Архив тегов | Çingiz Ələkbərzadə

ÇİNGİZ ƏLƏKBƏRZADƏ. ALTINCI DUYĞU, AZƏRBAYCAN GÖYLƏRİNDƏ QADIN QATARI…

Çingiz Ələkbərzadə 2

ƏVVƏLİ BURDA:https://xeyrulla.com/2023/11/14/cingiz-elekberzade-haqqinda-padarli-esger-ve-pyezoalisqan/

Miryusif Manafovun musiqi məktəbində direktorluğu çox çəkmədi – uzağı beş ya altı ay. Çox sözlər danışırdılar. Guya orda elə iştah açıbmış ki, mebelə, musiqi alətlərinə girişibmiş…

Çingiz Ələkbərzadə özünün də müəllifi olduğu proyektin belə başa çatmasından heç nə yazmadı. Miryusif yenə əmək müəllimliyinə, özfəaliyyət teatrının rəhbərliyinə qayıtdı.

Mən Çingiz Ələkbərzadənin o vaxtlar cəmi bir hekayəsini oxumuşdum. “Ulduz” jurnalında çıxmış bu hekayənin adı, səhv etmirəmsə, “6-cı duyğu” idi. 60-cı illərin sonlarında 6-cı hiss, 6-cı duyğu idiomu intelligent jarqonuna dönmüşdü. Öz ata-anaları, övladları, bacı-qardaşları, ərləri ya arvadları ilə ünsiyyət qura bilməyən adamlar ağaclarla, heyvanlarla, yadplanetlilərlə kontakt axtarırdılar. Bu mövzuda yazanlar da çox idi. Gənc Azərbaycan yazıçısı niyə kənarda qalmalıydı? Cəlil Məmmədquluzadədən başqa kim orijinal süjet yaradıb ki? Bolqar yazıçısı Pavel Vejinovun “Baryer” povesti çıxan kimi Anar qələminə tüpürüb “Beşmərtəbəli…” yazdı, Vejinovda qadın yox olurdu, Anar da qəhrəmannı beşmərtəbənin yox mərtəbəsinə qaldırdı. Qarsia Markesdə qadın göyə çəkilirdi. Bizim cızmaqaraçılar da başladılar qadınları uçurtmağa. Azərbaycan nəsrinin göylərində qadınlar qatar-qatar uçurdular… Əslində Anarın “Mən, sən, o və telefon” hekayəsi də plagiatdır, çünki süjet macar pyesi əsasında Hollivudda 1940-cı ildə çəkilmiş filmdən götürülüb, baş rolda Ceyms Stüart oynayır. (Shop Around The Corner).

Maraqlıdır ki, Azərbaycanfilmdə 1935-ci ildə “Altıncı hiss” adlı lal film çəkilib, rejissor Mikail Mikailov, ssenari müəllifləri isəAleksey Kapler və İvan Tartakovskidir.

Çingiz Ələkbərzadənin kekayəsinin məzmunu yadımda deyil. O vaxt rus tənqidində belə termin işlənirdi: «рефлексирующий герой». Yəni süjet mənəvi böhran keçirən, öz alıminə qapılan, öz içini eşən qəhrəmanın düşüncələri, özünütəhlili əsasında qurulur. Çingizin hekayəsində də belə bir qəhrəman vardı. Deyəsən, təyyarə salonunda oturub içini eşir. Yaxında bir qadınla bir kişi qızğın mübahisə edirlər. Qadın deyir ki, hardasa baş vermiş təyyarə qəzasında adamlar ölüblər, kişi deyir yox. Qadın isteriya halındadır. Sonra qeyzindən ağlayır və durub Çingizin qəhrəmanının yanına gəlir: “Siz deyin, qəzada adamlar olublar?” Qəhrəman da cavab verir:” Olublar, olublar…”

Oxuyanda məi fikir götürmüşdü: axı müəllifin eyhamlarından bilinirdi ki, ölən olmayıb. Bəs niyə belə sonluq?

