Архив тегов | ana haqqında şeirlər

QARA BAYRAMIN GƏLİR..

ANAMIN XATİRƏSİNƏ

8

 

Qocanın atılmışı –

Sənə asanmı gəlir?

Səhərin açılmamış,

Qərib axşamın gəlir.

 

Çay-çörəyin gecikir,

Şişir, udulmur tikə,

Süfrənə elə bil ki,

Öd dolu camın gəlir.

 

Gözün yola zillənir,

Sözün öz-özünlədir.

Nə yazan, nə zəng edən,
Nə bir adamın gəlir.

 

Məmə, yaz gəlir yenə,

Qəbrin otla bürünər.

Getdi qara günlərin,

Qara bayramın gəlir.

 

    27.02.2016 Samara

 

 

SİNOPTİKLƏR KƏNDƏ YAĞIŞ DEYİRLƏR…

ANAMIN XATİRƏSİNƏ

              4.

Sinoptiklər kəndə yağış deyirlər,

Yağış da başladı kənddə, dayanmır.

Yolları istəyər keçəndən hünər,

Bəzən bir neçə gün işıq da yanmır.

======

Axşama bənzəyər gündüzü kəndin,

Nə ay işiqlanar, nə ulduz amma.

Gur yağış ikinci günə keçəndə,

Qədim evimizin damından damar.

======

İsladar tavandan süzülən sular,

Qədim şifoneri, yatağı-yeri.

İslanar kitabla dolu qutular,

Nəm çəkər dünyanın klassikləri.

========

Neçə ildlən bəri ilk dəfədir ki,

Qorxmuram mən hava proqnozundan.

Yox daha günlərlə yola göz dikib,

Çürük tavan altda yaşayan insan.

=========

Qədim evimizi Nuh seli yuya,

Nigaran deyiləm anamdan daha.

O köçən dünyanın yox qışı, yayı,

Nə payız var orda, nə də ki bahar…

25.09. 2015 Samara

DOYUB SƏRİN SUDAN, DOYUB GÖY OTDAN…

SENTYABR 2016 MƏMƏ

ANAMIN XATİRƏSİNƏ

            2

Doyub sərin sudan, doyub göy otdan,

Qazlar arx döşündə düşərgə salıb.

Qoyunlar yatışıb söyüdün altda –

Mənzərə elə bil yüz ildən qalıb.

====

Çıxıram – bəlkə də bu son dəfədir,

Yox daha yanına döndüyüm insan.

Dişsiz ağzı ilə alnıma hər il,

Xeyir-duasını möhür tək basan.

======

Daha bu ağızda nə qınaq dinər,

Nə də dualarla çağrılar adım.

Özüm öz əlimlə ulduz öləndə,

Köhnə yaylığıyla sıxıb bağladım…

11-12 sentyabr 2015, Samara