiş cins mal-qarası olan fermanı başının quldur dəstəsiylə necə dağıtdığı, sata bilmədiyini kəsib-doğradığı məlumdur. Və düz əməlli yazıb-oxuya bilməyən, pulla Kirovabaddan diplom almış bu adam kəndin “hörmətli adamı” sayılır, məclislərdə yuxarı başa çəkilirdi…

Hə hər məclisdə yəqin günlərlə tər töküb əzbərlədiyi iki bənd “şeiri” gərək özünü Səməndər Rzayevə oxşadaraq deyəydi…

Kolxoz sədrləri, sovxoz direktorları, partkomlar, fabrik direktorları, şöbə müdirləri, baş aqronomlar, briqadirlər, qapançılar, mühasiblər, kassirlər – bunların içində saf adam olub? Bu adamların oğurlamaqdan, basıb-yeməkdən, yığmaqdan başqa fikirləri, niyyətləri olub? Yox! Elə buna görə bizim kəndlər artmır, gedən qayıtmır, qalanlar isə elə bil ki, gedə bilməyənlərdir…

Bu adamları oğurluqla sərvət yığmaq qane eləmir. Bu adamlar yağlandıqca, ağır zəhmətiylə onları varlandıran sıravi vətəndaşlara rəiyyət kimi baxır, onlardan itaət, təzim gözləyirlər. Əzmək, əziyyət vermək həzz mənbəyinə çevrilir. Normal tərbiyəli və təhsilli adamlar filarmoniyada, teatrda ya da radio və televiziya ilə musiqi dinləməklə, tamaşaya, idman yarışlarına baxmaqla həzz alırlar, bu adamlar isə onlara işə düşəni get-gələ salmaqla, dərisini soymaqla. Yəqin mənim dizəcən palçığa bata-bata getdiyimi  maşınının pəncərəsindən görəndə Qəzənfər də kef çəkib…

Bu adamlar elə yaşayırlar ki, elə bil heç vaxt ölməyəcəklər…

Övladlar atalarını onların kim olduğundan asılı olmayaqraq sevməlidirlər. Ancaq ovladlar atalarının kim olduğunu bilməlidirlər.

Dəqiq deyə bilmərəm: bəlkə hələ məktəbə getmirdim, ya da təzə-təzə birinciyə gedirdim. Kür aparan evdə olurduq. Bir dəfə gecə yarısı ya da səhərə yaxın səsə ayılıb lələmin geyinib pul saydığını gördüm. Sonra ayırdığı pulla qırağa çıxdı. Məməmgilin danışığından bildim ki, Qəfər (o vaxtlar görməmişdim)”xarablaşıb”, Bakıya aparırlar, borc pul almağa gəliblər… Gələnin ya gələnlərin kim olduğunu bilmədim. Bəlkə də Alışır dayının oğlanları olardılar…

Ən azı daha bir dəfə Qəfər “xarablaşanda” lələmin yanına gəliblər, lələm pul verib…

Qəfər kişi, heç ibtidai təhsili olmasa da, sonradan sovxozun baş mexaniki işləyirdi, onu gəzdirmək üçün maşın ayrılmışdı. Kənd təsərrüfatı texnikumunun mexanika şöbəsində oxuyan qardaşım  sovxoza təcrübə keçmək üçün göndəriləndə Qəfər kişi onu elə burunladı ki, Adıgözəl təcrübəni hardasa ayrı yerdə keçdi…

Mənim bu söhbətimdən, əgər təsadüfən gözlərinə dəysə, Qəzənfərin uşaqları inciməsinlər. Mən onların atasından yox, Xudayar bəyini yerinşini yerimək istəyən kəndçimizdən yazıram. Xudayar bəy Məmmədhəsən əminin dalınca belə deyirdi: “Mən o kəndin katdası deyiləm? O gün omaz ki, mənə işi düşməsin. Basaram palçığa, çıxaram üstünə, ayaqlaram…”

Sözümün conunda Bəyim xalanın (Ağ Bəyim) istəkli nəvəsi, uşaqlıqda kənddə nnnəsinin diliylə hamının “Ağıllı” çağırdığı Ələkbərə minnətdarlığımı bildirirəm. Onun rəisin otağından xəlvət götürdüyü, üstünə saxta “Qəzənfər quşu” qoyduğu getmə vərəqi olmasaydı, mənim sümüklərim Ərəbqardaşbəyli qəbiristanlığında çoxdan çürümüşdü…

Hamının, hər kəsin “getmə vərəqi” olmalıdır. Hər kəs istəyəndə gedə bilməlidir. Vətəni vətən edən onun qəriblik, mühacirlik, səyyahlıq alternatividir. Bağlı sərhədlərinin içinə pərçim olduğun ölkə vətən deyil, türmədir…

X.X.

27. 12. 2024, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 7. MƏLAHƏT VƏ QƏNBƏR

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 7. MƏLAHƏT VƏ QƏNBƏR

20230721_135628

Məlahətin qaçırılmağından haçan söz düşəndə məməm hökmən deməliydi ki, bu qəza ərəfəsində Əvəzin qızını son dəfə məhz o görüb. Deyirdi ki,  Əvəzin qızı Salyanın 2 nömrəli məktəbində sonuncu buraxılış imtahanını verib qayıdırmış. Bizim evin yanından keçəndə onunla salamlaşıb. “Əlində də gül var idi”, — bunu məməm xüsusi qeyd edirdi…

Əgər mərhum Əvəz kişi, yəni Məlahətin arası, qızını qaçırdanlardan milisə şikayət eləsəydi, məməmi yəqin ki, şahid qismində istintaqa cəlb edəcəkdilər. Tuta da bilərdilər… Rüşvətsiz əl çəkməzdilər… Deyərdilər ki, şər atırsan, bəlkə qız, əlində gül, elə özü Qənbərin görüşünə gedirmiş…Azərbaycan sovet milisi çox prinsipial idi… Yəqin məməm deyən gülü dəlil əşyası kimi hadisə yerində axtaracaqdlar. Hadisə yerində gül qalardı? Hadisə Bədəlov Şiralı ilə Hüseynov Qismətin evlərinin arasında olmuşdu. Məlahətin gülüni yəqin ki, ya Şiralının ya Qismətin qoyunları əlindən düşən kimi qapıb yemişdilər…

Həyat belədir də. Gülü əzizləyirik, əzizləyirik, sonra ya qoyuna, ya keçiyə qismət olur…

Məlahət məndən bir sinif yuxarıda oxuyub. Gözəl deyildi, ancaq adı kimi məlahətli idi. Kənd məktəbi o vaxt səkkizillik olduğundan, uşaqlar qalan iki sinfi Salyanda bitirirdilər. Yəqin ki, Məlahətin təhsilini davam etdirmək arzusu var imiş: institut olmasa da, texnikuma girib tibb bacısı, kitabxanaçı, ya ayrı peşə sahibi olmaq. Bəlkə elə instituta girərdi. Sonra sevdiyi oğlana gedərdi, şəhərə köçərdilər…On yeddi yaşlı məlahətli, sağlam, zirək qızın arzuları çox olmalıdır…

Bu arzuların hamısı Bədəlov Şiralı ilə Hüseynov Qismətin evlərinin aralığında puça çıxmışdı. Məlahət o aralıqdan keçən kimi yolun qırağında maşın saxlayıb söyüd kölgəsində dayanan üç zırpı kişi üstünə atılıb onu, Qaydayın “Qafqaz əsisi” filmində olduğu kimi, sürümüşdülər maşına sarı. “Qafqaz əsiri”ndəki Nina idmançıdır, dağa-daşa dırmaşır, ona görə fərsiz banditlər onun öhdəsindən gələ bilmirdilər. Məlahət idmançı deyildi, kənddə nə idmançı? Ancaq kənddə qadınların, qızların boynuna düşən ağır işlər onları öldürmürsə, alman filosofu deyən kimi, daha da bərkidir. Məlahəti oğurlayanların Əvəz kişinin bu qanışırin, məlahətli qızından tutarlı zərbələr yediyinə şübhəm yoxdur. Ancaq üç nəfərdən ikisini çıxsaq da, tək elə Məmmədnağıya  Məhəmməd Əlinin boksçu qızı da bata bilməzdi…

