Архив тегов | anan haqqında şeir

«ALÇANIN ALTINDA, HİSLİ OCAQDA…»

20230721_135628

Alçanın altında, hisli ocaqda,
Bəlkə otuz ildir qalaylanmayan,

Qədim mis qazanda, tavada ya da,
Xörək bişirərdi yay günü anam.

+

Əlinə gələndən ataraq qaba,

Pörtər, qızardardı, ya qaynadardı.

Yeməyin ətriylə dolardı hava,
Ləzizdi, lətifdi, yoxsa da adı…

 +

Ana yeməyinə, ev xörəyinə,
Həsrətəm, hərçənd ki, qarnım ac deyil.

Nə qədər səy ilə bişirəm, yenə,

Ətri heç, dadı da yoxdur elə bil…

 +

Hisli ocaq üstdə mis qazan asıb,

Mənə ləziz xörək bişirənlərim!

Məməm, Sübü bacım, Ağənnə bacım!

Əzizdim, yuxarı başda da yerim…

 +

Kəndə gəlib çıxsam möcüzə ilə,

Məni çaşqın görən sayar yol azan,

Nə ocaq qalıbdir, təndirimiz nə,

Türklərə satılıb bəlkə mis qazan…

 +

Özümü toplayıb it hürüşməyən,

Bir həyətə bəlkə orda  girərəm.

Qaz pilətəsində qaynayan, bişən,
Xörəkdən çəkərlər, alıb yeyərəm…

 +

Nə iştah duyaram, dad bilərəm nə,
Dinməz gəvələrəm qabımdakını,

Sonra kənd yoluna çıxaram yenə,

Qəbiristan sarı yol çəkər məni…

 +

Bilmərəm ki, məni tanıdılarmı,
Saydılar yol azmış yolçu ya da ki.

Dedilər bəlkə də: “Olsun haramı,

Boş əllə gəlmişdi, yedi mal kimi”…

 12. 12. 2023, Samara