Архив тегов | Cavad Zeynallı

CAVAD ZEYNALLININ ÖZÜNÜ TÜRKLƏRƏ BƏNZƏTMƏKLİYİ

 

 

“Azadlıq” radiosunun saytında “Anarın Axundovu urvatdan salmaqlığı” adlı məqalə çıxıb. Düzü, Gözəl Bayramlı demişkən, məqalənin adından elə şaşırdım ki, mətni oxuya bilmədim. İndiyəcən eşitmədiyim “urvat” sözü məni min fikrə saldı, boynuma alım ki, bu min fikrin içində pis fikirlər də oldu…

Məqalənin adından güman eləmək olar ki, Anar Axundova qarşı nə isə pis iş görüb, çünki Anar iyirmi ildən çoxdur ki, yaxşı iş görmür. Bunu başa düşdük. Ancaq mən Aərbaycanda yaşayan vaxtlar biri başqasına cidi ziyan vuranda deyirdilər: “anasını ağladıb”, “atasına od vurub”, “pişiyini dırmaşdırıb ağaca”, “mələdib”, “yıxıb sürüyüb” və s. Bu cür sözlər. Ancaq heç vaxt “urvat” demirdilər, belə çıxır ki, o vaxtlar heç bu söz yox imiş, sonradan gəlib, bəlkə də türklər gətirib bizim millətə sırıyıblar, əvəzində qədim xalçaları, qədim qab-qacağı maşınlarına doldurub aparıblar… Bəlkə elə bu məqaləni yazan Cavad Zeynallıya da bir az pul veriblər ki, bu “urvat” sözünü soxuşdursun xalqa…

Bunu başa düşdük. Bəs “salmaqlıq” nədir? Bilirik ki, Mirzə Cəlildə “itməklik” olub və bilirik ki, nəyə görə olub. İndi yəni bu, Cavad Zeynallının özünü Mirzə Cəlilə bənzətməkliyidir?

Vallah, bu xalqın işi-gücü qurtarıb. Fikirləri-zikirləri odur ki, Azərbaycan dilinin anasını ağlatsınlar, atasını yandırsınlar, pişiyini ağaca dırmaşdırsınlar, mələtsinlər… Hələ başqa sözlər də var, ancaq onları yazmaq ayıbdır, hərçənd Cavad Zeynallı kimi adamlar ayıb-zad bilmirlər…

 

Mirzə ƏLİL