“İnsan nə yeyirsə — odur” – haçansa
Feyerbax işlədib bu ifadəni,
Yediyimiz qana çevrilir yəni,
Və işlədir beyni, ürəyi qansa.
+
Başqa alim kişi deyir: ət yeyən
Millət üstün olur bitki yeyəndən…
Zəiflər əzələ, yatar beyin də,
Yeməsən bitkidən özgə heç nə sən…
+
“İnsan nə edirsə — odur” – almanın
Sözünə qüvvət tək deyilə bilər.
İşi, yaratdığı deyilmi məgər,
Kimliyi, məzmunu hər bir insanın?
+
Şekspir, Bethoven kimi düha da,
Tarlada tər tökən, barı hörən də —
Taleyin yazdlğı işi görəndə
İnsandır — ən böyük fəxr bu adda.
+
Və Cənnət vədinə əgər inansaq
İşləmir, gətirib kiminsə bəxti,
Yeyir, məzələnir orda əbədi —
Ona insan adı yaraşmır ancaq…
31. 03. 2025, Samara