İndi oğurlayanların kimliyini deməliyəm: Qənbər, Məmmədnağı, Qəzənfər. Yəqin ki, Məlahət onun Qənbər üçün oğurlandığını dərhal başa düşmüşdü. Çünki Məmmədnağı çox yaşlı idi və çoxdan evli idi. Bəlkə Qəzənfər subay olardı, ancaq neçə ildən bəri evlənmək istəyən, ancaq elçilərinə “yox” deyilən Qənbər idi. Əlində gül, sinəsində milyon arzu buraxılış imtahanından gələn Məlahətin maşına basıldığı an düşdüyü vəziyyəti təsvvür etmək çətindir. Bəlkə təyyarədən tullanandan sonra paraşutu açılmayan və yerə çırpılıb məhv olacağını başa düşən insan o halda ola bilər…

Qənbər haqqında.

Qənbər rəhmətlik Alışır (yəni Əlişir) kişinin dördüncü oğludur. İsrafildən, Xasıdan və Ağadan sonra gəlir. Mənim qardaşım Adıgözəl Xası ilə bir idarədə çox işləyib. Xası haqqında eşitdiklərim onun haqqında yaxşı adam təsəvvürü yaradır. İsrafil kənddə az-az olurdu, fermada işləyir, elə orda da qalırdı. Ağa uzun müddət sovxozun kassiri olmuşdu, pulu, maşını var idi, gəncliyindən astmadan əziyyət çəkirdi. Sonra Beşdəliyə köçdü. Yəni Ağa haqqında da təsəvvürüm var. Beşdəlidə yaşayan vaxtlar, deyəsən, kassa daha da böyümüş, pul daha da çoxalmışdı. Bir dəfə bir kənd toyuna baxırdım. Bir oğlan uşağını oynatdılar. Yerdən xeyli adam durub oğlanı əhatəyə aldı və başına pul tökdü. Uşaq özü də ciblərindən  pul çıxarıb atırdı. Dedilər Ağanın oğludur.

Yəni Alışır kişinin üç böyük oğlunun hər birinin haqqında nə isə demək mümkündürsə, Qənbərə, necə deyərlər, sözüm yoxdur. Mənə elə gəlir ki, mən onun səsini də heç vaxt eşitməmişəm. Sovxoz maşınını sürürdü. Pambıq vaxtı maşını məktəbin yanında saxlayır, bir qıraqda durub uşaqların minməyini gözləyirdi. Vəssalam…

Xası həmişə yarızarafat, yarıgerçək deyirmiş ki, üç qardaşın, yəni İsrafilin, Xasının, Ağanın, pasportlarında təvəllüdləri 1934-dür. Bu, doğrudan da beləydi. Ancaq niyə görə belə olduğunu, belə çıxır ki, Xası özü də bilmirmiş. Ancaq əkiz olmadıqlarına şübhə yoxdur. Qənbərin isə yalnız onun özünə məxsus, qanuni təvəllüdü var idi: 1937. Mən müəllim işləyəndə müxtəlif seçkilər keçirilərkən seçki məntəqəsi məktəbdə yerləşdüyi üçün seçicilərin dəhlizdən asılan siyahılarına çox baxardım. Kimin hansı yaşda, kimin kiminlə yaşıd olduğunu, nə vaxt oxduğunu, haçan əsgər getdiyini bilmək maraqlı idi. Mən məktəbdə 1972-ci ildən işləmişəm, o vaxt artıq üç il idi ki, Qənbərlə Məlahət ər-arvad idilər. Seçki siyahılarında adları yanaşı olardı. Təvəllüdləri 1937 və 1952…

Əlbəttə, məsələ yaş fərqində deyil. Məsələ ondadır ki, gündüz günorta vaxtı üç kişi hələ attestat almağa macal tapmamış, nikaha yaşı düşməyən, ürəyində illərdən bəri bəslənən arzuları, planları olan qızı maşına basıb aparırlar ki, onlardan birinə arvad olsun. Bunu işğalçı ordunun əsgərləri, yadellilər eləmir, öz kəndinin adamı eləyir. Bu qız sevmədiyi, haqqında heç vaxt düşünmədiyi adamla tənlik həll eləməyəcək, inşa yazmayacaq, o bu adamla bir yasdığıa baş qoymalıdır…

Məsələ həm də ondadır ki, o vaxt otuz iki yaşı olan Qənbəri ata-anası çoxdan evləndirməyə çalışırdı. Bikə xala günüsü Böyükxanım xalanı yanına salıb çox qapılara elçiliyə getsə də, ona qız verən olmamışdı. İndi birdən bu Qənbər elə bil ki, onu saymamış, bəyənməmiş, bir növ alçaltmış insanların hamısından acığını çıxmaq üçün kəndin ən gözəlgəlim qızını zorla qaçırdır…

Kim onu bu fikrə salmışdı? Məmmədnağı? Qəzənfər? Məmmədnağı – çətin ki. Qəzənfər – ola bilər.

Kənddə heç kimin şübhəsi yox idi ki, Əvəz kişi tezliklə qızını aparıldığı yerdən tapıb gətirəcək evinə.

Məlahətin yeri bilindi. Məlahətin dalınca getdilər. Ancaq Məlahət evlərinə qayıtmadı, Qənbərə getməyə razılıq verdi. Yəni “olan olub…”

İnanmaq olmurdu…

Qadın cinsindəki adaptivlik qabiliyyəti heç bir kişidə yoxdur. Tezliklə, ən azı üzdə, Məlahət Qənbərlə mehriban yaşadı ki, elə bil doğulandan ona deyikli imiş… Məlahət təhsildə, peşədə, karyerada göstərə biləcəyi hünərləri ailə içində göstərdi, tezliklə Alışır tayfasının qeyri-formal lideri oldu. Onunla hesablaşırdılar. Kənd arvadlarının içində də Məlahətin yeri yüksək idi. Mən Rusiyadan gələndə məməmin başına yığılan arvadlar söhbət içində Məlahətdən tez-tez sitat gətirirdilər: Məlahət elə dedi, Məlahət belə dedi. Məlahət əməlli-başlı klassik olmuşdu…

Bəlkə elə belə yaxşı imiş? Axı Məlahət dədəsinin evinə qayıda bilərdi, şikayət eləsəydilər, zorçuların üçünü də basardılar dama. Nə gizlədim, Məmmədnağı ilə, Qənbərlə işim yoxdur, ancaq Qəzənfərin beş-altı il türmədə yatmağını istərdim. Bu istəyimin səbəbini izah etməyə çalışaram…

X.X.

26. 12. 2024, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 6. ƏZİZƏ VƏ AĞALAR

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 6. ƏZİZƏ VƏ AĞALAR

İkinci Dünya müharibəsinə görə yaşına görə ya ayrı səbəbdən getməmiş kişilər kənddə vaxtlarını boş keçirmirdilər.1941- 45-ci ildə Ərəbqardabəylidə xeyli uşaq doğulub… Əşrəf kişi ilə Səkinə xalanın kiçik qızı Əzizə təxminən 1943-cü ildə anadan olub. Mənim qardaşım Süleymandan bir az böyük olsa da, bir yerdə məktəb şəkilləri var idi. 1956-57-ci illərdə çəkilmiş bu ağ-qara şəkillərdə yeniyetmə Əzizənin necə kamil gözəl olduğunu görürsən.

