Архив тегов | Camal Əkbərov

YANĞINDAN SONRA: HAMINIZ SAĞ OLUN!

Mən bədbəxt hadisə nəticəsində evimin yanmağını müzakirə mövzusuna çevirmək istəməzdim, ancaq yanğından sonra məni dərhal qayğı ilə əhatə etmiş insanlara minnətdarlığımı bildirməyi özümə borc bilirəm.

Yanğın yerinə ilk gələn Camal Əkbərov olub. Xəbər tutan kimi Şirvan Kərimov və Namiq Məmmədov gəliblər. Şirvan Kərimov dərhal bütün adminstrativ və qeyri-formal resurslarını səfərbər edib. Yanğın yerinə gəlmiş rəsmilərin dediyinə görə mən müvəqqəti idman zalında ya ona bənzər bir yerdə yerləşdirilə bilərdim.Ancaq yanğından sonra bircə gün də məişət çətinliyi çəkməmişəm. Bir gün Seyid Camalın evində qonaq olandan sonra Şirvan müəllim məni yaxşı xəstəxanaların birində təkadamlıq palataya yerləşdirib. Orda qaldığım iki həftəyə yaxın müddətdə personal mənə yaxşı baxıb, lazım bildikləri bütün müayinləri və müalicəni təyin ediblər. Bir neçə gündür ki, Şirvan müəllim mənə yaxşı bir mehmanxanada yer alıb. Rus demişkən: jivi ne xoçu. Hər şəraiti var. Avropa çempionatının oyunlarlna baxıram. Şirvan müəllim, Namiq Məmmədov, Camal Əkbərov mənə tez-tez baş çəkirlər.

Vacib daha bir şey: kompüterim yanğında məhv olduğundan ilk günlər yalnız çox çətinliklə telefonda yazırdım. Qardaşım oğlu Yusif Süleymanlı Bakıdan mənə gözəl bir noutbuk göndərib. İndi heç qırağa çıxmaq istəmirəm. Bernsi dilimizə çevirirəm. İstərdim ki, haçansa Yusifin uşaqları hansı dərslikdəsə, hansı mənbədəsə mənim işimə rast gəlib başıbəla və başabəla Xeyri babaları ilə fəxr eləsinlər.

Yanğınsöndürənlərin çıxardığı telefonumu və məhv olmuş kompüterin bərk diskini bərpa etmiş Anar Elxan oğlu Quliyevə hədsiz minnətdaram.

Köməyini əsirgıməmiş Rəhman Əliyevə də təşəkkürümü bildirirəm.

Bilirəm ki, qabaqda çətinliklər çox olacaq. Mən minimum pensiya ilə mənzilsiz qalmışam. Vəzifəm, borcum, məqsədim depressiyaya yenilməməkdir. Buna ancaq iş görməklə nail olmaq mümkündür. İşə isə həvəsliyəm, qüvvəm də var. Çünki yaxşı yeyib-içirəm, şəraitim də çox yaxşıdır.

Mənə dayaq durmuş, telefonla da olsa kömək təklif etmiş soydaşlarımızın hər birinə təşəkkür edirəm. O cümlədən Füzuli Hüseynova və Rövşən Quliyevə.

Çox sağ olun!

Xeyrulla

25. 06. 2024, Samara

QOĞAL QIZDAN YENİ İL TƏBRİKİ

ЁЛКА АСЯ 2

HALAL OLSUN, SÜLEYMAN…

 

Müğənni Süleynman Abdullayevi İnternetdə axtardım – səs yazıları var, ancaq Vikipediyada yoxdur. Deyilənlərə görə, ona fəxri ad da verilməyib…

Süleyman Abdullayevin bir az burundan gələn yanıqlı, yapışıqlı səsi bizim muğam oxuyanlardan heç birinin səsinə oxşamır və onu hansı məktəbəsə yazmaq mümkün deyil. Texniki arsenalı zəngin olmasa da, təmiz boğazları, muğamların bütün yüksəkliklərinə qalxa bilən şirin səsi ötən əsrin altımışıncı illərində radioda ilk dəfə səslənəndən onu xalqa sevdirib. Ona qarşı hökumət tərəfindən olan ayrı-seçkiliyin səbəbini yəqin onu yaxından tanıyanlar bilirlər. Əslində fəxri ad vacib deyil və hətta başqa bir çox sovet anoxronizmləri kimi artıq şeydir. Ancaq Azərbaycanda bu fəxri adlara görə əlavə pensiya verirlər, Süleyman Abdullayev isə, güman etmək olar ki, fəal oxuduğu vaxtlar elə ciddi pul yığa bilməzdi…

Camal Əkbərovun Süleyman Abdullayevdən danışdığı bir əhvalat məni çox təsirləndirdi…

Camalın toyu 1997-ci ildə Cəlilabadın Privolnoye kəndində olub və toyda Süleyman Abdullayev oxuyub. Beş yüz dollara. Camal deyir ki, Süleyman Abdullayev Bakıdan öz köhnə “Volqa”sında gəlmişdi. Bu o deməkdir ki, pulun xeyli hissəsini müğənni benzinə verib… “Atam Mirdavud kişi Süleyman Abdullayevi görməklə çox xoşbəxt idi, atam musiqini çox sevirdi, cavanlığında zurna, balaban çalmışdı”, — bunu Camal danışır. Deyir ki, toydan sonra kişi uzun-uzadı Süleymanla danışırdı və elə bil ki, radioda eşitdiyi, televizorda gördüyü müğənninin onun həyətinə gəlib oxumağına inana bilmirdi…

Süleyman Abdullayev toydan sonra Camalgilin qonşuluğundakı ahıl bir arvadın evində gecələyib. Yəqin kimsəsiz arvadın əyninin kasıb olduğunu görərək onu səhər maşına mindirib Cəlilabad bazarına aparıb və ona iki yüz dollara bir isti gödəkçə alıb bağışlayıb…

Camalın toyu noyabrda olub. Hava soyuqmuş…

 

12.10. 2013 Samara