Bir də hansı tədbirdənsə gedirdik ya da tədbirdən qayıdırdıq. Çingiz Ələkbərzadə də bizim avtobusda idi. Yaxınlaşıb soruşdum: “Hörmətli Çingiz müəllim niyə…”

Çingiz Ələkbərzadə niyəsini asta səslə dedi…

Mənim on altı yaşım vardı… Kitablar da, adamlar da maraqlı idi. Nəinki Şekspirdən ya Füzulidən, hətta toy dəvətnaməsindən, açıqcaya yazılmış yeni il ya doğum günü təbrikindən təsirlənib ağlaya bilərdim, hələ məktubları demirəm… Özfəaliyyət teatrının rəhbəri olan lotu dostuna qoşulub Stalin dövründən qalmış sınıq-salxaq ZİS avtobusunda hansı şəhər tədbirinə gedən ya hardansa gələn, biabırçı “İşıq” qəztində günlərini, aylarını yubadan bu iri, koppuş cavan mənim üçün göy cisimləri qədər uzaq olan ədəbiyyat aləminin səlahiyyətli nümayəndəsi idi. Jül Renar gündəliyində yazır: “Adam hərdən elə bir ədəbiyyat ailəsi arzulayır ki, sevdiyi sətirlərin müəllifinə qardaş deyə bilsin”. Bunu da elə o vaxtlar oxumuşdum. Sonralar başa düşdüm ki, təklik böyük ədəbiyyatçı üçün yalnız qeyri-rəsmi status deyil, təklik – tale və həyat tərzidir…