Əzizə anası Səkinə xala kimi şən, zarafatcıl qız idi. Aralıqda özündən kiçik uşaqlara qoşulub oynayardı.

Ağaların Əzizədən yəqin on beş yaş – on altı yaş böyük olardı. Bir neçə il əvvəl ürəkkeçməsi olan birinci arvadı Zeynəb bədbəxt hadisə nəticəsində ölmüş, Ağalar iki oğlu ilə dul qalmışdı.

Yaxınlarının Ağəllə (Ağalələ) dedikləri Ağaları mən bir dəfə çox yaxından müşahidə eləmişəm. 1974-cü ildə Lətiflə İlham əsgərlikdən gələndə gözaydınlığılığına gələnlər Kamil müəllimin aynəbəndinə yığışmışdılar. Mən Ağalarla üzbəüz oturmuşdum. Və ona yaxından baxdıqca bu taksi şoferinin Hindistanın əfsanəvi aktyoru və rejissoru Rac Kapura onun əkiz qardaşı kimi oxşadığını görürdüm. Üz oxşarlığı bir yana, Ağaların mimikası, jestikulyasi da Rac Kapuru və ya onun “Avara”da ya “Cənab 420”- də oynadığı qəhrəmanları xatırladırdı. Ağalarda da aktyorluq istedadı var idi. Təxminən iki saat ərzində aynəbəddə qismən bəzək və uydurma olan müxtəlif məzəli əhvalatlar danışır və müxtəlif adamların tərzini çıxardıqca aynabənddəkilər uğunub gedirdilər. Lətif və İlham çoxdan yaddan çıxmışdılar…

Ağalar həmişı Bakıya işləyərdi, avtobazada hörməti var idi, tez-tez maşınını dəyişirdi. Müştərilər üçün də həmişə teatr çıxarırdı. Ancaq onu yaxından tanıyanlar bilirdilər ki, Ağaların görünən tərəfləri olduğu kimi görünməyən tərəfləri də var…

Mənim o vaxtlar eşitdiyim söhbətlərdən yadımda qalan budur ki, Əzizə Babazanlı qəsəbəsində yaşayan bacısıgilə gedirmiş. Salyanda Ağalara, yəni qardaşı Əzizağanın qaynına rast gəlir. Əzizədən hara getdiyini öyrənəndə deyir ki, otur maşına, aparım. Maşında Ağalara kömək üçün ayrı adam da olmuşdu, kimliyi yadımda deyil. Maşın tərpənəndən sonra Ağalar Əzizəyə elan eləmişdi ki, onu qaçırır. Əzizə haray qoparmışdı…

Əzizənin qaçırılmaq xəbəri ölüm xəbərinə, özü də cavan adamın qəfil ya da qəzanəticəsində  ölüm xəbərinə bənzəyirdi. Bu hadisəni dəhşətli edən bir neçə məsələ vardı və Ağaların yaşının çoxluğu, dulluğu, iki uşaq atası olmağı əsas məsələlər deyildi. Əsas məsələ Ağaların əmanətə xəyanəti, özünün də dolayısı ilə mənsub olduğu ailənin məsum, özünü müdafiəyə qadir olmayan üzvünə qarşı misilsiz zorakılığı idi. Bununla Ağalar həm də öz bacısınının ailəsəini dağılmaq təhlükə qarşısında qoymuşdu. Hadisədən sonrakı ilk günlərdə Əzizağadan Rahiləni, yəni Ağaların bacısını qovmağı tələb edən qohumlar az deyildi…

Əzizəni aparıldığı yerdən tapıb gətirdilər. Səknəxalagilin təkcə evində yox, həndəvərində də yas atmosferi vardı. Əzizə görünmürdü. Görünənlər qaşqabaqlı və hətta acıqlı gəzidrilər. Yadımdadır ki, radiomuzda konsert olanda səsini ya kəsirdilər ya da lap azaldırdırdılar. Adətən yaxında yas olanda ya da məhərrəmlikdə belə eləyərdilər…

Mənə elə gəlir ki, Əzizə bu qayda ilə üç aya qədər öz evlərində yaşadı. Hamı bu işi bitmiş saymağa başlayanda qəfildən səs-səmir çıxarmadan Əzizəni geyindirdilər, düyünçəsini qoltuğuna verib havanın qaralan vaxtında onun dalınca gəlmiş adamlarla Ağaların evinə göndərdilər. Səhv etmirəmsə, ya payızın axırı, ya qışın əvvəli idi. Əzizənin belə ötürülməyi tələsik, adamsız keçirilən dəfnlərə bənzəyirdi…

Bəs bu üç ayda nə baş verirdi? Niyə bu qədər vaxt keçdi? Əlbəttə, bu üç ayda yəqin ki, Ağalar tərəfdən diplomatlar işləyir, Səkinəxalagili razı salmağa çalışırdılar. Bəs bu iş niyə belə uzun çəkdi? Üç aya iki-üç müharibə yatırtmaq olar…Əlbəttə, şübhəsiz ki, Əzizə lap qardaşının, anasının təzyiqi olsa belə getmək istəmirmiş. Ancaq niyə sonra razı oldu?

Hələ bu qaçırılmağa qədər danışırdılar ki, Əzizəni kənddə istəyən subay oğlan var və Əzizə də o adama biganə deyil. O adamda elə bir kir kişi gözəlliyi yox idi, ancaq eybəcər də deyildi, gəlirli işi, hətta maşını var idi… Ola bilsin ki, bu üç ayda Səkinə xalagildə o adamdan bir səs çıxacağını gözləyirdilər.

O adam da səsini çıxarmadı…

Zorakılıq (zorla qaçırılmaq nənasında) qurbanı olmuş Əzizə indi iki ailədə yaranmış dərin çatların bərpası üçün özünü təzədən qurban verirdi…

Kamil müəllimgildə saysız şəkillər yığılmış çoxlu albomlar var idi. Onlara mərhum Ehtiramla çox baxmışam. Ağaların da müxtəlif yaşda çəkdirdiyi şəkilləri görmüşəm. Ancaq Əzizə ilə birgə çəkdirdiyi şəkil hamısından yaxşı yadımda qalıb. Şəkil yəqin ki, Salyandakı foto-atelyelərin birində çəkilib. Bayramsayağı geyinmiş Ağalarla Əzizə yanaşı qoyulmuş stullarda oturub obyektivə baxırlar Görəsən bu an onların hər birinin fikrindən nə keçirmiş? Atelyedə, peşəkar fotoqrafın qabağında oturub gözünü obyektivə dikəndə elə bil bir anın içində bütün həyatın gözünün qabağından ildırım sürətiylə ötüb keçirdi…

Çətin ki, Əzizə ömrünün sonuna qədər könüllü seçmədiyi, ona zorla sırınmış, boynuna ağır yük ya ağır günah kimi qoyulmuş həyatla barışardı…

Kənddə yaxın adamların şənliklərində Ağalarla Əzizə xoşbəxt cütlük kimi görünsələr də, evdə vaxtaşırı qalmaqalların olduğu da deyilirdi.

