Архив тегов | Bakı haqqında şeirlər

GÜLMƏLİ ŞEİRLƏR: ƏLİAĞA KÜRÇAYLI. «BAKI»

Без названия

“Uzaq elli əziz dostum soruşdu
-Sizin Bakı söyl
ə, necə şəhərdir?”

Bu şeir uzağı keçən əsrin 70-ci illərində yazılıb.  Sovet Azərbaycanında yaşayan insan üçün “uzaq el” SSRİ xaricində olan ölkədir. Maraqlıdır, Əliağa Kürçaylının “əziz dostu” hansı ölkədən olub? O adam Bakını görməyibsə, Əliağa Kürçaylı ilə harda dostlaşıblar, harda görüşüblər və bir-birlərinə əziz olublar? Biz bilirik ki, Əliağa Kürçaylı sovet yazıçılarının nümayəndə heyətinin tərkibində İngiltərədə olub, ancaq orda keç kimlə dostlaşmayıb, elə Londondaca Britaniya imperialuzmini ifşa edən şeirlər yazıb, Kiplinqin qəbrinin üstünə gedib deyib ki, “çıx, danışaq, müstəmləkəçi oğlu müstəmləkəçi…”

Yəni bu “uzaq eldən olan əziz dost” uydurmadır, şeirnə bünövrə qoymaq üçün fənddir. Bu, heç…

Əliağa Kürçaylı cavab verir:

“Dedim: -Qardaş, mənim doğma şəhərim
Yazılmamış, oxunmamış
əsərdir…”

Gördünüz? “Əziz dost” oldu qardaş. İndi görün “doğma şəhəri” Salyanın Kürqaraqaşlı kəndi olan şair Bakını necə təsvir edir.

“Çiçək desən – könül açan çiçəyi”.

Bakı parklarında, əlbəttə, çiçəklər var, keçən əsrdə də az-maz olub, ancaq çiçək söhbəti daha çox Kəlbəcərə yaraşar, nəinki Bakıya…

“Külək desən – ev uçuran küləyi…”

Burda sovet şairi özü də bilmədən xarici dostuna sirr açıb, yəni deyib ki, Bakıda on minlərlə elə ev var ki, güclü xəzri əsəndə uçmasalar da, dərin sarsıntı keçirirlər. Yəni on minlərlə bakılı komalarda yaşayır…Yaxşı ki, KQB o vaxt buna fikir verməyib, yoxsa Kürçaylını tutardılar…

“Qasırğada ağ dalğalar ləçəyi…”

Ləçək yəqin qadın baş örtüyü mənasındadır. Qasırğada göyə millənən dalğaların baş örtüyünə bənzəri var? Məncə bu dalğaları biz-biz duran saça oxşatmaq daha yaxşı olardı…Ağzında qasırğa deyirsən…Qasırğada başda ləçək qalar?
Bu da heç… Sovet şairi Əliağa Kürçaylı sovet gerçəkliyini, onun mənfur kapitalizmdən üstünlüyünü tərənnüm etməlidir. Yoxsa xarici səfərlərə göndərməzlər.

“N
əğməsidir zavodların fit səsi…”

İndi bilmirəm, sover vaxtı zavodlar fit çalırdı, səhər fiti işin başlandığını, axşam fiti işin bitdiyini bildirirdi. Sovet vaxtı zavodda işləmiş adam kimi deyə bilərm ki, zavod fitinə nəğmə deyənin Allahı yoxdur. A kişi, adamları səkkiz saat yağın-hisin içində dəzgah başında durmağa çağııran fitdə nə nəğmə? Əsl yazıçı Maksim Qorki yazırdı ki, səhər zavod minlərlə insanı alır ağzna, çeynəyir-çeynəyir, axşam tüpürüb atır…

“Suya düşüb buruqların kölgəsi,

Ətirlidir bağlarının meyvəsi…”

Allahı olan desin: bu iki misra arasında nə əlaqə var? Buruq harda, bağ harda, meyvə harda… Allahı olan deyərdi ki, bulvarda neft iyindən gəzmək olmur, bəzi yerlərdə adamın qusmağı gəlirdi…

“Ağ şanısı elə bil ki, şəkərdir…”

Şanını qəndə bənzədən adamın qəlbi var? Təbiət möcüzəsi olan şanı harda, qənd harda…

“Dost görəndə tükənməyir hörməti…”

Bakının dostunu təsəvvür edin… O vaxtlar Bakının ən əziz dostu və qonağı Brejnev idi…

“Düşmən görsə, dərya olur nifrəti…”

Sovet Bakısının düşməni kim idi? Mənim kimi kənddən gələnlər, rusca danışa bilməyənlər?

“Əziz dostum, Bakı belə şəhərdir…”

Necə şəhərdir? Biz axı bu yazıda Bakını görmədik! Siz Burda Bakının nəyini və harasını görürsünüz? Bu, toyda oxumaq üçün qondarılan aşıq qoşmasıdır, Əliağa Kürçaylı belə qoşmalardan Aşıq Pənah üçün az yazmayıb… Bu cəfəngiyyata şeir deyən, onu dərsliyə salan insan, məsələn, “müstəmləkəçi” Kiplinqin bir şeirini oxuyub? Ədəbiyyat müəllimi bu şeri haqqında şagirdlərə nə deyir? Deyir ki, zavod fiti Tofiq Quliyevin mahnıları kimi nəğmədir?