13-15 noyabr 2023, Samara

ÇİNGİZ ƏLƏKBƏRZADƏ HAQQINDA. PADARLI ƏSGƏR VƏ PYEZOALIŞQAN…

Çingiz Ələkbərzadə 2

Əlibayramlının o vaxtkı musiqi məktəbi yeddiilik idi, ancaq musiqi məktəblərində, yeddiillki olsa da, yeyinti imkanları az deyildi. Təhsil ödənişli idi, valideynlərin ödədiyi pullarla manipulyasiyalar həmişə mümkün idi: valideyndən bir məbləğ alırsan, saxta çek verirsən, hesaba yarısını köçürürsən…Məktəbə musiqi alətləri alınır, mebel alınır. Dərs saatlarının bölünməsi, kimə nə qədər şagird verilməsi də direktor üçün potensial gəlir mənbəyi idi. Yəni çalmaq, oxumaq bilməyən, ali təhsili olmayan Miryusif Manafivun direktorluq iddiasının əsası var idi. Dostu Çingizin felyotonu da yəqin ki, hardasa yuxarılarla razılaşdırılmalı idi. Sovet vaxtı vəzifəli şəxs haqqında felyeton yalnız onun haqqında “yuxarılar” qərar verəndə yazıla bilərdi. Çingizin felyetonu çıxan kimi direktorun qovulacağı hamıya məlum olmuşdu. Ancaq yerinə Miryusif Manafovun təyin ediləcəyi heç kimin ağlına gəlmirdi…
Miryusif Manafiv yeyib-içən adam idi. Bəlkə Çingiz Ələkbərzadə elə bu zəmində dostlaşmışdılar. O vaxt Təzə şəhərdə bir abırlı restoran var idi. Dyəsən, univermağın yuxarısında, yəni ikinci mərtəbədə. Sonra xaşxana açdılar. Yaz-yay aylarında sovet dağılan kimi əhalinin viran qoyduğu “Venetsiya kanalları” olan parkda bir neçə kafe işləyirdi, kabab və cücə çığırtması yemək olardı. Xəlvət yerlər də çox idi, məsələn, redaksiyanın yerləşdiyi Köhnə şəhərdə, Kür qırağında…
Ancaq pul məsələsi var. Hansı pulla yeyib-içəsən?
“İşıq” qəzetində məktublar şöbəsinin müdirinin maaşı 150 manatdan çox olmazdı, qonorarla eləsin 170…Bir kostyumun puludur… Ev kirayəsi, ailənin xərci və s. Yəni yarıac-yarıtox dolana bilərsən. Miryusif Manafov da əmək müəllimi kimi 150-dən çox olmazdı, dram dərnəyi isə ictimai iş idi. Direktor Gülbala Əliyev Miryusif Manafovu bu cür dolanıra bilərdi: ona üç-dörd abituriyent verməklə. Yəni Miryusif müəllim üç-dörd adamı pedaqoji məktəbə düzəldib aldığı rüşvəti özünə götürür. Bu mənim fantaziyam deyil, rüşvətli məktəblərdə geniş yayılmış praktika idi.
Mən pedaqoji məktəbə səkkizillik təhsil bazasında girmişdim. Otuz nəfərlik qrupumuz əlaçı şəhadətnaməsi ilə girənlərdən təttb olunmuşdu. Ancaq otuz nəfərdən ancaq üçünü ya dördünü bu “əla”ya layiq saymaq olardı. Qrupumuzda bir qız vurma cədvəlini bilmirdi, dörd illik təhsil bitənə qədər də düz-əməlli öyrənə bilmədi.
Ancaq ən maraqlı tələbə yoldaşımız Şamaıxnın Padar kəndindən olan Hacıyev Əsgər idi. Qoyunçu çobanın oğlu olan Əsgərin həm alt, həm üst dişləri qızıldan idi. Bahalı təzə kostyum geyirdi. Ancaq dərslər başlayandan Əsgər çaşqın görünürdü, üzündən silinməyən təbəssüm də sevincdən yox, pərtlikdən idi. Elə bil ki, ağlı başında olan adamı bəd niyyətlə gətirib dəlixanaya salmışdılar. Tezliklə məlum oldu ki, Əsgər hərfləri də yaxşı tanımır…
Əsgəri məktəbə Miryusif Manafov düzəltmişdi. Yəqin dədəsindən otuz-qırx qoyunun pulunu almışdı…
On gün keçməmiş Əsgər yox oldu. Bir neçə gündən sonra Miryusif müəllim onu atasının iştirakı ilə gətirib sinfin qapısından saldı.
Sonra Əsgər yenə qaçdı. Yenə Miryusif müəllim gedib gətirdi. Sonra yenə…
Birinci semestrdən sonra Əsgəri bir də görmədik. Miryusif Manafof çətin ki, aldığı pulları qaytaraydı. Pullar dostu ilə yeyib-içməyə, arvadbazlığa xərclənib getməliydi. Üstəlik benszin pulu. Miryusifin sıbnıq-salxaq maşını da var idi…
Miryusif Manafov müxtəlif hoqqalarla ondan asılı olmayan tələbələrə də pul xərclətdirirdi, yəni abrı-həyası yox idi. Bir dəfə dəhlizdə üz-üzə gələndə qolumdan yapışdı:
— Xeyrulla, burda mağazaya qaz pilətəsi yandırmaq üçün alışqan gəlib, deyirlər bu-gün sabah qurtaracaq. Səndən çox xahiş edirəm, ondan mənə bir dənə al, mənim vaxtım yoxdur….
Mən mat qalmışdım. Mən o alışqanı alsaydım, üç-dörd gün gərək ancaq krandan su içməklə dolanaydım. Mənim Miryusif Manafovdan asılı bir işim yox idim, yaxşı oxuyurdum, məktəbin ansamblında çalırdım. Ancaq “yox” deməyə ya utanırdım, ya hünərim çatmırdı… Mən ona br neçə dəfə şeirlərimi göstərmişdim, tərifləmişdi. Deyirdilər özü də şeit yazır, oxumamışdım…
Alışqanı aldım – 2 manat yetmiş qəpiyə… O vaxtdan Miryusif müəllimi uzaqdan görəndə yolumu dəyişirdim…

noyabr 2023, Samara

(ardı var)