Əzizənin haçan, nədən öldüyünü bilmirəm. O mənim yadımda həmişə uşaq vaxtı gördüyüm gülərüz gözəl qonşu qızı kimi qalacaq…

Ağaların ömrünün son illəri birinci arvadından olan oğlu Qaliblə məhkəmə çəkişmələrində keçirdi. Qalibin atasına mülk iddiası var idi. İstədiyini xoşluqla ala bilməyəndə atasını vermişdi məhkəməyə. Qalibdə mərhum anası kimi ürək qüsuru var idi, tez-tez ürəkkeçməsi olurdu. Qəribədir ki, atası ilə məhkəmə çəkişməsi elə bil Qalibin dərmanı imiş və proses başlanandan Qalibin ürəyi cağbacağ işləyirdi. Ağaları isə məhkəmə iclasları zəiflədir, o, gündən-günə şuxluğunu itirirdi. Hərdənbir Kamil müəllimgilə gəlir, yenə də tərz çıxarır, Kamil müəllimi, Sima xalanı və uşaqları güldürürdü. Ancaq Ağalar indi yalnız bir adamın tərzini çıxarırdı. Bu adam oğlu Qalib idi. O, Qalibin məhkəməyə necə geyinib gəldiyini, necə danışdığını ətraflı, elə oğlunun səsi və mimikası ilə təsvir edirdi, ayağa durub yerişini də göstərirdi.  Ağaları bu işdə ən çox yandıran Qalibin məhkəmələrə başında şlyapa gəlməsi idi. Ağalar düşünürdü ki, Qalib şlyapanı onu sarsıtmaq, zəiflədib məğlubiyyətə uğratmaq üçün qoyur…

Məhkəmənin kimin xeyrinə qurtardığını bilmirəm.

Ata ilə oğul arasındakı mülk davasında qalib ya məğlub tərəf ola bilərmi?

Kənddə zorla qızqaçırma, xoşbəxtlikdən, az olurdu. Əzizədən sonra zorla Məlahət qaçırılıb. Bu, 1969-cu ildə olub…

X.X.

24-25.12. 2024, Samara

(ardı var)

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 5. QANLI SURRA TOYU, ƏZİZAĞA VƏ SALAH QARDAŞLARI

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 4. CAHANGİR VƏ İMANQULU

20230721_135628

Təxminən 1959-cu ildə lələm böyük oğlu Seyfullaya ev tikmək istəyir. Ev yeri üçün Məmmədyarov adına kolxozun sədri İmanqulu Rzayevə müraciət edir. Qanuna görə ev tikintisi üçün yeri kənd soveti, yəni yerli hökuməti verməlidir. Ancaq hökumətin adı hökumət idi, kənddə havadan başqa hər şeyin ixtiyarı kolxoz sədrində, yəni İmanqulu Rzayevdə idi. Zənnimcə, Cahangirlə İmanqulunun heç vaxt arası olmayıb. Yəqin ki, bir-birlərini görəndə heç salamlaşmırdılar da. Soyuqluqdan çox ədavətə yaxın olan bu münasibət bəlkə də kollektivləşmə ilə bağlıdır. Kənddə kolxoz yaradılanda o vaxtlar özünün əkini, atları və hətta xırda ticarəti olan lələm bu hoqqaya girməkdən imtina eləmiş, cavabında sovet orqanları onu qolçomaq çıxarıb hər şeyini almışdılar. Özünü tutulub sürgün edilməkdən bəstəkar Arif Məlikovun atası qurtarıb – təfərrüatını bilmirəm, ancaq Bakıda hansı vəzifədəsə olan salyanlı Cahangir Məlikovun lələmi qurtardığını uşaq vaxtı eşitmişəm. Lələm hətta Bakıda bir neçə ay gizlənib də.

Mən müəllim işləyəndə İmanqulu Rzayevin qardaşı Əliqulu kişi məktəbin qarovulçusu idi. Əliqulu kişi də qardaşı kimi kollektivləşmənin benefisiarı olmuşdu – qardaşı sədr, özü briqadir, ambardar… Yəni lələm uduzmuş, bunlar udmuşdular. Əliqulu dayı tez-tez müəllimlər otağına gəlib keçmişdən, o cümlədən kolxoz qurmaqlarından danışardı. Bir dəfə mənə baxıb dedi: “Sənin dədən acığından atlarını bizim kolxoza vermədi, aparıb verdi Musalı kolxozuna…”

Deməli, sonralar əhalisi dağılıb ləğv olunmuş Musalıda da kolxoz var imiş və lələm acığını atları öz kəndindəki kolxoza yox, ordakı kolxoza verməklə çıxıb… Yəni ona elə gəlirmiş ki, acığını çıxıb… Acıq çıxmaq nədir, atalarını yandırıb…

Tragikomediya…

Əliqulu kişi, yarım əsr keçsə də, bu qisası lələmə bağışlaya bilmirdi – atlar elə bil onun tövləsindən getmişdi…

Və ən maraqlısı odur ki, Əliqulu kişi sonralar lələmlə quda olmuşdu, ancaq aralarında mehribanlıq yaranmamışdı.

Lələm sovet hakimiyyəti tərəfindən qarət edilib  lütlənəndən sonra bu qırmızı rejimdən uzaq olmaq üçün keçələt kolazını götürmüşdü. Yəni özü özünə hökumət idi. Nə partiyaya girmiş, nə cibində “allasız” bileti gəzdirmişdi. Kolxozu, yəni ictimai mülkiyyəti yeyib-dağıdanlara, sərvət sahibi olanlara həsəd aparmırdı, sovet hökumətinin əleyhinə də danışmırdı. Ancaq bir dəfə oğruları nəzərdə tutaraq belə dediyini özüm eşitmişəm: “Şura hökuməti belə adamların hökumətidir…”

Araları olmasa da, lələm İmanqulu Rzayevə müraciət etməli olur. Lələm Seyfullanın evi üçün torpağı öz evinə yaxın yerdə isətyir. Sədr vermir. Lələm deyirdi ki, Cabbar kişinin yurdunda, çəpərdən qıraqdakı armudun altında söhbət ediblər. “Dedim ki, İmanqulu, mən öləcəm (əvvəl özümü dedim), sən də öləcəksən, bax, bu yerlərin hamısında öy tikiləcək”.

İmanqulu kişi yəüin nə öləcəyinə, nə də o vaxtlar pambıq əkilən yerdə sonralar evlərin salınacağına inanmışdı. Qəti rədd cavabı alan lələm yenə acığa düşüb qərara gəlmişdi ki, Seyfulla üçün evi Kürün sağ sahilində, o vaxtlar rəsmən Kimsomol adlanan kənddə tiksin. Və tezliklə material alıb tikintiyə başlamışdı. Barı qurtarana yaxın, necə deyərlər, sitüasiya radikal şəkildə dəyişmişdi. Yuxarının  qərarı ilə Məmmədyarov adına kolxoz ləğv olunmuş, kolxoza daxil olan kəndlər Qaraqaşlı südçülük sovxozuna verilmiş, ən başlıcası isə İmanqulu Rzayev vəzifəsini itirmişdi!

Uşaqlığından əvvəl kolxozda, sonralar sovxozda işləmiş, uzun illər briqadirlik eləmiş mərhum qonşumuz İbad Əhmədov ölümündən bir neçə il əvvəl mənə danışırdı ki, kənddə kolxozu İmanquluya görə ləğv elədilər. Guya İmanqulunu çıxarmaq istəyirlərmiş, bata bilmirlərmiş. Bu qayda ilə məsələni həll ediblər. Yəni başı kəpəkdən təmizləmək üçün, boynu vurublar…

Kolxoz ləğv edilən kimi lələm  elə öz evimizdən bir az dalda ev tikməyə sovxoz rəhbərliyindən icazə alır. Və tikdiyi barını sökür, kolazla keçirir bu taya…

Yaxşı ki, lələm təkgöz ev tikridi… Ancaq yenə də daşınacaq yük az deyil – sök, daşı əlarabaları ilə Kürün qırağına, yüklə kolaza, bu tayda boşalt, daşı təzə yerə… Böyük şeylər Salyandan, Salyan körpüsündən keçməklə Şirvan yoluyla maşınla daşınıb. Yəni az qala ekvatora bərabər məsafə qət edilib…

