Архив тегов | Azərbaycan ordusu

ÖLÜR ARA YERDƏ KƏND UŞAQLARI…

Doyunca gəzməmiş, şirin yeməmiş,

Bahalı paltarlar alıb geyməmiş.

Sevgili əlinə əli dəyməmiş,

Ölür cəbhələrdə kənd uşaqları.

 

Yığırlar bığ yeri qaralan kimi,

Quzunu anadan qoparan kimi,

Qurbanlıq yerinə aparan kimi –

Ölür cəbhələrdə kənd uşaqları.

 

Gəzir harınların harın balası,

Nə pula pul deyir, nə insan sayır.

Kasıbın boynunda vətən qovğası, —

Ölür cəbhələrdə kənd uşaqları.

 

Qapalı tabutda qayıdıb gələr,

Üçüncü dərəcə medallı əsgər.

İndi məzarıdır əbədi səngər, —

Ölür cəbhələrdə kənd uşaqları.

 

Milləti talayıb satan kefində,

İsti ağuşlarda yatan kefində.

Nə öıkə? Nə Vətən? Vətən kefində!

Ölür ara yerdə kənd uşaqları…

 

07.04. 2016

Samara

 

 

 

 

ƏSGƏRLƏRİMİZ QƏHRƏMAN KİMİ YOX, QURBANLIQ QOYUN-QUZU KİMİ QIRILIRLAR

Bir gecədə 11 ya 14 Azərbaycan əsgərinin öldürüldüyü bildirilir.

İndi bu əsgərlərə qəhrəman deyəcəklər, şəhid deyəcəklər. Ancaq bu cavanlar nə qəhrəmandırlar, nə şəhiddirlər. Çünki bu cavanları qurbanlıq qoyun-quzu kimi öldürüblər. Yəqin heç xəbərləri olmayıb ki, başlarının üstünü haçan alıblar. Çünki Azərbaycan ordusuna eşşəklər rəhbərlik eir. Və çünki bu eşşəklərin öz balaları cəbhə xəttindən min kilometrlərlə uzaqda, bəlkə xarici ölkələrdə kefdədirlər.

Doqquz nəfərlik siyahıya baxanda adamın başından tüstü çıxır – hamısı kənd rayonlarındadır, nəinki bir kübar mənşəli, hətta bakılı da yoxdur. Bundan sonra Azərbaycanı ciddi dövlət saymaq olarmı?

Bir vaxt Əli Kərim Süleyman Rüstəmi təqlidən bir poəma yazmışdı, “Qaytar ana borcunu”. Guya Bakıya məktəb oxumağa gələn kəndçi oğlan bakılı qıza vurulub qalır paytaxtda. Şair də sual edir: “Oğul böyütdümü o, büzmədodaq bir qıza?”

İndiki oğraş şairlərin heç bir sual vermir ki, bu qurbanlıq qoyun-quzu kimi qırılan cavanları anaları Mehriban xanım ya onun qızları üçünmü böyütmüşdülər? Bugünkü qəzetlər, saytlər Nərgiz Paşayevanın Londonla Bakı arasında var-gəl edən qızından xoş xəbərlə doludur. Niyə bu oğraş şairlər sual vermirlər: bu cavanlar Nərgiz Paşayevanın, onun qızının yolunda ölmək üçün doğulmuşduıar? Niyə hökumətdən mənzil hədiyyəsi alan Ramiz Rövşən səsini çıxarmır? Dilini niyə qarnına soxub?

Azərbaycan ordusu ordu deyil, sallaqxanadır, fəhlə-kəndli uşaqlarının qoyun-quzu kimi qırıldığı sallaqxana. Orduya generallar yox, eşşəklər rəhbərlik edirlər, onlar ulduzlarını kimisə əmioğlusu, dayıoğliusu, kiminsə oynaşı olduqlarına görə alıblar. Bu generallar və bütövlükdə ölkə rəhbərliyi bizim əsgərlərimiz üçün ermənilərdən daha təhlükəlidirlər. Belə generallar, belə rəhbərlik olmayan əsrlərdə axı azərbaycanlılar yurdlarını qoruya bilmişdilər və hətta ərazi də artırmışdılar!

Azərbaycan kvazi dövlətdir, onun gələcəyi yoxdur. Xalq isə əsil xalqdır və bu xalqın başına bəla gəlib. Və xalq özü bu bəlanın əlacını tapmalıdır.

 

01.07. 2014

 

AZƏRBAYCAN ORDUSU ZƏLZƏLƏNİ ZƏİFLƏDİB

Bu gün Azərbaycanda 5 bal gücündə zəlzələ olub. Zəlzələnin əsil gücü 9 bal imiş. Ancaq ölkənin yeraltı hərbi qüvvələri ali baş komandanın əmrini yerinə yetirərək şücaət göstərmiş, zəlzələni 4 bal zəiflətmişlər.Əməliyyat zamanı bir zabit yüngül xəsarət alıb, digər zabit telefonunu itirib. Deyilənlərə gözə, tlefonda əsgərlərin qoyduğu xeyli pul varmış.

ƏHSƏN GENERALLARIMIZA!

Azərbaycan generallarının şəklini fördüm, gözüm orden-medal işığından qamaşdı! Hər birinin sinəsindən göbəyinəcən, yalan olmasın, bir pudluq mükafatı var. Yəqin əyilib qalxanda çox əziyyət çəkirlər. Yəqin çoxunda qasığ, bel, onurğa qrıjası da var. Camaat de deyir ki, generallar kef çəkirlər. Hardan kef çəkirlər? Bir pud ordeni taxın döşünüzə, qarnınızın üstünə, görüm necə kef çəkirsiniz. Hələ mən bu qədər ordeni almçaq üçün generallarımızın nə qədər yağı düşməni yıxıb sürüdüklərini demirəm! Yəqin döyüşə girəndə Azərbaycan generalları heç zirehli paltar da geymirlər, sinədən tutmuş qarnının üstünəcən belə orden düzüləndən sonra zirehli paltara nə ehtiyac?

Vallah, bilmirəm yalandır yoxsa doğru: deyirlər bu generalların qarnı içəridən də qızıl-gümüşlə doludur…

Mirzə Əlil