Qəhrəman əsgərim, öldüyün ildir,
Zirvədir, deyirlər, şəhidin yeri.
Ancaq atan, anan inana bilmir,
Sağalmaz xəstədir indi hər biri.
—
Mükafatın gəlib ildönümünə,
Siyahısındadır adın yüzlərin.
Uzun adlı medal veriblər sənə,
Təzədir, hələlik parlayır yəqin.
—
Çoxsa da nə qədər cəbhədə ölən,
Çatır hər birinə bu dəmir medal.
Sanki Türkiyədən ya Çindən gələn,
Gündəlik tələbat malıdır bu mal.
—
Sənə qıyılmadı fəxri ad, orden,
Canının bahası dəmir medaldır.
Sən vətəndən ötrü döyüşdün, öldün,
Uzun siyahıda adın yer aldı.
—
Uzadıb almağa nə əllərin var,
Taxıb gəzdirməyə var nə də sinən,
Ölümündən sonra verilən medal,
Səni aşağılar, zirvədəsənsə…
—
Səni möcüzəylə əgər oyatsan,
Deyərdin: “Çıxarın siyahılardan!
Medal istəmirəm qızıl da olsa,
Həyat istəyirəm… lap az, bircə an…
—
Üşüyüm, ac olum, ağrısa can da,
Görüm başım üstdə anamı yenə,
Bircə an…bircə an… o bircə anda,
Əlim sevgilimin dəysin əlinə…
06.11. 2021, Samara