Lələm ömrü boyu həyatını dönə-dönə sıfırdan da yox, minusdan başlayıb. Ona dağın yerini dəyişmək lazım olsaydı, elə bellə bütün torpağ-daşı qazıb kisələrə ya vedrələrə doldurub daşıyardı. Sovet hakimiyyəti, yəni özünü hakimiyyət kimi qələmə verən quldurlar onun həyatını dağıdandan sonra minusdan başlayıb hər şeyi təzədən qurmaq onun təbiətinin xassəsinə dönmüşdü. Ancaq tikdiyi, qurduğu ona sevinc, qəlb rahatlığı gətirmirdi…

Böyük alman folosofu Şopenhauer yazır ki, varlığın, yəni yaşamağın, olmağın daxili mənası yoxdur. Varlıq, olmaqlıq özlüyündə mənalı olsaydıq, insan heç nə eləmədən məyusluq, qüssə bilməzdi. Yəni yaşamağı özü kef olardı. Məna istəkdə, bu istəyin dalınca getməkdə, əlləşib-vuruşmaqdadır. Ancaq istədiyinə nail olan kimi insanı yenə məyusluq, qüssə bürüyür…

Lələmin məyusluğunun səbəbi həm də övladlarını, bəlkə Seyfulla istisna olmaqla,  yarıtmaz görməyi idi…

Lələmin istədiyi, İmanqulu Rzayevin vermədiyi yerlərdə doğrudan da sonralar evlər tikildi. Lələm öldü, bəlkə də bir il sonra İmanqulu Rzayev də öldü. Myın 9-da. O vaxtlar 9 May Qələbə günü idi…

Kolxoz ləğv olunmamışdan bir az qabaq kənddə klubu olan idarə binası tikməyə başlamışdılar. Kolxoz ləğv olunan kimi yarımçıq binanı verdilər məktəbə. 1960-ci ilin payızında əvvəl yuxarı siniflər köçdü. Mən birinci sinifdə idim. Biz 1961-ci ilin yazında, dərs ilinin axırına yaxın köçdük. Məktəb yeddiillik idi. Buraxılış sinfi klub kimi tikilmiş hissədə yerləşmişdi. Ağənnə bacım da o sinifdə idi. Gedib hərdən qapıdan baxırdım. Qızların səhnəyə çıxıb oynadıqları gözümün qabağındadır. Mənsurə, Gülsabah, Sərmayə, Nəmidə…

Klub bizim kəndə qismət deyilmiş…

İmanqulu kişi sonralar Bala Surradan köçüb gəldi. Hərdə rastlaşardım. Bir neçə dəfə salam verdim, almadı. Sonralar yanından salamsız keçirdim. Mən təzə müəllim işləyən vaxtlar səhər tezdən yol qırağında, transformatorun yanında qoyun otarardı. Bir dəfə Səməd dayının evlərinin tarazını adlayanda məni daldan kiminsə çağırdığını eşitdim: “Müəllim, müəllim!”  Dayanıb baxanda gördüm ki, İmanqulu kişi mənə sarı gəlir. Çox təəccüb elədim. Mənə çatan kimi soruşdu: “Məllim, papruzun var?” Mən o vaxt çəkirdim – hərdən filtrli bolqar siqareti, hərdən Avrora. Siqaret qutusunu çıxarıb ona uzatdım, İmanqulu kişi bir neçə gilə götürüb “sağ ol” dedi və qayıtdı qoyunlarının yanına…

Hamımız insanıq… Hamımız da öləcəyik, hərçənd ölən günəcən çox adam buna inanmır…

X.X.

22. 12. 2024, Samara

 

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 3. MƏDİNƏ

İYUL 2023

“Rubens qadını” ifadəsi niderland (flamand) rəssamı Piter Paul Rubensin adı ilə bağlıdır. Onun portlərindəki qadınlar iri, ətli-canlı, dolu bədənlidirlər ki, bu da on yeddinci əsrdə mövcud olmuş qadın gözəlliyyi idealı ilə uyuşurdu. Belə qadınlar həm də doğuşa, analığa, məhsuldarlığa qabilliyi təcəssüm etdirirdilər.

Mən, əlbəttə, uşaqlıqda nə Rubensi tanıyırdım, nə də №rubens qadın”ının kim ya nə olduğunu bilirdim. Ancaq çox sonralar rəngkarlıqla az-çox maraqlananda və muzeylərdə olanda yadıma Mədinə düşürdü. Onu gözümün qabağına gətirəndə görürdüm ki, kəndimizdə əsl “Rubens qadını” yaşayırmış…

Mədinə mərhum Qasımağanın bacısı, Gülsüm xalanın qızı idi. Mən onu kənddə kənddə təxminən 1964-65-ci illərdə görmüşəm. Lap əvvəllər, az yaşım olanda adını eşitmişdim, hərdən ondan danışırdılar, bəlkə Gülsüm xala bizə gələndə məməmlə danışırmış. O vaxt eşitdiklərimdən başa düşdüyüm budur ki, Mədinə qız vaxtı Əmirxan adlı kiməsə ərə getmişdi. Əmirxan kim idi – bilmirəm. Səhv edə bilərəm, deyəsən, Əmirxan ölmüşdü. Bir müddət dul yaşayandan sonra Mədinə bir salyanlıya getmişdi, ancaq bu nikah uzun sürməmişdi. Mədinə boşanıb gəlmişdi kəndə. Mədinənin ata yurdunda, yəni həyətlərində iki ev var idi. Birini, yəqin ki, haçansa atalarından qalan komanın yerində, ailəsi ilə Ələtdə yaşayan qardaşı Qasımağa tikmişdi. İkigöz, aynabəndli ev idi ki, uzun illər sonra orda Böyükkişi yaşadı. Gülsüm xala o evdə yaşamaqdan qətiyyətlə imtina elədiyinə görə oğlu ona təkgöz alçaq ev tikmişdi ki, Gülsüm xala həmişə orda qalardı və böyük evə ayaq basmazdı. Mədinə boşanıb gələndən sonra böyük evdə olurdu, anası  onunla küsülü qonşu kimi dolanırdı.

Mədinəni o vaxtlar az qala hər gün görürdüm. Onun bir sürü qazı var idi. Qazlar gah cüyürdə itir, gah da Kürün  o biri tayına keçirdilər. Mədinə də əlində çubuq həndəvəri gəzib qazları çağırır, səs-səmir gəlməyəndə quşların həmişə suya girdikləri yerə, keçələt suvatına gəlirdi. Mən də saat üçlə dörd arasında termosda lələmə çay aparırdım. Uzun illər ərzində kişinin çayı hər gün beləcə gedirdi və çay aparmaq vəzifəsi tədricən böyüklərdən kiçiklərə keçirdi. Kişi niyə çayını naharını yeyib gedəndə özü aparmırdı – mənə qaranlıqdır…Hə, mən çay aparanda Mədinəni görürdüm. Bəzən suvatda durub lələmlə söhbət edirdi. Nə danışdıqları yadımda deyil. Deyəsən, kişiylə zarafatlaşırdı – Mədinə zarafatcıl xanım idi. Deməliyəm ki, qulağı, qardaşı Qasımağanın qulağı kimi, bir az ağır eşidirdi. Lələmdə də bu problem var idi. Ona görə bir-birlərini necə başa düşdükləri mənim üçün xeyli təəccüblüdür. Mədinə çox işıqlı insan idi, dava-şava ilə işi yox idi, onunla ünsiyyət hətta mənim lələm kimi sərt, kəmhövsələ adamı yumşaldırdı…