Yazıq uşaqlar….Yazıq azərbaycalı uşaqlar…

30.04. 2024, Samara

 

ŞAİR EMİL MEHDİYEV HAQQINDA XATİRƏ: RƏSUL RZA «KOSOY DOJDU» NECƏ «KÖNDƏLƏN YAĞIŞ»A ÇEVİRİB…

RASUL_RZA

M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şöbəsində mənimlə oxuyanlar arasında Emil Mehdiyev də vardı. Yaşını dəqiq bilmirəm, yəqin 35-40 arasında olardı. Emil Mehdiyev uşaq şeirəri yazırdı, bir neçə kitabın müəllifi, Yazıçılar İttifaqının üzvü idi. 225 nömrəli orta məktəbdə keçən dərslərə Emil Mehdiyevi arvadı gətirirdi, çünki şair hər iki gözündən kor idi…

Emil Mehdiyevlə mən son kurslarda az-çox yaxından tanış oldum, hərdən tənəffüslərdə söhbət edərdik. Təzə çıxmş bir kitabçasını da mənə yazıb bağışlamışdı.

Bir dəfə Rəsul Rzadan söz düşdü. Emil onu təriflədi, “Bakı” şeirini nümunə gətirdi.

“Qarı, çiskin, yağışı,
Əyri, köndələn Bakı…”

“Gör nə deyib? Köndələn yağış! Bu, tapıntıdır!” – Emil vəcdlə deyir və ağ, zərif dərili üzü işıqlanırdı…

Emillə razılaşıb mən də vəcdə gəldim və həmin gün yatanacan fikir içində oldum ki, şairlər belə bənzətmələri hardan tapırlar…

Bir neçə ildən sonra Moskvaya düşdüm və üç il orda yaşadım. Moskvada da yağış çox yağır. Hər cüründən. Gördüm ki, ağıldan zirək ruslar hər yağışa cürbəcür adlar qoyublar. Məsələn yağışın bir növünə “kosoy dojd” deyirlər…

Yəni “köndələn yağış…” Rəsul Rza ruscadan çevirib…

Bu günlərdə Emil Mehdiyevi xatırladım. İnternetdə axtardım – yoxdur. Başqa Emil Mehdiyevlər var, ancaq mən axtaran yoxdur. Bir kəlmə də ondan yazmayıblar. Bir kəlmə də! Vikipediyada yüzlərlə binamus, şərəfsiz azərbaycanlı haqqında məqallələr yazıb qoyublar, hətta «qanun oğruları» haqqında məqalələr var. Tanınmış uşaq şairi hamının yadından çıxıb…

Ancaq “Bakı” şeirini tapdım…

Oxudum, gördüm elə maraqlı olan “köndələn yağışdır”. Qalanı cəfəngiyyatdır.

“Qızınmışam qışında,
Donmuşam baharında”.

Bunu oxucu necə başa düşməlidir?

“Hər havası, hər fəsli,

Başqa bir aləm Bakı”.

Burda Bakıya aid nə var? Bunu hər şəhər haqqında demək olar, hərçənd deməmək yaxşı olar. Necə yəni “hər havası başqa bir aləm”? Sən mənə Bakı havasını göstər, nala-mıxa vurma!

“Yarpaqların, güllərin,

Niyə hərdən nəm olur?”

A kişi, necə yəni niyə? Yağış yağır, ona görə! Camaata bağlamısan?!

“Sinəndə qatar-qatar,

İşıq karvanları var”.

Karvan elə qatar deyilmi? Yox, sən öləsən, bu da millətlə Səməd Vurğunun oyununu oynayır. Basməmmədi eləyib gedir…

“Şöhrətini adını,
Daim qoruyan Bakı…”
Bakı şöhrətini (varsa) necə qoruyur? Yox, sən konkret de, bilək ki, nəyi nəzərdə tutursan!

“İftixarım, öyüncüm,

Qələbəm, zəfərimsən”…

Ruslar buna söz qarınağrısı deyirlər. (slovesnı ponos) Yəni söz su kimi məlum yerdən

axıb tökülür…  Burda bakılıq nə var?

“Hər millətdən, hər eldən,
Sənə mehr salan var…”

Bu, düzdür. Bakıda erməni çox idi…

Elim, günüm, məskənim,

Eşqim, həsrətim Bakı…”

Burda da Bakı yoxdur…”Yurdum, yuvam, məskənim…” Biri Azərbaycana deyirdi, biri Bakıya…Hamısı bir-birinin tayı…

Nahaq başımızı ağrıtmayaq…

Mən Emil Mehdiyevdən danışmaq istəyirdim. İstiqanlı adam idi… Bir dəfə “Ədəbiyyat nəsəzriyyəsi” müəllimi Təhsin Mütəllibov ondan soruşdu: “Emil, uşağınız var?” Emil həmişəki kimi astadan, kübar səslə dedi ki, uşağı yoxdur. Təhsin Mütəllibov tragikomik tonla təsəlli verdi: “Neynək, mən yazıq heç evlənməmişəm ki…”

Bilmirəm, Təhsin Mütəllibov sonralar evləndi ya yox…

05.12. 2018

Samara