O vaxtlar kənddə dörd ya beş evdə televizor olardı. Onlardan biri də Mədinədə idi. Qulağı ağır eşitsə də, Mədinə musiqini çox sevirdi. Yəqin səxavətli ürək sahibi olduğundan bu sevgini, musiqidən aldığı ləzzəti başqalarıyla bölüşmək istəyirdi. O illərdə televiziya ilə həftədə bir dəfə Azərbaycan xalq musiqisindən ibarət konsert verilirdi. Yazı yox idi, bütün verilişlər canlı idi. Rübabə, Sara, Zeynəb, İslam, Arif kimi müğənnilər ansamblların birinin müşayiəti ilə iyirmi-iyirmi beş dəqiqəlik konsertdə oxuyurdular. Konsertin olacağını bütün kənd qabaqcadan bilirdi və hər kəs özünə yer axtarırdı ki, gedib baxa bilsin. Mədinə öz tamaşaçılarını özü yığırdı. Konsertə bir bir neçə gün qalmış adaşına – Dünya xalanın qızı Mədinəyə, Şükufəyə, mənim bacım Ağənnəyə xəbərdarlıq edir, hər gün də yadlarıinna salırdı: “Qızlar, gözləyirəm ha…”

Mən televizora qonşularımız Ərəstun və Məmmədhüseyn qardaşlarının evində baxırdım, ancaq bacım Ağənnə ilə bir neçə dəfə Mədinəgildə də olmuşam. Təşkil elədiyi məclisdən Mədinənin necə xoşbəxt göründüyünün şahidiyəm. Hərdən kamançaçı qızı göstərib deyirdi? “Qızlar, o qızı yanında oturan kamançaçı oğlan istəyir…”

Mədinə bunu hardan blirdi – mənim üçün sirrdir. Bəlkə bu fantaziyalar Mədinənin özünə də, başqalarına da sevmək, sevilmək arzusundan yaranırdı. Mədinə kimi gözəl arvad niyə də sevilməyəydi?

Yox, o Vaqif deyən gözəldən deyildi: “Sinə meydan, zülf pərişan, bel nazik…”  Mədinə Rubensin qadınlarının azərbaycanlı təcəssümü idi: uca boylu, ətli-canlı, ağ üzlü, saçlar sarışın-kürən, nazik qaşlar da o rəngdə…

Gülsüm xala heç vaxt yuxarı çıxıb televizora baxmazdı. “Dilvizir… Dilvizirim əssiydi… Dombalağ aşacağlar, mən də baxacam… Ay baxdım a…”

Mədinənin televizorunda “Əsli və Kərm” operasının canlı yayımına baxmışam. O vaxt da gözümdən yaş axıb, indi də Qulunun səsi yadıma düşəndə axır…

Bir dəfə Mədinəgildə olanda Qasımağanın böyük oğlu Böyükkişi də orda idi. O vaxt yəqin səkkinci ya doqquzuncu sinifdə oxuyardı. Heç kimi dindirib-danışdırmırdı. Bibisinin dəvətiylə televirora baxmağa gələnləri nifrətlə  süzürdü. Mən Böyükküşini bir də çox sonra, bəlkə otuz-qırx il sonra, həbsdən çıxıb kənddə yaşayan vaxtlar gördüm. Bir dəfə Kamil müəllimin həyətində nə münasibətləsə yığışmışdılar, İham məni də çağırmışdı. Böyükkişi ara vermədən danışır, “SSRİ-ni dağıdanları” söyür, hamını, hər  şeyi, pisləyir, əməlli-başlı öd püskürürdü. Mən nə barədəsə fikrimi demək istəyəndə elə qışqırıq saldı ki, səsi bəlkə də Kürün o tayında eşidilirdi… Ali təhsil almış bu adamın aqressiv cahilliyi, gerifikirliliyi, həmişə haqlı olduğuna əminliyi dəhşət doğururdu.

Mənə elə gəlir ki, Böyükkişinin əsl bədbəxtliyi öz əməlinə görə həyatının pozulmağından, türməyə düşməyindən yox, bir vaxt və elə indi də bəyənmədiyi, lağa qoyduğu və hətta nifrət elədiyi kənd adamlarının içində yaşamağından irəli gəlirdi. Uzun dustaqlıqdan sonra azadlığa çıxan, xoşbəxtlik üçün hər şeyi – azadlığı, ailəsi, gözəl uşaqıarı, evi, qazancı – olan bu adam, mənə elə gəlir ki, bir an belə özünü nəinki xoşbəxt, hətta rahat da hiss eləməmişdi…

Mərhum Qasımağa kişinin uşaqlarıyla çox sərt davrandığını deyirdilər. Bəzən ailə əsarətindən qurtulanlanlar sonradan özləri, ilk baxışdan qəribə görünsə də, ailə ya icma içində tirana çevrilirlər…

Böyükküşi orta məktəbdə yaxşı oxumuş, o vaxtlar yəqin ki, Azərbaycanın ən yaxşı ali məktəbi olan Neft və kimya institunu bitirib Qazaxstana mühəndis kimi təyinala getmiş, bir müddət öz ixtisası üzrə işləyəndən sonra milisə girib kapitan rütbəsinə qalxmış, orda da rüşvət ittihamı ilə tutulub, səhv etmirəmsə, on illik ağır cəza almışdı. Mənə elə gəlir ki, milisdədəki işi onda texniki ziyalılığı aşılamış, indi Azərbaycan polisinə irs kimi keçmiş milis milis zehniyyəti yaratmışdı. Bu nədir? Azad ya alternativ fikrə, rəyə qarşı dözümsüzlük, opponentin qarşısına arqumentlə yox, aqressiya ilə, təhdidlə çıxmaq. “Basaram, gedərsən…”

Deməliyəm ki, Böyükkişinin düzlüyü, haqq-hesab məsələsində ciddi intizamı, kənd icmasının xeyir-şərində fəal iştirakı barədə də eşitmişəm. Allah rəhmət eləsin!

Mədinə isə bir müddət sonra arzu elədiyi sevgiyə  qovuşdu. Deyirdilər ki, Neftçaladan olan çox yaxşı bir adama gedib. Onların axşamlar televizorla konsertə baxmaqlarını təsəvvür edirəm. Mədinə kamançaçı qızı göstərib deyərmiş: bax bu qız, o başdan ikinci tarçalan oğlanı istəyir. Əri soruşarmış: Hardan bilirsən, ay Mədinə? Mədinə də deyərmiş: Ədə, necə hardan? Görmürsən bir-birlərinə necə baxırlar…?

X.X.

20-21. 12. 2024, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 2. DÖVLƏTALI KİŞİ VƏ NOĞUL XALA

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 2. DÖVLƏTALI KİŞİ VƏ NOĞUL XALA

Haçan Gözəl kişini xatırlayıramsa, Dövlətalı kişi yadıma düşür.

Bu, yəqin ki, beşinci sinifdə oxuyan vaxt olub. Mayın axırı, qəfil şiddətli isti, üstünü  indiki pilotsuz uçuş aparatlarını xatırladan mığmığa qoşunu bürümüş torpaq yolla ikinci növbənin dərsinə gedirəm. Məndən təxminən on addım qabaqda qoşa zənbillə yüklənmiş Dövlətalı kişi gedirdi. Dövlətalı kişi Noğul xalanın əriydi, ancaq çoxdan ailədən getmişdi. Salyan-Bakı yolunun qırağında, Xələcə çatmammış, dikdə hansı idarədəsə qarovulçu işləyir, orda da qalırdı. Özünə yaxşı həyət-baca düzəltmişdi, qoyun, toyuq-cücə saxlayırdı. Bizim qonşu mərhum Kamal dayı hərdən ona qonaq olurdu və sonra Dövlətalının necə kef çəkdiyindən, necə yeyib-içdiyindən elə vəcdlə danışırdı ki, elə bil İsveçrəyə gedib-gəlib… “Sən öləsən, (Kamal dayı «özüm ölüm» deməzdi, «sən öləsən» deyərdi) Dölət kefdədir. Çəkir hinduşka kababını, quzu kababını, vurur arağı, yanında da arvad..” Yəqin ki, Kamal dayı da illərlə küsülü olduğu arvadından qaçıb ailədən getmək, Dövlətalı kişi kimi özünə güzəran qurub azad yaşamaq istərmiş. Ancaq hünəri çatmırmış. Dövlətalı kişi isə çox hünərli adam idi. Çox…On ili elə-belə yatmamışdı ki…

Mən bilən, Dövlətalı kişi vaxtaşırı kəndə gəlir, uşaqlarının yeməyini gətirirdi. Yadımdadır ki, mən birinci sinifdə oxuyanda sübh tezdən Dövlətalı kişi bizim sonralar Kür aparan evimizə gəlmişdi, yanında da mənim yaşıdım olan oğlu Şakir. Atası Şakiri Salyan internatına qoymuşdu. Yəqin ki, istirahət günü anasının yanına gəlmiş Şakiri Dövlətalı kişi tezdən aparıb dərsə çatdırmaq istəyirdi. Mən çox təəccüb elədim ki, Şakirin çantası yoxdur, olanı elə əlindəki dəftərdir. Dəftərə baxanda gördüm ki, müəllim tapşırıqların altından qoymət qoyur, ancaq qol çəkmir. Mən buna çox təəccüb elədim, çünki bizim Ağəli müəllim qiymətə həmişə qol çəkirdi. Çəkirdi demək insaf deyil, Ağəli müəllim qolunu yaradırdı, “A” hərfinin belinə elə kəmər çəkirdi ki, elə bil gəlin beli bağlayır…

Mən bu qolsuz qiymətləri, xüsusən Şakirin əynindəki internat verən qızıl düyməli göy rəngli  qəşəng kostyumu görəndə mən ona çox həsəd apardım. Çünki mən general formasına oxşayan  o cür kostyumu ancaq yuxuda görə bilərdim, məktəbə isə Zabitə xalanın tikdiyi beli və balağı rezinli şalvarda gedirdim…

Qayıdaq təxminən 1965-ci ilə. Deməli, Dövlətalı kişi qabaqda, mən də on addım dalda gedirik. Gözəl kişinin çəpərinə çatanda Dövlətalı kişi çəpərin o tayında iş görən Gözəl kişini görüb dayandı və  zənbillərini yerə qoydu. Söhbətlərinin lap əvvəlini eşitmədim. Mən onların bərabərinə çatanda bunları eşitdim:

Gözəl kişi: Arvad-uşaq nə təhərdi?

Dövlətalı kişi: Nə təhər olacaq? Az qalmışam dayandoldurumu götürüb hamısını qıram. Adam arvad-uşaqğa haçanacan çörək verər?

Bunu eşidəndə Gözəl kişi güldü. Ancaq mən ordan tez sovuşub yoluma davam etdim. Dayandoldurumun nə olduğunu bilmirdim. Gözümün qabağına gətirdim ki, Dövlətalı kişi kinolarda gördüyüm qədim PPŞ avtomatla arvad-uşağı qırır: Noğul xalanı, Gülsabahı, Şahnazı, Baxşəlini… Bircə Şakirə dəymir. Çünki Şakirin çörəyini internat verirdi…

Noğul xalanı çox yaxşı xatırlayıram. Çünki Salyandan ya ayrı yerdən qayıdanda çox vaxt bizə gəlib nəfəsini dərir, çay içib məməmlə söhbət edirdi. Səhv etmirəmsə, gömgöy gözləri vardı. Ruslar bu rəngdə gözlərə yaxşı şeirlər, mahnılar qoşublar, bizdə isə qiymət verən yoxdur, elə ala göz, qara göz… Keçimiz ala, pişiyimiz ala, gözəlimizin gözü də ala… Salyana ya ayrı yerə gedən vaxtlar Noğul xalanın sinəsini taxılan yeri gözləri ilə bir rəngdə olan, Qəhrəman analara verilən qızıl medal bəzəyirdi, çünki on ya on bir uşaq doğmuşd. Bu qədər uşağı dünyaya gətirmək üçün ərlə arvad arasında ciddi iş getməli, elmi dildə desək, yaxın münasibət olmalıdır. Və bu qədər səmərəli fəaliyyətdən sonra Dövlətalı kişinin ailədən getməyi təəccüb odğura bilər. Ancaq Noğul xalaya diqqət edəndə görürdün ki, Dövlətalı kişinin fərariliyi təsadüfi deyil. Noğul xala, gözəl göy gözləri olan bu əməkdar qəhrəman ana amiranə və hətta bir az hampazor adama oxşayırdı. Və bəlkə də Dövlətalı kişi üçün bu ər-arvadlıq ağır qarşıduma imiş. Günlərin bir günü cana doyub və xata çıxarmamaq üçün cəbhədən qaçıb…

Sonralar bildim ki, dayandoldurum nədir. Dövlətalı kişi həmişə silahlı olub. Yəqin öləndə də balışının altından ya dayandoldurum ya tapança çıxıb…

Birinci sinifdə ilk və son dəfə gördüyüm Şakir, nə şuluq qayırmışdısa, yeddinci sinifdən sonra internatdan çıxarıldı və kəndə gəlib bizim sinfə qatıldı. Çox uzun, şaqqalı cavan olmuşdu, deməzdin on beş yaşı var. Elə birinci gün məni dərin biliyi ilə sarsıtdı. O mənə belə bir sual verdi: Avropada hansı çaydır ki, adını tərsinə oxuyanda tərəvəz adı alınır? Qaldım gözümü döyə-döyə və sinfin yeganə əlaçısı kimi nüfuzumu bir anda itirdim. Verdiyi möhlət qurtarandan sonra Şakir sualının cavabını açdı: Prut çayı…

Prut… Turp….

Səkkizincini qurtarandan sonra Şakiri bir də görmədim…

X.X.

19-20. 12. 2024, Samara

(ardı var)

əvvəli burda:

ƏRƏBQADAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 1. ZABİTƏ XALA VƏ GÖZƏL KİŞİ

ƏRƏBQADAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 1. ZABİTƏ XALA VƏ GÖZƏL KİŞİ

İYUL 2023

Kəndimizin arvadlarından danışanda gərək əvvəlcə çəpər qonşularımız Səkinə xalanı və Xanımsoltan xalanı yada salam. Onlar, əlbəttə, yadımdadır. Ancaq söhbəti Zabitə (hamı “Zapta” deyirdi) xaladan başlamaq istəyirəm.

Zabitə zala Gözəl kişinin arvadı idi. Mən bilən, kəndimizdə onlardan başqa uşaqsız ailə olmayıb. Zabitə xala, səhv etmirəmsə, Qarabucaq kəndindən idi.

Gözəl kişi mənim lələmlə dost sayılırdı, Zabitə xala da məməmlə çox mehriban idi, hərdənbir bizə gələrdi də. Yaxşı dərzilik bacaran Zabitə xala bir neçə il mənə və mənim böyük qardaşıma şalvar, köynək tikib. Məməm Salyandan parça alıb bizi Zabitə xalagilə göndərirdi. O, bizə corab və əlcək də toxuyub.

Gözəl dayı ilə Zabitə xala çiy kərpicdən tikilmiş ikigöz alçaq evdə olurdular. 1960-cı illərin əvvəllərinə qədər kənddə evlərin hamısı elə bu cür ya bundan da kasıb idi. Zabitə xalagilin evi çox təmiz olurdu, ev əşyalarından yadımda qalanı tikiş maşınıdır. Zabitə xala özü də özü tikdiyi tuman-köynəkləri geyinirdi. O, gətirdiyimiz ucuz parçanı alır, ölçümüzü götürürdü. Biz ona pul vermirdik, əksinə, ora hər dəfə yolumuz düşəndə həyətdən bir cücə tutub bizə bağışlayırdı.

Zabitə xalanın tikdiyi köynəklər yaxşı yadımdadır, elə bil indi də şkafda ya elə divarda asılıblar. Köyəyin sol döşündə hökmən cib olurdu. Bu, yaraşıq üçün idi. Altı-yeddi yaşında kənd uşağı döş cibinə nə qoya bilərdi? Heç nə. Şalvarın belinə və balaqlarına rezin slalınardı. Mən birinci sinfə belə rezinli şalvarda getmişəm…

Ərlə arvadın illər keçdikcə bir-birinə oxşamaqları barədə deyilənlərdə həqiqət çox azdır. Sadəcə biz ərlə arvada bir ailənin üzvləri, ən yaxın qohumlar kimi baxır və buna görə onlarda oxşarlıqlar axtarır və bu oxşarlıqları olmayanda da görürük. Yəni “gözəllik baxanın gözündədir” dediyimiz kimi “oxşarlıq baxanın gözündədir” də deyə bilərik. Ancaq Gözəl kişi ilə Zabitə xala doğrudan da bir-birlərinə çox oxşayırdılar. Hər ikisi çox astadan danışır və elə bil ki, gülüşləri sinələrində səslənirdi. Gözə dəyən fərqləri boyları idi. Bəstəboy bu arvad evin içində elə bil yerimir, quş kimi səkirdi. Mən onların dava-dalaşını təsəvvür eləmirəm. Dalaşmağa meylli adamlar çox vaxt evdə yad adam olanda dava salırlar. Yəqin tamaşaçısı olmayan dava ləzzət vermir…

Gözəl kişinin cavanlığı barədə məlumatım yoxdur. Axı kəndin keşməkeşli vaxtları olmuşdu: kollektivləşdirilmə, fərdi təsərrüfatların ləğvi, adamlarım məcburi kolxoza qatılmağı, bu kolxozda dərhal vəzifələr zəbt edib varlanan zirəklər, cibində partiya bileti olmasa da, “allahsız” bileti  gəzdirənlər… Adamların bir-birini satmağı, sürgünə, həbsə göndərməyi… İkinci dünya müharibəsi… Qaçaqçılıq edən fərarilər… Nədənsə Gözəl kişini pis iş yiyəsi ola biləcəyini güman etmirəm…Pensiyaçı vaxtlarında məktəbdə bağban işləyərdi. Məktəbdə fəhləlik eləmiş başqa kişilərdən fərqli olaraq, heç vaxt qışqır-bağır salmazdı.

Gözəl kişi ilə Zabitə xalanın mehribanlığı bəlkə də uşaqsızlıqlarından idi. Bir vaxt Zabit xala qardaşı oğlu Müseyyibi gətirib yanında saxlamışdı. Boya-başa çatandan sonra evlənib Salyanda yaşayırdı.

Rus nağıllarında Gözəl kişi ilə Zabitə xala kimi cütlük haqqında deyilir ki, onlar birlikdə uzun və xoşbət ömür sürdülər və ikisi də bir gündə öldü. Gözəl kişi Zabitə xaladan xeyli əvvəl ölmüşdü. Bir müddətdən sonra Zabitə xala ata yurduna qayıtmış ya qayııtmağa məcbur olmuş, orda da vəfat etmişdi. Təəssüf ki, bu insanlara nə birgə oğul-uşaq böyütmək, nə də yanaşı qəbirlərdə yatmaq nəsib oldu…

 X. X.

17-18.12. 2024, Samara

(ardı var)

KƏNDİMİZİN İGİD ƏSGƏRİ ŞAHLAR MƏMMƏDOVUN XATİRƏSİNƏ

Şahlar

Adəmi cənnətdən qovanda Tanrı,

Dedi: “ömür boyu qəm yeyəcəksən.

Çörəyin olacaq çölün otları,

Tərlə yumşalacaq sənin hər tikən.

=

Daddığın olacaq zəhrmar kimi,
Tikanlar qanadar, hara əl atsan.

Torpaqdan yaratdım səni necə ki,

Torpağa dönərsən çatanda zaman”.

=

Adəmlə Həvvadan nəsil törəndi,
Tər tökür hər yerdə Adəm övladı.

Öz dili, öz rəngi var hərənin də,

Ayrıdır hərənin görkəmi, adı.

=

Ölkələr yaranır müxtəlif adda,
Hərənin ayrıdır gerbi, byrağı,

İndi hünərin var sərhədi adla,

Hər qarışdan ötrü indi qan axır.

=

Zəfər sevdasıyla savaşlar qızır,
Torpağa baş qoyur insan övladı.

Əldən ələ keçən əraziləri,

Milyonlar qanıyla suvarıb gedir.

=

Hər yerdə bayraqlar dalğalanmada,
Söyləyir növbəti nitqini rəhbər.
Ad alır qaçanlar, daldalananlar,
Yatır məzarında sıravi əsgər.

=

İndi ata, ana hara üz tuta —
Tikanlar dalayan bir ərazidir.

Ən əziz, xoş torpaq indi dünyada,

İgid oğul yatan təzə məzardır…

25.11. 2020, Samara

UZAQ-YAXIN YUXULAR

Yadımda beş-altı yaşımdan bəri,

Olanlar qalıbdır, o da lap azı.

Elə zəngin deyil xatrələrim,
Çoxu da qüssəli, ya da ki, acı…

 

 

Ailə böyükdü, otaqsa iki
Çox vaxt təpilirdik elə birinə.

Bəzən şam süfrəsi yığılan kimi,

Yataq salınardı evin yerinə.

 

 

 

Əvvəl sərirdilər neçə döşəyi,
Sonra balışları, mütəkkələri.

Balışım, döşəyim yadımda deyil,

Yorğan əvəzinə — kürkü lələmin…

 

 

 

Yuxuya getməyim deyil yadımda,
Yuxu görürdümmü – deyə bilmərəm.

Xoruldayırdımı kimsə yanımda? –

Yuxuda danışan? Bəlkə…  elə mən…

 

 

 

Gecə qarışırdı nəfəs nəfəsə,
Hava tükənirdi, qalan nəfəsdi.

Yatanlar cansızdı, xırda otaqsa,
Böyük ailənin məqbərəsiydi…

 

 

 

Böyüklər durardı hamıdan qabaq,
Bizi ayıldardı səsi Kişinin.
Verdiyi çörəyi xatıraladaraq,
Lələm yollanardı ağır işinə…

 

 

 

Otaq havasız və yarıqaranlıq,

Hamı əsəbidir, deyinir indi.

Elə bil cənnətdən qovulanlarıq,

Hamıya həyatdan yuxu şirindi…

 

 

 

Bəlkə elə həmin otaq boydadır,

Sonuncu ailə mənzili indi.

Daş mütəkkələrə baş qoyub yatır,

Ata, ana, qardaş çiyin-çiyindir…

 

 

 

Çağırıb oyatmaz heç kim heç kimi,
Tələsməz heç kim də namaza, işə.
Başına qaxılmaz yediyin tikə,
Daha nə gülüş var, nə də göz yaşı.

 

 

 

Hamı vurnuxardı xırda otaqda,
Min illik yol vardı elə bil öndə,

Bilmədik biz haçan mənzilə çatdıq,

Yuxuymuş çağıran, tələsdirən də.

 

 

 

Bir qərib ölkədə sovrular külüm,
Ruhumsa qayıdar yurduma hökmən,

Qısılıb ataya, qardaşa bir gün,
Anamın ruhuyla isinərəm mən…

 

11-12. 09. 2019
Samara